Birinci xanım

 

Türkiyənin tanınmış və nüfuzlu jurnallarından olan “First Business”in avqust nömrəsində millət vəkili Qənirə Paşayeva Azərbaycanın birinci xanımı, millət vəkili, Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş geniş məqaləsini türk və ingilis dillərində təqdim edib. Yüksək tirajla nəşr edilən “FirstBusiness” jurnalı təkcə Türkiyədə deyil, onun hüdudlarından kənarda da böyük nüfuza malikdir. Məqalədə Mehriban xanım Əliyevanın bütün istiqamətləri əhatə edən geniş fəaliyyətindən ətraflı bəhs olunub.Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar var. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Həmin kitabda hər kəs özünü şəxsi həyatının və dünyanın yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.

 

Mehriban Əliyeva

 

Doğrudan da onun dünyadakı yeri və rolu yeganə və bənzərsizdir. Mehriban Əliyeva - Azərbaycanın “First Lady” si, millət vəkili, Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri doktoru və 3 gözəl övladın anası!Onun təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə dünyamız və insanlıq üçün xidmətlərini göz önündə canlandıranda görürük ki, o, bu gün Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideridir.Mehriban Əliyeva bir neçə gün əvvəl “XXI ƏSRİN BÖYÜK QADINI” FƏXRİ TİTULUNA NOMİNANT kimi irəli sürülüb. Onu bu nominasiyaya irəli surənlərin Kanada vətəndaşları olması Mehriban Əliyevanın fəaliyyətinə beynəlxalq aləmdə verilən qiymətin göstəricisi kimi qəbul olunur.Kanada Beynəlmiləl Universal Bəşəri Dəyərlər Mərkəzinin İdarə Heyətinin üzvləri bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət ediblər. Müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın öz ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş geniş fəaliyyətini vurğulayıblar.Müraciətdə Mehriban Əliyevanın bütün sahələrdə gördüyü böyük işləri, beynəlxalq miqyasda fəaliyyətini qeyd edən müəlliflər onun bu nominasiya üçün ən münasib namizəd olduğunu qeyd ediblər. Sənəddə deyilir: “Xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günlərinin keçirilməsi, Niaqara Festivalının təşkilati strukturu çərçivəsində “İpək yolu” komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Qədim İpək yolu üzərində yerləşən ölkələrin musiqisinin və bütün mədəniyyətinin inkişafına kömək məsələsində xanım Əliyevanın rolu nəzərə alınaraq, ona Niaqara Festivalının yüksək mükafatı - dünya mədəniyyətlərinin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası üzrə nəcib missiyanı həyata keçirən insanın qədim rəmzi olan “Sülh qızılgülü” mükafatı təqdim edilib...”Qeyd edim ki, Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalayıb.Əslində, Mehriban Əliyevanın həyatı, fəaliyyəti, dünyaya baxışı gənc qızlar və qadınlar üçün gözəl bir örnəkdir.O, Türk və Müsəlman qadınının bütün dünyada yüksək səviyyədə tanınması və qəbul edilməsi üçün sözün əsl mənasında fədakarlıq göstərir. O, gözəlliyi və ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və Şərqdə böyük nüfuz qazanıb.Azərbaycan Prezidenti İlham Əliyevlə bir müddət əvvəl Londona səfəri zamanı bəzi qərb mətbuatı Fransa və Amerikanın birinci xanımını onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirdilər. Çünki o, təkcə gözəlliyi, zövqü və birinci xanım olması ilə deyil, səmərəli və humanist fəaliyyəti ilə də artıq dünyada geniş tanınır.Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq. Mehriban Əliyeva ilə görüşmüş dünyaca ünlü siyasət, ictimaiyyət, mədəniyyət sahəsi insanlarından onun haqqında daim müsbət fikirlər eşidirik. Demək olar ki, hamının da fikri yekdildir. Azərbaycanın bəxti gətirib! Bu, inkar olunmaz bir həqiqətdir.Hətta Türkiyənin televiziya kanallarından birinin məşhur xanım aparıcısı efirdə onun haqqında “Mənim “First Lady”m” deyəndə bundan çox qürurlanmışdım. Bir müddət sonra Türkiyədə söhbətimiz zamanı həmin aparıcı ölkəsində nə qədər insanın Mehriban Əliyevaya heyran olduğunu, onunla qürur duyduğunu, Türk millətini və Türk dünyasını ən yüksək səviyyədə təmsil etdiyi üçün ona böyük hörmət və sevgilərinin olduğunu deyəndə çox təsirlənmişdim. Əslində, bunun belə olduğunu özüm də bilirdim. Çünki tez-tez olduğum qardaş Türkiyədə görüşdüyüm insanların demək olar ki, hamısı onun haqqında soruşur, müsbət fikirlərini deyir. Bu cür fikirləri dünyanın çox ölkələrində eşitmək olar.

 

Mehriban Əliyeva - YUNESKO-nun xoşməramlı Səfiri!

 

2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Ümumiyyətlə isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. YUNESKO-nun baş katibi Koişiro Masuuranın iştirakı ilə Azərbaycanla təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib.Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın bu ecazkar musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarınn iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz Muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb.Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur muğam ustalarının valehedici ifalarının toplandığı Qarabağ Xanəndələri albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır.Hazırda Azərbaycanın, Türk millətinin qədim musiqisi olan Aşıq sənəti, milli bayramımız olan Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması istiqamətində ciddi işlər görülür. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsin qorunması siyahısına daxil olmasında da onun böyük xidmətləri var.

 

O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işindəəsl fədakarlıq göstərir.

 

Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir.O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Dünyanın demək olar ki, bir çox dillərində Azərbaycan həqiqətləri adlı kitablar nəşr olunub ki, burada Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırım, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, Türk insanına qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Bundan başqa Heydər Əliyev Fondu Ermənistanın Xocalı şəhərində törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün bir neçə dildə film də hazırlayıb. Dünyanın çoxlu sayda ölkələrində Fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilir, Xocalı soyqırımını anladan foto və “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgiləri nümayiş olunur. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond erməni iftiralarını, Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən çoxlu sayda kitablar nəşr etdirərək, dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması istiqamətində böyük işlər görür. O, YUNESKO ilə yanaşı, həm də Müsəlman dünyasını özündə birləşdirən İslam Konfransı Təşkilatının ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də Müsəlman dünyasını layiqincə təmsil edir.Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüş Mehriban Əliyevanın 3 il ərzində gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir.Azərbaycan paytaxtı Bakı şəhəri 2009-cu ildə İslam Dünyası Paytaxtı elan edilib. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünyada yaranan müsbət təsəvvürün formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı onun da böyük xidmətləri var.Amerika Birləşmiş Ştatlarının nüfuzlu “WASHİNGTON TİMES” qəzetinin onun haqqında dərc etdirdiyi məqalədə deyilir: “AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA MÜSƏLMAN DÜNYASI QADINLARI ÜÇÜN ƏN YAXŞI NÜMUNƏDİR!”O, dünyanın 10-a yaxın ölkəsinin birinci xanımının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirakı ilə “Mədəniyyətlərarası Dialoqda Qadınların Rolunun Genişləndirilməsi” adlı beynəlxalq konfransın həm təşəbbüsçüsü, həm də təşkilatçısı olub.Dünyanın iki önəmli təşkilatı, YUNESKO və İSESKO-nu da bu böyük tədbirə cəlb edərək DÜNYAMIZIN GƏLƏCƏYİ ÜÇÜN ƏN ÖNƏMLİ MƏSƏLƏ OLAN MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİNİN VACİBLİYİNİ VƏ ƏLDƏ EDİLƏ BİLƏCƏK NAİLİYYƏTLƏRİ BİR PLATFORMA KİMİ ORTAYA QOYDU!Afrikadan tutmuş Avropaya, Asiyadan tutmuş Amerikaya və İslam ölkələrinə qədər bir çox ölkənin birinci xanımının (Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan da iştirak edirdi) və dünyanın 6 qitəsindən gələn və öz ölkələrinin ictimai-siyasi, mədəni həyatında böyük rol oynayan qadınların, İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlunun rəhbərliyi ilə təşkilat rəsmilərinin, Avropa Şurası rəsmilərinin və dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarından olan təmsilçilərin iştirakı ilə keçən müzakirələrdə qonaqlar Azərbaycanın bir Türk və Müsəlman ölkəsi kimi Mədəniyyətlər və Sivilizasiyalararası dialoqla bağlı gördüyü böyük işləri yerində görməklə yanaşı, Bakının Qərblə Müsəlman Dünyası arasında önəmli bir qapı oynaya biləcəyi böyük rolu xüsusi vurğuladılar.O, həm də fəaliyyəti ilə Mədəniyyətlər və Sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu, qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini göstərir. 2010-cu ildə də Mehriban xanımın təşəbbüsü ilə bu mövzuda yeni beynəlxalq konfrans da keçiriləcək. Onun təşəbbüsü ilə “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinoqoqlar da təmir olundu və insanların ibadət etməsi üçün yaxşı şərait yaradıldı.O, Azərbaycan nümunəsində göstərdi ki, Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoqa yalnız qarşılıqlı hörmət və dözümlülüklə nail olmaq olar.Mehriban Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür!O, 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi də Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində böyük işlər görüb. Məsələn, Mehriban Əliyevanın 1996-cı ildə təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalı Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində önəmli bir addım olub.

 

Mehriban Əliyeva - Azərbaycan Gimnastika Federasiyasının prezidenti

 

O, həmişə işin asanından deyil, çətinindən tutur. O, bütün dünyaya göstərdi ki, Azərbaycan qızı, yəni Türk-Müsəlman qızları öz gözəllikləri və təravəti ilə idmanın gimnastika sahəsində də böyük uğurlar əldə edə bilərlər.2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qızları qısa zaman ərzində Avropa və Dünya çempionatlarının medallarını qazanmağa nail oldular.O, Azərbaycan qızlarının idmanın bu növündə də böyük uğurlara imza atmağa qadir olduğunu nümayiş etdirdi. Bu gün Gimnastika sahəsində Azərbaycan qızları əldə etdiyi uğurlarla nəinki Türk və Müsəlman dünyasında liderdir, eləcə də bir çox Avropa və Qərb ölkələrini belə arxada qoyur.Bu, onun zəhmətinin bəhrəsidir. Cəmi bir il sonra onun gördüyü böyük işlər və beynəlxalq aləmdə artmaqda olan nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. 2007-ci il iyunun 29-da isə Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı Azərbaycanda keçirildi. Bu cür mötəbər yarışların bir-birinin ardınca Azərbaycanda keçirilməsi, Mehriban Əliyevanın fəaliyyətinə verilən qiymət və ona olan etimadın göstəricisi idi.Çox yüksək səviyyədə keçirilən bu yarışlar Azərbaycanın dünyada nüfuzunu və müsbət imicini daha da artırdı.

 

Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti!

 

Dünyada tanınan Heydər Əliyev Fondunun cəmi 5 il əvvəl yarandığına bir çox xarici qonaqlar da ilk əvvəl inana bilmirlər. Cəmi 5 il və bu qədər nailiyyət! Heydər Əliyev Fondu bu gün artıq Dünya miqyasında qəbul olunan bir təşkilata çevrilib. Onun bir çox ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Gürcüstan və s.) nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. O, deyir: “Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”. Xeyirxahlıq və Humanizm! Bəli, bu, onun bütün fəaliyyətinin ana xəttini təşkil edir. Onun rəhbərlik etdiyi Fond maddi vəziyyəti ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. O, bu kasıb insanların müalicə olunaraq sağlamlıqlarına qovuşmasına dəstək göstərməsindən mənəvi rahatlıq tapır və öz timsalında bu önəmli ənənələrin cəmiyyətdə daha da möhkəmlənməsində böyük rol oynayr. Sizə ehtiyacı olanların yanında olacaqsınız! Yardımınıza ehtiyacı olanlara əl uzadacaqsınız! Bu, bir insanlıq vəzifəsidir. Budur onun həyat fəlsəfəsi və cəmiyyətə aşıladığı müsbət dəyərlər! Yoxsul insanlar daim onun rəhbərlik etdiyi Fondun diqqət və qayğısındadır. Onun qapısını döyən hər bir kəsə kömək edilir. Əslində, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxsin Mehriban Əliyeva olması insanların ona olan böyük inam, etimad və sevgisinin göstəricisidir. Bu gün sadə insanlar ona mərhəmət, xeyirxahlıq və humanizm simvolu kimi baxırlar!

 

Müstəqil Azərbaycanın Xeyriyyəçilik İnstitutunun təkanvericisi!

 

O, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda Xeyriyyəçilik İnstitutunu fəal inkişaf etdirdi. Çünki azərbaycanlıların tarixi xeyriyyəçilik ənənələri Sovet dövründə aşınmaya məruz qalmışdı. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı. O, müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, müasir dünyada və müasir anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını bəyan etdi və bir məktəbin əsasını qoydu. O, deyir: “Müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik kimi qəbul edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işdir”.Bəli, o həm də əsl xeyriyyəçidir! Öz qəlbinin və vicdanının səsi ilə qüvvəsini, vaxtını və enerjisini xeyirxah əməllərə, cəmiyyət və dünya üçün vacib məsələlərə təmənnasız sərf edir!O, Azərbaycanda xeyriyyəçi insanların da dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəblər tikdirərək uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni edir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır.Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrdən birinci sinfə gedən övladlar artıq neçə ildir ki, Fond tərəfindən lazımi məktəb ləvazimatları ilə təmin olunurlar.Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əlil olmuş insanlar arasında mənzilə ehtiyacı olanların təminatına yardım edilir. Qarabağ müharibəsində əlil olmuş insanlar, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər, onların problemləri daim onun diqqəti mərkəzindədir.O, Tibb məntəqələri yaxşı olmayan bölgələrdə tibb məntəqələri tikdirərək insanların sağlamlığına xidmət edir. Ona görə yox ki, o həm də gözəl həkimdir, ona görə ki, millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu gözəl bilir və bunun üçün əlindən gələni edir. Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişafı üçün lazım olan bütün şəraitlər yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyllərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli istifadə olunması, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çoxsaylı layihələr həyata keçirilir.O, daim çətin vəziyyətə düşən insanların yanındadır. Kasıb dializli xəstələrin bahalı dializ prosedurlar almasında problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqlar alaraq onların istifadəsinə verir. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, ən yüksək səviyyəli xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir. O, bu uşaqların saçlarını sığallarayaq kövrəlir, onların əldə etdikləri şəraitdən necə sevindiyini görüb sevinir.Azərbaycanda ata və ana himayəsindən məhrum olan uşaqlar ona Mənəvi Ana kimi baxırlar. Bu da səbəbsiz deyil. Çünki o, uşaq evləri, internat məktəblərini himayəsinə alaraq onların normal böyüməsi üçün əlindən gələni edir. O, işlərinin çoxluğuna baxmayaraq, valideyn himayəsindən məhrum olan və bu evlərdə, məktəblərdə böyüyərək ailə həyatı quran gənclərin toy mərasimlərini yüksək səviyyədə təşkil edir, iştirak edir, onlarla sevinir, oynayır, şənlənir və onların özlərini tənha, kimsəsiz hiss etmələrinə imkan vermir. Tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini verir.Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa olunub, hər cür avadanlqla təhciz olunub. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimi hər şeylə təmin olunublar. O, hər məsələylə şəxsən maraqlanır. Bir ana, bir valideyn kimi... tez-tez bu evlərə, məktəblərə baş çəkərək uşaqlarla vaxt keçirir, onlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışır.Ən önəmli bayramlarda onlar üçün məclislər təşkil edir və onlarla birlikdə əlamətdar günləri qeyd edir, sevinir, əylənir. O gözlərdəki işıq onun üçün ən gözəl hədiyyədir. O, bu uşaqların ata-analı uşaqlar kimi böyüməsi üçün yorulmadan çalışır və minlərlə uşaq üçün ana vəzifəsini yerinə yetirmək kimi şərəfli bir missiyanı həyata keçirir. Amma o, heç nəyin ata-ana məhəbbətini əvəz etmədiyini bəyan edərək, insanları daha məsuliyyətli və daha həssas olmağa çağırır. O, uşaqların ailə mühitində böyüməsi üçün həyata keçirilən bütün layihələrin təşəbbüsçüsü və dəstəkçisi olur.Talassemiya adlı irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsindədir. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf edib və bu uşaqların pulsuz qanla təminatı problemi aradan qaldırılıb. İnsanlar arasında təmənnasız şəkildə qan verməklə talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanların pulsuz qanla təmin olunmasına kömək göstərilməsi ənənəsinin cəmiyyətdə möhkəmlənməsində onun böyük rolu var. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli Talassemiya Mərkəzi yaradılıb ki, bu da talassemiyalı insanlara kömək etməklə yanaşı, ölkədə talassemiya xəstəliyinin azaldılması istiqamətində də böyük rol oynaya bilər.Azərbaycanda şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsi altındadır. Vaxtaşırı bu uşaqlar Heydər Əliyev Fondu tərəfindən lazımi dərmanlarla təmin olunurlar. Bu uşaqların çöhrəsində, gözlərində yaranan hər bir gülüş onun üçün bir dünyadır. O, deyir: “Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı çətin məqamda başqalarından dəstək almış insan özü də imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyl edəcək”.Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. “İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər” deyən Mehriban Əliyeva cəmiyyətdə bu düşüncənin əməllərlə daha da möhkəmlənməsi üçün geniş fəaliyyəti göstərir.Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sahəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələri yüksək səviyyədə bərpa olunub. Cavad Xan Türbəsi, Comərd Qəssab Türbəsi, qədim dövrlərə aid Hamam Kompleksi və bir çox tarixi, dini və mədəni abidələri buna misal göstərmək olar. O, Azərbaycan gəncliyinin öz tarixinə, mədəniyyətinə bağlı yetişməsi və buna sahiblənməsinin, gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinin böyük önəm daşıdığını daim vurğulayaraq, bu istiqamətdə çoxsaylı layihələrə dəstək verir.O, hesab edir ki, hər bir vətəndaş dövlətinin və cəmiyyətinin inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalı, bunu özü üçün bir vətəşdaşlıq borcu kimi qəbul etməlidir. “Həmişə özünə və prinsiplərinə sadiq olmaq!” O, bu həyat devizi ilə yaşayır və uğurları bir-birini əvəz edir!

 

Mehriban Əliyeva - millət vəkili!

 

Azərbaycanın hansı bölgəsinə getsəniz, hamı Mehriban Əliyevanın məhz oradan millət vəkili olmasını arzulayır. Millət vəkili kimi təmsil etdiyi Əzizbəyov rayonu hər gün yenidən qurulur, inkişaf edir. Sadə insanlar bu qədər geniş fəaliyyət dairəsi olan bir insanın tez-tez onlara baş çəkərək problemləri, istəkləri ilə maraqlanmasını yüksək qiymətləndirir və bundan qürur duyurlar.Çünki onları təmsil edən millət vəkili təkcə bölgəsi üçün deyil, dövləti və milləti üçün böyük işlər görən bir insandır. İnsanlar ona humanizmin simvolu kimi baxırlar. Millət vəkili olduğu dövrdə iki dəfə parlamentə Amnistiya aktı ilə bağlı qanun layihəsi təqdim etmiş və millət vəkillərinin də dəstəyi ilə öz səhvini başa düşmüş və cəzasının bir hissəsini çəkmiş minlərlə məhbus azad edilərək öz ailəsinə qovuşmuşdur.Cinayət törətmiş qadınların çox hissəsi həbsxanalardan azad edilərək öz övladlarına, yaxınlarına qovuşmuşdur. Bu humanist aksiya cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. O, “biz səhvini başa düşən insanlara yenidən şans verərək, kömək edərək onları cəmiyyətimizə yararlı vətəndaşlar kimi qazandırmalıyıq” deyərək yeni bir yanaşma tərzini ortaya qoydu. O, qadınların bütün sahələrdə rolunun daha da genişləndirilməsinə böyük diqqət verir. Yadımdadır, ABŞ-a səfəri zamanı bu ölkənin ictimai-siyasi xadimləri ilə görüşündə Azərbaycan qadınlarının seçib-seçilmək haqqını nəinki Müsəlman Şərqi, hətta Birləşmiş Ştatların qadınlarından əvvəl 1918-ci ildə Müstəliq Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə etdiyini xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycan qadınının təhsili, inkişafı, cəmiyyətin müxtəlif sahələrində, dünyada daha yüksək səviyyədə təmsil olunmasına böyük dəstək verir. O, parlamentdə Azərbaycan-Amerika kimi çox vacib bir Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik etmək missiyasını da uğurla həyata keçirir.ABŞ-a səfərlərindən biri zamanı onu müşayiət edənlər arasında idim və dünyanın bu “superdövlətində” görüşdüyü adamlarda böyük təəssürat yaratdığını görmək çətin deyildi. O, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın daha da genişlənməsi, Amerikanın Azərbaycanı daha yaxından tanıması, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha geniş təbliğ olunması istiqamətində ciddi addımlar atır. Birləşmiş Ştatların bir neçə məşhur qeyri-hökumət təşkilatları ilə Heydər Əliyev Fondu arasında imzalanmış əməkdaşlıq müqavilələri də əlaqələrin inkişafı üçün önəmli addımlardandır. Çoxlu sayda senator, konqresmen, ictimai-siyasi xadimlər, jurnalistlər və müxtəlif sahələrin təmsilçilərinin iştirak etdiyi axşam yeməyində onun çıxışından sonra masa arxasında bu Azərbaycan qadınının ağlı, dünyaya baxışı ilə yanaşı, gözəlliyi də hər kəsin müzakirə mövzusu idi. Qadınlar onu gözəllik etalonu hesab edirlər. O, isə hesab edir ki, əsl gözəllik insanın xarici və daxili gözəlliyinin vəhdətindən yaranır.Onun ən gözəl xüsusiyyətlərindən biri təvazökarlığıdır. Bu qədər böyük fəaliyyətə baxmayaraq, özü haqqında danışmağı qəti sevmir. O, öz işi ilə insanların sevgisini qazanır! Qardaş ölkə olan Pakistanda zəlzələ nəticəsində Müzəffərabad şəhərində məktəb tamamilə dağılmışdı. Uşaqlar çadırlarda ağır şəraitdə oxuyurdular. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Pakistan qızlarının yüksək səviyyədə təhsil alması üçün dünya standartlarında, ən müasir texnologiyalarla təmin olunmuş böyük məktəb tikərək istifadəyə verdi. Bu nə qədər gənc müsəlman qızın yaxşı təhsil alması deməkdir! Bu nə qədər gənc müsəlman qızın gələcəyi deməkdir!Azərbaycandan kənarda yaşayan soydaşlarımız da daim onun diqqət mərkəzindədir. Gürcüstanda, öz tarixi ata-baba torpaqlarında yaşayan 500 min Azərbaycan Türkünün təhsili, öz mədəniyyətini qoruyub saxlaması istiqamətində çoxlu sayda layihələr həyata keçirilir. Artıq neçə illərdir ki, Gürcüstan azərbaycanlılarının birinci sinfə gedən uşaqları məktəb ləvazimatları ilə təmin olunurlar. Azərbaycan Türklərinin gürcü dilini, kompyuter texnologiyalarını yaxşı bilməsi üçün çoxlu sayda kurslar açılıb. Yüksək səviyyəli mərkəz tikilərək istifadəyə verilib. Onun rəhbərlik etdiyi Fondun dəstəyi ilə Azərbaycan Türklərinin yüksək səviyyəli musiqi, rəqs qrupları qurulub ki, indi onlar millətimizi təkcə Gürcüstan səviyyəsində deyil, ən beynəlxalq səviyyəli müsabiqələrdə də təmsil edirlər. Soydaşlarımızın yaşadığı bəzi kəndlərdə məscidlərin bərpa olunmasına, su xətlərinin çəkilməsinə kömək göstərilir. Leyla Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi isə bu ölkədə yaşayan, təhsil alan insanlarımızın təhsili, mədəniyyətimizin qorunması və təbliği, gənclərin vətənpərvərlik ruhunda yetişməsi, bu ölkədə layiq olduqları yeri tutması üçün böyük işlər görür. O cümlədən Fondun Rumıniya və Türkiyə nümayəndəliyi də çox fəal şəkildə fəaliyyət göstərir.O, təkcə birinci xanım deyil, həm də prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Azərbaycanın inkişafı, gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşı...O, Azərbaycanın köklü bir ailəsinin qızı, o birinin isə gəlini olaraq Vətənə, Millətə xidmətin başlıca məqsəd olduğu bir mühitdə həyata addımlarını atdı. Babası məşhur Azərbaycan yazıçısı və alimi Mircəlal Paşayev SSRİ-nin ən ağır dönəmlərində belə milli düşüncə ruhunu gənclərə aşılamaq üçün ədəbiyyatdan bir silah kimi istifadə edib. Ana babası isə məşhur jurnalist, gözəl ziyalı Nəsir İmanquliyev idi. O, Azərbaycan Aviasiyasının inkişafında böyük xidmətləri olan, məşhur alim, Aviasiya Akademiyasının rəhbəri Arif Paşayevin və təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında və dünyada hörmətlə xatırlanan məşhur ərəbşünas alim Aida İmanquliyevanan tərbiyəsi ilə böyüyüb. İkinci böyük və çox önəmli məktəbi isə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ailəsində keçib. O, hər zaman ailəsinin adını daha da yüksəkliklərə qaldırdı. Mükəmməl övlad, mükəmməl gəlin, mükəmməl həyat yoldaşı, mükəmməl ana və mükəmməl nənə oldu. Ən əsası isə, o, Millətinə və Vətəninə mükəmməl bir övlad oldu!Mehriban Əliyeva qadının ailəni karyeraya, karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir. O, gənc qızlar və qadınların kumirinə çevrilib. Ona oxşamaq istəyənlərin, onun fəaliyyətindən ruhlananların sayı həddindən artıq çoxdur!Bu gün dünya ondan danışır. Azərbaycanın FİRST LADY-sindən! O, sözün həqiqi mənasında bu gün bütün Türk və Müsəlman dünyasının lider qadınıdır. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib. Lakin onun fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada qiymətləndirilir.2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.Bundan başqa, Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban Əliyevanı bu beynəlxalq təşkilatın mükafatı ilə təltif edib.Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATININ İSƏ QIZIL MEDALINA layiq görülüb.O, öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətri insanlara sevgi ilə doludur. O, deyir: “Xoş söz, xoş niyyət, xeyirxah əməl”. Mehriban Əliyeva təkcə rəsmi statusuna görə FİRST LADY deyil, həm də bu dəyərlərinə və düşüncələrinə, təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, bütün insanlıq üçün etdiklərinə görə sözün əsl mənasında FİRST LADY-dir.

 

 

Qənirə PAŞAYEVA ,

Azərbaycan Milli Məclisinin deputatı

 

525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.8-9.