Sufizmin yolu: islamdan
uzaqlaşma, yoxsa islamla uzlaşma?
İslam dini daxilində meydana gəlmiş mistik cərəyan və ezoterik bir təlim olan sufizmin müsəlman
xalqlarının fikir
dünyasında, ədəbiyyat
və incəsənətində,
həyat tərzində
dərin izləri olub. Sufi ideyaları
Orta əsrlər müsəlman mədəniyyətində
mühüm bir axına çevrilib, həm təriqət yolunun yolçuları, həm də sufizmə xas olan irfani düşüncədən
qaynaqlanan böyük
ədib və şairlər islam dünyasını dünya
mədəniyyətinin mərkəzi
halına gətiriblər. Sufizmin və irfani düşüncənin
İmam Ğəzali,
ibn (əl) Ərəbi, Cəlaləddin
Rumi, Hafiz və Füzuli kimi nümayəndələrini
yada salmağımız
haqqında söhbət
gedən istiqamətin
möhtəşəmliyindən xəbər verir.
İlk öncə qeyd
etmək istərdik ki, islam daxilində cücərmiş hər
bir təriqət kimi sufizm də ilk növbədə Qurani Kərimə
əsaslanıb, öz əsas prinsiplərini müqəddəs
ayə və hökmlərdən əxz etdiyini bildirib. Uca
Allahla birbaşa təmasa can atarkan sufilər “Biz ona (insana)
şah damarından da yaxınıq” (Qaf surəsi, 15) kimi Quran
ayəsini əsas tutub, insanın Tanrısına qovuşmaq
ideyasının Qurandan qaynaqlandığını bildiriblər.
Allahla insan arsındakı sevgini bir ideal səviyyəsinə
qaldırarkən “Allah elə bir qövm gətirəcək ki
O onları, onlar da Onu sevəcəklər” (Maidə surəsi,
59) ayələrinə istinad ediblər. Sufizmə xas məqam
və hallar müqəddəs Qurandan qaynaqlanıb, islam
peyğəmbərinin sufiyanə həyatı isə illər
uzunu mistiklər üçün örnək sayılıb. Ayrıca
olaraq, peyğəmbərlər tarixi sufilərin mistik təcrübəsində
əsas qaynaq olub. Mistik kamilləşməyə nail olmaq
üçün qırx günlük xəlvətə
çəkilmə Musa peyğəmbərin Tur dağında,
Məhəmməd peyğəmbərin Hirə
mağarasında xəlvətə çəkilməsi,
danışmamaq əhdi Zəkəriyyə və Məryəmə
verilən ilahi buyuruqla əlaqələndirilib. Sufinin tövbəsi
günaha batmış Adəmin tövbəsindən, səbri
Əyyubun səbrindən, təvəkkülü oda
atılarkən Allahdan başqa heç kimdən kömək
diləməyən İbrahimin təvəkkülündən,
fəqr yolu tutması, “Fəqr (kasıblıq) fəxrimdir” -
deyən İslam peyğəmbərinin həyat tərzindən
bəhrələnib.Bununla belə, Sufizmin islam daxilində bir
bidət (eres) sayılması səbəbindən bir sıra
köklü məsələlərdə onunla ortodoks sünni
məzhəbi arasında fikir ayrılıqları mövcud
olub. Təsadüfi deyil ki, sufizmi ortodoks islamla
barışdırmağa çalışmış İmam
Ğəzaliyə və sufi fəlsəfəsinin
mühüm prinsiplərini hazırlamış İbn (əl)
Ərəbiyə islam dünyasında olan münasibət birmənalı
olmayıb. İbn Teymiyyə, ibn əl-Qayyim, hətta ibn Xəldun
kimi alimlər bu cərəyanın prinsiplərini pisləyib,
onun islamı təhrif etdiyini bildiriblər. Bir çox sufilərin
təqib olunması, Həllacın, Eyn əl-Qüzat Həmədaninin,
Şihabəddin Sührəvərdinin və
başqalarının qətlə yetirilməsi səbəbləri
də məhz bu bidətçilikdən doğub. Belə olan
təqdirdə, sufizmə ortodoksal bir baxışın, yəni
təsəvvüfün hansı məqamlarının ortodoks
islamla uzlaşmamasının açıqlanması vacibdir.
Birinci məsələ
islamın əsas prinsiplərindən olan ilahi vəhy məsələsidir.
İslama görə, Məhəmməd peyğəmbər
axırıncı peyğəmbər olduğundan Allahla bəşər
övladı arasında təmas, yəni Allah Təaladan insana
vəhy verilməsi Məhəmməddən (s.ə.s) sonra dayandırılıb,
Allah insanlara qiyamət gününədək bir rəhbərlik
və hidayət olaraq Quranı göndərib. Bu mühüm
prinsip sufizmdə fərqli bir məna daşıyır və
demək olar ki, sufinin bütün fəaliyyəti də bu
hökmün əks istiqamətinə yönəlir: Hər
bir sufinin son məqsədi Allaha qovuşmaq, Onu duymaq, dərk
etmək, Ondan ilham almaqdır. Sufi “vəhy” sözünü
“ilhamla” əvəz edir. Lakin söz dəyişsə də,
mahiyyət dəyişməz qalır, yəni ortodoks islama xas
mühüm prinsip - Məhəmməd peyğəmbərdən
sonra Allah Təala ilə əlaqənin kəsilməsi məsələsi
şübhə altına alınır. Sufizmə görə,
vəli (övliya) Allah Təaladan birbaşa ilham alır. Bu
baxımdan sufizmlə şiəlik arasında bir bənzərlik
var. İmami şiələrə görə, hz.Məhəmmədin
vəfatı ilə peyğəmbərliyin yalnız zahiri
missiyası dayandırılıb, lakin daxili missiya davam edir. Belə
ki, Allah Təaladan on iki şiə imamına gizli elmlər
nazil olub. Məhz bu məsələ sufizmi şiəliyə
yaxınlaşdırır. Sufilər arasında gizli bilikləri
Xızr və Məhəmməd peyğəmbərdən
aldıqlarını iddia edənlər olub. İbn əl-Ərəbi
“Fusus əl-hikəm” əsərinin ona Məhəmməd
peyğəmbər tərəfindən verildiyini bildirib. Digər
tərəfdən sufilər arasında Qurani-Kərimin ezoterik
şərhi də geniş yayılıb, bir sıra Quran ayələrinə
mistik mənalar verilib.
Qeyd etmək
lazımdır ki, sufizmdə peyğəmbər olmadan belə,
Allahla təmasa girmək, Ondan gizli elmlər almaq məqbul
sayılan haldır. Bunun islama zidd olmadığını
bildirdikdə belə, sufilər yenə Quranın özünə
müraciət edir, hz.Məryəmə Cəbrail vasitəsilə
Allahdan buyuruq gəlməsini misal gətirirlər. Yəni
islam daxilində yaranmış təsəvvüf elə
islamın özündən qaynaqlanıb, mühüm prinsiplərini
Qurandan əxz edib.Digər ziddiyyət peyğəmbərlik və
övliyalığın (yəni Allahın dostu - vəli
olmağın) qarşılaşmasından doğur. Peyğəmbərin
əsas missiyası Tanrı hökmlərini insanlara
çatdırmaqdır. Vəhyi qəbul edən peyğəmbər
onu insanlara çatdırıb bəşəriyyəti hidayətə
yönəltməlidir. Övliyalığın əsas cəhəti
isə ona nazil olan elmləri gizli saxlamaqdır. Yəni şiə
imamları kimi, övliyalar da bu elmləri açmalı deyillər.
Ona görə də, sufizm ilk növbədə mistik bir cərəyandır.
Sufi təriqətlərində sirrin açılması
böyük qəbahət sayılır. Buna misal olaraq Həllacın
“Ənəl Həqq” deməsinin mötədil sufilər tərəfindən
tənqidi qarşılanmasını göstərə bilərik.
Digər tərəfdən, sufilər arasında hətta
övliyaların peyğəmbərlərdən
üstünlüyü fikri də mövcud olub. Məşhur
övliyalardan sayılan Bəyazid Bistami “biz elə bir dənizə
baş vurmuşuq ki, peyğəmbərlər ancaq onun sahilində
dayana bilmişlər” - deyib. Bu məsələdə də
onlar Qurana istinadən fikirlərini isbat etməyə
çalışıblar. Kəhf surəsində Musa peyğəmbər
Allah Təaladan ona Öz dərgahından elm (ilmun min lədun)
verməsini diləyir. Allah Təala onu belə bir elmi
vermiş olduğu bəndəsinin yanına göndərir. Quranda
adı çəkilməyən bu bəndənin sufizmdə
xüsusi məqama malik Xızr olması bildirilir. Xızrla
Musa peyğəmbərin hekayətinə sufilər tərəfindən
xüsusi diqqət yetirilib, onlar övliyaların peyğəmbərlərdən
elmcə üstünlüyü qənaətinə gəliblər.
Başqa bir mübahisəli
məsələ cənnət və cəhənnəm
anlamlarına fərqli yanaşmadan irəli gəlir. Bu yanaşmanın
ən parlaq nümunəsini övliya qadın Rabiə əl-Ədəviyyə
verib. Rəvayətə görə, Rabiə bir əlində
məşəl, bir əlində kuzə gedirmiş. Ondan məşəllə
kuzəni nə üçün özü ilə gəzdirdiyini
soruşduqda deyir: “Mən bu məşəllə cənnət
bağlarını yandıracam ki, insanlar cənnət arzusu
ilə Allaha ibadət etməsinlər. Bu kuzədəki su ilə
cəhənnəm odunu söndürəcəm ki, insanlar cəhənnəmdən
qorxub Allaha ibadət etməsinlər”. Yəni sufizmdə
Allahla insan arasında sevgiyə sədd çəkə biləcək
hər bir anlam rədd edilir. Sufi bütün varlığı
ilə büsbütün Tanrıya yönəlir, ona olan sevgi
ilə yaşayır. Yuxarıda qeyd etdiyimiz məsələlərlə
yanaşı sufizmdə bir sıra ifratçılıq,
ayrı-ayrı sufilərə və təriqətlərə
xas cəhətlər də olub ki, bunlar da ortodoks müsəlmanlar
tərəfindən pislənilib. Buna misal olaraq, bəzi
mütəsəvviflərin İblisə olan fərqli
münasibətini göstərə bilərik. Onlar İblisin
Adəmə səcdə qılmamasını Allahdan başqa
heç bir kəsə əyilməmək istəyi ilə
izah edib, hətta onun günahsızlığını,
Allahı sevməsi səbəbindən əziyyətlərə
qatlandığını bildiriblər.
Digər mübahisəli
məsələ Allahın insan varlığında təcəssümünü
iddia edən hülul nəzəriyyəsi ilə bağlı
olub. Həllacın, Eyn əl-Qüzatın qətli də bu səbəbdən
baş verib. İbn (əl) Ərəbi bu məsələni
bir qədər yumşaldıb və vəhdəti-vücud nəzəriyyəsini
yaradıb. Bu nəzəriyyəyə görə,
varlığın yaranma səbəbi İlahi Zatın
(Substansiyanın) tanınmaq (özünü tanımaq və
seyr etmək) arzusundan doğub. O, əbədi olaraq
varlığında mövcud olan atributlarla (sifət, ad) təcəlli
edib, beləliklə kainat onun bir növ ipostasına, yəni
müxtəsər surətinə dönüb. İbn (əl) Ərəbi
Allah Təalanın Zatının əlçatmaz və dərkedilməzliyini
(transsendentliyini), atributlarının isə duyğularla (qəlblə)
dərk edilməsini (immanentliyini) önə çəkib. Ad
və atributlar varlıqlarda səpələnmiş halda təzahür
edir. Allahın özünüdərki yalnız bütün
ad və atributların cəm halında toplandığı
kamil insanda bütün mükəmməlliyi ilə həyata
keçir. Beləliklə İbn (əl) Ərəbi
konsepsiyasında Allahla insanın vəhdəti əsas tutulur
ki, bu da ortodoks islam tərəfindən məqbul
sayılmır. Maraqlı bir məqam kimi onu qeyd etmək istərdik
ki, ibn (əl) Ərəbi İlahi təcəllinin ən
çox gözəl qadının simasında gerçəkləşdiyini
bildirib, bu zaman Peyğəmbərdən söylənilən
belə bir hədisə istinad edib: “Bu dünyada qəlbimə
yatan şey gözəl ətir və qadınlardı. Namazı
isə gözümün işığı bildim.” Məhz bu
səbəbdən də o, qadına olan eşqi ilahi eşq zənn
edib. Təbii ki, ortodoks islamda Allahın İnsan
varlığında, eləcə də qadında təcəllisi
qəbuledilməzdir. Lakin məhz bu məqam Şərq
poeziyasında gözəlin vəsfini əlçatmaz bir sənət
səviyyəsinə qaldırıb, Hafiz, Füzuli, Nəsimi
qəzəlləri kimi misilsiz sənət incilərinin
yaranmasına təkan verib.Beləliklə, ortodoks islamla ziddiyyətli
məqamları olsa da, sufizmin müsəlman xalqların mədəniyyət
tarixindəki müsbət rolu danılmazdır.
Aida QASIMOVA,
professor
525-ci qəzet.- 2009.- 15 oktyabr.- S.7.