Toğrul Hüseynlinin yeni sənət uğuru

 

İSTEDADLI GƏNC PİANOÇU BELARUSDA KEÇİRİLƏN BEYNƏLXALQ FESTİVALDA YÜKSƏK SƏVİYYƏDƏ ÇIXIŞ EDİB

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 11-ci sinfində fortepiano üzrə təhsil alan Toğrul Hüseynlinin xüsusi ifaçılıq istedadına malik olması onu digər yaşıdlarından fərqləndirir. Cəmi 15 yaşı olan Toğrul indiyə kimi bir neçə ciddi uğura imza atıb. Azərbaycan klassik musiqisini həm ölkə daxilində, həm onun hüdudlarından kənarda layiqincə təmsil edib. Klassik musiqinin bütün musiqilərin şahı olduğunu deyən Toğrulun sözlərinə görə, çox kiçik yaşlarından, hələ heç sərbəst danışmadığı vaxtlar artıq bir çox klassik əsərlər ifa etməyə başlayıb. Qərara gəlib ki, özünü bu sahədə sınasın: “Bacım pianoçudur. Ona görə gözümü açandan evimizdə həmişə klassik musiqi eşitmişəm. Fortepianoya marağım da o vaxtdan yaranıb. Saatlarca klassik musiqi dinləməkdən yorulmurdum”.

T.Hüseynli əvvəlcə görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filarmoniyası nəzdindəki “Aysel” uşaq teatrının solisti seçilib. O zaman vokalist kimi çıxış edib. Sonra isə Bakı Musiqi Akademiyasının nəzdindəki pedaqoji hazırlıq kafedrasında təhsilə başlayıb. Fortepiano ifaçılığına yiyələndikdən sonra, 6 yaşında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunub. Özü də ən yüksək balla. Müxtəlif konsert proqramlarında çıxış edən Toğrul özünü müsabiqələrdə də sınayıb. 2004-cü ildə keçirilən Nazim Əliverdibəyov adına gənc ifaçıların 4-cü ümumşəhər müsabiqəsinə qatılıb. Qeyd edək ki, bu, respublikada fortepiano sahəsində ən nüfuzlu yarışma hesab olunur.

Müsabiqəyə qatılan istedadlı, bacarıqlı gənc və yeniyetmələr arasında 9 yaşlı Toğrul birinci yeri tutub. Deyir ki, bu qələbə onun həyatında çox böyük uğur olmaqla yanaşı, həm də sənətə daha çox bağlanmasına, özünəinamının artmasına təkan verib. Toğrulun beynəlxalq müsabiqələrdəki çıxışları da uğurlu alınıb. Gürcüstanda 2005-ci ildə keçirilən pianoçuların ikinci beynəlxalq müsabiqəsində üçüncü yeri tutaraq bürünc medalla mükafatlandırılıb. Həmin vaxtdan etibarən isə orkestrlə çıxışlar etməyə başlayıb. Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri ilə 2006-cı ildə Filarmoniyada ilk konserti olub. Nəhayət, 2008-ci ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc musiqiçilərin birinci respublika müsabiqəsində birinci yeri tutub. “Bu müsabiqəyə çox ciddi hazırlıq görülmüşdü. Bölgələrdən də uşaqlar qatılmışdılar. Dövlət səviyyəli tədbirdə birinci yerə layiq görülməyim məni çox fərəhləndirdi. Yekun konsertdə dövlət rəsmiləri də vardı. Mən Sensantın 2 saylı konsertini ifa etdim və qalib seçildim”. Toğrul Heydər Əliyev Fondunun dəstəyilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan gənc pianoçuların müsabiqəsində də uğur qazanıb. Onun növbəti uğuru isə bu il oktyabrın 4-11-də Belarusda keçirilən festivalla bağlıdır. Toğrulun dediyinə görə, bu böyük bir musiqi bayramı olub:

“Bu musiqi bayramı öz miqyasına, keyfiyyətinə, təşkilinə görə yüksək səviyyəli bir tədbirə çevrildi. Artıq 4-cü dəfədir ki, bu festival Belarusda keçirilir. Festivalın əsas özəlliyi bu çərçivədə Gənclər Akademiyasının çox maraqlı bir proyekt kimi təşkili idi. Bütün MDB ölkələrindən gənc musiqiçilər burada təmsil olunurdu. Tədbirdə musiqiçilər özləri orada konsert proqramları ilə çıxış etmək, həm də ustad dərsləri almaq imkanı qazandılar. İştirakçılar fərdi dərslər almaqla bərabər, bir sıra tanınmış musiqiçilər və sənətşünaslarla görüşə bilirdilər. MDB ölkələrindən, istisna olaraq, Azərbaycandan 2 nəfərin həmin festivalda iştirak imkanı vardı. Skripkaçı Anar Seyidov da mənimlə birlikdə bu tədbirdə iştirak edirdi. Biz ikimiz də prezident təqaüdçüsü və beynəlxalq festivallar laureatçısıyıq”. Toğrul Gənclər Akademiyasında dünya şöhrətli sənətşünaslarla, musiqiçilərlə təmas imkanı yaranmasını ən önəmli amil kimi dəyərləndirir: “Orada bir çox dünya ölkələrinin ən nüfuzlu kolleclərindən və konservatoriyalarından yetərincə şöhrət qazanmış müəllimlər, pedaqoqlar var idi. Belə insanlarla görüşlər keçirmək, onlardan ustad dərsləri almaq hər bir gənc musiqiçinin gələcək uğurları üçün böyük təkan ola bilər. Bu, həm də gənc musiqiçilərin dünyagörüşünün formalaşması baxımından çox faydalıdır. Belə mötəbər bir tədbirdə iştirak etdiyim üçün çox xoşbəxtəm. 1 həftə ərzində 2 konsert oldu. Bunlardan biri Musiqi Akademiyasının böyük zalında, digəri isə Belarus Dövlət Filarmoniyasında keçirildi. İlk konsertdə Gənclər Akademiyasının ən mahir və istedadlı ifaçıları təmsil olunurdu. Bu konsertdə çıxış edən gənclər sırasında biz - Anar Seyidovla mən də var idik. Gənclər Akademiyasının final konsertində isə ən yaxşı ifaçılar səhnəyə çıxdı. Yenə də ən yaxşı iştirakçılar məhz Azərbaycanın təmsilçiləri seçildi. Final konsertində biz görkəmli musiqiçilərlə eyni səhnəni bölüşdük. Onların sırasında Yuri Başmet, Aleksandr Buzlov, Vasili Lavanov və Murad Adıgözəlzadənin adlarını çəkmək kifayətdir ki, proqram barədə aydın təsəvvür yaransın. Gənclər Akademiyasının müəllimlər heyətində Azərbaycandan təşrif buyurmuş görkəmli musiqiçi, Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Murad Adıgözəlzadə də təmsil olunurdu”.

Belə beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayan Toğrul gələcəkdə bu kimi festivalların Azərbaycanda da davamlı olaraq keçirilməsini arzulayır və bu istəyin reallaşacağına inanır.

 

 

 ÜLKƏR

 

525-ci qəzet.- 2009.- 16 oktyabr.- S.7.