Önəmli səfərin unudulmaz təəssüratları

 

Yer üzərində əhalinin sayının və təsərrüfat fəaliyyətinin artması ilə əlaqədar insanın ətraf mühitə etdiyi təsir əvvəllər görünməmiş olan bir miqyasa çatıb. Buna görə də insanlar qarşısında təbii mühitin qorunmasının prinsipcə yeni üsullarının işlənib hazırlanması və tətbiqi kimi çox mühüm bir vəzifə durur. Bu məqsədlə YUNESCO-nun himayəsi altında beynəlxalq alimlər kollektivi tərəfindən davamlı inkişaf konsepsiyası işlənib hazırlanıb ki, bu da təbii ehtiyatlardan qayğılı istifadəni və onların bərpasını, bərpa oluna bilməyən ehtiyatların (məsələn, neftin, təbii qazın, yaxud daş kömürün) istismarından tədricən bərpa oluna bilən ehtiyatların (məsələn, bioloji yanacağın) istifadəsinə keçidi nəzərdə tutur.Davamlı inkişaf prinsipinin əməli tətbiqi formalarından biri biosfer rezervatların, yəni mühafizə olunan ərazilərin elə tipinin yaradılmasıdır ki, bunlarda bizim hamımıza məlum olan qoruqlardan və milli parklardan fərqli olaraq ətraf mühitin mühafizəsi ilə yanaşı ekoloji cəhətdən ciddi məhdudlaşdırılmış təsərrüfat fəaliyyəti də nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrində artıq 553 biosfer rezervat fəliyyət göstərir ki, bunlar da əslində insanın ətraf mühitlə yeni qarşılıqlı əlaqələrinin həyata keçirildiyi “adacıqlardır”. Hazırda Azərbaycanda Zaqatala qoruğunun bazasında biosfer rezervatın yaradılması üzərində ciddi iş aparılır.

Biosfer rezervatların bəşəriyyətin gələcək inkişafı üçün böyük əhəmiyyəti ilə əlaqədar dünyanın müxtəlif ölkələrində bu məsələyə həsr olunmuş elmi-praktiki forumlar keçirilir. Bunlardan biri də Latviyanın YUNESKO komissiyası tərəfindən təşkil olunmuş və bu il sentyabrın 16-dan 19-a qədər bu ölkədə keçirilmiş biosfer rezervatlarin menecmenti üzrə olan seminardır. Seminarda doqquz ölkənin - Azərbaycanın, Belarusun, Gürcüstanın, Latviyanın, Litvanın, Moldovanın, Rusiyanın, Estoniyanın və Ermənistanın nümayəndə heyətləri iştirak edirdilər. Ölkəmizi bu tədbirdə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Vüqar Əhmədzadə və Ceyhun Paşayev, həmçinin “İnsan və biosfer” proqramı milli komitəsinin sədr müavini kimi mən təmsil edirdik.

Sentyabrın 15-də biz təyyarə ilə Riqa şəhərinə uçduq, buranın aeroportunda bizi seminarın təşkilatçıları ilə yanaşı Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin əməkdaşları qarşıladılar, elə onlar da bizi otelimizə gətirdilər. Onu da demək lazımdır ki, vətənə qayıdarkən də onlar bizi aeroporta qədər yola saldılar. Səfirliyin işçiləri bizi Latviyanın siyasi və iqtisadi vəziyyəti, ekoloji durumu və mədəni həyatı barədə məlumatlandırdılar. Biz bu ölkədə bir neçə təşkilatla təmsil olunmuş və tədbirlərdə iştirak edən kifayət Azərbaycan diasporu haqqında da bilgi sahibi olduq. Mən çox şadam ki, ölkəmizi xarici ölkələrdə belə səviyyəli diplomatlar təmsil edir.

Latviya Avropa İttifaqının üzvüdür və dünya maliyyə-iqtisadi böhranından çox zərər çəkib, bu ilk növbədə işsizliyin artmasında və əhalinin maddi rifah halının aşağı düşməsində özünü göstərir. Bizim Azərbaycan başqa dövlətlərdən dünya böhranının zərərli təsirindən yan keçməsi ilə fərqlənir, bu barədə söhbət etdiyimiz hər bir kəs bunun, heç şübhəsiz ki, ölkə rəhbərliyinin məqsədəuyğun düzgün siyasi və iqtisadi istiqamət götürməsi ilə əlaqədar olduğunu bildirdi.Günün qalan hissəsini Riqada, xüsusən də onun tarixi hissəsində gəzintiyə həsr etdik, bizdə həm bu şəhər və həm də onun sakinlərinin öz mədəni irsinə olan qayğısı barədə ən xoş təəssüratlar yarandı. Biz həmçinin müşahidə etdik ki, malların və xidmətlərin qiymətləri burada Bakıdakından bir yarım - iki dəfə yuxarıdır.Növbəti günün səhəri biz seminarın başqa iştirakçıları ilə birlikdə xüsusi olaraq ayrılmış avtobusla Riqadan təxminən yüz kilometr aralıda Riqa körfəzinin şimal-şərq sahilində Estoniya ilə sərhəddin yaxınlığında yerləşən kiçik Salatsqriva şəhərinə gəldik. Burada, Şimali Vidzem biosfer rezervatının mərkəzi ofisində dörd gün ərzində seminarın iclasları keçirildi.Seminarın təşkilatçıları - YUNESKO-nun Latviya komissiyasının rəhbəri cazibədar gənc qız Daqniya Baltina, onun müavini Sarmite Pultse, Şimali Vidzem biosfer rezervatının direktoru Valeris Seylis, onun müavini Andris Urtans, təbiətin mühafizəsi nazirliyinin nümayəndəsi Laura Seyle və başqaları seminarın iştirakçılarını böyük qonaqpərvərliklə qarşıladılar. Onların belə istiqanlı münasibəti nəticəsində yeni dostlar arasında biz özümüzü rahat hiss etdik və reservatda olduğumuz bütün müddət ərzində nəinki səmərəli işlədik, həm də işdən sonrakı boş vaxtımızı xoş keçirə bildik.

Seminarın iclasları davamlı inkişafda biosfer rezervatların roluna, biosfer rezervatların yaradılmasının qanunvericilik əsaslarına, biosfer rezervatların maliyyələşdirilməsinə, biosfer rezervatların fəaliyyətində ictimaiyyətin roluna, biosfer rezervatlarda landşaft planlaşdırılmasına və başqa məsələlərə həsr olunmuşdu. Qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndə heyətinin üzvləri məzmunlu məruzələrinə və çıxışlarına, yerində verilmiş suallarına, forumun müxtəlif sənədlərini tez və keyfiyyətli tərtib etmələrinə, həmçinin ingilis və rus dillərini yaxşı bilmələrinə görə az bir zamanda bütün seminar iştirakçılarının rəğbətini qazandılar. Seminarın gedişi zamanı biz şəhərdən bir neçə kilometr məsafədə yerləşmiş, pəncərələrindən Riqa körfəzi görünən balaca və qəşəng “Kapteynu osta (Kapitanların limanı)” otelində yaşayırdıq. O, ikimərtəbəli bir binadan və taxtadan tikilmiş bir neçə kottecdən ibarət idi. Kotteclərin hər birinə bizim macəra romanlarından tanıdığımız kapitanların və dəniz quldurlarının adları verilmişdi - “Kapitan Qrant”, “Kapitan Morqan”, “Flint” və sairə.Şam yeməyimiz otelin restoranında olurdu və bu zaman yalniz seminar iştirakçılarına xidmət göstərilirdi. Hər belə axşam əslində işgüzar günün xoş davamı idi. Birinci axşam ev sahibləri artistik bir ailəni dəvət etmişdilər. Latış milli paltarları geymiş ər-arvad, onların bir qızı və iki oğlu əsasən özlərinin düzəltdiyi musiqi alətlərində çalır, həm də oxuyur və rəqs edirdilər. Onlar öz çıxışlarına tədricən tamaşaçıları da qatmağa başladılar və bunun nəticəsində müxtəlif xalqların iştirakı ilə şən bir bayram alındı.Növbəti axşam uzun müddət hamının yadında qalacaq bir hadisə baş verdi. Restoranın iri zalının bir küncündə fortepiano qoyulmuşdu. Mən bilirdim ki, Günay xanım musiqi onilliyini qızıl medalla qurtarıb və ondan bizim üçün fortepianonu dilləndirməsini xahiş etdim. O etiraz etmədi və fortepianoda əvvəlcə Azərbaycan xalq melodiyalarını, sonra müxtəlif mövzularda popurri, populyar kinofilmlərdən melodiyalar və klassik musiqi ifa etdi! O çox peşəkar və artistik tərzdə ifa edir, melodiyaları böyük zövqlə seçirdi. O bir neçə gürcü melodiyasını da ifa etdi, bu zaman Gürcüstan nümayəndə heyyətindən olan Xatuna Tsiklauri Günay xanımın yanında oturdu və onun fortepianoda müşayiətilə gürcü dilində “Suliko”, “Tbilisi” və başqa mahnıları oxudu. Musiqi axşamı gecəyədək davam etdi. Növbəti axşam Günay xanım öz yeni musiqi fanatlarının təkidi ilə yenə də fortepianonun qarşısına keçərək, yüksək səviyyəli ifa nümayiş etdirdi. Diqqətəlayiqdir ki, hər iki axşam Günay xanımın ifası zamanı Ermənistan nümayəndə heyətinin bütün üzvləri xəlvəti olaraq zalı tək edirdilər. Bu həm də onunla əlaqədar idi ki, bu ekspromt konsertlər zamanı xüsusi olaraq elə Azərbaycan xalq melodiyaları da - o cümlədən bizim “Sarı gəlin” - ifa olunurdu ki, üzdəniraq erməni musiqişünasları onları özününküləşdirmək istəyirlər.

Seminarın iştirakçıları bizim nümayəndə heyətinin bilavasitə öz işində peşəkar olan, cəlbedici xarici görünüşə və xoş əyani davranışa malik rəhbərinə tam səmimiyyətlə heyran olmuşdular. Bəziləri onun haqqında məndən soruşurdular və biləndə ki, bu cavan və gözəl qadın onillik musiqi, ali tibbi və diplomatik təhsilə malikdir, hələ beş il də İstanbulda konsul vəzifəsində çalışıb, üstəlik xoşbəxt ailəsi var və on iki yaşlı qəşəng bir oğul tərbiyə edir, çox heyrətə gəlirdilər!Salatsqrivada olduğumuz zaman ev sahibləri bizi Şimali Vidzem biosfer rezervatının ən maraqlı sahələrinə aparırdılar. Maraqlıdır ki, bu mühafizə olunan ərazidə hüquqi cəhətdən biosfer rezervatına məxsus bir sahə belə yoxdur, torpaqların çox hissəsi isə xüsusi mülkiyyətdədir. Rezervat əməkdaşlarının təbiətin mühafizəsi üzrə bütün əməliyyatları qanuna arxalanaraq, yerli hakimiyyət strukturları, təbiətin mühafizəsi nazirliyinin əməkdaşları və yerli əhali ilə birlikdə aparılır. Rezervatın ərazisində məhdudlaşdırılmış şəkildə meşə təsərrüfatı, kənd təsərrüfatı və xırda sənaye fəaliyyəti, həmçinin balıq ovu həyata keçirilir.Seminarın axırıncı günü iştirakçıların bu forum haqqında rəyləri dinlənildi, təhlillər və ümumiləşdirilmələr aparıldı, bu günlər görülmüş işlərin nəticələri söylənildi. Bizim nümayəndə heyəti adından Günay Əfəndiyeva çıxış edərək, seminarın işi barədə bizim fikrimizi bildirdi, ev sahiblərinə qonaqpərvərlik üçün olan səmimi minnətdarlığımızı, latviyalı həmkarlarımıza və bütün iştirakçılara xoş arzularımızı çatdırdı. O həmçinin, son illərdə Azərbaycanda YUNESKO ilə bağlı görülən işlər, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə keçirilən böyük milli və beynəlxalq əhəmiyyətli tədbirlər barədə geniş məlumat verdi. Sonra isə gətirdiyi suvenirləri tədbirin sahiblərinə bağışladı.

Bakıya qayıdarkən biz görülmüş işlə bağlı məmnunluq hissi keçirirdik, çünki əmin idik ki, bizim ölkəmiz biosfer reservatların yaradılması işində də müvəffəqiyyətlər qazana bilər və hamımız üçün mühüm olan bu prosesdə aktiv iştirak etmək bizim borcumuzdur.

 

 

Şaiq İBRAHİMOV,

Professor

 

525-ci qəzet.-2009.- 16 sentyabr.- S.7.