Musiqi ilə yaşanan
ömür
Sona İrzaquliyeva 1927-ci ildə
Dərbənd şəhərində
ziyalı ailəsində
anadan olub. Sona xanımın
hələ kiçik
yaşlarından Dərbənddə
öz nənəsindən
eşitdiyi musiqi sədaları ilə ömrünün musiqili səhifəsi açılıb.
Qarmon alətinin sirlərini də elə nənəsindən
öyrənib. Musiqiyə
olan böyük sevgi onu Dərbənd
pioner və məktəblilər sarayına
gətirib. Burada o, tar dərnəyində
təhsil alıb. S.İrzaquliyeva ilk əmək fəaliyyətinə
1957-ci ildən Dərbənd
mədəni-maarif texnikumundan başlayıb.
Texnikumda qarmon alətinin sirlərini tələbələrə öyrədib.
Sonra Dərbənd mədəni-maarif şöbəsinin müdiri
təyin edilib.
1964-cü ildən Bakıya
köçən S.İrzaquliyeva
elə həmin ildən 161 saylı orta ümumtəhsil məktəbində nəğmə
müəllimi işləyib.
Elə bu məktəbdə də ilk qarmonçalanlar ansamblını yaradıb.
Bu ansambl ilk dəfə Dövlət Dram Teatrında bədii özfəaliyyət kollektivlərinin
baxışında çıxış
edib. S.İrzaquliyeva
1965-ci ildən bu günədək T.İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayında qarmon dərnəyinin rəhbəridir.
Minlərlə uşağa qarmon
sənətinin incəliyini
öyrədən Sona
xanım həmçinin
1970-ci ildən C.Hacıyev
adına 3 saylı uşaq musiqi məktəbində çalışır.
1972-ci ildən Mədəniyyət
Nazirliyi tərəfindən
fəxri fərmanla, Böyük Vətən
müharibəsinin 40 illik yubileyilə
əlaqədar diplom və medalla, 1982-ci ildə Zaqafqaziya musiqi festivalında iştirakına görə
medalla, əmək fəaliyyətinə görə,
“Əmək veteranı”
medalı ilə təltif olunub. 1998-ci ildə Təhsil Nazirliyi tərəfindən
ilin ən yaxşı dərnək rəhbəri adına layiq görülüb.
2002-ci ildə Bakı
şəhər Mədəniyyət
İdarəsinin 2003-cü ildə
Dərbənd Azərbaycanlılarının
Xeyriyyə cəmiyyətinin
fəxri fərmanını
alıb. Musiqi təhsili sahəsində
çoxillik səmərəli
fəaliyyətinə görə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən fəxri
fərmanla, 2007-ci ildə
Azərbaycan musiqi incəsənətinin təbliğində
yüksək xidmətlərinə
görə Təhsil Nazirliyi tərəfindən
“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”döş nişanı ilə təltif olunub. Bu ilin sentyabr ayının 18-də isə prezident İlham Əliyevin “Azərbaycan Respublikasının
mədəniyyət xadimlərinə
fəxri adların verilməsi haqqında” imzaladığı sərəncama
əsasən S.İrzaquliyeva
“Azərbaycan Respublikasının
əməkdar müəllimi”
adına layiq görülüb.
S.İrzaquliyeva deyir ki,
ailəsi onu tarzən görmək istəsə də,
marağı qarmona olub: “Uşaqlığım qədim Dərbənd
şəhərində keçib. 1945-1950-ci illər idi. O
vaxtlar Dərbənddə musiqi məktəbi yox idi. Nənəm
musiqi vurğunu idi. Çox istəyirdi ki, mən musiqiçi
olum və tar çalım. Və beləliklə, nənəmin arzusu ilə Dərbənddəki
pionerlər evində fəaliyyət göstərən
tar dərnəyinə
yazıldım. Tar çalmağı öyrənsəm
də meylim qarmona idi. Hiss
edirdim ki, qarmonda çaldığım
havalar daha parlaq və təsirli alınır. Evdə diatonik bir cərgə dilli qarmonumuz var idi. Hərdən nənəm həmin qarmonu dilləndirərdi, xəyalında isə öz dünyasına qapılardı. Özü
çalsa da, məni qarmona yaxın buraxmırdı. Onun istəyilə tar çalmağı öyrənirdim, ancaq qarmona olan sevgim
aşıb-daşırdı.
Nənəm işə
gedəndə qarmonu öz otağına qoyub, qapını bağlayırdı.
Mən isə axşamdan otağın pəncərəsinin cəftəsini
açıq saxlar, nənəm səhər işə gedən kimi pəncərədən
içəri keçər
gizli-gizli qarmon çalardım. Bir gün nənəm mənim qarmona böyük həvəs göstərdiyimdən və
onu mükəmməl
ifa etdiyimdən xəbər tutdu. Bundan sonra isə
o mənə hədiyyə olaraq Tula şəhərindən
sifarişlə mənə
15 ağ, 12 qara dillərdən ibarət olan qarmon gətizdirdi.
O vaxtdan da
qarmon ifaçılığını
özümə sənət
seçdim, tarı isə hərdən nənəm üçün
çalırdım”. İllər
keçdikcə musiqi
ilə sənətin möcüzəsində öz
həyat yolunu müəyyənləşdirən S.İrzaquliyeva oxumaq, mükəmməl təhsil
almaq arzusu ilə yaşayırdı. O dövrləri
özü belə xatırlayır: “1957-ci ildə
məni Dərbənd
Mədəni Maarif texnikumuna dəvət etdilər. Musiqi savadım olmadığından
çətinlik çəkirdim.
Bəstəkar Baba Quliyev mənə I oktavanın notlarını yazdırıb,
vəznləri başa
saldı. Sonralar Moskva Xalq yaradıcılıq
evinə kursa yazıldım. İki ildən sonra musiqi savadı aldım. 1960-cı ildə isə işlədiyim Dərbənd
mədəni-maarif texnikumunun göndərişi
ilə Moskva İncəsənət İnstitutuna imtahan
verib qəbul olundum, qiyabi şöbəyə. Təhsilimi
başa çatdırandan
sonra 1962-ci ildə Dərbənd mədəni-maarif şöbəsinin müdiri vəzifəsinə
təyin olundum.
1964-cü ildən isə
ailəmlə birlikdə
Bakıya köçdük”.
1964-cü ildən etibarən
S.İrzaquliyeva paytaxtdakı
161 saylı orta ümumtəhsil məktəbində nəğmə
müəllimi işləməyə
başlayır. Elə
bu məktəbdə də ilk qarmonçalanlar
ansamblını yaradır.
Bu ansambl ilk dəfə Dövlət Dram Teatrında Bədii özfəaliyyət kollektivlərinin
baxışında çıxış
edir.
Ansamblın solisti isə
həmin ildə 6-cı sinifdə təhsil alan Nisə
Qasımova olub. S.İrzaquliyeva 1965-ci ildən bu günədək
T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayında qarmon dərnəyinin rəhbəridir.
Minlərlə uşağa qarmon sənətinin incəliyini
öyrədən Sona xanım həmçinin 1970-ci ildən
C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində
çalışır. Musiqi məktəbində işlədiyi
gündən qarmon alətini artıq professional səviyyəyə
qaldırmaq məqsədilə Sona xanım qarmon
ixtisasının məhz notla tədrisinə geniş yer verir.
1972-ci ildə S.İrzaquliyevaya Bakı şəhər Mədəniyyət
Şöbəsi tərəfindən Bakının uşaq
musiqi məktəblərinin qarmon siniflərində tədrisin
vəziyyətinin yoxlanılması üçün vəsiqə
verilir. Bu yoxlamalardan Sona xanım belə nəticəyə gəlir
ki, uşaq musiqi və incəsənət məktəblərində
qarmon alətinin tədrisi üçün konkret proqram və
dərslik hazırlanmalıdır. Nəhayət
S.İrzaquliyeva 1976-cı ildə qarmon ixtisasının tədrisi
üçün proqram hazırlayıb Mədəniyyət
Nazirliyinin Elmi-Metodiki Mərkəzinə təqdim edir. 1999-cu
ildə isə “Qarmon məktəbi” adlı dərslik nəşr
etdirir ki, bu dərslik də qarmon ixtisasının gələcək
inkişafına böyük təkan verir: “Mənim tərəfimdən
tərtib olunan bu tədris vəsaiti uşaq musiqi məktəbləri
və qarmonda sərbəst çalmağı öyrənənlər
üçün nəzərdə tutulub. Vəsaitdə
müxtəlif -sadə və eyni zamanda mürəkkəb bədii
materiallar var. Onlar şagirdin bədii düşüncəsi,
musiqi qabiliyyəti, hafizəsi, vəznlə ifa etmə
bacarığı nəzərə alınmaqla ardıcıl
olaraq yerləşdirilib. Bu kitabdakı materialları mənimsəyən
hər kəs qarmon üçün yazılan əsərlərin
öhdəsindən də gələ bilər. Musiqini
şagirdlərə daha yaxşı mənimsətmək
üçün onun xalq yaradıcılığı ilə əlaqələndirilməsi
başlıcı şərtdir. Odur ki, tərtib etdiyim bu tədris
vəsaitində Azərbaycan bəstəkarlarının əsərləri
ilə yanaşı digər xalq mahnıları və rəqsləri
mühüm yer tutur. Qeyd edim ki, hər bir musiqi müəllimi
şagirddə musiqiyə elə həvəs oyatmalıdır
ki, onlar öz hiss və həyəcanlarını, fikir və
düşüncələrini müəyyən bədii vasitələrlə,
həqiqətən incəsənətdə olduğu kimi təbii
verə bilsinlər. Musiqi müəllimi şagirdlərlə
məşğul olarkən üzərində iş
aparılan əsərin dürüst çalınmasına, bəstəkarın
fikrinin aydın başa düşülməsinə fikir verməlidir.
Çünki bəstəkar tərəfindən göstərilən
frazirofkalara, artikulyasiya işarələrinə, sezurlara riayət
edilməməsi, ritmik və texniki dəqiqsizlik məqsədə
uyğun olmayan applikatura və sair bəstəkarın fikrinin
təhrif olunmasına, sonradan şagird üçün tərgidilməsi
çətin olan zərərli adətlərə səbəb
olur. Məhz buna görə musiqi müəlliminin
başlıca vəzifəsi şagirdlərin eşitmə,
yadda saxlama qavrayışını müntəzəm və
ardıcıl sürətdə inkişaf etdirməkdən
ibarət olmalıdır. Şagirdlərin musiqi
yaddaşını inkişaf etdirmək üçün tədrisin
ilk günlərindən etibarən onları materialı
ayrı-ayrı xanələrlə deyil, musiqicə
tamamlanmış parçalarla yadda saxlamağa
alışdırmaq lazımdır”.
Azərbaycan xalq
musiqisinin inkişafı üçün yorulmadan
çalışan S.İrzaquliyevanın yetirmələrinə
bu gün Bakının bütün musiqi məktəblərində,
litseylərdə, peşəkar ansambllarda, televiziya və
radionun xalq çalğı alətləri orkestrində rast gəlmək
olar. Sona xanım bu günə qədər yüzlərlə
qarmon sənətinin istər ifaçısı kimi, istərsə
də müəllim kimi peşəkarlarını
yetişdirib. Hal-hazırda yetirmələri müxtəlif
uşaq musiqi və incəsənət məktəblərində
onun yolunu davam etdirir. Onlardan Nizami Əskərov, Reyhan Pənahova,
Sədaqət Behbudova, İlqar Talıbov, Nadir Vahabzadə,
Elxan Həşimov və Nəzakət Kamilovanın
adını çəkmək olar. Bu illər ərzində
musiqi məktəblərində fəal iştirak edən
S.İrzaquliyeva gənc müəllimlərə də metodiki
köməyini əsirgəmir. Gənc müəllimlərə
sənətin bütün incəliklərini dəqiqliklə
öyrədir: “Mən hazırda pedaqoji fəaliyyətimi
böyük həvəslə davam etdirirəm. Yeddi tələbəm
var. Onlara qarmon alətində mükəmməl ifa etməyin
bütün sirlərini öyrədirəm. Şagirdlərin
texniki vərdişlər qazanması üçün hərəkət
sürətinə xüsusilə diqqət yetirirəm. Hərəkətin
sürəti elə olmalıdır ki, şagird
üçün rəvan, düşünülmüş ifa
mümkün olsun. Mən tədris prosesi zamanı bu məqamlara
xüsusi diqqət edirəm”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2009.- 16 oktyabr.- S.7.