Teatr tamaşasına ilk baxışın təəssüratları

 

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında “525-ci qəzet”in həyata keçirdiyi “Gənclər arasında mənəvi və ədəbi dəyərlərin təbliğ olunması” layihəsi çərçivəsində bugünlərdə 50 nəfər gəncin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” əsərinin tamaşasına baxışı təşkil olunub. Həmin gənclərdən bir neçəsinin teatr və tamaşa haqqında təəssüratlarını oxucularımıza təqdim edirik.

Teatr mənim təsəvvürümdə həmişə müqəddəs bir yer olub. Səbəbini özüm də bilmirəm. Bəlkə də ona görə ki, Azərbaycan teatrı bizlərə Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun, Mirzə Cəlilin, Cəfər Cabbarlının yadigarıdır. Milli teatrın təşəkkülü ideyası mənim çox sevdiyim bu şəxsiyyətlərin arzu və əməllərində öz əksini tapıb. Bəlkə də bu, mənim müasir teatrlardan xəbərsizliyimdən irəli gəlir. Bugünədək bu mücərrəd təsəvvürü konkretləşdirmək mənə nəsib olmamışdı. Nədənsə həyatımda heç vaxt teatra getmək ehtiyacı duymamışdım...

O gün Rəşad Məcid bizə – mənə və qrup yoldaşlarımdan bir neçəsinə teatra getməyi təklif edəndə məlum oldu ki, bu elə hamının ürəyindən imiş. Ona görə yox ki, biz tamaşaya baxmaq istəyirdik. Yox, biz teatrın necə olduğunu əyani şəkildə görmək istəyirdik. Yəqin ki, bu yazını oxuyanlar bizi qınayarlar. Elə Rəşad müəllim də biganə qalmadı: “Necə yəni, III kurs tələbələrisiz, indiyə qədər teatrda olmamısız?”

...Artıq olmuşuq. Oktyabrın 17-də İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” əsərinin tamaşasına baxandan sonra BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələrinin teatrla bağlı təəssüratları belə oldu:

 

Cəmilə Əhmədova:

“Təəssüf doğuran hal olsa da, etiraf edim ki, bu, teatra ilk gəlişimdi. Əlbəttə, uşaqlıqda Kukla Teatrına getməyimi nəzərə almasaq. Bu cür ictimai yerlərdə az olmağımın səbəbi ailəmizdəki mühafizəkarlıqla bağlıdır. Bugünkü tamaşaya gəldikdə isə, bəlkə də ilk dəfə olduğu üçün xoşuma gəldi. Yalnız heç də xoş olmayan açıq səhnələr vardı ki, gərək burada gəncləri nəzərə alaydılar. Əsərin ideyası bu gün üçün bir qədər köhnəlmiş olsa da, ibrətamiz idi”.

 

Günel Abubəkirova:

“Düzünü deyim ki, istər ailəmdən, istərsə də dostlarımdan heç kəsdə teatra getmək həvəsi görməmişəm. Müasir teatrlar haqqında həmişə tənqid eşitdiyimdən özümün də marağım olmayıb. Bu gün baxdığım tamaşa isə yaxşı təsir bağışladı. Yüksək cəmiyyət nümayəndələrinin mənəviyyatsızlığı, var-dövlətin insanlıq hissinə qalib gəlməsi problemi həmişə aktualdır. Zənnimcə, gənclərin mənəvi yüksəlişində teatrın böyük rolu ola bilər, əlbəttə ki, tamaşalara mütəmadi baxsaq”.

 

Türkiyəli tələbə Kərim Malak:

“Türkiyədə teatra çox getsəm də, Azərbaycanda teatra gəlişim birinci dəfəydi. ”Dəlilər və ağıllılar” tamaşasına baxdım. Günümüzün aktual problemlərinə toxunduğu üçün tamaşa mənə çox maraqlı gəldi. Yüksək mövqelərdə rüşvətin həlledici rol oynaması bu gün hamının problemidir. Əsərdən belə bir dərs çıxardım ki, rüşvətlə bir məqama gəlmək, insanların hüquqlarını tapdalamaqla sonacan getmək olmaz. Gəldiyin kimi də gedərsən. Dünya heç kimə qalmır”.

 

Aliyə Məmmədova:

“Evdəki qadağalardan, vaxt azlığından fürsət tapıb teatra gedə bilməmişəm. Amma etiraf edim ki, baxdığım tamaşa mənim teatr haqqındakı təsəvvürümü dəyişdi. Tamaşa zəif işlənmişdi. Açıq səhnələr, aktyorların nitqindəki nalayiq sözlər səhnə mədəniyyətinə uyğun bir hal deyil. Bəlkə də biz yetərincə zövqlü tamaşaçı deyilik. Amma hər halda yaxşı ilə pisi seçə bilirik”. Elmin Nuriyev: “İndi başa düşdüm ki, niyə qədim romalılar dövlətdən çörəklə yanaşı teatr da tələb edirmişlər. Teatr insanlara onların həyat tərzini göstərir, cəmiyyətin vizual obrazını yaradır. Əgər bu tamaşada dəlilərlə ağıllıların pul, mənsəb üzündən dəyişik salındığı müasir cəmiyyətin əsl simasını görə bildiksə, bu, “Dəlilər və ağıllılar” tamaşasının uğurudur. Bu gün teatrların maddi vəziyyətini, imkanların məhdudluğunu nəzərə alsaq, tamaşada müəyyən nöqsanların olması təbiidir. Bu bizim həvəsimizi azaltmamalıdır”.

 

 

Nərgiz LİFTİYEVA

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.6.