Dəlilər ağıllılarsəhnədə necə göründü?

 

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında “525-ci qəzet”in həyata keçirdiyiGənclər arasında mənəvi ədəbi dəyərlərin təbliğ olunmasılayihəsi çərçivəsində bugünlərdə 50 nəfər gəncin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas ƏfəndiyevinDəlilər ağıllılarəsərinin tamaşasına baxışı təşkil olunub. Həmin gənclərdən bir neçəsinin teatr tamaşa haqqında təəssüratlarını oxucularımıza təqdim edirik.

Oktyabrın 17-də xalq yazıçısı İlyas ƏfəndiyevinDəlilər ağıllılaradlı ikihissəli dramatik komediyası 137-ci mövsüm çərçivəsində Akademik Milli Dram Teatrının (AMDT) təqdimatına nümayiş olundu. Bu teatr təmirdə olduğu üçün tamaşa Teatr Xadimləri İttifaqının binasında göstərildi. Tamaşanın quruluşçu rejisoru xalq artisti Mərahim Fərzəlibəyov idi. Aktyor heyəti isə tanınmış aktyorlar Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Tofiq Hüseynov, Kübrabəyim Əliyeva, Sabir Məmmədov, Sevinc Əliyeva, Əjdər Həmidov, Kazım Həsənquliyev, Rövşən Kərimduxt, Məzahir Cəlilov, Hacı İsmayılov, Elnar Qarayev, Dilarə Nəzərova, Əsgər Məmmədoğludan ibarət idi. Maraqlıdır ki, aktyor heyətinin hamısı xalq əməkdar artist adına layiq görülmüş sənətçilərdən ibarət idi.

Düzü, həmin gün elə zənn etmişdim ki, Əli Əmirlinin yeni tamaşası oynanılacaq. Teatrın qarşısında afişanı oxuyandan sonra bildim ki, tamaşa teatrsevərlərə gün kimi aydın olan “Dəlilər və ağıllılar” əsəridir. Bir neçə dəfə AMDT-də bu tamaşaya baxmışdım. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində oxuduğum üçün həmin universitetin nəzdində fəaliyyət göstərən “Tədris teatrı”nda İ.Əfəndiyevin, demək olar ki, bütün dramlarına baxmışam. Gənc Ədiblər Məktəbi olaraq, “tam kadro” – hamımız orda idik. Həmişə AMDT-də tələbələrə yer axırıncı sıralarda verildiyi üçün bu tamaşaya ilk dəfə yaxından baxmaq imkanı qazanmışdım (I sıra, 7-ci yer). Amma mental dəyərlər bəzən çox şeyi əzdiyinə görə mənim yerimdə başqaları oturdu, mən də başqalarının yerində. Yuxulayanlardan, diqqətlə baxanlardan novella oxuyana qədər müxtəlif tipli adamları tamaşada görmək olurdu.

 Tamaşa ilk dəfə 1992-ci il noyabrın 9-da oynanılıb. Artıq 17 illik səhnə tarixi olan tamaşaya növbəti dəfə baxsam da, İlyas Əfəndiyevin “Hökmdar və qızı”, “Atayevlər ailəsi” tamaşalarından aldığım ləzzəti bu tamaşadan ala bilmədim. Əvvəla, mövzu iki meşşan ailənin həyatından bəhs edir və bu problem elə bayağı oynanılır, aktyorlar səhnədə elə səslər çıxarırlar ki, adam həm gülür, həm də “ət tökür”. Bu əsəri kitabdan oxuyanda İlyas Əfəndiyevin yüksək sənətkarlığını görmək olur. Tamaşaya baxandasa həmin ləzzət effekti itir. Əsərin ideyası maraqlıdır: yüksək cəmiyyətin qanunları ilə oturub-duran kiçik cəmiyyətin üzvlərinin məhvindən danışılır.

 Ən maraqlısı da odur ki, yüksək cəmiyyət birinci halda adi insanları alçaldır, özününküləşdirir, sonda isə ona “dəli” adını “bağışlayır”. Cəmiyyətin hətta aşağı zümrəsi belə sonda həqiqətdən uzaqlaşır, yəni Südabəyə görə bütün ömrünü xərcləyən, özünü alçaldan Şahmar ortada qalır. Yaxınları onu tərk edir. XX əsrin əvvəllərindəki Kefli İsgəndər kimi Şahmar da cəmiyyət tərəfindən dəli adlanırılır. Yaxud Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərindəki Bəhram kimi Şahmar da pula aldanır. Yəni bu aspektdən yanaşsaq görərik ki, “İlahi həqiqət”i unudub pula aldananlar, sonra cəmiyyətin, gerçəkliyin həqiqəti qarşısında tək qalırlar. Şahmar da bu cür tək qalır. Və qurunun oduna yaşı da yandıran Azadələrin, Nazilələrin günahları cəmiyyətin saf üzvlərini – Südabələri də məhv edir. Bütün bəlalar bir evdən başlayır. Necə ki, yanğın bir evdən digərinə keçir. Sonda Şahmarın da həyatı məhv olur. İlyas Əfəndiyev göstərir ki, əvvəl pula görə özünü alçaldan Şahmarı sonda bütün cəmiyyət alçaldır. Sonra Şahmar and içib öz yoluna qayıtmaq istəyir. Bu hissə komediyada cüzi və hiss olunan pauza yaradır, sonra komediya dramatikləşir. İlyas Əfəndiyevin qəhrəmanı Şahmar da Tolstoyun “Dirilmə” əsərindəki Nexlyudov kimi ruhi oyanmaya qapılır, amma bu onu xilas edə bilmir. Dram maraqlı bir sonluqla tamamlanır. Belə ki, varlılara və kasıblara bölünən cəmiyyət sonda iki yerə – “dəlilərə və ağıllılara” parçalanır. Göründüyü kimi, dramın ideyası maraqlıdır. Sadəcə tamaşanı səhnə əsəri kimi yüksək qiymətləndirmək, təəssüf ki, mümkün deyil. Çünki obrazlar bəzən çox gülünc, bəzənsə çox aciz görünürlər. Dialoqları aktyorlar elə pafosla səsləndirirlər ki, sünilik ilk baxışdan sezilir. Yəni dram İlyas Əfəndiyevin kitabından oxuduğun kimi çatmır insana. Çox yaxşı bilirəm ki, rolları ifa edənlər tanınmış sənətkarlardır. Amma nəsə bu tamaşadakı obrazlar sanki onların rolları deyil. Səhnəmizin Kefli İskəndəri kimi daim yaddaşımda olan Sabir Məmmədov (Şahmar) və Ədhəm Tağıyev (Cəfər Namiq Kamal), məncə, əsər üçün seçilmiş uğurlu prototiplər idi. Səhnə dekorasiyaları da uğurlu seçilməmişdi. Bunu hardasa teatrın “kasıblığı” ilə əlaqələndirmək olar. Rəng seçimləri də uğursuz idi. Belə ki, varlı ailələrin həyatı səhnələşdirilirsə, məncə, elə rənglər, elə səhnə dekorasiyaları seçmək lazımdır ki, obrazları, hadisələri səhnə görünüşü də tamamlasın. Məsələn, məncə, nazir kimi qələmə verilən Ədhəm Tağıyevin evindəki stol və stullar elə olmamalıydı. Çünki teatr mədəni-kollektiv sənətin elə növüdür ki, orda əşyaların, geyimin, hərəkətin də öz dili, obrazı var.

Nəhayət, belə bir məqam: sonda teatrın binasından çıxanda nasir dostum Cavid Zeynallı ilə bir neçə nəfərin bir-birindən tamaşanın adını soruşduğunu gördük.

 

 

Fərid HÜSEYN

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.6.