“Türkün gizli
tarixi” Yunus Oğuz və Bəxtiyar Tuncayın təqdimatında
Dünən Atatürk Mərkəzində yazıçı-türkoloq Yunus Oğuz və tədqiqatçı Bəxtiyar
Tuncayın “Türkün
gizli tarixi” adlı elmi-publisistik əsərinin təqdimatı
keçirilib. Nəşrin
ön söz müəllifi əməkdar
elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Giriş sözü ilə çıxış edən
professor Nizami Cəfərov kitabın ərsəyə gəlməsinə
görə hər iki müəllifi təbrik edərək, nəşr haqqında fikirlərini bölüşüb:
“Müəlliflər bu
kitabla türk tarixinə qarşı haqsızlıqları, yalanları,
türk tarixindəki gizlin mətləbləri ortalığa çıxarmaq
kimi çox önəmli missiyanı həyata keçiriblər.
Onlar mənsub olduqları etnosu tərifləməkdən daha
çox, onun mənbəyini, mahiyyətini
açmağa çalışıblar.
Kitabda türkün tarixindəki gizliliyin obrazını yaradan müəlliflər “nə
və niyə gizlədilib” kimi sualları cavablandırıblar.
Kitabın üslubu maraqlıdır. Müəyyən
qədər impulsivlik
olsa da, ayrı-ayrı məsələlər çox
dəqiq, aydın şəkildə izahını
tapıb”.
Professor Firudin Cəlilov “Türkün gizli tarixi” kitabını bu mövzuda ən uğurlu nəşrlərdən hesab etdiyini
çıxışında önə çəkib. Onun fikrincə, müəlliflər əslində türk dünyasının düşmənlərinin bilərəkdən gizlətdikləri önəmli məqamları açıblar.
Millət vəkili Qənirə Paşayeva kitabın mövzusu və ortaya qoyulan işin əhəmiyyəti barədə mülahizələrini söyləyib. Onun sözlərinə görə, belə bir dəyərli kitab yazmaq çox
böyük zəhmət
tələb edir və Yunus Oğuzla
Bəxtiyar Tuncay bu ağır işi uğurla həyata keçiriblər:
“İstərdim ki, kitab böyük tirajla məktəblərə,
kitabxanalara, regionlara, ümumilikdə geniş auditoriyaya çatdırılsın.
Əsasən də gənc nəslin nümayəndələrinin bu
nəşrdən faydalanmalarını
və öz tarixlərini mükəmməl
öyrənmələrini istərdim”.
“Məncə, kitaba “Türkün gizlədilmiş tarixinə bir nəzər” adı daha çox uyğun gəlir. Çünki bu, türk tarixinə bir nəzərdir. Kitabda bütün mətləblərə, mübahisəli
məsələlərə toxunulub. Əsərin dili çox sadə və aydındır”. Bu fikirləri tədbirdə
professor Nizami Xudiyev səsləndirib.
Xalq şairi Zəlimxan Yaqub kitabda hadisələrin ardıcıl, sistemli şəkildə verildiyini, tarixə dürüst yanaşma tərzinin, fərqli baxışın kitabda öz əksini tapdığını önə çəkib.
Tədbirdə şair Səlim Babullaoğlu, tədqiqatçı-yazar Hüseyn Adıgözəl, professor Qulu Məhərrəmli, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və başqaları da kitabın məziyyətləri barədə fikirlərini bölüşüblər.
Sonda kitabın müəllifləri söz alaraq, tədbirə qatılanlara və nəşr haqqında mülahizələrini söyləyən hər kəsə minnətdarlıq ediblər.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.