Sevgidən yuxarıdakı qızın şeirləri
Tarix və
dostlar üçün
silsiləsindən
Bu yazıma qəhrəman
kimi Sevinci seçdim - Sevinc Mürvətqızını. Sevinc Gənc Ədiblər Məktəbinin
üzvüdür, amma
bizi yaxınlaşdıran
təkcə bu deyil. Məsələ burasındadır ki, o mənə
digərlərindən bir
köynək daha yaxındır: hər ikimiz mətbuatdan gəlmişik və elə indi də
KİV-də çalışırıq.
Üstəlik, o mənim vaxtilə müxbir kimi fəaliyyətə başladığım
redaksiyada - “525-ci qəzet”də işləyir. Amma bu yazı üçün
başqa, daha ciddi səbəb var - bugünlərdə Sevincin “Sən sevgidən yuxarısan” adlı ilk kitabı
nəşr olunub. Nə gizlədim, bu fakt həm
də növbəti yazıya hədəf olmalı namizədlər barədə uzun-uzadı düşüncələrimə
son qoydu.
İlk kitab ədəbiyyatda
qalıb-qalmamaq üçün həlledici amil ola da bilər,
olmaya da. Bunu hamımız bilirik. Bunu da bilirik ki, ilkin reaksiya
bir çox hallarda tələskənliklə müşayiət
oluna bilər. Bu məqamı vurğulamağım
yazımdakı hər hansı qüsura bəraət
qazandırmaq üçün deyil, bir az təkəbbürlü
səslənsə də, obyektiv olmaq istəyindən
doğur. Hərçənd istədiyiniz kimi qəbul edə bilərsiniz - seçim sizindir.
Burdaca bir zəruri məqamı
da vurğulayım ki, “Tarix və dostlar üçün silsiləsi”ndən
yazılarda qüsurlar barədə danışmayacağam. Bilirəm,
haqlı olaraq sual doğulacaq: niyə? Amma etiraf edin ki,
cavabım da az arqumentli deyil. Əvvəla ona görə ki, mən
dostlardan yazıram. Dostların qüsurlarını onların
üzlərinə, təklikdə, tirajlamadan demək
lazımdı, düşünürəm. İkincisi, bu
dostların, demək olar ki, hər biri elə mənim qədər
yaradıcılıqlarının (USTAD YAZARLARIN NƏZƏRİNƏ:
bu ifadəni qeyri-təvazökarlığa yozub, bizə
çox görməyin, necə deyərlər, məşhur
bir şeirdə deyilən kimi, “uşaqlığımıza
bağışlayın”) ilkin mərhələsini
yaşayırlar və bu mərhələdə
uğurları vurğulamaq - təbii ki, şişirtmədən
- daha vacibdir.
Bir də ki, dostlardan
sitat gətirmək yaralı yerimdir, elə isə qoy bir
detalı da deyim: ədəbiyyatçı dostlarımdan
birinin fikrincə, əslində, tənqidi yazıda vurğu
barəsində yazılan mətnlərdəki müsbət məqamların
üzərinə düşməlidir. Bəlkə, ona görə
ki, ən mükəmməl mətni belə (təbii, müqəddəs
kitabları çıxmaq şərtilə) redaktə etmək
olar. Buradanca keçək mətləbə, yəni Sevincə,
daha doğrusu, onun kitabındakı mətnlərə...
Onun ənənəvi -
hərçənd müasir ədəbiyyatımız bu ənənənin
artıq sındırıldığını deməyə də
zəmin yaradır - mətnlərinin üzərində
dayanmadan, Sevincin mətnlərinin özəlliyindən
danışmaq istəyirəm (Bu cümləni yaza-yaza
yanımdakı kitabın üz qabığındakı
sonuncu qeydinə gözüm sataşır: Sevinc dekabrın
31-də - il təhvil olan gün anadan olub. Astrologiyaya
inanıram və düşünürəm ki, bu fakt müəllifin
ənənəvi olanla yenilik arasındakı tərəddüdlərinə
qismən işıq salır). Əvvəla, Sevincin kitaba daxil
edilən ilk mətni uğurla seçilib. Məsələ
fikrin poetik ifadəsindən daha çox onun məzmununda gizlənir
(“açılır” da demək olar). Şeirin “Bəzən
ruhum asi olur / Hər şeydən narazı olur... / Tanrım
bağışla məni...” misraları həm də Sevincin əksər
şeirlərindəki küskünlüyə (məsələn,
“dünyanın ən asan cığırı, ən
böyük uğuru məni xoşbəxt eləmədi”)
işarədir. Bu “üzrxahlıq” olduqca səmimi və məhz
səmimi olduğu üçün də gözəl səslənir,
eyni zamanda müəllifin iç dünyasındakı təmizlikdən
xəbər verir. Etiraf edək ki, yeni
yaradıcılığa başlayan şair üçün
az önəmli məsələ deyil. Sevinc gənc
yazarların içərisində maraqlı bir özəlliyi
ilə seçilir. Heca və əruz şeirlərindən fərqli
olaraq, sərbəst vəzndə müəllif nadir halda
adı ilə mətnə möhür vurur - bu, sərbəst
şeir üçün ənənəvi deyil. Halbuki Sevinc
iki şeirində adını ustalıqla şeirə daxil
edir:
Sevgim ən ağır
cəzaya layiq görəcək səni
(o sevgim ki
elədin çilik-çilik)
Sürgün olunursan
Sevincin qəlbindən həmişəlik.
Həmişəlik.
(“İnam qatili”)
Sadəcə səni sevən
Sevinci
öldürdün,
Vəssalam
(“Öldürdün, vəssalam”)
Maraqlı olan həm də odur ki, “sevinc” sözü mətndə ilkin mənası ilə, “kədər” sözünün antonimi kimi asosassiya olunmur, yəni birmənalı olaraq məhz müəllifin adını bildirir: bunu bu şəkildə şeirə gətirmək, təbii ki, xüsusi ustalıq və bir qədər də cəsarət tələb edir. Başqa bir diqqətçəkən mətnə (“Sevgimin canı”) baxaq:Divin canı kimi şüşədədir sevgimin canı,Hərdən oynadın ürəyimlə.Səni əyləndirdişüşədə birləşən ikilik.Dözmədi əyləncənə, şüşə oldu çilik-çilik.Can şüşədən uçdu həmişəlik.Aydındır, motiv folklordan gəlir və Azərbaycan şeirində Sevincə qədər kütləvi şəkildə olmasa da, istifadə edilib. Amma maraqlı olan budur ki, Sevinc obraza yeni çalar verə bilib.
Maraqlıdır, “şüşədə birləşən ikilik” deyəndə müəllif nəyi nəzərdə tutur - şeytan və mələk başlanğıcınımı, sevginin nəticə etibarilə eyni dərəcədə günah və ya savaba gətirib çıxara biləcəyinimi? Yoxsa sevginin həm ruh, həm də bədəncə fərqli iki nəfər birləşdirdiyinimi? Mətndən çıxış edərək bu suala birmənalı cavab vermək olur. Yəqin, əsl poeziya da budur - yozumu oxucu özü verəcək...Yazını elə buradaca bitirirəm. İnanıram ki, “Tapammadım özümü heç yerdə” deyən Sevinc ədəbiyyatda özünü tapacaq - özünün də dediyi kimi: sadəcə öz sözünü yazmaqla... Uğur olsun, Sevinc. Sənə və bütün dostlara...P.S. Kitab təkcə şeirlərdən ibarət deyil. Orada S.Mürvətqızının hekayələri də, tanınmış söz adamlarının onun barədə fikirləri də yer alıb. Sadəcə, poeziya mənə daha yaxın olduğundan, təkcə şeirlərdən yazdım.
RƏBİQƏ
525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.25.