Kiyevdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib
18 Oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə Kiyevdə T.Şevçenko adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib. APA-nın məlumatına görə, konsertin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Milli Akademik Opera və Balet Teatrı olub, tədbir Heydər Əliyev Fondu tərəfindən dəstəklənib. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycanla Ukrayna arasında dostluq əlaqələrinin mövcudluğunu göstərir: “Ukrayna bizim strateji tərəfdaşımızdır, biz regional təşkilatlarda və beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyirik”. Səfir bu dostluğa sübut kimi oktyabrın 12-də Kiyevdə ARDNŞ-nin nümayəndəliyinin açılmasını göstərib. Konsertə dəvət olunmuş Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukrayna siyasi xadimləri teatr orkestrinin ifasında Azərbaycan bəstəkarları Ü.Hacıbəyov, Q.Qarayev, F.Bədəlbəyli, H.Xanməmmədov, G.Rzayeva, M.Maqomayevin əsərlərini, tarzən Ramiz Quliyevin ifasını dinləyiblər. Əsərlərin bir neçəsinin ifası zamanı orkestri istedadlı gənc dirijor Əyyub Quliyev idarə edib.
525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.