Yeddi qapı
KƏMALƏDDİN QƏDİMİN ŞEİRLƏRİ HAQQINDA
Onun poeziyaya gəlişi səssiz, haraysız oldu. İlk illərdə yaşıdları arasında heç seçilmirdi də. Yaxşı bilirdi ki, poetik istedadı hələ cilalanmayıb, çox oxumaq, həyatı, insanları müşahidə etmək, adidə qeyri-adini, anda zamanı görmək üçün çox çalışmalıdır, seçilmək, fərqlənmək, ÖZÜNƏMƏXSUS olmaq, heç kimə bənzəməmək bir günün, bir ayın, bir ilin işi deyil, bu yolda çox maneələr aşmalıdır. Bu yolda gərək “Öz damarlarından qanı çəkərək, Vurub isidəsən özgə qanını” (S.Yesenin). İllər keçdi və Kəmaləddin Qədim müasir poeziyada öz kiçik cığırını aça bildi və indi bu cığır bir yola çevrilir. Ustad şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki: “Kəmaləddin Qədimin şeirlərində yamsılama yoxdur. ...Kəmaləddinin öz deyim tərzi, öz ifadə üsulu var. Buna görə şeirlərin quruluşu da özünə məxsusdur”. Onun ədəbi yaşıdı Məmməd İlqarsa bunu qeyd edir ki: “Kəmaləddin Qədimin şeirlərində bəlkə sərrast olmayan misra tapmaq olar. Amma ürəksiz bircə misra tapmadım”.
Bu xoş fikirləri unutmayıb Kəmaləddin Qədimin müxtəlif illərdə çap olunan şeir kitablarını vərəqlədim. Və hiss elədim ki, doğrudan da K.Qədim bir şair kimi o təriflərə layiqdir.
Onun şeir yolunun səmti, şair dostu Adil Mirseyidin dediyi kimi, ənənəvi
şeir yoludur – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sabir Rüstəmxanlı,
Məmməd İlqar,
Akif Səməd... şeirlərinin qan qrupu ilə
eynidi. Amma bu ümumidə, bu eyni “qan
qrupu”nda bir seçilməklik, bir bənzərsizlik nəzərə çarpır.
Hamının üz tutduğu mövzularda öz sözünü demək - bax, bu, özünəməxsusluğun
təzahürüdür.
Kəmaləddin Qədim Sədərəkdə
doğulub və təbii ki, onun şeirlərində də doğulduğu kəndin, məkanın ab-havası duyulmalı, çox-çox illər keçəndən sonra isə o kəndlə bağlı həsrət motivləri özünə
yer tapmalıdır.
Bu motiv kənddən şəhərə
köçən əksər
şairlərin yaradıcılığında
diqqəti cəlb edir. Kimi ağzı
xeyir-dualı nənələri, müdrik
babaları, kimi yaşıl biçənəkləri,
tər bənövşələri,
nur dolu çeşmələri, kimi
ana laylasını, kimisi də kəndin payızını,
baharını, qışını
unuda bilmirdi. Bu şairlərin əksəriyyətinin də
ilk sevgisi kəndlə bağlı idi. Kəmaləddinin şeirlərində də
həmin duyğular öz poetik həllini tapır. Amma burada bir
qədər fərqli
məqamlar da diqqəti cəlb edir. Şair deyir ki: Bu
qapını məndən
əvvəl döyən
olsa da, döyməliyəm, döyməliyəm
mən bu qapını...
Gəlin, biz K.Qədimin döydüyü
qapılara doğru gedək.
BİRİNCİ QAPI – Çıraqlı kəndi.
Şairin xatirələr
dünyası. Onun bütün şeirlərinin
mayası bu kəndin havasından, suyundan, torpağından yaranıb, nəşvü-nüma tapıb. Ona görə də bu kənd
K.Qədimin şeir və poemalarında əsas obraz kimi diqqəti cəlb edir. “Kəndim, səndən ayrı düşdüm bir ara, Xatirələr
çözələnir...” deyən şair doğulduğu kəndin təbiətini və mənəvi tarixini əks etdirməyə çalışır. Mənəvi
tarix nə deməkdir? Unudulmayan insanlar - yeddi yamaq vuran Xatun,
qalayçı İbrahim,
dəli Həbib, Kişi Tovuz, Məmməd əmi, Xeybər dayı, Çəpgöz Cabbar, Qurd Əli, Çöpçü Vəli,
zurnaçı Ələsgər,
qəzetçi Qədim
(sonuncusu şairin atasıdır)... Kəmaləddin
“Yeddi yamaq vuran Xatun” poemasında
xatirəsində əbədi
iz salan bu insanları yad edir. Diqqət
edirsinizmi, bu adların sadalanması bizə ulu Şəhriyarın
“Heydərbaba”sını
xatırladır.
Mənəvi tarix həm də o kəndin dağıdı, dərəsidi, ilin fəsilləridir və o kənddən çox da uzaq olmayan Xan Arazıdır. Bir gün uzun quraqlıqdan bezən əllər Tanrıya üz tutub yağış diləyir. Tanrı da şimşək qılıncıyla bu kəndin yarısına dolu yağdırır.
Yağış umulurdu, dolu şığıdı,
Yaxdı ürəkləri alov, od olub.
Kəndin yarısında quraqlığıdı,
Kəndin yarısını tutmuşdu dolu.
Göylərə əl açdıq, aciz bildimi,-
Açdı başımıza oyunu, fəndi...
Bizim böldüyümüz bəs deyildimi,
Dolu da ikiyə böldü bu kəndi.
İKİNCİ QAPI. Vətən, Ana torpaq, Tariximiz. Bu qapını açanda uzaq-uzaq əsrlərdən Dədə Qorqud sazının səsini eşidirik, Nizaminin, Füzulinin, Nəsiminin, Cavidin böyük sənət dühası qarşısında baş əyirik.Millətin, xalqın keçib gəldiyi yolun mənzərələri canlanır qarşımızda. K.Qədimin “Bu millət ölməyi bacarmır hələ” tipli şeirlərində isə özünü qınaq və ittiham ruhu hakimdir. Bu şeirdə Mirzə Ələkbər Sabirdən gələn, B.Vahabzadədə, M.Arazda, S.Rüstəmxanlıda motivizasiya olunan çağırış ruhu üstündür.
Özü öz kökünə balta çalandı,
Badalaq bacarır, təpik bacarır.
Meyvəsi yalandı,
Yaxşı “urra” deyir, çəpik bacarır,
Bu millət ölməyi bacarmır hələ.
ÜÇÜNCÜ QAPI. Təbiətə, dünyanın gözəlliklərinə, gülə, çiçəyə, yaşıl meşəyə, sərt qayaya, çeşmə suyuna açılan qapı. Bu qapıdan içəri girdikdə rəssam ürəkli bir şairin sözlə çəkdiyi tabloların şahidinə çevrilirsən.
Bulaqlar öz gücünə
yarıb çıxır torpağı
Dağlar qalxıb boylanır
dağların arxasından.
Ən yüksək mükafatdır-
Günəş
Mavi göylərin
asılıb yaxasından.
DÖRDÜNCÜ QAPI. Bu qapı sevgiyə açılan qapıdır. Həm ömrün baharında, həm də payızın erkənində yazılan şeirlər əslində, eyni mərama xidmət edir: sevgi həyatın, dünyanın, gözəlliyin qaynağıdır.
“Gözəlsiz bir gülşən zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir”
– Cavid əfəndinin bu misraları Kəmaləddinin şeirlərinə də bir işıq saçır.
Neynim, sevgin yaxın candan,
Çıxmaz dərdim, ahım candan,
Bircə yol var, ruhum candan
Çıxa, canımdan çıxasan.
K.Qədim sevgiyə, məhəbbətə təkcə iki insanın ülfəti, ünsüyyəti kimi yox, həm də insanlara bəxş olunan mənəvi sərvət kimi baxır, bu sərvəti qorumağa çağırır.. Bir şeirində arzulayır ki, kaş bir məlumat bürosu olaydı, o xəbər verəydi ki, sabahın sevgisi necə olacaq? Leylilər, Məcnunlar bir də dünyaya gələcəklərmi?
BEŞİNCİ QAPI. Bu qapıdan içəri giririk və günümüzün, çağımızın reallıqları ilə üzləşirik. Azərbaycan şairlərinin hər biri zəmanə ilə üz-üzə dayanıblar, ya sovet dövründə olduğu kimi quruluşu tərifləyiblər, iqtidar sahiblərinə mədhnamələr yazıblar, ya da ondan şikayətləniblər, haqsızlığı, ədalətsizliyi, mənəviyyatsızlığı tənqid ediblər. Kəmaləddin Qədim zəmanəyə tərif deyən şairlərdən olmayıb. Onun şeirlərində yaxşılar, mərdlər alqışa, rəzillər, pislər qınağa layiqdir.
ALTINCI QAPI. Şair şəxsiyyəti, şair “mən”inə açılan qapı. Kimdir Kəmaləddin Qədim? Şeirlərində ürəyimizə, ruhumuza yaxın bir insan. Amma o da bizim kimi bu yurdun adi vətəndaşıdır. Amma elə bir vətəndaşı ki, Vətənin, yurdun, millətin sevinci də, kədəri də, ağrısı da, acısı da öncə onun ürəyində kök salır. Bizim sevdiyimiz şairlər kimi:
Mən yamyaşıl torpaqlarla doğulub,
Cadar-cadar torpaqlarla ölürəm.
Oba-oba, çadır-çadır dağılıb,
Zəmi-zəmi, tarla-tarla ölürəm...
...Neçə dağ-daş, meşə gedir,
ölmürəm,
Dörd yan gedir, köşə gedir,
ölmürəm,
Laçın gedir,
ölmürəm,
Dik qoyulan papaqlarla ölürəm...
Fikrimizcə, bu bəndlərin daxil olduğu şeir Kəmaləddin Qədimin son illərdə qələmə aldığı ən yaxşı poetik əsərdir.
...Biz Kəmaləddin Qədimin şeir dünyasına gedən bütün qapıları bələdlədik. Bəlkə başqa qapılar da var. Bizə məlum olanları bu. Amma bir qapı da var ki, o da TANRI QAPISIDIR. O qapıya yol insanın bütün törəmələrin öz kökünə qayıtması, öz əslində əriməsi, cüzvlərin küllə qarışması yoludur. Tanrını dərk etmək üçün gərək kamilləşəsən və son anda həqiqət mənzilinə yetib haqqa qovuşmalısan.
Dərgahına şükür, Tanrım,
Seçmədin heç kimdən məni.
Eylədin, qəni eylədin,
Payından, püşkündən məni.
Sirdi dörd yan-köşə, sirdi,
Nədir yatan döşə, sirdi...
Yaşayıram beş əsrdi,
Qurtar bu beş gündən məni.
Su içdim Adəm eşqindən,
Qaynayır didəm eşqindən,
Yaratdın adam eşqindən,
Öldür öz eşqindən məni.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.30.