Sevrdən Sürixədək gələn yol
Tarix yazılıb, qeyd olunmuş keçmişdən
daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi
xatırlanan keçmişdən oluşur.
Hərə üzünə bir
maska taxıb bu maskaradda ona ayrılmış rolu oynamağa
çalışır. Kimi məharətlə, kimi də diletantcasına.
Kimin necə oynadığı göz qabağındadı –
bunlar da ya qeyd olunacaq, ya da qeyd olunmayıb xatırlanacaq.
“Keçmiş ölü deyil, hətta
yatdığını deyə bilmərik. Xatirələr və
qeydlər, çöküntü və köçürmələr,
anılar və arxivlər yığını yaşar
varlığımızın özündə. Və bu
varlığımızı yenidən inşa edərkən,
tarix də bizi yenidən inşa edər. Biz gələcəyin
izlərini, muxtariyyətimizi isbatlamaq və xətalarımızdan
qurtulmaq üçün çırpına bilərik. Lakin
keçmişi başımızdan dəf edə bilmərik,
zira yapdığımız və düşündüyümüz
nə varsa onun içindədir”. Bir amerikalı tarixçi
deyib bunları. Maraqlıdır ki, cəmi 230 illik tarixi olan,
ya da belə deyək, tarixsiz, xatirəsiz bir ölkənin elm
adamı keçmişə bu cür qiymət verə bilirsə,
o boyda imperatorluğun varisləri niyə belə unutqan olublar?
Varis deyirəm, amma Balkanlardan, Qafqazlardan,
Ortadoğudan əlini çəkmiş və indi xəlifəlik
iddiasında olub da hər kəsin qabağında boyun əyib,
hətta öz xanımlarını vassalları
üçün yemək bişirmək
xoşgörünsündə (bizdə buna xoşqeyrətlik
deyirlər) bulunan yeni monarxların varis olmaq cəhdi dənizi
stəkanla boşaltmaq kimi bir şeydi. Özləri tarixi
yaxşı xatırlayan amerikalılar, bizlərə (fərqi
yoxdu Azərbaycan, ya Türkiyə) keçmişini unudun
deyirlər, gələcəyə baxın. Hər şey dəyişir
deyirlər, sərhədlər də dəyişəcək. Əslində
heç nə dəyişmir, eyni siyasətdi, olsa-olsa bu siyasətin
fiqurları dəyişir. Osmanlının kabusu Avropa, həm
də Amerika üzərində dolaşmaqdadı və
bugünkü sultan-xəlifə cütlüyü eynən
sonuncu Osmanlı imperatoru Vəhdəddinin rolunu
oynamaqdadırlar.
Mən keçmişi xatırlamadan gələcəyə baxa bilmirəm. Böyük, şanlı, qüdrətli amerikalılardan üzr diləyərək... Beləliklə,
SEVR ANLAŞMASI
1918-ci ildə I Dünya müharibəsi bitdi. Həmin ilin 30 oktyabrında Montro
müqaviləsi imzalandı. Bu müqavilənin şərtləri
Osmanlı torpaqlarının qalib dövlətlər tərəfindən
işğal olunması üçün başlanğıc
idi. Müqavilə imzalanandan həmən sonra Osmanlını
savaşa girməyə məcbur edən “İttihat və Tərəqqi”
firqəsinin üç önəmli ismi Tələt, Ənvər
və Camal paşalar ölkədən qaçdılar.
Sonralar dünya basınına müxtəlif bəyanatlar verən
sultan Vəhdəddin bütün fəlakətlərin baisi
kimi onları göstərirdi. Sultan deməyinə deyirdi, amma
Osmanlının çöküşü çoxdan
hazırlanırdı, İttihatçılar sonuncu damlanı
əlavə etdilər. Səbəbi nə olursa-olsun, nəticə
faciəvi idi – işğal edilmiş, parçalanmış
ölkə, pərişan bir millət. 16 mart 1920-ci ildə
İstanbul da ingilis və fransız orduları tərəfindən
işğal edilincə 10 avqustda Sevr anlaşması
imzalanır. Bu müqavilə haqqında çox eşitmisiniz
bəlkə, amma şərtləri
haqqında çox şey bilmirsiniz. Baxın, görün
bugünkü durumdan çoxmu fərqlənirdi? Osmanlı
tarixində belə aşağılayıcı, həqarət
verən bir olay olmamışdı. Yurdsuz imperatorun varisləri
eyni yolu getməkdədirlər.
...Durumu nəzərə alan
Antanta dövlətləri Osmanlının barış şərtlərini
həmən imzalayacağından əmindilər, lakin Montro
müqaviləsindən keçən iki il ərzində
Qurtuluş savaşı başlamış, Ankarada yeni bir
hökumət qurulmuşdu. Sevrdən öncə aprel
ayında Parisə gələn heyətə köhnə sədrəzəm
Tevfiq paşa rəhbərlik edirdi. Müqavilə
şərtləri ona təqdim edildiyində “Barış
şərtləri bağımsız dövlət qavramına
uyğun gəlmir” deyib görüşmələrdən
yayındı. Bu arada Mustafa Kamal İstanbul hökumətinin qəbul
edəcəyi şərtləri Türk millətinin və
yeni hökumətin qəbul etməyəcəyini
bütün ölkələrin xarici işlər nazirliklərinə
bildirmişdi.
Tevfiq paşa
görüşmələri tərk edərək geri
döndüyündə İstanbul hökuməti Damad Fərid
paşa başqanlığında ikinci bir heyət göndərdi
(hər zaman bir xain bulunur) və həmin heyət Osmanlı
dövləti üçün əbədi bir ləkə olan
Sevr anlaşmasını
imzaladı. Şərtləri açıqlayaq və
görün bu günlə səsləşirmi?
1. Osmanlı dövləti
İstanbul və çevrəsi ilə Anadoluda kiçik bir
torpaq parçasından ibarət olacaq, müqavilənin şərtlərinə
əməl olunmazsa, İstanbul da əllərindən
alınacaq.
2. Boğazlar savaş zamanında
belə bütün dövlətlərin gəmilərinə
açıq olacaq və Avropa komissiyası tərəfindən
nəzarətə götürüləcək.
3. İngilis, fransız, italyan və
yaponlardan ibarət bir komissiya təslim şərtləri
üçün qoyduğu üsulları Osmanlı qəbul
edəcək və bundan bütün müttəfiq dövlətlər
yararlanacaq.
4. İngilis,
fransız, italyan və osmanlılardan ibarət bir komissiya
Türkiyənin sərvətini düzənləyəcək,
büdcə üzərində son sözü söyləyəcək,
türk pulunun cins və miqdarını bəlirləyəcək
və bu komissiyanın icazəsi olmasa Osmanlı dövləti
iç və
dış borc ala bilməyəcək.
İllik gəlir müharibədə
zərər görmüş müttəfiq dövlətlərin
xərci üçün ayrıldıqdan sonra Osmanlıya da
pay ayrılacaq. Türklər bu komissiyada seyrçi qismində
bulunacaqlar.
5. Etnik azlıqlar hər bir halda
öz məktəblərini aça biləcəklər.
6. Əsgəri qüvvələr
10 mini jandarma olmaq üzrə 500 min nəfərdən təşkil
olunacaq. Top və təyyarələr olmayacaq. Zabitlərin 15
faizini müttəfiq və ya tərəfsiz dövlətlərin
zabitləri təşkil edəcək. Donanma
sınırlı, əsgəri qüvvələr müttəfiqlərin
nəzarətində olacaq.
7. Kürdlər Doğu Anadoluda
müstəqil bir quruluş meydana gətirmək istərlərsə
Osmanlılar bunu qəbul edəcəklər.
8. Van, Ərzurum, Bitlis və
Trabzon vilayətlərinin ərazisində Ermənistan dövləti
qurulacaq, sərhədləri ABŞ-ın prezidenti müəyyən
edəcək.
9. Hicaz (bugünkü Səudiyyə)
müstəqil olacaq, osmanlılar Misir üzərində
bütün haqlarından vaz keçəcək, Suriya,
İran, Fələstin üçün alınan bütün
qərarları qəbul edəcək.
10. On iki ada italyanlara, Aralıq dənizindəki digər adalar da yunanlara veriləcək.
11. İzmir yunanlara veriləcək, amma ordakı qalalardan birində Türk bayrağının dalğalanmasına icazə veriləcək.
Olacaq, olmayacaq, icazə veriləcək, verilməyəcək... Osmanlının gününə bax.
Əslində imzalanan bu müqavilə üç qitədə torpaqları bulunan, vaxtilə Avropada taxtda kimin oturacağını bəlirləyən, lap son zamanlara qədər yeddi dünya dövləti siyahısına daxil olan böyük bir dünya imperatorluğunun, dövlətinin sonu idi. Tarixlə maraqlanan bir kimsə olaraq deyə bilərəm ki, belə təhqiramiz sülh haqqında eşitməmişəm. Bir faktı qeyd etməyi unutdum, deməliyəm, çünki bu gün yenə bu söhbətlər gündəmdədir. Bu müqaviləyə görə etnik azlıqlara türklərdən daha artıq haqlar verilirdi və türk olan kimsə bu haqlardan yararlanmaq istəyərdisə, türk vətəndaşlığından imtina etməliydi...
Amma Sevr ölü doğulmuş bir anlaşma oldu. Türk ulusunun müstəqilliyini yox edib, onu kölə durumuna düşürən və Türkiyəni parçalayan bu müqavilə xalqın dirəncini, inancını artırdı. Müqavilənin şərtlərini Anadoluda mücadilə aparan Mustafa Kamal və Türkiyə Böyük Millət Məclisinə qəbul etdirmək isə mümkün deyildi. Onlar öz iradələrini silah və xalqın əzmilə qəbul etdirmək üçün mübarizəyə davam etdilər.
Türkiyə Böyük Millət Məclisi müqaviləni tanımadığını ilgili dövlətlərə bildirdi. 1920-ci ilin avqustunda Sevr anlaşmasını imzalayanlar vətənsiz və vətən xaini elan edildi. Faktiki olaraq o zaman indiki Türkiyə coğrafiyasında iki hökumət mövcud idi. İstanbuldakı marionet hökumət və Ankarada heç kimin tanımaq istəmədiyi Türkiyə Böyük Millət Məclisi.
Amma həmin vaxt artıq müttəfiq dövlətlər
arasında da ixtilaflar başlamışdı. Nə olacağı məlum olmadığından
Gördüyünüz kimi, həmin niyyətləri bu gün Vilsonun xələfləri Sürixdə mənzil başına çatdırdılar. Maraqlansanız rus saytlarında “Sevr müqaviləsi” yazıb axtarış verin. Görün “əzabkeş” erməni xalqı qəbul olunmayan həmin müqavilə üçün necə göz yaşı tökür? Amma sakit olsunlar, Sevrin varisləri (Osmanlının varisləri deməyəcəm, Fateh Sultan Mehmetin, möhtəşəm Süleymanın sümükləri sızlayar) həmin arzuları necə gerçəkləşdirir.
İndi türk basınında Sürixdə imzalanan müqaviləni Sevrlə çox müqayisə edirlər və hətta imzanı qoyan şəxsləri Damad Fərid paşa adlandırırlar.
Damad Fərid paşa kim idi, bu olaylarda onun rolu nə olmuşdu? Sonuncu imperator xain idimi, ya bacarıqsız dövlət adamı? Bu barədə gələn yazımda. Səsləndirilən suallar indi də çox beyinləri məşğul edir, çünki doğru-düzgün tarix yazan adamlar azdı.
Amma Atatürk deyirdi ki: “Tarix yazmaq tarix yapmaq qədər mühümdü. Yazan yapana sadiq qalmazsa, dəyişməyən həqiqət insanlığı çaşdıracaq bir mahiyyət alar”.
(Ardı var)
İradə TUNCAY
525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.19.