Azərbaycan təhsili: yaxın keçmişə,
bu günə və gələcəyə
bir baxış
(əvvəli ötən
şənbə sayımızda)
Hörmətli oxucular! Son
illərdə təhsil sahəsində əldə etdiyimiz
ciddi nailiyyətlərdən biri məhz dərslik
hazırlığı ilə bağlıdır. Bununla əlaqədar
olaraq ölkəmizdə dərslik
hazırlığının tarixi, bu sahədə əldə
olunan nailiyyətlər, yeni dərslik siyasəti, eləcə
də mövcud problemlər barədə məlumat vermək
istərdim.
Məlumdur ki, dərslik
təlim prosesində istifadə olunan əsas vasitələrdən
biridir. Etiraf etmək lazımdır ki, müasir dövrdə
dərsliyə yeni yanaşmalar özünü biruzə verməkdədir.
Klassik təyinatından fərqli olaraq, indi dərslik yeganə
bilik mənbəyi deyildir. İnformasiya texnologiyalarının
inkişafı məlumat mənbələrinin sayını da
xeyli artırmışdır. Bununla əlaqədar hazırda
dərsliyin vəzifəsi şagirdə qaydaları,
anlayışları, tərifləri əzbərlətdirməkdən
ibarət olmayıb onlarda müstəqil düşünmə,
tədqiqatçılıq, yaradıcılıq vərdişləri
aşılamaq, tənqidi təfəkkürü inkişaf
etdirməkdir. Müasir dərsliklər tətbiqi xarakter
daşımalı, inteqrativ xüsusiyyətə malik
olmalı, elmi, pedaqoji, psixoloji meyarlar əsasında tərtib
olunmalıdır.
Hesab edirəm ki, Azərbaycanda
dərslik hazırlığı tarixinə qısa səyahət
etmək faydalı olardı. Araşdırmalar göstərir
ki, eramızın III əsrindən başlayaraq Azərbaycanda
ilkin savad təlimi verən ayrı-ayrı məktəblər
mövcud olmuş və belə məktəblər XIX əsrə
qədər öz fəaliyyətini davam etdirmişlər. Həmin
təhsil ocaqlarında bir sıra elmi və bədii əlyazmalardan
dərslik qismində (təlim materialı kimi) istifadə olunmuşdur.
Azərbaycanda ana dilində
yaranan dərsliklərin tarixi XVII əsrdən başlanır.
Belə ki, XVII əsrdə yaşamış Saib Təbrizinin
ana dilində yazdığı kitabdan uzun müddət məktəblərdə
dərslik kimi istifadə edilmişdir. Sonrakı dövrdə
Azərbaycanın məktəb və mədrəsələrində
Sədinin “Gülüstan” və “Bustan” əsərləri,
“Füzuli divanı”, “Tarixi-Nadir”, “Camei-Abbas” və başqa
kitablar dərslik və dərs vəsaitləri kimi istifadə
olunmuşdur. Həmin kitablar şagirdlərin bilik və
yaş səviyyəsinə uyğun olmasa da, milli dərslik yaradıcılığımızda
ilk nümunələr kimi qiymətlidir.
Sonralar Abbasqulu Ağa
Bakıxanov, Seyid Əzim Şirvani kimi sənətkarlarımız
dərslik hazırlığı sahəsində ilk cəhdlər
göstərmiş, işlədikləri məktəb və mədrəsələrdə
hekayə və şeirlərindən təlim materialları
kimi istifadə etmişlər. Azərbaycanda və
bütün Zaqafqaziyada dövlət məktəblərinin
meydana gəlməsi və Azərbaycan dilinin bir fənn kimi tədris
edilməsi bu dildə müvafiq dərsliklərin
yaradılmasına şərait yaratdı. Azərbaycan dilində
yeni üsulla dərslik tərtib etmək sahəsində ilk təşəbbüs
görkəmli mütəfəkkir və pedaqoq Mirzə Fətəli
Axundova məxsusdur.
O, 1836-1840-cı illərdə
Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi
işləyərkən ana dili dərsliyi yazmağa
başlamış, lakin sonralar müəllimlik vəzifəsindən
azad olunması ilə əlaqədar bu işi davam etdirməmişdir.
Azərbaycan dilində dərslik (oxu kitabı) tərtibi
işində Tiflis qəza məktəbi və
gimnaziyasının digər müəllimlərinin də xeyli
rolu olmuşdur. Mətbəə yoxluğu üzündən
bu vəsaitlər çox zaman işıq üzü
görmürdü. Əlyazması şəklində olan bu dərsliklərə
Sankt-Peterburq, Tiflis, Bakı, Yerevan şəhərlərindəki
dövlət arxivlərində, eləcə də elmi müəssisələrin
arxivlərində rast gəlinir. Son tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, Azərbaycan dilində ilk “Əlifba”
və “Oxu” kitabı 1839-cu ildə Tiflisdə çap
edilmişdir. Hər iki kitabın müəllifi Zaqafqaziya məktəblər
direktoru vəzifəsini icra edən N.Dementyevdir. Səs
üsulu ilə tərtib edilmiş bu dərslikdən
Zaqafqaziyada, o cümlədən Azərbaycandakı dövlət
məktəblərində istifadə edilmişdir.
XIX əsrin ortalarına
doğru Azərbaycan dilinin tədrisi sahəsində
elmi-pedaqoji tələblərə müvafiq yeni dərsliklər
meydana gəldi. Bu dərsliklər içərisində Kazan
Universitetinin professoru Mirzə Kazımbəyin “Türk-tatar
dilinin qrammatikası” (1839), Tiflis gimnaziyasının Azərbaycan
və fars dili müəllimi L.R.Budaqovun “Türk-tatar dilinin əlifbası”
(1844), Tiflis gimnaziyasının müəllimləri Mirzə
Şəfi Vazeh və İ.Qriqoryevin “Kitabi-türki” (1855)
adlı dərslikləri xüsusi yer tuturdu.
XIX əsrdə Azərbaycanda
və bütövlükdə Zaqafqaziyadakı dövlət məktəblərində
təhsil alan məktəblilərin bütöv bir nəsli həmin
kitablardan Azərbaycan dilini öyrənmişlər. Bu ənənə
sonralar Süleyman bəy Vəlibəyovun “Üsuli-cədidi-lisani-fars”
və Mahmud bəy Mahmudbəyovun səs üsulu ilə
yazılan “Yeni əlifba” kitabı ilə davam etdirilmiş, dərsliklər
Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Əfəndizadə,
Hacı Kərim Sanılı, Əhməd Seyidov kimi müəllim-metodistlər
tərəfindən daha da təkmilləşdirilmişdir. Dərslik
yaradıcılığı tarixində Firudin bəy
Köçərli (“Vətən dili”), Rəşid bəy Əfəndiyev
(“Uşaq bağçası”), Seyid Əzim Şirvani (“Məcmuəyi-asari-Hacı
Seyid Əzim Şirvani”) kimi ədiblərimiz xüsusi fəaliyyət
göstərmiş, Azərbaycan dilinin öyrənilməsinə
xidmət edən mükəmməl dərsliklər yarada
bilmişlər. Ana dili dərsliklərinin
hazırlığı sahəsində yaranmış təcrübə
sovet dövrünə qədər inkişaf etdirilərək
müasir dərsliklərin təməli kimi qiymətli mənbə
olmuşdur.
XIX əsrin sonu və XX
əsrin əvvəllərində yeni fəaliyyətə
başlayan məktəblərdə uşaqların hansı dərsliklərlə
təhsil alması dövrün maarifçilərini həmişə
düşündürmüş və mühüm problemlərdən
biri olmuşdur. Azərbaycanın görkəmli maarifpərvərləri
Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Məmməd
Tağı Sidqi, Sultan Məcid Qənizadə, Firudin bəy
Köçərli, Haşım bəy Vəzirov, Rəşid
bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə,
Nəriman Nərimanov, Abbas Səhhət və başqaları
məktəblərdə keyfiyyətli dərsliklərin
olmasını tələb edirdilər. Həsən bəy Zərdabi
yazırdı: “Uşaqların yaşlarına və bilik səviyyəsinə
uyğun olan dərs kitabı yoxdur. Uşaqlar şairlərin
kitablarını oxuyurlar. Bunlar ana dili təliminə
yaramır. Ona görə dərs kitabları yaratmaq
lazımdır. Heç olmazsa başqa xalqlarda mövcud olan dərs
kitablarından istifadə və tərcümə etməklə
onları hazırlayaq”.
Beləliklə, XIX əsrdə
ana dili dərsliklərinin tərtibi tarixini iki mərhələyə
bölmək olar. I mərhələ XIX əsrin 80-ci illərini
əhatə edir. Azərbaycanda və Zaqafqaziyanın bir
sıra şəhərlərində təsis edilən
dövlət məktəblərində Azərbaycan dilinin
müstəqil fənn kimi tədris edilməsi, bu dilin
bütün Qafqazda böyük rol oynaması ana dilində ilk
dərsliklərin və vəsaitlərin (əlifba, oxu
kitabı, sərf-nəhv və sair) meydana gəlməsinə
əlverişli şərait yaradırdı.
II mərhələdə, yəni
XIX əsrin sonlarında K.D.Uşinskinin “Vətən dili” dərsliyi
Azərbaycan dilində eyni adlı dərsliyin meydana gəlməsinə
əhəmiyyətli təsir göstərmişdi. Bu sahədə
İrəvan qəza məktəbinin Azərbaycan dili müəllimi
Məmməd Elxanov ilk təşəbbüs göstərərək
“Vətən dili” adlı dərslik yazmış, lakin həmin
əsər çap olunmamışdır. Zaqafqaziya Müəllimlər
Seminariyası Azərbaycan şöbəsinin müdiri
Aleksandr Osipoviç Çernyayevskinin “Əlifba” kitabı isə
çox mühüm bir hadisə idi. “Kəşkül” qəzeti
Aleksey Osipoviç Çernyayevskinin “Vətən dili”
kitabına yüksək qiymət verir və qeyd edirdi ki,
Çernyayevski nəinki bizim çoxdan arzu etdiyimiz ana dilində
dərs kitabı yaratmış, o həm də ana dilində dərs
deyən müəllimlər üçün dərsliklərin
yenidən tərtibi məsələləri ilə ciddi məşğul
olmuşdur.
Aleksey Osipoviç Çernyayevskinin
“Vətən dili” dərsliyi sövti üsul əsasında azərbaycanlılar
üçün nəşr edilmiş ilk Azərbaycan dili dərsliyi
idi. “Vətən dili” özündən sonra yazılan əlifba
və ilk oxu kitabları üçün örnək
olmuş, Azərbaycan ziyalılarının böyük bir nəsli
bu dərslik üzrə savada yiyələnmişdir. Firidun bəy
Köçərli onun “Vətən dili” dərsliyi ilə əlaqədar
yazırdı: “Bizim əqidəmizə görə,
Uşinskinin “Rodnoye slovo” (“Ana dili”) dərsliyi rus məktəbləri
üçün hansı əhəmiyyətə malikdirsə,
Çernyayevskinin “Vətən dili” dərsliyi də azərbaycanlılar
üçün elə bir əhəmiyyətə malikdir.“Vətən
dili” (I hissə) kitabının müvəffəqiyyəti
onun II hissəsinin tərtibinə də zəmin
yaratmışdı. 1880-ci illərin sonlarında Aleksey
Osipoviç Çernyayevski seminariyanın Azərbaycan
şöbəsinin ibtidai məktəb müəllimi
Süleyman Vəlibəyovla birlikdə “Vətən dili”
kitabının II hissəsini tərtib etdi.
Bu kitabın tərtibində
yaxından iştirak edənlərdən biri də görkəmli
müəllim və şair Həsənəli Qarabağlı
olmuşdur. Ana dili təlimi üçün nəzərdə
tutulmuş “Vətən dili” (II hissə) ilk dəfə 1888-ci
ildə Tiflisdə “Kəşkül” mətbəəsində
çap olunmuşdur”.XX əsrin əvvəllərində təhsil
sahəsində mövcud olan problemlərdən biri də dərslik
hazırlığı ilə bağlı idi. Yeni məktəblər
yeni kitablar tələb edirdi. Bu məsələ Azərbaycan
müəllimlərinin I (1906) və II (1907) qurultaylarında
da müzakirə olunmuşdu. Qurultayda qəbul edilən qərarlardan
biri də ibtidai məktəblər üçün ana dilində
dərs kitablarının hazırlanması ilə
bağlı idi. Həmin dövrdən başlayaraq
dövrün maarifpərvər insanları ana dilində dərsliklər
yazmağa başladılar. Bu sahədə Mahmud bəy Mahmudbəyov,
Abbas Səhhət, Rəşid bəy Əfəndiyev, Abdulla
Şaiq və başqalarının rolunu xüsusilə qeyd
etmək lazımdır.
Mahmud bəy Mahmudbəyov
və Abbas Səhhət 1909-cu ildə türk dilinin təlimi
üçün nəşr etdikləri
üçüncü ilə məxsus qiraət kitabı
1910-1915-ci illərdə təkrar çap olundu. Ana dilinin
saflığı uğrunda mübarizə aparan görkəmli
ziyalı, “İkinci il” dərsliyinin həmmüəllifi
Abdulla Şaiq Talıbzadə məktəblərimizin milli dərsliklərlə
təmin olunmasında əvəzsiz xidmət göstərmişdir.
İbtidai məktəbdə ana dili təliminin
inkişafında mühüm xidməti olan Abdulla Şaiq
pedaqoji fəaliyyətini ədəbi
yaradıcılığı ilə birləşdirirdi. Onun “Dəbistan”,
“Məktəb” və “Rəhbər” jurnallarında uşaqlar
üçün nəşr etdirdiyi əsərlər Azərbaycan
pedaqoji fikir tarixinin incilərindən hesab olunur. 1910-cu ildə
yazdığı “Uşaq gözlüyü” əsərindən
isə uzun müddət ibtidai məktəblərimizdə əlifba
dərsliyi kimi istifadə olunmuşdur.Abdulla Şaiq Azərbaycan
müəllimlərinin birinci (1906) və ikinci (1907)
qurultaylarının iştirakçısı olmuş, ikinci
qurultayın katiblik xidmətini yerinə yetirmiş, idarə
heyətinin qərarı ilə Mahmud bəy Mahmudbəyov,
Süleyman bəy Əbdürrəhmanbəyzadə,
Süleyman Sani Axundov, Abdulla bəy Əfəndiyev, Fərhad
Ağazadə ilə birgə “İkinci il” dərsliyinin tərtibinə
cəlb edilmişdir. Ədib “Uşaq çeşməyi”
(1907), “Uşaq gözlüyü” (1910), “Gülşəni-ədəbiyyat”
(1910), “Gülzar” (1912) və sair dərsliklərini nəşr
etdirməklə məktəblərin milli ruhlu dərsliklərlə
təmin olunmasında misilsiz xidmət göstərmişdir. Molla
Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Fətəli Axundov, Əli
bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd
Hadi, Abbas Səhhət, Hüseyn Cavid və başqa şair və
ədiblərin mövzusu xalq həyatından
götürülmüş əsərləri Azərbaycan məktəbinə
Abdulla Şaiqin dərslikləri vasitəsilə daxil
olmuşdur. O, gəncliyin milli hisslərini coşduran ilk ədəbiyyat
müəllimi kimi tanınmışdır. Mahmud bəy
Mahmudbəyov 1907-ci ildə Bakıda “Türk əlifbası və
ilk qiraət” kitabını nəşr etdirmişdi. Bir il
sonra Mahmud bəy Mahmudbəyov, Süleyman bəy Əbdürrəhmanbəyzadə,
Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq
Talıbzadə və Abdulla bəy Əfəndiyevin “İkinci
il” dərsliyi meydana gəldi. Həmin dərsliklər həm
pedaqoji, həm də didaktik-metodik cəhətdən yeni tələblərə
cavab verirdi. Kitabların dilinin sadəliyi,
aydınlığı, bədiiliyi, məzmununun
dolğunluğu, metodik cəhətdən materialların
seçimi, uşaqlara veriləcək biliklərin onların
yaş və anlaqlıq səviyyələrinə uyğun
olması, sadə xalq dilində yazılması, uşaqlarda bədii
zövq tərbiyə etməsi, cəlbediciliyi onların əsas
məziyyətləri idi. Bu dərsliklərin yazılması
və nəşri “Nicat” xeyriyyə cəmiyyətinin bilavasitə
təşəbbüsü və yardımı ilə həyata
keçirilmişdi. Ümumiyyətlə, ana dilində dərslik
yaradılması sahəsində görkəmli maarif xadimi
Mahmud bəy Mahmudbəyovun müstəsna rolu olmuşdur.
1909-cu ildə Mahmud bəy Mahmudbəyov
və Abbas Səhhətin birlikdə “Türk dilinin təlimi
üçün üçüncü ilə məxsus qiraət
kitabı”, 1911-ci ildə Mahmud bəy Mahmudbəyovun
“İmlamız” kitabı nəşr edildi. Hər iki kitabda ana
dilinin tədrisinə xidmət göstərəcək
faydalı mülahizələr söylənilirdi. 1922-ci ildə
Mahmud bəy Mahmudbəyovun başçılığı ilə
Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sani
Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə,
Rəşid bəy Əfəndizadə “Yeni türk əlifbası”
adlı dərslik hazırladılar. Həmin dövrdə bir
qrup müəllimlər də dərslik yazmaqla məşğul
olmuşlar. Ş.M.Qarabağinin “Risaleyi-hüruf və
xütut” (1890); S.Ə.Təbrizinin “Kitabçeyi-ədəbiyyə”
(1893); Ə.Axundzadənin “Xətti təliq və nəstəliq”
(1894); M.H.Rüşdiyyənin “Vətən dili” (1884); M.Ələkbərin
“Kitabipəndi ətfal” (1899); M.Şahtaxtinskinin “Sövti Şərq
Əlifbası” (1902); M.N.Şirvaninin “Təftül arifin lisani
türki” (1902); H.S.Eyvazovun “Üsuli-tədris və təlim-tərbiyə”
(1907); H.Məmmədlinin “Nümuneyi tədris və tərbiyə”
(1907); M.Qəmərlinski, Nərimanbəyov, Şahtaxtinski, Rəcəbov,
Qazıyev, Şərifbəyov və Cəfərbəyovun
“Ana dili” (1911), M.H.Həsənzadənin “Tamam əlifba” (1912),
M.A.Abbaszadənin “Əlifba” (1913) və s. dərsliklərini
nümunə göstərmək mümkündür. Maraqlıdır
ki, görkəmli bəstəkar Üzeyir Hacıbəyov da dərslik
yaradıcılığı ilə məşğul
olmuş, 1907-ci ildə “Hesab” kitabını və
“Rus-türk, türk-rus” lüğətini hazırlayıb
çap etdirmişdi.Milli məktəblərin dərsliklərlə
təmin olunması sahəsində Qafur Rəşadın xidmətləri
böyükdür. İlk coğrafiya dərsliklərinin
yaradıcısı olan Qafur Rəşad “Qafqaz
coğrafiyası” (1910), “İbtidai coğrafiya” (1922),
“Ümumi coğrafiya” (1923), “Coğrafiya terminləri
lüğəti” (1923), “SSRİ-nin iqtisadi coğrafiyası”
(1941), “Xəritə üzərində əməli iş”
(1943) və s. adlar altında 18 dərslik və vəsait
yazıb nəşr etdirmişdi. “Rəhbəri-sərf” (Məmmədsadıq
Axundovla birgə, 1910), “Rəhbəri-hesab” (Əbdürrəhman
Tofiq Əfəndizadə ilə birgə, 1910) dərslikləri
uzun illər məktəblərdə tədris olunmuşdu. Bununla
yanaşı, milli uşaq ədəbiyyatının
inkişafında da Qafur Rəşadın xidmətləri
böyükdür. O, Azərbaycanda “Məktəb” adlı
sayca ikinci uşaq jurnalının (1911- 1920) və uşaqlara
məxsus ədəbiyyat nəşr edən eyniadlı birinci
mətbəənin təsisçisidir (Əbdürrəhman
Tofiq Əfəndizadə ilə birgə). Cümhuriyyət
dövründə nəşr olunmuş “Məktəb” jurnalı
uşaqların milli müstəqillik və dövlətçilik
ruhunda tərbiyəsində müsbət rol
oynamışdır. O, pedaqoq-yazıçıları
jurnalın ətrafına toplamış, orijinal şeir və
hekayələrdən, müxtəlif dillərdən edilən
tərcümələrdən, elmi-kütləvi məqalələrdən
ibarət zəngin uşaq ədəbiyyatı xəzinəsi
yaratmış, yeni yazıçı nəslinin yetişməsi
işində böyük xidmət göstərmişdir. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Xalq Maarif Nazirliyi, bir
tərəfdən xalqın gələcəyini təmin edə
biləcək mütəxəssislər hazırlamaq
üçün ali, orta və ibtidai məktəblər
açır, kurslar təşkil edir, digər tərəfdən
nəşriyyat - tərcümə komissiyasının köməyi
ilə dərsliklər, tədris vəsaitləri
hazırlayır və çap etdirirdi. 1919-cu il noyabrın 7-də
Xalq Maarif Nazirliyi yanında nazir müavini Həmid bəy
Şahtaxtinskinin sədrliyi ilə Hökumət İslahat
Komissiyası yaradıldı. Komissiya qısa müddətdə
xeyli işlər gördü. Ümumi təhsil sahəsində
islahat aparmaq, milli proqram və dərsliklər hazırlamaq məqsədilə
hökumət tərəfindən xüsusi fənn
komissiyaları təsis edildi. Fənn komissiyaları tərəfindən
hazırlanmış bir sıra yeni dərsliklər hökumətin
ayırdığı vəsait hesabına 1919-cu ildə nəşr
edilib məktəblərin istifadəsinə verildi. Dərsliklərin
bəziləri təkrar nəşr olunsa da, bir çoxu məhz
həmin dövrdə yazılmışdı: Mahmud bəy
Mahmudbəyov. Türk əlifbası və ilk qiraət, 1918; Rəşid bəy Əfəndiyev.
Türk qiraəti, 1918;
Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət. Yeni məktəb,
1918; Qafur Rəşad Mirzəzadə, Məmməd Axundov. Rəhbəri-sərf,
1918; Rasim Əhməd. Sərfi-türki, 1919; Camo Cəbrayılbəyli.
Tarixi-təbii, 1919; Hüseyn Cavid, Abdulla Şaiq. Ədəbiyyat
dərsləri, 1919; Abdulla bəy Əfəndiyev. Son türk əlifbası,
1919; Hacı Səlim Səyyah Qasımzadə, Ağəli
Qasımov. Hesab məsələləri məcmuəsi, 1919;
Hacı Səməd bəy Əlizadə. Rəhbəre cəbr,
1919; Abdulla Şaiq. Milli qiraət, 1919; Müntəxəbat.
Türk ədiblərindən nümunələr, 1919 və
sair. 20-ci illərdə stabil dərs kitablarının
hazırlanması sahəsində problemlər var idi. Proqram və
dərsliklər arasındakı
uyğunsuzluq halları,
təcrübəli müəllimlərin
və tərcüməçilərin
olmaması, nəşriyyat-poliqrafiya bazasının zəifliyi, elm sahələri üzrə
terminoloji lüğətlərin
yoxluğu dərs kitablarının hazırlanmasında
və nəşrində
çətinliklər yaradırdı.
Bu çətinliklərə baxmayaraq, həmin illərdə
məktəbləri dərsliklərlə
təmin etmək sahəsində müəyyən
uğurlar da qazanıldı. Sovet hakimiyyəti illərində
ölkəmizdə geniş
məktəb şəbəkəsi
yaradıldı, dərsliklər
və dərs vəsaitləri ilə təchizat sahəsində
müvafiq tədbirlər həyata keçirildi. Yeni tədris planları
və proqramlarının
təsdiqi ilə əlaqədar məktəblər
üçün ana dilində dərslik, dərs vəsaitləri və başqa tədris-metodik ədəbiyyatların hazırlanması
zərurəti yarandı.
Bu məqsədlə Xalq Maarifi Komissarlığı
nəzdində (iyun,
1921-ci il) Nəşriyyat
şöbəsi yaradıldı.
1924-cü ildə bu
şöbənin əsasında
Xalq Maarifi Komissarlığının tabeliyində
Azərbaycan Dövlət
Nəşriyyatı - “Azərnəşr”
təsis edildi. Nəticədə Xalq Maarifi Komissarlığı tərəfindən
dərsliklərin sistemli
şəkildə nəşr
olunmasına 1920/21-ci dərs
ilindən başlanır.
Əvvəlcə sovet
hakimiyyətinə qədərki
dövrdə tərtib
olunmuş ana dilinə aid ibtidai sinif dərslikləri
(Abdulla Şaiq Talıbzadənin “Uşaq
gözlüyü” əlifba
kitabı, Mahmud bəy
Mahmudbəyovun “İkinci
il” dərsliyi və s.) müəyyən
dəyişikliklərlə yenidən çap edildi. Eyni zamanda 20-ci illərdə
M.Mahmudbəyovun 1907/08-ci illərdə
nəşr etdirdiyi “Türk əlifbası və ilk qiraət”,
M.Mahmudbəyov, S.Axundzadə,
S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Talıbzadə
və A.Əfəndizadənin
“İkinci il”, M.Mahmudbəyov və A.Səhhətin “Üçüncü
ilə məxsus qiraət”, A.Şaiqin
IV-V siniflər üçün “Qiraət
kitabı”, A.Əfəndizadənin
“Türk əlifbası”
dərslikləri müəyyən
təkmilləşdirmələrlə nəşr edilərək
I pillə məktəblərində
istifadə edilir.
1922-ci ildə M.Mahmudbəyov,
S.Əbdürrəhmanzadə, S.Axundzadə, A.Talıbzadə
və A.Əfəndizadə
ərəb və latın əlifbalarının qarşılıqlı
təliminə imkan verən “Yeni türk əlifbası” dərsliyini hazırlamışdılar.
Bundan əlavə, Xalq Maarifi Komissarlığının
yaratdığı ana
dili komissiyası tərəfindən yazılmış
(müəllifləri İsmayıl
Hikmət, Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad Axundzadə, Cabbar Əfəndizadə və
Mustafa Tofik) “Türkcə sərf-nəhv” (“Azərbaycan dilinin qrammatikası”) dərsliyi 1924-cü ildə
nəşr edilmişdi.
20-ci illərdə oxu
dərslikləri
şəhər və
kənd məktəbləri
üçün olmaqla
iki variantda nəşr edildi. Riyaziyyat və təbiət elmlərinə
aid dərsliklər isə rus dilindən
tərcümə edilirdi.
Nəşr edilən ibtidai məktəb dərsliklərinin sayı
ilbəil artırdı.
Məsələn, 1920-ci ildə
3 adda dərslik nəşr edilmişdisə,
bu göstərici
1923-cü ildə 23, 1927-ci ildə 42, 1929-cu ildə isə 50 idi. Bu illərdə dərsliklərlə
yanaşı, sinifdənxaric
oxu üçün
104 adda, müəllimlər
üçün isə
32 adda tədris-metodik ədəbiyyat da nəşr
edilmişdi.20-ci illərin əvvəllərində
hələ Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə başlanmış
əlifba islahatı sahəsində işlər
yenidən canlandırıldı.
1921-ci ilin yanvar ayında Xalq Maarifi
Komissarlığı yanında Əlifba İslahatı
üzrə Komissiya, az sonra - 1922-ci ilin mayında Yeni Türk Əlifba
Komitəsi yaradıldı. Komitənin tərkibinə isə
Səmədağa Ağamalıoğlu (sədr), Xudadat bəy
Məlikaslanov, (AXC dövründə əlifba üzrə
İslahat Komissiyasının sədri olmuşdur), Əhməd
bəy Pepinov, Əli Tağızadə, Sultanməcid Əfəndiyev,
Fərhad Ağazadə (Şərqli), Vəli Xuluflu, Teymur
Hüseynov və digərləri daxil idilər. Rəsmi
yazışmalarda əski ərəb əlifbası ilə
yanaşı, yeni latın qrafikalı əlifbadan da istifadəyə
(oktyabr, 1923-cü il) icazə verilmişdi. 1926-cı ilin 26
fevral - 6 mart tarixlərində Bakıda
çağırılmış I Beynəlxalq Türkoloji
Qurultay latın qrafikalı əlifbaya keçid prosesində
müstəsna rol oynadı. Əlifba islahatı latın
qrafikalı Azərbaycan əlifbasına keçidlə
bağlı hökumət qərarı ilə (iyul, 1928-ci il)
başa çatdı. 1929-cu il yanvarın 1-dən yeni əlifbaya
tam keçid rəsmən elan edildi, məktəblərdə
tədrisin həmin əlifba ilə aparılmasına
başlanıldı. 30-cu illərdə latın qrafikalı əlifba
ilə dərsliklərin hazırlanması və nəşri
tam reallaşsa da, SSRİ-də aparılan ruslaşdırma
siyasətinə uyğun olaraq bu əlifba 1939-cu il 11 iyul tarixdən
ləğv edildi və heç bir hazırlıq işi
aparılmadan 1940-cı il yanvarın 1-dən bütün təhsil
müəssisələrində kiril (rus) qrafikalı Azərbaycan
əlifbasının tətbiqinə başlanıldı. Azərbaycan
SSR XKS-nin 31 dekabr 1939-cu il tarixli “Respublikanın kütləvi
məktəblərində və digər təhsil müəssisələrində
təlimin yeni Azərbaycan əlifbasına keçirilməsi
haqqında” və “İbtidai məktəblərin dərslik və
dərs vəsaitlərinin yeni Azərbaycan əlifbasında nəşri
haqqında” qərarları təhsil müəssisələrində
tədrisin yeni əlifbaya keçirilməsində müəyyən
rol oynadı.30-cu illərdə təhsilin məzmunu tamamilə
Sovet ideologiyasının prinsiplərinə tabe etdirildi.Bu illərdə
təhsilin məzmununda islahatlar ÜİK(b)P MK-nın 25
avqust 1932-ci il tarixli “İbtidai və orta məktəblərdə
rejim və tədris proqramları haqqında” və 12 fevral
1933-cü il tarixli “İbtidai və orta məktəblər
üçün dərsliklər haqqında” qərarları əsasında
aparıldı. Ümumi təhsilin tədris planları, tədris
proqramları, dərslik, dərs vəsaiti və digər tədris-metodik
ədəbiyyatları yeniləşdirildi və ya əsaslı
dəyişikliklər edildi. Həmin qərarlarda təhsil
sistemi qarşısında 20-ci illərdə tətbiq
edilmiş “Kompleks proqramlar”dan və dərslik kimi istifadə
edilən “İş kitabları”ndan imtina etmək,
bütün fənlər üzrə sabit tədris proqramı
və dərsliklərin hazırlanmasını təşkil
etmək vəzifəsi qoyulurdu.
Azərbaycan dilində
ibtidai və orta məktəblər üçün yeni dərsliklərin
hazırlanması işinə start verilsə də, həm məktəb
proqramlarından, həm də respublikada hazırlanan dərsliklərdən
milli-mənəvi dəyərləri əks etdirən
materiallar tamamilə çıxarıldı. Yalnız
“sosializm ideyaları”na sədaqətli gənclər
yetişdirilməsinə xidmət edən “beynəlmiləlçilik”
ideyalarına üstünlük verilirdi. 20 may 1933-cü ildə
Azərbaycan KP MK-nın xüsusi qərarı oldu. Bu qərara
uyğun olaraq ibtidai məktəblər üçün
orijinal ana dili dərsliklərinin tərtibinə
başlanıldı. Belə ki, Veysəl Mustafazadə, Yusif
Zeynalov, Əli Məsrur Qafarlı, Ələkbər Babazadə,
İdris Həsənov, Əbdüləzəl Dəmirçizadə,
Abdulla Şərifov, Feyzulla Qasımzadə, Ağamməd
Abdullayev, Qulam Ələkbərli və başqalarının
müəllifliyi ilə ibtidai məktəblər
üçün “Əlifba”, “Ana dili”, “Oxu kitabı”, “Azərbaycan
dili” dərslikləri yaradıldı. Sovet hakimiyyəti illərində
ən uzunömürlü “Əlifba” dərsliyi 1933-cü ildə
Veysəl Mustafazadə tərəfindən yazıldı. 1933-36-cı
illərdə onun müəllifliyi ilə nəşr edilən
bu “Əlifba” 1937-ci ildən 1946-cı ilə kimi Yusif Zeynalov və
Əli Məsrur Qafarlının, 1946-cı ildən 1962-ci ilə
kimi Yusif Zeynalovun, həmin ildən isə Yusif Zeynalov və Yəhya
Kərimovun müəllifliyi ilə nəşr edildi.Bu illərdə
Yusif Zeynalovun “Ana dili” (“Oxu” I s.), “Oxu kitabı” (I s.), Əli Məsrur
Qafarlının “Ana dili” (II s.), Feyzulla Qasımzadənin “Oxu”
kitabı (III s.), sonralar Ağamməd Abdullayev və Feyzulla
Qasımzadənin müəllifliyi ilə “Ana dili”, Ələkbər
Babazadənin “Türk (Azərbaycan) dili” (II s.), “Türk (Azərbaycan)
dili” (II s.), Qulam Ələkbərlinin “Türk (Azərbaycan)
dilinin qrammatikası və yazı qaydaları” (II s.), Əbdüləzəl
Dəmirçizadənin “Türk (Azərbaycan) dili” (IV s.) dərslikləri
yaradıldı və nəşr edildi.30-cu illərdə
ibtidai məktəblər üçün ana dili üzrə
yaradılan bu orijinal dərsliklər Azərbaycan məktəbində
ana dilinin tədrisində müstəsna rol oynadı və gələcəkdə
bu istiqamətdə aparılan dərslik
yaradıcılığında təməl missiyasını
yerinə yetirdi.1938/39-cu dərs ilindən Azərbaycan məktəblərində
ana dili və ədəbiyyat, qeyri - Azərbaycan məktəblərində
Azərbaycan dili üzrə proqram və dərsliklərlə
yanaşı, həm də qeyri-rus məktəblərində
rus dili və ədəbiyyatı üzrə proqram və dərsliklərin
Azərbaycanda tərtibinə başlanıldı. Digər
proqram və dərsliklər isə Moskvada tərtib edilir,
sonradan Azərbaycan dilinə tərcümə olunurdu. Azərbaycan
SSR Xalq Maarifi Komissarlığının 1935-38-ci illər
üzrə məktəb təhsilinin vəziyyətinə dair
17 aprel 1938-ci il tarixli hesabatında 1937/38-ci dərs ilində
respublikada fəaliyyət göstərən bütün tipdən
olan ümumi təhsil məktəbləri üçün 160
adda 260.500 nüsxə tirajla dərslik və dərs vəsaitinin
nəşr edildiyi göstərilir.İkinci Dünya
müharibəsinin başlanması ölkənin təhsil
sisteminə ciddi təsir etdi. Belə ki, bu illər təhsilin
inkişafında çətin və böhranlı bir mərhələ
oldu. Məktəblərdə iş ahəngi pozuldu, müəllimlərin
bir hissəsi səfərbərliyə alındı, məktəb
binaları hərbi məqsədlər üçün istifadə
edildiyindən respublikanın məktəb şəbəkəsində
əvvəlki illərlə müqayisədə kəskin fərq
hiss edildi. Müharibə ümumi icbari yeddi illik təhsilə
keçid prosesini ləngitdi, ümumi təhsilin səviyyəsi
aşağı düşdü. 1949-cu ildə yeddi illik təhsilə
keçid sürətləndirildi və həmin proses 50-ci illərin
sonunda başa çatdırıldı.“Məktəbin həyatla
əlaqəsinin möhkəmləndirilməsi və SSRİ-də
xalq maarifi sisteminin daha da inkişaf etdirilməsi” haqqında
1958-ci il dekabrın 24-də Qanun qəbul edildi.
Qanuna əsasən
yeddillik məktəblər səkkizilliyə çevrildi. Bu
qanun sovet məktəbinin yeni inkişaf mərhələsi
idi. Burada nəzərdə tutulan əsas məsələ
ibtidai siniflərdən etibarən əmək tərbiyəsinə
diqqətin artırılması, uşaqlarda fiziki əməyə
tələbat tərbiyə edilməsi nəzərdə
tutulurdu. Qanunda natamam orta məktəblərin yeddi illikdən
səkkizilliyə çevrilməsi, orta təhsilin əvvəlki
kimi 10 il deyil, 11 il olması, birinci mərhələnin I-VIII
sinifləri, ikinci mərhələnin isə IX-XI sinifləri əhatə
edəcəyi nəzərdə tutulurdu. Qərarın tətbiq
edildiyi ilk ildə ölkədə 40 məktəb 11 illiyə
çevrildi.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri
doktoru,
professor
525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.10-11.