Döyüş və Söyüş
Aysel ƏLİZADƏ
Əvvəllər elə
bilirdim ki, ölkədə hamı bir-birinə müxalifdir. Sonra anladım ki, müxalif olmaq özü də ciddi bir
mövqedir. Peşəkar
yanaşmadır. Gördüm
ki, yox, burda hamı bir-birinə düşməndir. Biz döyüşkən yox,
dalaşqan millətik.
Xoruz, it, pişik döyüşdürməyi
sevdiyimiz kimi adamları da döyüşdürüb seyr
etməkdən ötrü
sinov gedirik. Özümüz də arada bu döyüşə
qatılırıq. Amma
döyüş dedimsə,
bu, anladığımız
o hərbi döyüşdən deyil.
Bizim döyüşçü
yaddaşımız-zadımız
yoxdur. Hərbçi ruhu türklərə xasdırsa, biz o türklərdən deyilik. Biz harda,
kiminlə döyüşmüşük?
Eradan əvvəl kurqanlarda tapılan skiflərin tunc silah sursatı-xəncəri, qılıncı,
oxu, yayı o dövrün bütün tayfalarının
daşıdığı normal
silah-sursatdır. Burda təəccüblü
heç nə yoxdur. Yaxın keçmişdə də
döyüşkənliyimizi ortaya qoyacaq heç nə yoxdur. Xətai öz içində döyüşüb ki, vətənini bütövləşdirsin.
Xanlar bir-birinin ətini yeyib. Bircə Babəkimiz var ki, 20 il
düşmənlə döyüşüb,
o da bizim
döyüşkənliyimiz deyil. Babək döyüşüb. Nə
ondan sonra, nə ondan əvvəl
daha başqa Babəkimiz olmayıb çünki.
Konfutsiyə görə
hazırlıqsız müharibə edən dövlət
mütləq uduzacaq. Təcrübəsiz ev
uşaqlarını könüllü əsgər adıyla
düşmənin ağzına yem etdik. Döyüşçü
məktəbimiz, hərbçi yaddaşımız
olsaydı, müharibəyə elə çiy-çiy getməz,
bu qədər şəhid verib oturmaz, ölkənin
yarısını qaçqın, köçkünlə
doldurmaz, üstəlik bunun müqabilində
torpaqlarımızı da itirməzdik. İndi nə
mısmırıqımızı sallayıb Türkiyədən
küsürük ki, Qarabağ problemi həll edilməmiş
protokollar imzalayıb. Türkiyə Avropayla Asiya
qovşağında ABŞ, Rusiya, Avropa kimi əjdahalarla
döyüşür illərdir. Döyüşməyin nə
olduğunu da bilir. Çünki onun
döyüşçü yaddaşı var. AKP bu
döyüşkənliyi davam
etdirə bilmirsə, dünyanın təpgisinə
dayana bilmirsə, və ya AKP elə bunun üçün türk sultanlarının yerində
oturubsa, nə etməli? İstənilən
halda torpaqlarımızı
özümüz vermişik,
özümüz də
almalıyıq. Türk qardaşdır. Sultan Səlim demiş, torpaq kişinin qadını kimidir. Kişi öz qadınını başqa
kişiyə etibar eləməz. Qardaşına
belə.
Türkiyənin Ermənistana
abi olmasını dəstəkləmirəm. Amma iki il bundan əvvəl
Türkiyəylə Ermənistanın qardaşlıq
şarjı kimi çəkilən “Sarı gəlin” filmini
izləyəndən sonra gözüm bu məsələdən
su içmədiyini yazdığımda məni
qınadılar. Elektroinformasiya dövründə yaşayırıq.
Hər şeydən xəbər tuta bilirik. Türkiyədə
baş verənləri hər cür izləmək
şansımız var. Terror hadisələri,
qanlı-qadalı olaylar, bunun üstünə bir də təbii
fəlakətlər... az deyil. AKP Türkiyəni
dağıdır. Ərdoğan-Gül qardaşları əvvəlcə
Türkiyəni dini qüvvələrin oyununa saldı. İndi
də ermənini bahalı kürsüdə otuzdurur. Türkiyənin
“ futbol fanatizmi də heç bir sərhəd tanımır”. Bir
tərəfdən də biz özümüz Qarabağ məsələsinin
sülh yoluyla həyata keçirilməsinin tərəfdarıyıq.
Heç müharibə eləməyə heyimiz də yoxdur,
axı. Kim gedib döyüşəcək? Bəlkə elə
bu sülh yolunun başlanğıcıdır ki, abimiz
artıq işlərə start verib. Nə bilmək olar. Bəlkə
elə məsələ çözümə doğru gedir.
Son illər onsuz da gözümüz heç nədən su
içmirdi. Bir türk yazarı Avropada erməni
soyqırımını tanıdığını söyləyir,
ardıyca Nobel alır. Ondan sonra gələn növbəti
türk yazarı Əlif Şəfəq də bu yolla yeriyir,
o da Nobelə aday olur. Yəni dünya o qədər
demokratikdir ki, Türkiyə hakimiyyətinin buna
qarışacağı yoxdur? Qorxuram ki, bu demokratiya hipnozu hamımızın
axırına çıxa. Demokratiyaya qapılandan hara
sürükləndiyimzi heç bilmirik. Demokratiya bir prosesdir.
Biz ona rejim də deyirik. Bu rejim ortaya atılandan insan
azadlığın adını yadından
çıxarıb. Azadlıq isə təbii haldır.
Predmetin təbii halı onun azad halıdır.
Demokratiya çovğun
kimi, sel kimi önünə keçəni alıb aparır. Təməli,
bünövrəsi möhkəm olanlar yerində qalır
sözsüz ki. Vay təməli, bünövrəsi möhkəm
olmayan cəmiyyətin, xalqın halına. Onun bu
çovğun haray həşiri bitəndən sonra nəyi
qalacaq?! Demokratiya azadlığı alıb yenidən insana
satmaqla özünü humanist göstərməyə
çalışır. Əslində demokratiya minnətdən
başqa bir şey deyil. Söhbət insan cəmiyyətindən
gedirsə 21-ci əsrdə, bu qədər gəlişmiş
bir dünyada cəmiyyət elə demokratik olmalıdır. Başqa
nə ki?Türkiyədən küsmək lazım deyil. Biz nə
vaxt özümüzə güvənəcəyik? Nə vaxt
kişi kimi döyüşə hazır olacayıq?!
Döyüş anlayışımız nə vaxt
böyüyəcək?
Ondan. bundan kömək
dilənməyəcəyik? E.Ə 544-483 ildə
yaşamış Yunan filosofu Heraklit deyib ki, xalq torpağı
və qanun uğrunda evinin divarları uğrunda
döyüşdüyü kimi döyüşmlədir. Deməli
xalq nə olursa olsun. döyüşməlidir. İndi görək
bu müstəvidə biz necə döyüşürük. Biz
evimizin divarı, darvazası, qapısı xətrinə
döyüşürük. Jeklərə, İcraya, ora-bura
ayaq döyüb ağız açan, evimizin divarını
yolun ortasına kimi çəkib yolları cığıra
çevirən, öz damı uğrunda hamıyla
döyüşməyə hazır olan bizik. Evimizin
eyvanını, dükanımızın qapısını bir
addım irəli çəkmək üçün qanunun
başına nə oyun desən açarıq. Qonşuyla
dalaşarıq, jek müdirinə yaltaqlanarıq, İcra
hakimiyyətində yatarıq.
Amma ev
anlayışı bizim üçün elə o eyvanla bitir. Eyvandan o yana
bizlik deyil. Bizim Azərbaycan adlı evimiz yoxdur . Qanun pozmaq bizim üçün
dünyada hər şeydən asandır.
Alan da,satan da qanunu pozanda
çox xoşbəxtdi.
Qanunu pozanda biz özümüzdən
çox razı və məmnun oluruq. İngilislər haqda deyirlər
ki, onlara istənilən yeniliyi tədbiq etmək üçün bunu qanunlaşdırmaq lazımdır.
İngilis üçün qanun sözün əsl mənasında qanundur. Qanuna qədər o hər
şeyə etiraz edə bilər.
Amma o iş ki,
qanunlaşdı ingilis sakitcə ona əməl edəcək. Baxıram
bu yana baş kəsib qan töküb ad qazanırlar,
baxıram o yana baş kəsib, qan töküb ad
qazanırlar. Bu millət nə vaxta kimi özü-öz
başını kəsib, qanını töküb ad
qazanacaq? Baxıram ədəbi mühitə ürəyim
sıxılır. Bir-birinə itin sözün deyirlər. Kimsə
qürrələnib “ay camaat, mən filankəsin iç
üzünü açdım, onu biabır elədim” deyib
sevinməsin. Yenilik deyil, bu millət ömrü boyu bir-birini
biabır da edib, ətini də didib. Bizim
döyüşçü ruhumuz olsaydı döyüşərdik,
söyüşməzdik. Sokrata deyirlər ki, bir nəfər
sənin haqqında pis danışırSokrat: “Çünki
ona yaxşı danışmağı öyrətməyiblər”.
Boynumuza alaq ki, cəmiyyət olaraq biz pis tərbiyə
almışıq. Yaxşı danışmağı
heç kim öyrətməyib bizə. Ailələrdə
qeybət, kiminsə şəxsi həyatını müzakirə
etmək, kiminsə işinə qarışmaq çox təbii
haldır. Uşaqları da bu ortamda böyüdüb
buraxırlar cəmiyyətin canına. Ədəb deyilən nədirsə
bizim cəmiyyətdə ona rast gələndə xeyli təəccüblənir,
fikrə gedir, gördüyünün doğru olub
olmadığını özünü çimdikləməklə
yoxlayırsan.
Təsəvvür edin
ki, burda azad olduğunu göstərmək istəyən adam kənardan
necə eybəcər görsənir. Nə hərəkətlər
edir, nə manevrlər çevirir.Axşama qədər
hamı danışır ölkədə. Hamı. Amma
heç kim heç nə demir. Yalan əyinimizə biçilib.
Hər şeyimiz yalandır. Özümüzdən
yalançı cəmiyyət toqquşdurub içində
yalandan yaşayırıq.. Ən çox qorxduğumuz
anlayış həqiqətdir. Həqiqətdən it kimi
qorxuruq. Heç vaxt həqiqət duymağa nə hazır, nə
də razı deyilik. Hind filosovu Vivekananda “həqiqətdən
ötrü hər şeyi qurban vermək olar, amma həqiqəti
heç nəyə qurban vermək olmaz” deyib. Çox səhv
eləyib. Dövrümüzdə yaşasaydı onu ölkəmizə
dəvət edərdim. Gəlsin, görsün həqiqəti
nələrə qurban vermək olur. Türkiyəylə Ermənistan
məsələsi də danışmaq üçün bizə
mövzudur. İş zad görməyək elə yalandan
danışaq bütün günü. Siyasət ən
böyük yalandır dünyada. Çox da hisslərə
qapılmaq lazım deyil. Türkiyə Ermənistan prezidentinə
xüsusi kürsü hazırladıb. Bu həqiqətdir. Amma
bu həqiqətin nəyə xidmət etdiyini indi heç kim
deyə bilməz. Yəqin ki, bizim də bütün hallarda
öz strateji addımımız hazırlanıb. İstənilən
halda və istənilən formada döyüşüb
torpaqlarımzı geri qaytarmalıyıq.
Aysel ƏLİZADƏ
525-ci qəzet.- 2009.- 17
oktyabr.- S.24.