Azərbaycan təhsili: yaxın keçmişə, bu
günə və gələcəyə bir baxış
(əvvəli ötən şənbə sayımızda)
Hörmətli oxucular, ötən
məqalədə ölkəmizdə dərslik
hazırlığı tarixindən bəhs edilmişdi, bu məqalədə
mövzu davam etdirilməklə yanaşı, daha çox
müstəqillik illərində dərslik
hazırlığı, əldə olunan nailiyyətlər,
problemlərin həlli istiqamətində atılan
addımlarla bağlı məsələlərə
toxunulacaqdır.
10 noyabr 1966-cı ildə Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və
SSRİ Nazirlər Soveti “Orta ümumtəhsil məktəbinin
işini daha da yaxşılaşdırmaq tədbirləri
haqqında” qərar qəbul etdi. Bu qərarda nəzərdə
tutulan yeniliklər respublikamızın ümumtəhsil məktəblərinin
1967/68-ci dərs ili üçün təqdim olunan dərs
planında da öz əksini tapdı. Bu dövrdə tədris
proqramları və dərsliklər məzmunca yeniləşdirildi.
70-80-ci illərdə respublikada
aparılan genişmiqyaslı məktəb tikintisi ümumtəhsil
məktəblərində təhsil şəraitinin
yaxşılaşdırılmasına gətirib
çıxartdı. Lakin bu dövrdə ümumi təhsil
sistemində ən mürəkkəb məsələlərdən
biri şagirdlərin dərsliklərlə təminatı idi.
Ümumi icbari orta təhsilin həyata keçirilməsinə
kömək göstərmək, təlim-tərbiyə
prosesinin təşkilini daha da təkmilləşdirmək məqsədilə
Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Ümumtəhsil məktəbləri
şagirdlərinin dərsliklərdən pulsuz istifadəsinə
keçmək haqqında” 24 noyabr 1977-ci il tarixdə qərar
qəbul etdi. Bunun ardınca Azərbaycan KP MK və Azərbaycan
SSR Nazirlər Soveti 1978-ci ilin mayında eyni adlı müvafiq
qərar verdi.
1979/80-ci dərs ilindən I siniflərdən
başlayaraq tədricən şagirdlərin dərsliklərlə
pulsuz təminatına keçildi və bu proses 1992-ci ilədək
davam etdi. Nazirlər Kabinetinin 18 may 1992-ci il tarixli qərarı
ilə Azərbayan hökumətinin “Ümumtəhsil məktəbləri
şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə
keçmək haqqında” 1978-ci il tarixli qərarı ləğv
edildi və şagirdlərin dərsliklərlə pulsuz təmin
edilməsi prosesi dayandırıldı. Lakin ümummilli lider
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Nazirlər Kabineti ibtidai sinif
şagirdlərinin dərsliklərlə təminatı
haqqında 24 avqust 1994-cü il tarixli 318 nömrəli qərar
qəbul etdi. Həmin qərarla şagirdlərin dərsliklərlə
pulsuz təminatına mərhələlərlə keçidə
başlandı.
Azərbaycanda dövlət
müstəqilliyi bərpa edildikdən sonra ümumi təhsilin
məzmununda yeniləşmələrin aparılmısına,
xüsusən dərslik və dərs vəsaitlərinin məzmunca
milli dövlətçilik və ümumbəşəri dəyərlər
əsasında hazırlanmasına tarixi imkan və şərait
yarandı.
Azərbaycan Respublikası Ali
Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə qəbul
etdiyi “Azərbaycanda latın qrafikalı əlifbanın bərpa
edilməsi haqqında” Qanun ümumtəhsil məktəbləri
üçün dərslik və digər tədris-metodiki ədəbiyyatların
latın qrafikasında nəşr edilməsi zərurətini
ortaya qoydu. Həmin Qanunun tələbinə uyğun olaraq
1992/93-cü tədris ilindən ümumtəhsil məktəblərinin
I siniflərində, 1993/94-cü dərs ilindən isə
bütün siniflərdə latın qrafikalı dərsliklərin
(həm yeni yaradılan orijinal dərsliklər, həm də
rus dilindən tərcümə edilən dərsliklər) nəşrinə
başlanıldı. Əlbəttə, xüsusi hazırlıq
işi aparılmadan, nəşriyyat-poliqrafiya müəssisələrinin
imkanları nəzərə alınmadan yeni qrafikaya
keçilməsi xeyli çətinliklər də yaratdı.
Bu problemlərə baxmayaraq,
xüsusən 1993-cü ildən ayrı-ayrı fənn
proqramları və I-IV siniflər üzrə bütün dərsliklərin,
eləcə də V-XI siniflər üzrə əsasən
humanitar profilli “Azərbaycan dili”, “Ədəbiyyat”, “Rus dili”,
“Tarix”, “İnsan və cəmiyyət”, “Coğrafiya” və
“Xarici dil” dərsliklərinin milli zəmində
hazırlanması və nəşrinə
başlanıldı.
Onu da vurğulamaq lazımdır
ki, dərslik yaradıcılığı sahəsində ən
böyük nailiyyətlər məhz müstəqillik illərində
əldə edilmişdir. Həmin dövrdə Təhsil
Nazirliyinin dərslik hazırlığı sahəsindəki fəaliyyətini
şərti olaraq üç mərhələyə
ayırmaq olar.
1992-1998-ci illəri əhatə
edən birinci mərhələ daha çox latın
qrafikalı əlifbaya keçid, dövrün siyasi
ab-havasına uyğun çətinliklər və bundan irəli
gələn sistemsizliyin aradan qaldırılması ilə
müşayiət olunur. Azərbaycan Respublikası Ali Sovetinin
25 dekabr 1991-ci il tarixli qərarı ilə qəbul edilmiş
“Azərbaycanda latın qrafikalı əlifbanın bərpa
edilməsi haqqında” Qanun ümumtəhsil məktəbləri
üçün dərslik və digər tədris-metodiki ədəbiyyatların
latın qrafikasında nəşr edilməsi zərurətini
yaratmışdı. Həmin Qanuna uyğun olaraq 1992/93-cü
tədris ilindən ümumtəhsil məktəblərinin I
siniflərində, 1993/94-cü dərs ilindən isə
bütün siniflərdə latın qrafikalı dərsliklərin
nəşrinə başlanıldı. Əlbəttə,
xüsusi hazırlıq işi aparılmadan, nəşriyyat-poliqrafiya
müəssisələrinin imkanları nəzərə
alınmadan yeni qrafikaya keçilməsi xeyli çətinliklər
yaratmışdı.
Onu da qeyd etmək lazımdır
ki, 1991-ci ildən ölkədə latın qrafikasına
keçilməsi barədə qərar qəbul edilməsinə
baxmayaraq, bu işə sistemli şəkildə yalnız
ümumtəhsil məktəblərində
başlanmışdı. Azərbaycanın həyatında
çoxsaylı taleyüklü problemləri həll etmiş
ümummilli lider Heydər Əliyev, 1991-ci ildə qəbul
olunmuş, lakin həyata keçirilmə mexanizmi təsdiq
edilməmiş bu məsələnin də həllinə nail
oldu. Məhz Heydər Əliyevin sərəncamı ilə
2000-ci ildən ölkədə, o cümlədən təhsil
sistemində latın qrafikasına tam keçid bərqərar
oldu.
Digər çətinlik isə
Hökumətin 18 may 1992-ci il tarixli 268 nömrəli qərarı
ilə “Ümumtəhsil məktəbləri şagirdlərinin
dərsliklərdən pulsuz istifadə etməsinə
keçmək haqqında” Nazirlər Kabinetinin 1978-ci il tarixli
qərarının ləğv edilməsi oldu.
Bu mərhələdə
respublikada siyasi-iqtisadi sabitlik formalaşdıqca dərsliklərin
məzmunca yeniləşdirilməsi istiqamətində müəyyən
işlər görülürdü. Lakin ölkənin
mövcud iqtisadi-maliyyə vəziyyəti, yeni dərsliklərin
hazırlanması sahəsində təcrübə və səriştənin
olmaması səbəbindən müstəqilliyin ilk illərində
daha çox sovet dövründə hazırlanmış dərsliklərdən
istifadə olunurdu. Bununla belə, həmin illərdə
hazırlanmış tarix və ədəbiyyat dərsliklərində
sovet dövründəkindən fərqli olaraq milli və
ümumbəşəri dəyərlərə
üstünlük verilir, köhnə siyasi ideologiyadan imtina
edilirdi. Çünki sovet dövründə yazılan tarix dərsliklərində
Azərbaycan və ümumtürk tarixi, eləcə də ədəbiyyatı
obyektiv işıqlandırılmır, türk-islam mədəniyyəti
ilə bağlı verilən məlumatlar tarixi
reallıqları düzgün əks etdirmirdi.
Ümummilli lider Heydər Əliyevin
xalqın tələbilə hakimiyyətə
qayıdışı dərslik islahatı sahəsində də
yeni mərhələnin əsasını qoymuşdur. Belə
ki, ölkədə dərsliklərlə təminatda
yaranmış vəziyyəti nəzərə alan, dərsliyin
məktəb üçün strateji əhəmiyyətini dərindən
bilən və yüksək qiymətləndirən
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və göstərişi ilə Nazirlər Kabinetinin 25 avqust
1994-cü il tarixli 318 nömrəli qərarı ilə
1995/96-cı tədris ilindən etibarən hər il ibtidai
sinif dərslikləri dövlət vəsaiti hesabına
çap edilib şagirdlərə verilməyə
başlandı.
1993/94-cü tədris ilindən
ümumi təhsilin məzmununda aparılan dəyişikliklərə
uyğun olaraq, milli dərsliklərin tamamilə yenidən
hazırlanması işinə başlanıldı. Belə ki,
V-XI siniflər üzrə 63 adda dərslik çap edildi.
Bununla paralel olaraq ibtidai siniflər üzrə dərsliklərin
yeniləşdirilməsi istiqamətində də müəyyən
işlər görüldü.
1994/95-ci dərs ilində I-XI
siniflər üçün 77 adda dərslik çap edilmişdi.
Lakin yeni hazırlanan dərsliklər əvvəlkilərə
nisbətən xeyli təkmilləşdirilsə də, hələ
də tələblərə tam cavab vermirdi: uzun illər
müştərək yaşanmış sovet təsirindən
xilas ola bilmirdi, müstəqilliyin kövrək illərinin hələ
çətinliklə formalaşan və möhkəmlənən
ideoloji istiqamətləri az-az görünürdü,
poliqrafik keyfiyyət aşağı səviyyədə idi.
Buna görə də əvvəlki illərdə çap
olunmuş dərsliklər istifadə edilməklə
yanaşı, bu işin keyfiyyətinin
yaxşılaşdırılması sahəsində
axtarışlar da davam etdirilirdi.
1995/96-cı tədris ilində
I-IV siniflər üçün 21 adda dərslik çap
edilmişdi. 1996-97-ci tədris ilində ümumi təhsil
tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikası
Konstitusiyasının əsasları” dərsliyi
hazırlandı. Həmçinin həmin tədris ilində
I-IV siniflər üçün 22 adda dərslik çap
edildi.
Dərslik və dərs vəsaitlərinin
hazırlanması işində ümummilli lider Heydər Əliyevin
söylədiyi belə bir konseptual fikir, əslində bu
işlərə müəyyən istiqamət verdi: “Dövlət
müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən
biri də odur ki, biz artıq öz təhsil sistemimizi
xalqımızın, millətimizin tarixinə, mənəviyyatına,
ənənlərinə uyğun qururuq. Burada dərsliklərin
dəyişilməsi, yeni dərsliklərin yaradılması
xüsusi əhəmiyyət kəsb edir... İndi dərs alan
uşaqlar, gənclər gərək mütləq bizim yeni dərsliklər
əsasında oxusunlar...” (1997-ci il sentyabrın 1-də
Bakının Yasamal rayonundakı 18 nömrəli məktəbdə
keçirilən görüşdəki nitqindən).
Ümummilli liderin bu konseptual göstərişi əsasında yeni
milli dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmağa başlandı. 1997/98-ci tədris ilində dövlət vəsaiti hesabına ibtidai siniflər üçün 26 adda dərslik çap olundu. Bundan başqa, V-XI siniflər üçün 11 adda yeni dərslik hazırlanmış və nəşr edilərək istifadəyə verilmişdi.
1998/99-cu tədris ilində ümumtəhsil məktəbləri üçün 24 adda ibtidai sinif dərsliyi dövlət vəsaiti hesabına çap olunaraq şagirdlərin istifadəsinə verilmişdi. Bununla yanaşı, həmin tədris ilində V- XI siniflər üçün 15 adda yeni dərslik nəşr edilmişdi.
Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”nın və Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın icrası ilə başlanan II mərhələ tədris planları və proqramlarının, dərs vəsaitləri və digər tədris-metodik ədəbiyyatların məzmunca yeniləşdirilməsi, müasir standartlara cavab verən yeni nəsil dərsliklərin hazırlanması, nəşri və ümumtəhsil məktəblərinin bu dərsliklərlə dövlət vəsaiti hesabına fasiləsiz təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlərə başlanılması ilə səciyyələnir.
Qeyd etmək lazımdır ki, həmin dövrdə dövlət nəşriyyatlarının fəaliyyətinin zəifləməsi, özəl nəşriyyatların isə hələ kifayət qədər inkişaf etməməsi dərslik nəşrində ciddi çətinliklər yaradırdı. Kağız qıtlığı, poliqrafik keyfiyyətin aşağı olması və digər amillər görülən işlərin effektinə mənfi təsirini göstərirdi.
1999/2000-ci tədris ilindən dövlət vəsaiti hesabına nəşr edilən ibtidai sinif dərsliklərinin nəşrinin yeni qaydada, yəni Azərbaycan Respublikası Prezidentinin 07.04.1997-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq tender yolu ilə həyata keçirilməsinə başlanıldı və həmin il I-IV siniflər üçün 21 adda dərslik çap olunaraq şagirdlərin istifadəsinə verildi. Dərsliklərin nəşrində tenderin tətbiqi bu sahədə mövcud olan inhisarın aradan qaldırılması, dövlət vəsaitinə qənaət edilməsi, ən başlıcası isə dərsliklərin poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru mühüm addım idi.
1999-cu ildən başlayaraq ümumi təhsilin dövlət standartlarına uyğun olaraq yeni tədris planlarına tam keçidə qədər bütün fənlər üzrə Təhsil Nazirliyində orta məktəb müəllimləri və tanınmış mütəxəssislərdən ibarət işçi qrupları yaradıldı və bu qruplar ümumtəhsil məktəblərinin V-XI siniflərinin mövcud “Azərbaycan dili”, “Ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Coğrafiya”, “Biologiya”, “Fizika və astronomiya”, “Kimya”, “Rus dili” proqramlarını məzmunca əhəmiyyətli dərəcədə təkmilləşdirdi. I-IV siniflər üçün proqramlar isə yeniləşdirildi. Bu, bir də ona görə zəruri idi ki, 1999-cu ilə qədər ümumtəhsil məktəbləri 1993/94-cü illərdə çap olunmuş tədris proqramları ilə işləyirdi.
Beləliklə, 1999-cu ildə I sinif proqramları çap olunaraq yerlərə çatdırıldı. Həmçinin ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Coğrafiya”, “Rus dili”, VII-XI sinifləri üçün “Fizika” və “Astronomiya”, VIII-XI sinifləri üçün “Kimya”, “Azərbaycan tarixi”, “Ümumi tarix” və X-XI sinifləri üçün “Azərbaycan tarixi” proqramları hazırlandı.
Azərbaycan məktəblərində təkmilləşdirilmiş proqramların tətbiqi üzrə aparılan birillik iş təcrübəsi göstərdi ki, həmin proqramlar ümumilikdə müsbət qarşılansa da, bəzi nöqsanlar hələ də qalmaqdadır. Belə ki, proqramlarda təhsilin məzmunu lüzumsuz materiallarla yüklənilməklə xeyli ağırlaşdırılmış, şagirdlərin yaş xüsusiyyətləri tam nəzərə alınmamış, pedaqoji və metodik prinsiplərə əməl olunmamışdır.
Proqramların yenidən işlənilməsinə və əsaslı dəyişikliklər edilməsinə zəruri ehtiyac yarandığından 2000-ci ildə ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün xarici dil (ingilis, fransız və alman), “Azərbaycan tarixi” və “Ümumi tarix”, X-XI siniflər üçün “Rus dili” proqramları yenidən işlənilərək çap edildi və məktəblərin istifadəsinə verildi. Bu proqramlara uyğun olaraq ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri cəlb edilməklə dərslik və dərs vəsaitlərinin əsaslı şəkildə yeniləşdirilməsinə, yeni nəsil dərsliklərin hazırlanılmasına başlanıldı.
2000-ci ildə 13 adda, 2001-ci ildə isə 27 adda ibtidai sinif dərsliyi dövlət vəsaiti hesabına nəşr olunaraq məktəblilərin istifadəsinə verilmişdi.
Dövlət başçısı Heydər Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 180 nömrəli Sərəncamı ilə respublikanın ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün milli təhsilin tələblərinə cavab verən yeni dərsliklərin çap olunması məqsədilə 2000-ci və 2001-ci illərin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 il müddətinə qaytarılması şərti ilə güzəştli kredit ayrıldı.
Heydər Əliyev hələ 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında görüşü zamanı milli tariximizin yazılması və tədrisi sahəsində qarşıda duran vəzifələrdən danışarkən, “İlk növbədə Azərbaycanın XIX-XX əsrlər tarixi yazılmalıdır” tapşırığını vermişdi. Bu tapşırığı ümumtəhsil məktəblərində ümumi və Azərbaycan tarixi dərsliklərinin hazırlanması baxımından həyata keçirmək məqsədilə Təhsil Nazirliyində aparıcı tarixçi alimlər və təcrübəli müəllimlərdən ibarət işçi qrupu yaradıldı və qısa müddətdə milli ideologiya və müstəqil dövlətçilik prinsiplərinə cavab verən, XIX-XX əsrlər tariximizi əhatə edən “Azərbaycan tarixi” (X və XI sinif) dərslikləri hazırlanaraq Azərbaycan və rus dillərində nəşr edildi. 2001-ci ildə VI-IX siniflər üçün “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi” və “Yeni tarix” kimi orijinal dərsliklər hazırlanaraq çap olundu. Bu dərsliklərdə ümumdünya tarixi, xüsusən türk-islam dünyası xalqlarının tarixi və mədəniyyəti müasir tələblər və milli dövlətçilik prinsipləri əsasında işıqlandırılırdı.
Dərslik islahatının II mərhələsindəki ən mühüm yeniliklərdən biri də fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə yeni nəsil milli dərsliklərin hazırlanması və nəşri idi.
Bununla yanaşı, 2001-ci ildə ümumtəhsil məktəblərinin V sinfi üçün “Riyaziyyat”, VIII-XI sinifləri üçün “Kimya” (təkmilləşdirilmiş) proqramları çap olundu. Bundan əlavə həmin illərdə Dünya Bankı ilə aparılmaqda olan islahatlar çərçivəsində inkişaf etmiş xarici ölkələrin dərslik hazırlığı və çap olunması təcrübəsi öyrənilərək təhlil olundu və müasir tələblərə cavab verən dərsliklərin tətbiqi prinsipləri müəyyənləşdirildi. Həmin prinsiplər əsasında V-XI siniflər üçün humanitar fənlər üzrə dərsliklər də yeniləşdirildi.
Təlim rus dilində olan ümumtəhsil məktəblərini daha mükəmməl dərsliklərlə təmin etmək məqsədilə 2001-ci ildə ilk dəfə olaraq azərbaycanlı müəlliflər tərəfindən tərtib edilmiş və çap olunmuş V və VI siniflər üçün “Literatura”, IX-XI siniflər üçün “Azerbaydjanskaya literatura” dərslikləri və “Xrestomatiya po Azerbaydjanskoy literature” dərs vəsaitlərində şagirdlər rus yazıçıları ilə yanaşı, klassik və müasir Azərbaycan yazıçılarının yaradıcılığı ilə də tanış olmaq imkanı qazandılar. Həmçinin həmin il “Azərbaycan tarixi” (V-IX siniflər) dərsliklərinin elektron variantı da hazırlandı.
2002-ci ildə ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI siniflər üçün “Coğrafiya”, VI-XI siniflər üçün “Biologiya”, VII-XI siniflər üçün “Fizika” və “Astronomiya”, VIII-XI siniflər üçün “Kimya” proqramları əsaslı şəkildə təkmilləşdirilərək yenidən çap olundu.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2002-ci il tarixli Fərmanları “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinə yenidən baxılması zərurətini doğurdu. Çünki bu dərsliklər 1993-cü ildə tərtib edilmiş və 1999-cu ildə təkmilləşdirilmiş proqramlar əsasında yazılmışdı və təbii ki, bir sıra çatışmazlıq və nöqsanları var idı. İlk növbədə görkəmli alimlər və qabaqcıl orta məktəb müəllimlərinin iştirakı ilə “Azərbaycan dili” və “Ədəbiyyat” proqramları (2002-ci il) və bunun əsasında yeni dərsliklərin hazırlanmasına başlanıldı. Həmin il yeni “Riyaziyyat” proqramı da hazırlandı.
Dərslik nəşrində inhisarçılığı aradan qaldırmaq və dərsliklərin poliqrafik keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ümumtəhsil məktəblərinin Azərbaycan bölməsi üçün 2002-ci ildə 20 adda I-IV sinif dərsliyi açıq tender yolu ilə çap olunub məktəblərə çatdırıldı.
2003-cü ildə təlim rus dilində olan məktəblərin V-XI sinifləri üçün “Azərbaycan dili” və milli azlıqların I-IV sinifləri üçün ana dili (doğma dil) proqramları da yenidən işlənmiş və çap olunmuşdu. Həmin proqramların tətbiqi ilə əlaqədar yeni dərsliklərin yazılması işi müvəffəqiyyətlə davam etdirilmişdir.
Azərbaycan Respublikasının təhsil siyasətinə uyğun olaraq 2003-cü ildən başlayaraq mərhələlərlə ümumtəhsil məktəblərinin V-XI sinif dərsliklərinin də dövlət vəsaiti hesabına nəşr edilməsinə başlanıldı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli, 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2003-2005 –ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Nazirlər Kabinetinin 20 avqust 2003-cü il tarixli, 168 nömrəli Sərəncamına uyğun olaraq 2003-2004-cü tədris ilində 97 adda (o cümlədən, I-IV sinif şagirdləri üçün 31 adda, V sinif şagirdləri üçün 13 adda və VI-XI siniflərdə oxuyan qaçqın və məcburi köçkün uşaqlar üçün 53 adda) dərslik dövlət vəsaiti hesabına çap olunmuşdu.
2004-cü ildə təlim qeyri-Azərbaycan dilində olan məktəblərin I-XI sinifləri üçün “Azərbaycan dili” və “İnformatika” proqramları təsdiq olundu. Ümumtəhsil məktəb proqramlarının hazırlanmasında görkəmli alimlər Yaqub Mahmudov, İsaq Məmmədov (“Tarix”), Yusif Seyidov (“Azərbaycan dili”), Məmməd Yaqubov (“Riyaziyyat”), Mirzəli Murquzov (“Fizika”), Vaqif Abbasov (“Kimya”), Müseyib Müseyibov (“Coğrafiya”), Məcnun Babayev (“Biologiya”), Nizami Cəfərov və Pənah Xəlilov (“Ədəbiyyat”), Ramin Mahmudzadə (“İnformatika”), Əjdər Ağayev (“İnsan və cəmiyyət”) və Vidadi Xəlilovun (“Musiqi və nəğmə”) rəhbərlik etdiyi işçi qruplarında tanınmış ali və orta məktəb müəllimləri yaxından iştirak etmişdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli, 56 nömrəli Sərəncamı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2004/2005-ci tədris ilində dövlət vəsaiti hesabına 35 adda (“Əlifba” və VI-VII siniflər üçün 34 adda) dərslik çap edilmiş, respublikanın I-VII sinif şagirdləri və eləcə də I-XI siniflərdə oxuyan qaçqın və məcburi köçkün uşaqları dərsliklərlə təmin olunmuşdur.
2005-ci ildə ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət” proqramı çap olunmuşdur. Həmin il V-XI siniflər üzrə seçmə fənlər də nəzərə alınmaqla proqramlar müvafiq olaraq iki variantda hazırlanmışdı ki, bu da müəllimlərin işini xeyli asanlaşdırırdı.
2005/2006-cı tədris ilinə Dövlət Proqramına uyğun olaraq ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün dövlət vəsaiti hesabına 117 adda dərslik çap olunmuşdu. Beləliklə, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na müvafiq olaraq 2005-2006-cı tədris ilində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatı uğurla başa çatdırılmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra post-sovet məkanında orta məktəb şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatını reallaşdıran yeganə ölkə olmuşdur.
2006/2007-ci tədris ili üçün 108 adda I-XI sinif dərsliyi çap edilmişdi. 2007-2008-ci tədris ilinə I-XI sinif şagirdləri üçün 155 adda dərslik, (o cümlədən, 82 adda Azərbaycan bölməsi, 71 adda rus bölməsi, 2 adda isə milli azlıqlar üçün (“Avar dili” və gürcü məktəblərinin II sinfi üçün “Azərbaycan dili”) hazırlanmış və çap olunmuşdur.
2008-ci ildə Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən təlim gürcü dilində olan məktəblərin ibtidai sinifləri üçün gürcü dili proqramı həmin məktəblərin müəllimləri tərəfindən işlənilmiş və Nazirliyin təsdiqindən sonra istifadəyə verilmişdir.
Dünya təcrübəsi göstərir ki, hər bir sinif üzrə dərsliklər hər il şagirdlərin sayı qədər çap olunmur və bu keçmiş Sovetlər Birliyinin təcrübəsində də belə idi. Hər tədris ilinin sonunda şagirdlərn dərslikləri məktəbin kitabxana fonduna təhvil verir, kitabxanalarda dərsliklərin dəqiq qeydiyyatı aparılır və şagirdlər fondda olan dərsliklərlə təmin edilirlər. Biz yeni dərslik siyasətini hazırlayarkən məhz dünya təcrübəsinə istinad etdik və müstəqiliyin ilk illərində ölkəmizdə dərslik hazırlığı və şagirdlərin dərsliklə təminatı sahəsində mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına nail olduq. Belə ki, Azərbaycanda 2003-cü ilədək I siniflər üçün bütün dərsliklər hər il şagirdlərin 100 faizi həcmində çap olunurdu və bu da külli miqdarda vəsait tələb edirdi. 2004-2007-ci illərdə I siniflərdə yalnız Əlifba dərsliyi hər il 100 faiz həcmində çap edilərək şagirdlərə hədiyyə olunurdu. Yeni dərslik siyasətinə uyğun olaraq 2008-2009-cu dərs ilindən I siniflərdə kurikulumun tətbiqi ilə əlaqədar, qaydalara uyğun olaraq bütün yeni dərsliklər 105 faiz çap olundu. Belə bir mexanizm yarandı ki, ümumtəhsil məktəbləri üçün dərsliklərin ilk nəşri mövcud şagird kontingentinin 105 faizi həcmində çap olunur, növbəti 3-4 ildə isə tələbat nəzərə alınmaqla hər il həmin dərsliklər şagird kontingentinin 15-30 faizi həcmində çap olunur.
Dərslik hazırlığı sahəsində uğurları qeyd etməklə yanaşı, zaman-zaman rastlaşdığımız və indi də bizim üçün müəyyən maneələr yaradan bir sıra məsələlərə münasibətimi bildirmək istəyirəm. İctimaiyyəti və mütəxəssisləri narahat edən məsələlərdən biri bu idi ki, bir sıra dərsliklər həddən artıq yüklənmişdi, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyildi. Tədris planında həftədə bir və ya iki saat tədrisi nəzərdə tutulan fənnin dərsliyi 300-400 səhifədən ibarət idi. Çoxsaylı müzakirələr zamanı dərsliklərin sadələşdirilməsi, ikinci dərəcəli materialların çıxarılması qeyd edilsə də, irəliləyişlər əldə etmək çətin idi. Müəlliflər bununla heç cür razılaşmır, dərslikləri sadələşdirmək və onların həcmini optimallaşdırmaq istəmirdilər. Belə bir qərara gəldik ki, tədris planında fənnə ayrılan saatlara uyğun həcm müəyyənləşdirək və müəlliflərə tövsiyə edək. Bundan sonra bir sıra dərslik müəllifləri bu tövsiyələrə uyğun olaraq təkmilləşdirmə işləri apardılar. Nəticədə 2001-ci illə müqayisədə hazırda VIII sinif “Orta əsrlər tarixi” 22,5 çap vərəqindən 10,5-ə, IX sinif “Yeni tarix” 20-dən 8-ə, X sinif “Yeni tarix” və XI sinif “Ən yeni tarix” 26-dan 9-a, X sinif “Azərbaycan tarixi” 28-dən 15-ə, XI sinif “Azərbaycan tarixi” 22-dən 15-ə, IX sinif “Coğrafiya” 18,5-dən 10-a, IX sinif “Ədəbiyyat” 24-dən 16-ya, X sinif “Ədəbiyyat” 27-dən 12-yə, XI sinif “Ədəbiyyat” 23-dən 12-yə, V sinif “Riyaziyyat” 21-dən 17-yə, VIII sinif “Cəbr” 19-dan 15-ə, IX sinif “Cəbr” 20-dən 15-ə, V sinif “İngilis dili” 21,5 çap vərəqindən 16 çap vərəqinə enmişdir.
Bununla yanaşı, müşahidə və rəylər, aparılmış monitorinqlər göstərir ki, dərsliklərin məzmunu hələ də ağır olaraq qalmaqdadır. Bir çox hallarda müəlliflər və nəşriyyatlar daha çox məlumatın dərsliyə daxil edilməsinə səy göstərir, şagirdlərin yaş xüsusiyyətlərini və potensial imkanlarını nəzərə almırlar. Nəticədə dərsliklər şagirdyönümlü olmur. Hesab edirəm ki, bu barədə ciddi düşünməyin vaxtı çatmışdır.
Digər bir problem ondan ibarət idi ki, dərsliklərin müəllifləri ali məktəblərdə çalışan alimlərdən ibarət idi. Onlar ümumtəhsil məktəblərinin müəllimlərinin, şagirdlərinin problemlərini kifayət qədər bilmirdilər. Qərara gəldik ki, belə müəlliflərlə yanaşı, orta məktəblərdə çalışan qabaqcıl müəllimləri dərslik hazırlığı prosesinə cəlb edək.
Etiraf edim ki, müəllimlərin dərslik hazırlığına cəlb edilməsi ilk vaxtlar böyük müqavimətlə qarşılandı. Uzun müddət dərslik müəllifi olan və bu sahədə monopoliya yaradanlar müəllimlərin bu işin öhdəsindən gələ bilməyəcəkləri barədə rəy formalaşdırmağa başladılar. Lakin bu müqavimətlər bizi qərarımızdan döndərə bilmədi. Zaman göstərdi ki, bilavasitə məktəblərdə fənni tədris edən, dərsliklə işləyən müəllimlər peşəkar dərslik müəllifi ola bilərlər. Bu məsələlərin müzakirəsi zamanı mən şahidi oldum ki, orta məktəb müəllimləri dərsliklərin məzmunu ilə bağlı ölkənin tanınmış alimləri ilə elmi mübahisələr apara bilirlər və problemlərin həllində onlara nisbətən daha düzgün mövqe nümayiş etdirirlər.
Hazırda V-XI siniflər üçün “Riyaziyyat”, “Cəbr”, “Həndəsə”, VII sinif üçün “Coğrafiya”, VIII-X siniflər üçün “İnformatika”, X sinif üçün “Fizika”, VIII-XI siniflər üçün “İnsan və cəmiyyət”, VII-XI siniflər üçün “Rus dili”, IX-X siniflər “İngilis dili”, VII –XI siniflər üçün “Azərbaycan tarixi”, “Orta əsrlər tarixi”, “Yeni tarix”, VII, X-XI siniflər üçün “Ədəbiyyat”, VIII-IX siniflər üçün “Azərbaycan dili” dərsliklərinin müəllifləri həm də orta məktəb müəllimləridir. Eyni zamanda kurikulum əsasında I-II siniflər üçün yaradılan hər bir dərslik komplektinin müəlliflər qrupunun tərkibində ən azı bir və ya iki orta məktəb müəlliminin iştirakı bu gün bizi razı salır.
Dərslik hazırlığı prosesində orta məktəb müəllimlərinin iştirakı son nəticədə dərsliklərin keyfiyyətinin yüksəldilməsinə, məzmundakı xətaların minimuma endirilməsinə gətirib çıxarmışdır.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.10-11.