Şövkət Ələkbərova yad edilib
Azərbaycanın
görkəmli sənətkarı Şövkət Ələkbərovanın
ad günü ilə əlaqədar onun Fəxri Xiyabandakı
məzarı ziyarət olunub. Şövkət Ələkbərovanın
gəlini, Tofiq Quliyev adına 12 saylı Musiqi Məktəbinin
direktoru Gülnarə Səfərova APA-ya bildirib ki, hər il
olduğu kimi, bu il də sənətkarı doğum
günündə yad ediblər: “Çox şadam ki, Azərbaycan
xalqı Şövkət xanımın xatirəsini daim ürəyində
saxlayır. Öz tərəfimizdən
ailə üzvü kimi borcumuzu yerinə yetiririk. Onun doğum
günü bizim hər birimiz üçün müqəddəs
gündür”. G.Səfərova rəhbərlik etdiyi musiqi məktəbində
Şövkət Ələkbərovanın ifasında səslənən
musiqilərin ifa olunduğunu və məktəbdə bununla
bağlı xüsusi konsert proqramı təşkil edildiyini
söyləyib: “Bilirsiniz ki, Tofiq Quliyev Şövkət xanımın
çox yaxın dostu olub. Onlar birgə çox mahnı
hazırlayıblar və bu gün də onların birgə
işləri səslənir”. Azərbaycanın xalq artisti Flora
Kərimova APA-ya açıqlamasında Şövkət Ələkbərovanın
sənəti barədə fikirlərini bölüşüb:
“O insan xoşbəxtdir ki, Şövkət xanımı
canlı görüb, canlı səsini eşidib. Azərbaycanın
qəlbinə, tarixinə yazılan adlar var. Onlardan biri də
bütün xalq tərəfindən qəbul olunan,
sayılıb-seçilən, tarixə düşən sənətkarımız
Şövkət Ələkbərovadır. İnanmaq istəyirəm
ki, nəvə-nəticələrimiz bizə miras qalan, çətinliklə
də olsa qoruduğumuz sənətimizi yaşadacaq.
Çünki sənət yaşadıqca Azərbaycan da
yaşayır”. Şövkət Ələkbərovanın tələbəsi,
Azərbaycanın xalq artisti Aygün Bayramova da Şövkət
xanımı heç vaxt unutmadığını
vurğulayıb: “Şövkət xanım mənim xatirimdə
yaşayır. Hər ilin bu günü Fəxri Xiyabana gedib, məzarını
ziyarət edirəm. Onun mahnıları, onun nəğmələri
hər birimizin qəlbində daimi iz salıb. Fəxr edirəm
ki, Şövkət xanımın tələbəsi
olmuşam və ondan dərs almışam.
525-ci qəzet.- 2009.- 21 oktyabr.- S.7.