Oralarda kimlər var: İradə Tuncay, Aslan Qəhrəmanlı, Rafiq Tağı

 

SƏNƏT VƏ ƏXLAQ  

 

Sənət və Əxlaq! Ədəbiyyat və Ədəb! Bu sözlərin heç biri güman ki, bizim deyil və buna görə də onların hansının əvvəl yarandığı barədə də məncə ən gözəlini dilçilər bilirlər. Amma indiki məqamda baxanda bizim ədəbi camiəmizdə bu sözlərin ikincisindən yapışıb bir çox günah sahibi tapılır ki,buna dəqiq cavab vermək də çox müşkül işdir. Öncəki yazılarımızda Türk alimi Metin Önal Mengüşoğlunun bu məsələ barədə kitabı haqqında söhbətlə birlikdə bizim də yazıçıların fikirlərini təqdim etdik.Məsələ ətrafında müraciət etdiyim yazarlar məni qırmadılar və öz fikirlərini yazıb göndərdilər.Və bu müzakirə mənim gözlədiyimdən daha irəli getdi.Fikirlər çox olduğundan bu gün müzakirəyə yekun vurmaqla yazarlarımızın düşüncələrini oxucularmıza təqdim edirəm.

 

ONLAR NƏ DEDİLƏR

 

İradə Tuncay ( publisist) :

 

Bugünki anlamda qavradığımız ədəbiyyat sözü dilimizə (ümumiyyətlə, şərq dillərinə) XIX əsrdə daxil olub. O vaxta qədər bu anlayışın qarşılığı “inşa” və “şeir” olub. Hətta ərəb dilində bu gün də “ədəb” ədəbiyyat mənasında işlənir. Bir versiyanı da səsləndirim. Qədim Şumer dilində “ədubba” “lövhəciklər evi” anlamını verirmiş. Yəni kağızın olmadığı dönəmlərdə yazı gil lövhəciklərdə yazıldığından tarixdə ilkin yazıb-oxuyan toplum olaraq bilinən şumerlərin “məktəb, bilik məbədi” kimi qəbul etdikləri yer.

Ancaq “ədəb”i əxlaq kimi götürsək – ədəbiyyatı əxlaqa xidmət edən elm olaraq qavramalıyıq. Ədəbiyyatla məşğul olanlara ədib deyirik. Bu qavramlar ancaq Şərqdə məqbul sayılır. Məhz elə Şərqdə ədəbiyyat “söz və yazıda şəxsi yanlışa düşməkdən qoruyan elmdir”. Mənə görə ədəbiyyat ən böyük mənada “sözün ədəbidir”. Hər şeydə ölçü olmalıdırsa, sözü də bir ölçü daxilində söyləmək lazım gəlir. Ədəbsiz bir ədəbiyyat mətn olaraq insana ülviliyi, saflığı aşılamırsa öz missiyasını icra edə bilməyəcək. Deyək ki, XX əsrin ən çox oxunan yüz kitabı siyahısına düşmüş “Lolita”nı oxuyanda içimdə bir çimçəşmə, iyrənmə hisslərini yaşamaqdaydım. Ancaq onlar ədəbiyyatı “literatura” adlandırırlar. Həmin söz də latın dilindən götürülüb. “Hərf”, “hərfi” mənasını verir. Deməli, bizimlə Qərb arasında eyni anlayışa fərqli münasibət var. Türk-islam mədəniyyətində ağıla, qəlbə və zövqə xitab etməyi ədəbiyyat kimi qəbul edirlər. “Ədəb” deyirsənsə “ədəbiyyat” yada düşəcək.

Bu gün bütün dünyaya yaşam normalarını diqtə edən Qərbdə “literatura” daha çox etiraz, qiyam, epataj, intellektual üsyan kimi anlaşıldığından bütün ədəbsizliklər məqbul sayılır. Hər hansı yaradıcılıq növü Allahı təqlid eləmək, onun işinə qarışmaq sayıla bilər. Onda nə isə şeytani bir əməl də ortaya çıxacaq. Yazıçı insan obrazı yaradır, peyzaj təsvir edir, hadisələri öz istədiyi kimi yönətir. Yazıçı əslində Allahlıq iddiasındadı. Bu ədəbdi, ədəbiyyatdı, ya “literatura”? Cavab verə bilməyəcəm. Ancaq ədəbiyyatın da, literaturanın da qiyam olması aydındı. İntibah dövründə yaranmış və şərti olaraq ədəbsiz ədəbiyyat saydığımız Bokkaççonun “Dikameron”u da yalançı katolik əxlaqına bir istehza idi. Demək ədəbsizliyin kökündə bir narazılıq dayanır.

Əslində bu gün bizim mütləq mənada qəbul etdiyimiz nəsr nümunələri XIX əsrdən üzü bəri yol gəlməkdədir. O vaxta qədər yaranmış əsərləri bəşəriyyətin böyük məşq dövrü hesab edirəm. Amma qeyd etdiyim həmin dövr nəsrində qruplaşma, təbəqələşmə, müxtəlif cəmiyyətlərdə mənsublaşma mənzərəsi göründüyündən təsvirlər də fərqli göstərilir. Burda ümumi əxlaq normaları yoxdu. Hər təbəqənin, hər sinfin öz ədəbi mövcuddu. Yenə ümumi bir normadan danışmaq olmur.

Sovet ədəbiyyatında mənzərə fərqlənir – burda dövlət sifarişi mövcud olduğundan və dövlətin yeni din (kommunizm) yaratma siyasəti mövcud olduğundan normalar yaranır. Pisdi, ya yaxşıdı, birmənalı cavab verə bilməyəcəm.

Bu gün biz də ümumi xaotik axına qoşulmuşuq. Müxtəlif cərəyanlara, müxtəlif normalara, müxtəlif əxlaqlara tapınırıq. Nizamlanma prosesindən hələ çox uzaqdayıq.

Ədəbiyyat ədəbdi, bəli, belədi. Ədəbiyyat qiyamdı, bəli, belədi. Ədəbiyyat gerçəkliyin inikasıdı, bəli, belədi. Amma gerçəklik eybəcərlik və əxlaqsızlıq girdabında boğulur. Ədib nə etməlidi? Yalan yazmalıdı, ya doğrunu söyləməlidi? Harda daha ədəbli olacaq? Mən bu suallara cavab tapa bilməmişəm. Amma bildiyim bir həqiqət var ki, hər sənətkarın içində iblis də var – ya yatmış, ya oyaq.

 

Aslan Qəhrəmanlı (yazıçı-dramaturq)

 

“Ədəbiyyat” sözünün kökü “ədəb” olsa da, əslində bu yalnız formal xarakter daşıyır,yəni   “Ədəbiyyat” “ədəb”in cəm halı deyil. Latınca bu sözün analoqu “litteratura”dır, “hərf, yazı” mənasını verən “littera” sözündən düzəldilmişdir. Dünyanın bir çox dillərində də həmin söz, bəzilərində bir “T” hərfi ilə, bəzilərində iki “T” hərfi ilə “Ədəbiyyat” mənasında işlədilir. Türk dilindəki “pitik” sözü “littera”ya daha uyğundur.

Demək istəyirəm ki, Ədəbiyyat və Ədəb problemini bu sözlərin mənası ilə bağlamaq düzgün yanaşma deyil. Elə olsaydı, onda ərəblərdən “Ədəbiyyat” sözünü   özününküləşdirib işlədən bütün xalqlar üçün “Ədəbiyyat” ədəbli olmalıydı, qalanları üçün ədəbsiz...

Ədəbli olmaq isə yalnız yazıçılara yox, hamıya aiddir. Lakin dünyada azmı adam ağzına gələni deyir? Söyüş söyənlər, özlərini ədəbsiz aparanlar varsa, buna ədəbiyyat neyləsin? Onları təsvir eləməyə qadağa qoyulmalıdır? Bundan əlavə, bir dövrdə ədəbli hesab edilən söz, başqa dövrdə tamamilə ədəbsiz hesab edilə bilər. Əxlaq kodeksi mütəmadi olaraq dəyişir və zaman amili mütləq nəzərə alınmalıdır. Bəziləri bədii əsərlərin ədəbli olması dedikdə intim xarakterli əhvalatların, erotik səhnələrin təsvirini, yazıda kobud ifadələrin işlədilməsini nəzərdə tuturlar. Elə isə Ərəb xilafəti dövründə Əbu Nüvasin şeirlərini, orta əsrlərdə italyan Bokaççonun “Dekameron” əsərini, yaxud Gi de Mopassanın hekayələrini, Seyid Əzim Şirvaninin həcvlərini ədəbsizmi hesab etməliyik?

Biz həmişə “filan söz yazıda işlədilə bilməz” deyirik, lakin həmin qadağan olunmuş sözlərin xarici dillərdə, məsələn, latın dilində variantını elə yazırıq ki, guya bu söz dünyada ən mənalı sözdür. Bütün bunlara baxmayaraq, mən də ədəbiyyatda müəyyən vetoların qoyulmasının tərəfdarıyam. O mənada ki, heç bir əsər insan mənəviyyatını korlamaq üçün yazılmamalıdır. Xüsusilə də uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş kitablarda bu qadağa daha ciddi olmalıdır.

Yadımdadır, uşaq vaxtı bir dəfə Maksim Qorkinin hekayələrini oxuyurdum. Atam soruşdu ki, nə oxuyursan? Qızardım. “Qorkinin kitabıdır”- dedim. O kitabı alıb mündəricatına baxdı və sakitcə qaytardı: “Belə yazılar sənin üçün tezdir” – dedi. Həmin kitabdakı hekayələrin birində fahişə qadının həyatı və faciəsi təsvir edilmişdi. Doğrudur, orada pis söz yazılmamışdi, amma mən onu başqa adamın yanında ucadan oxuya bilməzdim.

Ədəbiyyat və ədəb probleminin qoyuluşunu, mən həm də ona görə düzgün saymıram ki, bütün dövrlərdə cavanları böyüklərə hörmətsizlikdə, ədəbdən kənara çıxmaqda qınamışlar. O cümlədən, cavan yazıçıları hər şeyi açıq-saçıq yazmaqda günahlandırmışlar. Elə indi də elədir. Amma həyat davam edir və dünyanın altı üstünə çevrilməmişdir.

Görəsən, o ittiham edənlər klassik ədəbiyyatdan nə isə oxuyublarmı? Onlar heç olmazsa, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında toy hissəsini, yaxud Yeddi gözəl poemasında yeddinci iqlim padşahının qızının nağılını oxusunlar, onda görərlər ki, intim səhnələr necə ilhamla təsvir olunmuşdur. Yaxud, Vaqiflə Vidadinin dəyişməsinin bəzi bəndlərini pafosla əzbər deyənlər orada nöqtələr düzülmüş bütöv sətirlərin olduğunu görmürlərmi? Onu da deyim ki, əvvəllər bu nöqtələr daha az idi və orada nə yazıldığını müəyyən etmək olurdu.

Yaxşı, biz klassiklərimizdən də üz döndərsək, nəyimiz qalacaq? Yəqin ki, işıqlıdır lampaları kolxozun tipli bədii nümunələr, vəssəlam.

 

Rafiq Tağı ( yazar )

    

Ədəbiyyat və ədəb kimi mahiyyətcə tamam fərqli sözlərin təkcə zahiri oxşayışla bir araya gətirilməsi mənə bəsit görsəndi. Açığı, belə təəssürat oyanır: artıq danışmağa söz tapmırıq. Aşığın sözü qurtaranda, daley-daley edər.

Həm də belə çıxır ki, “ədəbiyyat” “ədəb” sözündən törənib və elə ədəb mövzusunda da bir sənətdir. Mən deyərdim: yox, qardaşlar, ədəbiyyat anlamı qətiyyən ədəb-ərkanı ehtiva etmir. Ədəbiyyat didaktika rolu oynamır və heç də ədəb vasitəsi deyil. Ədəbiyyat üfüqsüz-sərhədsiz bir nəsnə, ədəb isə dar çərçivələr məfhumudur. Ədəb, hətta əxlaqdan da kiçikdir. Ədəb heç vaxt sıçrayışlar üçün zəmin yaratmaz və etiketdən başqa bir şey deyil. Zəiflərdə bütlərə səcdə ədəb sayılırsa, güclülərin ədəbi bütləri yıxmaqlıqdır. Ehkamların dağıdılması əxlaqdandır. Köləlik ədəb yox, ədəbsizlikdir. Ədəb lokal əhəmiyyətlidir və milli köklərin funksionallığı həcmindədir. İnsanı yalançı əxlaq çərçivələrinə soxmaq yaramaz – bu, yaramazlıqdır.

Bir vaxt Nurəddin Babayev mənim “Fərqanə” adlı hekayəmdə çimərlik kostyumunda bir qızın sevgi söhbətlərini əxlaqsızlıq saymış və 1978-ci ildə “Kommunist” qəzetində dərc etdirdiyi məqaləsində məni “tənqid atəşi”nə tutmuşdu. Yaxud “Ölü Həsən” adlı hekayəmdə məscidin xuddamı olan bir kişi evində kirayədə yaşayan bir ailədə ər-arvadın, uşaqlar məktəbdəykən, gündüz bir-biriylə qucaqlaşmalarını əxlaqsızlıq saymış, məscid açarlarıyla bir halqada gəzdirdiyi tualet açarını şaqqıltıyla qıfıla soxub, ailəyə cəza olaraq, həyətdəki ümumi tualetin qapısını bərk-bərk bağlamışdı.

...Əsl talant öz sahibini “porno” yazmağa qoymaz. Bir məna güdülməyən pornotəsvirlər yalnız talantsız yazarın qələmindən çıxa bilər. Məncə, boğazdan yuxarı əxlaq çənədöymələrinin özü də pornotəsvirlər qədər əxlaqsızlıqdır. Mağıl pornoədəbiyyatı yasaqlayan qanunlar mövcuddur. Əxlaqdan şit söhbətlərəsə yasaq yox. Gəlin, yaddan çıxarmayaq, uzun-uzadı əxlaq moizələri əslində əxlaqsızlıqdan törəyən paradoksal psixoloji haldır.

Çağdaş ictimai mühitimizdə həqiqətləri söyləmək də, ədəbi bütlərə toxunmaq da ədəbsizlik sayılır. Oğruya oğru demək ayıbdır. Haqqı tələb etmək demaqoqluqdur. Xəstə cəmiyyətlərdə ədəbin meyarları ümumbəşəri əxlaqla uyuşmur.

Sonda onu deməliyəm ki, burada söz konusu olan Şərqi əxlaq mücəssəməsi saymaq özlüyündə bəşəriyyətə tərəqqi bəxş etmiş azad Avropanı əxlaqsız elan etmək kimi köhnəlmiş ənənədir.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.27.