Şəkidə rəssam Səbuhi Məmmədovun fərdi sərgisi açılıb

 

Şəkidəki Sənətkarlar evində rəssam Səbuhi Məmmədovun fərdi yaradıcılıq sərgisi açılıb. Bu barədə Rəssamlar İttifaqından məlumat verilib.

Rəssamlar İttifaqı Şəki təşkilatının sədri Tahir Həmidli çıxışında sərginin rəssamın 50 illik yubileyinə həsr olunduğunu bildirərək, yubilyarın həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun rəssamın 50 illik yubileyi münasibətilə göndərdiyi təbrik teleqramının mətni oxunub. Tədbirdə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov, 1 nömrəli şəhər uşaq incəsənət məktəbinin direktoru Yaşar Babayev rəssamın yaradıcılığından söz açıblar. Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Şəhər icra hakimiyyəti adından S.Məmmədova hədiyyə verilib.

Sərgidə rəssamın əsasən məişət mövzusunda çəkdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş etdirilib. Bu sərginin yaxın vaxtlarda Bakı şəhərində də keçirilməsi planlaşdırılıb.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.22.