Türk dünyası: yeni problemlər, düşüncələr və nəticələr
Müəyyən dövrlərdə elə hadisələr baş verir ki, hər bir
dövlətin və xalqın mövcudluğunu
müəyyənləşdirəcək qədər vacib olur. Dünya tarixinin XIX-XX əsrləri türk dünyası, türk xalqları üçün
heç də müsbət məqamlarla yadda qalmayıb. Çox təəssüflər
olsun ki, XXI əsrə də bu xarakterdə başladıq və davam edirik. Məlumdur ki,
XIX əsrin əvvəllərindən
bəri müxtəlif
vaxtlarda, müxtəlif
yollarla Azərbaycanın
Zəngəzur, Dərələyəz,
İrəvan xanlığı,
Göyçə mahalı
əlimizdən alındı.
Hal-hazırda isə Qarabağ münaqişəsinin siyasi,
iqtisadi, sosial problemləri göz önündədir. Azərbaycan
xalqının bu faciənin ağrısını
çəkdiyi bir dövrdə türk dünyasının əvvəlki
faciəvi tarixləri
təkrarlanır.
Proseslərin
pərdəarxası elementləri
ondan ibarətdir ki, müstəqil inkişafa başlamış
türk dövlətləri
və o cümlədən
Azərbaycanın inkişaf
perspektivləri bütün
hərbi-siyasi, iqtisadi
vasitələrlə gərginləşdirilir.
Demokratiya pərdəsi altında, gah pərdələnmiş, gah
da açıq şəkildə gələn
zərbələrin əsas
məqsədi türk
dünyasını getdikcə,
məqsədyönlü şəkildə
parçalamaq, müxtəlif
yollarla tarixi torpaqlarını ələ
keçirmək, onları
digər xalqlar arasında əritməkdir.
Bu günkü
ABŞ – Avropa demokratiyasının
tam məqsədyönlü
xarakter daşıdığını
başa düşməmək
sadəcə, sadəlövhlükdür.
Bunu başa düşüb fəaliyyət
göstərməmək isə
korafəhmlikdir. “Demokratiya
müdafiəçiləri” Gürcüstanın ərazi
bütövlüyünü tanıyır, onun bərpasına çalışırlar.
Azərbaycan üçün
isə “xalqların öz müqəddəratının
təyin edilməsi” həlledici amil kimi qəbul edilir. Bunu həyata
keçirmək üçün
ardıcıl, məqsədyönlü
iş görülür.
Həyasızlığın, riyakarlığın nümunəsi
budur ki, bu ədalətsiz proseslərə Türkiyə
Respublikası da vasitəçi kimi qatılır. Dərin təhlillərlə silahlanmış
ölkələr müsəlman,
türk dünyasının
parçalanmasının ən
sadə yolunu başa düşürlər.
Bu, daxili ixtilaflardır. Bu baxımdan Türkiyə Respublikasının son günlərdəki siyasəti
iki məqamda təhlil etmək olar: Türkiyə-ABŞ-Avropa münasibətləri
və Türkiyə-Türk dünyası. Qısa deyək ki, bunun çözümü
dərin siyasi, iqtisadi-sosial araşdırmalar
tələb edir. Türk dünyasına, o cümlədən Azərbaycana birbaşa hadisə – Türkiyə-Ermənistan arasında imzalanmış Diplomatik əlaqələrin qurulmasına
dair Protokol buna misaldır. Protokolda iki ölkənin maraqlarına
xidmət etmək məqsədi ilə mehriban qonşuluq münasibətlərinin qurulması,
siyasi, iqtisadi, mədəni və digər sahələrdə
ikitərəfli əlaqələrin
inkişafı nəzərdə
tutulur. Digər tərəfdən, iki ölkə arasında sərhədlərin beynəlxalq
hüquqla təsdiqlənmiş
formada tanınması,
sərhədlərin açılması
ilə bağlı razılıq əldə edilib. Digər tərəfdən Rusiya xarici işlər naziri S.Lavrovun sözlərinə görə,
protokollar tərəflərin
dövlətlərarası əlaqələrinin tam həcmdə normallaşdırılması
istiqamətində fəaliyyətini
müəyyənləşdirir.
Yenə təkrara ehtiyac var. Bəli, bütün
bunlara böyük dövlətlərin Ermənistanın
əli ilə Azərbaycanın torpaqlarına
edilmiş təcavüz
üzərində qurulur
və türk dünyasının iki perspektivli ölkəsi hesabına Ermənistanın
ölü iqtisadiyyatını
diriltmək istəyirlər.
Əvvəl yalnız
Rusiyanın türk
dünyasına qarşı
sillə vuranı olan Ermənistan öz ağalarının
sayını artırır.
Türk dünyası bu sualların səbəb və nəticələrinin cavabını tapmalı və tam çılpaqlığı ilə BMT tribunasından xalqlara, dövlətlərə bəyan etməlidir.
Eyni zamanda türk dövlətləri tərəfindən diplomatik siyasi-iqtisadi mübarizə vasitələri, yolları hazırlanmalı və həyata keçirilməlidir. Ürək ağrıdan, çox təəssüf doğuran hər bir vicdanlı türkü üzən odur ki, Türkiyə diplomatiyası bu qədər aciz olmamalı idi. Onsuz da onun xülya kimi siyasi, iqtisadi düşüncələrinin həyata keçirilməsinə imkan verməyəcəklər. Azərbaycan faktiki olaraq siyasi arenada təklənib. Bu konteksdə öz tariximizlə, cəmiyyətin inkişaf mərhələləri ilə bağlı, siyasi, iqtisadi-sosial səpgidə ümumiləşdirmələr aparılmalı, yeni motivdə yeni fəaliyyət proqramı işlənməlidir. Necə deyərlər, biz bir millət kimi özümüzü göstərməliyik.
Bu zaman dövlətçilik, milli mənlik, məğrurluq, dünyəvi prinsiplər yeni motivlər almalıdır.
İlk növbədə, dövlətçiliyin, cəmiyyətin əsas aparıcı istiqamətləri üzrə mərkəzlər, institutlar yaradılmalıdır. Artıq olmuş, təkrarlanmış, təkrarlanacaq hadisələri şərh etməklə kifayətlənən müasir milli şüur forması qəbuledilməzdir. İkincisi, Azərbaycan dövlətçiliyinin, cəmiyyətin elmi əsaslar üzərində inkişafı, ölkəmizə qarşı aparılan siyasətin nəticəsi olaraq milli zəminli diplomatik, iqtisadi, sosial, mədəni-mənəvi konkret proqramlar işlənib həyata keçirilməlidir. Artıq bir həqiqəti anlamaq vaxtı çatıb ki, qabaqcıl ölkələrin qazandığı hər bir yenilik gərgin, istiqamətlənmiş əməyin, sistemli idarəetmənin məhsuludur.
Üçüncüsü, problemsiz, qürur doğuran həyat tərzi üçün iqtisadiyyatın
fəlsəfi əsasları
zəruridir. Başqa sözlə desək,
mövcud şərait
və onun doğuracağı fəsadlar
sosial-iqtisadi meyarlara yeni təfəkkürlə
yanaşılmasını tələb
edir. Çünki artıq Ermənistan sosial-iqtisadi inkişafın
start xəttinə çıxarılıb, marafon
məsafəsində isə
büdrəmələr yeni
siyasi, iqtisadi sosial faciələrə səbəb ola bilər.
Belə bir
şəraitdə, mövcud
siyasi, iqtisadi-sosial vəziyyət və onun doğuracağı problemlərin xarakterindən
asılı olaraq qlobal iqtisadiyyatın istiqamətləri müəyyənləşdirməlidir.
İqtisadi-sosial konsepsiyanın
əsasını yeni
əlverişli coğrafi
mövqe, təbii sərvət, dünya dövlətlərinin elmi-texniki
nailiyyətləri ilə uzlaşması
təşkil etməlidir.
Azərbaycanın iqtisadiyyatının yüksəlişi üçün
əsas istiqamətlərindən
biri sənayenin, kənd təsərrüfatının
emal sahələrinin məhsulunun dünya bazarına çıxışının
təmin edilməsidir.
Xammalın kompleks emalı, tullantısız
texnologiyaya keçid xalq təsərrüfatının
istehsal və qeyri istehsal infrastrukturunu müəyyənləşdirən
və formalaşdıran
başlıca istiqamət
olmalıdır. Çünki
xammalın emalı etapları dərinləşdikcə
yeni texnika və texnologiyaya, peşələrə, ixtisaslara,
yeni infrastrukturlara tələbat artır.
İdarəetmə aparatının hər vəsiləsinin yeni məsuliyyətli dövr üçün müvafiq konsepsiyası hazırlanmalı, onun yaxın və uzaq gələcəyi üçün vəzifələri müəyyənləşməlidir.
Akif ƏSGƏROV,
iqtisad elmləri namizədi
525-ci qəzet.- 2009.- 22 oktyabr.- S.6.