“Azərbaycanca danışaq.
Dil və mədəniyyət” kitabı
təqdim olunub
PROFESSOR KAMAL ABDULLA VƏ
MİŞEL MALERBİN HAZIRLADIQLARI BU KİTAB AZƏRBAYCAN-FRANSA
ƏLAQƏLƏRİNDƏ ÖNƏMLİ HADİSƏ
KİMİ DƏYƏRLƏNDİRİLİB
Oktyabrın
21-də Bakı Slavyan
Universitetinin konfrans zalında Fransanın “Harmattan” nəşriyyatında
işıq üzü
görən “Azərbaycanca
danışaq. Dil və mədəniyyət” kitabının
təqdimat mərasimi
keçirilib. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın və “Harmattan” nəşriyyatının
“Danışaq” seriyasının
direktoru Mişel Malerbin müəllifləri
olduqları bu kitab Azərbaycan dilini öyrənmək istəyən fransızlar
üçün əsl
hədiyyəyə çevrilib.
Tədbiri açıq
elan edən BSU-nun prorektoru, professor Məmməd Əliyev kitabın önəmini vurğulayaraq,
onun Azərbaycan və Fransa arasındakı mədəni
əlaqələrin inkişafında
böyük rol oynayacağına əmin olduğunu bildirib: “Fransada, Parisdə Azərbaycanla bağlı
çap olunan digər kitablar da var. Amma
məhz bu kitabın sayəsində Fransada Azərbaycan dilini öyrənmək istəyənlərin sayı
artıb”.
Sonra söz alan kitabın
müəlliflərindən biri Mişel Malerb bu kitabın
Azərbaycan dilini öyrənmək istəyənlər
üçün fransız
dilində ilk kitab olduğunu bildirib. Kitabın böyük
bir layihənin tərkib hissəsi olduğunu qeyd edən M.Malerb artıq bu seriyadan
150-yə yaxın kitabın işıq üzü gördüyünü
söyləyib: “Bu layihə 20 ilə yaxındır ki, həyata keçirilir. Layihə çərçivəsində
çap olunan kitabların hamısının
forması eynidir – əvvəlcə kitab hansı xalqın dilinə həsr olunubsa o xalq
haqqında ümumi məlumat verilir. Sonra gündəlik danışıqda istifadə
olunan sözlərin və cümlələrin
fransız dilində qarşılığı qeyd
edilir. Bunun ardınca həmin xalqın mədəniyyəti,
tarixi ilə bağlı məlumat yer alır”.
Qeyd etmək
lazımdır ki, “Azərbaycanca danışaq. Dil və mədəniyyət”
kitabının “Dağlıq Qarabağ münaqişəsi
aktual problemdir” adlı bölməsində müəlliflər
oxucunun diqqətini məsələnin əsl mahiyyətinə
yönəldir, bu konfliktin tarixinin ən azı XVII əsrdən
başladığını, ermənilərin əsas məqsədlərinin
öz ərazilərini genişləndirmək olduğunu və
bu məkrli siyasətlərini həyata keçirmək
üçün Qafqazda təxribatçılıqla məşğul
olduqlarını, Azərbaycana qarşı hər zaman millətçilik
və terrorçuluq siyasəti apardıqlarını tarixi
faktlarla əsaslandırırlar.
Tədbirdə
çıxış edən BSU-nun Diplomatiya
kafedrasının müəllimi Fuad Həsənov Fransadan gəlmiş
qonaqları fransız dilində salamlayandan sonra belə bir dəyərli
kitabı araya-ərsəyə gətirdiklərinə görə
hər iki müəllifə minnətdarlığını
bildirib.
Sonra
çıxış edən BSU-nun prorektoru, professor Asif
Hacıyev belə bir kitabın Azərbaycanda fransız dilini
öyrənənlər üçün də
hazırlanmasının vacib olduğunu söyləyib. O, bu
işi də Mişel Malerb və Kamal Abdulla kimi mütəxəssislərin
öz üzərlərinə götürmələrinin
vacibliyini bildirib. Tədbirdə çıxış edən
digər alim və müəllimlər də bu istəyə
şərik olduqlarını dilə gətiriblər.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.