Boz dağlar qurtaran yer

 

Bura gedən yol dağlıq ərazidən, dolamalardan keçir. Dağlıq Qarabağ boz dağların qurtarıb yaşıl xoşagəlimli mənzərənin açıldığı yerdən başlayır. Dağların arasında sıx yaşıl meşələrlə örtülən təpələr, dərə düzənliklər boyu uzanan taxıl zəmiləri, uzaqdan gözəl meyvə bağları bostanları görünən kənd, xəfif meh Qafqazın bürkülü isti havasını, demək olar, hiss etdirməyən ağac kölgəsi. Bura sanki turizm üçün yaranıb. Bircə bu qədər uzaq olmasa idi.

 

STEPANAKERT (XANKƏNDİ)

 

Stepanakert gur küçələri, yuxulu döngələri, kölgəli ağacları olan sakit əyalət şəhəridir. Əsas meydanda yeni parlament binası və Stepan Şaumyanın heykəli ucalır. Şəhər məhz bu erməni bolşevik inqilabçısının şərəfinə Stepanakert adlandırılıb. Stepan Şaumyan Bakıda yaşayıb, Azərbaycanın paytaxtında çalışıb. Ola bilsin, məhz buna görə kimsə bu gün də qırmızı inqilabçını ideal sayır.İlk baxışdan Stepanakertdə, demək olar, heç nə iyirminci əsrin doxsanıncı illərində baş verən müharibəni xatırlatmır. Abidə və qəbiristanlıqları saymasaq. Qəbiristanlıqları dolaşmaq Qarabağ şəhidlərinin Bakıdakı məzarlarını ziyarət etmək qədər kədərlidir. Hər ikisində müharibə qurbanlari yatır, baş daşlarında yalnız fotoşəkilləri, bir də doğum və ölüm tarixləri gostərilib: əksəriyyəti iyirmi-otuz yaş arasında. Onlar ya heç vaxt ailə qurmamış, ya da hələ bu haqda fikirləşməyə macal tapmamışlardır.Müharibə xatirələri yaşamaqdadır. Bəzi sakinlər heç bir şəraiti olmayan zirzəmilərdə, arası kəsilməyən atışma altında sabaha heç bir ümid olmadan necə yaşadıqlarını, atışmalar ara verdikdə isə bayıra çıxıb uçmuş evlərini necə təmir etməyə çalışdıqlarını həvəslə danışır. Stepanakertlilər şəhərləri, eləcə də, onların fikrincə, öz azadlığı uğrunda mübarizə aparmış “Qarabağ respublikası” ilə fəxr edirlər. O azadlığı ki, indiyə qədər nə bir ölkə, nə də bir beynəlxalq təşkilat tanıyıb. Bir zamanlar Azərbaycanın tərkibində muxtar vilayət olmuş Dağlıq Qarabağın ətrafındakı əraziləri qarabağlılar “azad olunmuş torpaqlar” və ya “təhlükəsiz ərazilər” adlandırır. Azərbaycanlılar üçün bu ərazilər “işğal olunan torpaqlar”dır. İstər Qarabağda, istər də Ermənistanda, demək olar, heç kəs işğal və qovulan azərbaycanlılar barədə eşitmək istəmir. “Təhlükəsiz ərazilər”i boşaltsaq, azərbaycanlılar dərhal Dağlıq Qarabağa hücum edəcək” deyirlər. Ermənistanda da, Dağlıq Qarabağda da kifayət qədər məcburi köçkün olduğuna inandırmağa çalışaraq qeyd edirlər ki, onlar nə Bakıya, nə də Azərbaycanın başqa bir şəhərinə qayıtmaq istəyirlər.

 

AĞDAM

 

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin isə hər günü Qarabağa, doğma yurd-yuvalarına qayıtmaq həsrətiylə keçir. İndi bu mümkünsüzdür. Onların evlərinə uzaqdan baxmağa belə imkanları yoxdur - Azərbaycan sərhədləri bağlıdır. Ağdam əlçatmaz olan “təhlükəsiz ərazilər”də yerləşsə də, Stepanakertdə sizi ora aparacaq sürücü tapmaq heç də çətin deyil. Nə vaxtsa gözəl şəhər olmuş Ağdamın indi olduqca qorxunc bir mənzərəsi var. Bir vaxtlar britaniyalı jurnalist Tomas de Vaalın kitabında “balaca Xirosima” deyə bir bənzətmə oxuyanda düşünmüşdüm ki, bu, şişirtmədir. Amma yox, şişirdilməyib. Ağdam xarabalığa çevrilib və bu, olduqca dəhşətli bir mənzərədir. Bu xarabalıq yalnız müharibənin nəticəsi deyil, belə ki, bir çox evlər qəsdən sökülüb və həmin evlərdən aparılan tikinti materialları ilə Stepanakert yenidən qurulub. Ağdam xarabalıqlarını gəzəndə birdən cib telefonuma mesaj gəldi. Qısa mesaj sanki gördüyümüz bu mənzərənin dəhşətini bir ironiya - sarkazmla vurğulamağa çalışırdı: “Azərbaycana xoş gəlmişsiniz. Çexiyaya zəng vurmaq üçün ilk öncə + 420 yığın”.

 

VƏNG

 

Stepanakertdən bir qədər aralıda Vəng kəndi çox mənzərəlidir. Bəlkə də Qarabağ məhz buranın öz vizit kartı olmasını istərdi. Kənddə hər şey gözəl qurulub. Çinli aşpazların hazırladığı Çin yeməkləri təklif edən gəmi formasında otel göz oxşayır - “Titanik”. Yolun o biri üzündə, gəmi ilə üzbəüz başqa bir otel də ucalır. Yanındakı qayalıqda nəhəng bir şir heykəli yonulub. Bu rahat oteldə qalmaq üçün simvolik bir məbləğ ödəmək kifayət edir. Kənddə yeni bir məktəb də var ki, buna görə Vəngə qibtə etmək olar. Bütün kənd, demək olar, bir nəfərin - Rusiyada yaşayan erməni milyonçusu Levon Ayrapetyanın vəsaiti hesabına yenidən qurulub. Qeyri-adi “Titanik” də, deyəsən, onun ideyasıdır. O, Stepanakert stadionunun bərpasını da maliyyələşdirib. Daha sonra bu stadionda 700 cütlüyün ümumi nikah mərasimini təşkil edib. Hər cütlük milyonçudan 1500-2500 ABŞ dolları arasında pul mükafatı da alıb.

 

AMARAS VƏ QANDZASAR

 

Qarabağa gedən köhnə kilsə tikililərini gəzməmiş olmaz. Ermənilər bu kilsə kompleksləri ilə qədim və görkəmli tarixləri olduğunu təsdiqləməyə çalışırlar. Məhz belə komplekslərdən biri də Amarasdır. Uçulmuş divarların bərpası ilə məşğul olan ustalar deyir ki, ateist sovet rejimində dini abidələr restavrasiya olunmurdu. Bələdçi ətraf təpələrdəki atəş nöqtələrinin yerini göstərir və müharibə vaxtı kilsənin atəşə tutulduğunu deyir. Amarasda erməni, eləcə də guya ki, gürcü əlifbasının banisi, məşhur erməni alimi, müqəddəs Mesrop Maştos (360-440) də yaşayıb. Olduqca cansıxıcı təsir bağışlayan Amarasdan fərqli olaraq Vəngin üstündə ucalan Qandzasar kilsə kompleksi tamam başqa bir aləmdir. Kilsə və monastr olduqca gözəl restavrasiya olunub (əlbəttə, Ayrapetyanın hesabına ). Reproduktordan səslənən dini mahnı sanki səliqəylə biçilmiş otların üzərindən süzülür. Gələcək Stepanakertdə hündür ağacların kölgəsindəki kafe və ya restoranda tam başqa düşüncələrə qapılırsan. Burada kofe, çay, Kilikiya pivəsi, kabab, dolma, göl və çay balıqları, dadlı qırmızı şərab və ya yerli xüsusi içki - tut arağı sifariş verə bilərsiz. Əyalət şəhərinin sakit ritmi elə düşünməyə vadar edir ki, sanki hər şey çox asta inkişaf edir. Bu bir az da övladları ilə yanımızdan keçən valideynlərin yerişinə bənzəyir, bu yeriş qədər asta. Qarabağda məktəb saat doqquzda açılır və uşaqlar da Avropada olduğu kimi gec vaxtlara qədər küçələrdə olurlar.Heyf ki, həyat heç də göründüyü kimi asan deyil. Tanınmamış Dağlıq Qarabağ öz buğdasını, meyvəsini və digər məhsullarını çox çətinliklə və başqalarının vasitəçiliyi ilə sata bilir. Bəzilərinə görə, Qarabağ cəmiyyətinin mümkün inkişafina bir neçə əngəl var və bu, Dağlıq Qarabağın statusunun nə olacağından asılıdır. Yerlilər tam muxtariyyət ilə belə Azərbaycanın tərkibinə qayıtmaq barədə eşitmək istəmirlər: “Biz öz müstəqiliyimiz üçün vuruşmuşuq və onu itirməyəcəyik”. Azərbaycan və Ermənistan isə öz tələblərində bir addım belə kompromisə getmirlər və beynəlxalq ictimaiyyət artıq 15 ildir ki, bu münaqişənin mümkün həll yollarını axtarır.

 

 

Petruşka ŞUSTROVA,

Çexiyalı jurnalist

 

525-ci qəzet.- 2009.- 15 oktyabr.- S.5.