Şair Kəmaləddin Qədimin yeni kitabı nəşr olunub
Bu yaxınlarda
“Vektor” Beynəlxalq Elm Mərkəzində şair Kəmaləddin Qədimin “Allahdı, şeytandı, mənəm”
adlı kitabı işıq üzü görüb. Kitab şair haqqında yazılmış məqalələrdən
fraqmentlərlə açılır.
Onların sırasında
xalq şairi Bəxtiyar Vahabzadə, tənqidçi Vaqif Yusifli, şairlər Akif Səməd, Elçin İsgəndərzadə,
Adil Mirseyid, Məmməd İlqarın
yazılarından hissələr
yer alıb. Xalq şairi B.Vahabzadə K.Qədimin şeirlərində “yamsılamanın
olmadığını”, “onun
yaşayıb yazdığını”
qeyd edib. Mərhum şair Akif Səməd K.Qədimi “Halal sözün öz adamı, düz adamı” adlandırıb.
Kitabın redaktoru Adil
Mirseyid “Şeirinə bənzəyən şair” adlı
önsöz yazıb. A.Mirseyid “ədəbiyyatda antiklassisizmin
meydan sulamağa cəhd elədiyi bir dövrdə K.Qədimin
klassisizm ənənələrinə sadiq
qaldığını” vurğulayıb. O, K.Qədimin
lirikasını “gerçəklik çərçivəsi
içində yazdığı şeirlərə oxşayan
bir şairin poetik avtoportreti” adlandırıb.
Qeyd edək ki, K.Qədimin
poeziyasında xəlqilik, məhəbbət və vətənpərvərlik
hissləri dolğun şəkildə, eyni zamanda vəhdət
halında əks olunub:
İllər keçib,
Xan Çobanın
Meyli hələ o
qızdadı.
Gözü hələ
yollardadı,
Qəlbi hələ
murazdadı.
Biri Arpaçayda
batıb,
Gör neçəsi
Arazdadı...
Apardı sellər
Saranı...
Onun şeirlərində
xalqın canlı danışıq dili, bu dilin metaforik
qatları, el ifadələri yerli-yerində işlənir:
Beləmi olmusan
ömrün uzunu,
Çörəyin
dizinin üstündə olub.
Əllərin əlimin,
gözün gözümün,
Canın da
canımın qəsdində olub.
Uzağı, bir damla
yaşam gözündə,
Bir kərə
sıxarsan, gözündən düşər.
Sevgin də dizinin
üstündə imiş,
Durarsan,
sürüşüb dizindən düşər.
Kitabda şairin yeni əsərlərilə
yanaşı, 80-ci illərdə qələmə
aldığı, çap olunmamış şeirləri və
“Yeddi yamaq vuran xatun”, “Danışır qoca” poemaları da
oxuculara təqdim olunub.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.24.