Polşa-Azərbaycan nağılı

 

Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyevlə müsahibə Varşavanın populyar “Şviat elit” (“Seçkinlər dünyası”) jurnalının 2009-cu il avqust sayında Azərbaycan Respublikasının Polşadakı səfiri Vilayət Quliyevlə   müsahibə dərc edilib. Müsahibənin mətnini “525-ci qəzet”in oxucularına təqdim edirik.

– Cənab səfir, uzun illərdir ki, Polşa ilə Azərbaycanı dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq telləri bağlayır. Bəs iki ölkə arasındakı diplomatik əlaqələrin tarixi barəsində nə söyləmək mümkündür?

– Həqiqətən də Polşa-Azərbaycan münasibətlərinin uzun tarixi və zəngin ənənələri var. Diplomatik əlaqələrimiz isə, təbii ki, dövlətlərimizin müstəqillik əldə etməsi ilə başlamışdır. Rusiya imperiyasının süqutu nəticəsində 1918-ci il mayın 28-də Azərbaycanın, həmin il noyabrın 11-də isə Polşanın dövlət müstəqilliyi elan olunmuşdu. Azərbaycan Polşaya diplomatik nümayəndəsini bu ölkənin istiqlal qazanmasından cəmi 20 gün sonra-1918-ci il dekabrın 1-də təyin etmişdi. İlk səfirimiz görkəmli Azərbaycan yazıçısı və diplomat Yusif Vəzir Çəmənzəminli idi. Lakin onun təyinatı daha çox rəmzi səciyyə daşıyırdı. Çünki yaranmış mürəkkəb   şəraitdə Yusif Vəzirin Varşavaya gəlib öz səlahiyyətlərinin icrasına başlaması mümkün olmamışdı. Polşa dövləti isə 1919-cu il oktyabrın 1-də Bakıda konsulluq şöbəsi açmış, polyak diplomatı Stefan Rılski ölkəsinin Azərbaycandakı ilk təmsilçisi təyin edilmişdi. 1920-ci il yanvarın 7-də Azərbaycan hökuməti Avropanın bir sıra aparıcı ölkələrində, o cümlədən Polşada səfirlik açmaq haqqında qərar qəbul etmişdi. Həm də Polşadakı səfirlik Baltikyanı ölkələrdə və Şərqi Avropada da Azərbaycanın maraqlarını qorumalı idi. Lakin eyni ilin aprelində ölkəmizin bolşevik işğalına uğraması bu niyyətlərin həyata keçməsinə imkan vermədi. O da maraqlıdır ki, qısa müddətli istiqlal dövründə Azərbaycana səfər edən sonunci xarici heyət Polşadan idi. Sonralar ölkənizin ABŞ-da ilk səfiri Tituş Filippoviçin rəhbərliyi altında 1920-ci il aprelin 24-də Bakıya gələn diplomatlar bolşevik işğalın gözləri ilə görmüş, hətta bir neçə gün Bayıl həbsxanasında saxlanmışdılar. SSRİ-nin süqutundan sonra Polşa Azərbaycanın müstəqilliyini ilk tanıyan Avropa dövlətlərindən biri oldu. 1993-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələr yaradıldı. 1998-ci ildən Bakıda Polşanın, 2004-cü ildən isə Varşavada Azərbaycanın səfirlikləri fəaliyyət göstərir. Yaşı artıq bir əsrə yaxınlaşmaqda olan diplomatik münasibətlərimizin qısa tarixi belədir.

– Cənab səfir, Polşada diplomatik xidmət dövründə hansı vəzifələrin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur?

– Təbii ki, bir səfir kimi əsas amalım ölkələrimizi və xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmaq, Azərbaycanın mənafelərini qorumaq, onun mədəniyyətini və tarixini polyaklara tanıtmaq, xalqıma yeni dostlar və müttəfiqlər qazandırmaqdır. Əlbəttə, öz-özünü tərifləmək təvazökarlıqdan uzaq hərəkətdir. Lakin Azərbaycan-Polşa əlaqələrinin sürətli inkişafı, dövlət başçılarının və digər yüksək səviyyəli heyətlərin səfərləri, bir sıra mühüm sənədlərin imzalanması, yaranan inam və etimad mühiti qarşıya qoyulan məqsədlərə çatdığımızı göstərir. İndi dövlətlərimiz arasındakı münasibətlər haqlı olaraq qarşılıqlı iqtisadi və siyasi maraqlara, habelə qarşılıqlı inam və rəğbətə əsaslanan strateji tərəfdaşlıq kimi dəyərləndirilir.

– Mədəniyyət sahəsində Azərbaycan-Polşa əməkdaşlığının mövcud inkişaf səviyyəsini necə dəyərləndirmək mümkündür?

– Xalqlarımız arasındakı mədəni əlaqələrin çoxəsrlik tarixi vardır. Bu barədə onlarla fakt xatırlatmaq mümkündür. Mən ixtisasca filoloqam və bu məsələlərlə bağlı müəyyən araşdırmalar aparmışam. Fikrimi əsaslandırmaq üçün sadəcə iki misal gətirmək istərdim. 1827-ci ildə böyük polyak şairi Adam Mitskeviçin „Krım sonetləri” Moskvada fars dilində nəşr olunmuşdu. Şeirləri onun xahişi ilə fars dilinə yaxın dostu, azərbaycanlı şərqşünas-alim, Peterburq Uinversitetinin professoru Mirzə Cəfər Topçubaşov tərcümə etmiş, habelə kitabçaya son dərəcə orijinal müqəddimə də yazmışdı. Bir neçə il sonra isə XIX əsr Azərbaycan ədəbiyyatının Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı kimi qüdrətli nümayəndələri Polşa torpağında olmuşdular. Bakıxanov burada silsilə poetik əsərlər və Kopernik təlimini şərh edən “Əsrarül-mələkut” traktatını qələmə almışdı. İ.Qutqaşınlının dünyəvi Azərbaycan nəsrinin ilk nümunəsi sayılan “Rəşid bəy və Səadət xanım” povesti də 1835-ci ildə Varşavada işıq üzü görmüşdü. Biz Azərbaycan mədəniyyətinin, təhsilinin, memarlığının tarixində polyakların oynadıqları mühüm rolu heç zaman unutmuruq. Eyni zamanda azərbaycanlıların Polşa mədəniyyətinə verdikləri diqqətəlayiq töhfələri də məmnuniyyət hissi ilə xatırlayırıq.

– Cənab səfir, Polşa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf tempi barəsində nə deyə bilərsiniz?

– Son illərdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr sahəsində həqiqətən də ciddi uğurlar əldə olunmuşdur. Bu yaxınlarda, daha dəqiq desəm, mayın 13-14-də Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının III iclası öz işini uğurla başa çatdırmışdır. Bildiyiniz kimi, Azərbaycan tərəfdən bu komissiyaya Sənaye və energetika naziri N.Əliyev, Polşa tərəfdən isə Baş nazirin müavini, İqtisadiyyat naziri V.Pavlak rəhbərlik edirlər. İki günlük müzakirələr nəticəsində ticari-iqtisadi sahədə əməkdaşlığın yaxın illərdəki perspektivini özündə əks etdirən mühüm protokol imzalanmışdır. İqtisadi əlaqələrimizin miqyasını və artım sürətini daha inandırıcı göstərmək üçün burada bir neçə rəqəm xatırlatmaq istərdim. Ölkənizin Mərkəzi Statistika Bürosunun məlumatına görə Polşa ilə Azərbaycan arasındakı ticarət dövrüyyəsi 2006-cı ildə 76,4 milyon, 2007-ci ildə isə 73,8 milyon ABŞ dolları təşkil etmişdir. 2008-ci ildə iqtisadi münasibətlər tariximizdə ilk dəfə olaraq Azərbaycan müsbət saldoya nail ola bilmişdir. Ötən il ölkələrimiz arasındakı mal dövriyyəsi rekord həddə-166,9 milyon ABŞ dollarına çatmışdır. Bu da 2007-ci illə müqayisədə iki dəfədən çoxdur. Eyni artım tempi 2009-cu ildə də qorunub saxlanacaqdır. Doğrudur, hələlik Azərbaycandan idxal olunan məhsulun tərkibində neft və neft məhsulları üstünlük təşkil edir. Lakin ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafı bu mənzərənin tezliklə dəyişəcəyinə inam yaradır. Enerji sahəsində əməkdaşlıqda da böyük perspektivlər gözlənilir. Azərbaycan bu sahədə həm Polşa, həm də Avropa Birliyi ölkələri ilə geniş əməkdaşlıq yolu tutmuşdur. Polşa Prezidentinin təşəbbüsü ilə ilk dəfə 2007-ci ilin mayında Krakovda keçirilən, daha sonra isə Kiyev, Vilnüs və Bakıda davam etdirilən Enerji Sammiti Xəzərin karbohidrogen ehtiyatlarının Baltik dənizi sahillərinə çatdırılması üçün imkanlar açmaqdadır. Artıq uzun illərdən bəri əfsanə kimi görünən Bakı-Odessa-Brodı-Plotsk (Qdansk) neft kəmərinin texniki-layihə sənədlərini hazırlamaq üçün “Sarmatiya” konserni yaradılmışdır. Bu isə Polşanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın və Xəzər bölgəsinin əhəmiyyətinin yaxın illərdə daha da artacağını göstərir.

– Polşa turistləri Qafqaza və Xəzər dənizi hövzəsinə böyük maraq göstərirlər. Zəngin tarixi və mədəni ənənələrə malik olan bir ölkə kimi Azərbaycan özünü daha yaxşı tanıtmaq baxımından onlara nə vəd edə bilər?

– Azərbaycan çox maraqlı və cəlbedici ölkədir. Bəlkə də sizə təəccüblü görünə bilər, amma dünyadakı on bir iqlim qurşağından doqquzu burada mövcuddur. Ölkəmizə gələn turist Böyük və Kiçik Qafqaz sıra dağlarını görə bilər, ilin altı ayını Xəzər dənizində çimə bilər. Azərbaycan paytaxtı daim gözəlləşən və öz qədimlik sehrini saxlayan Bakı da turistlər üçün son dərəcə maraqlı yerdir. Xüsusən də Polşa turistləri üçün həm paytaxtda, həm də ökənin regionlarında yaddaqalan səfər marşrutları mövcuddur. Son 200 ilə yaxın müddət ərzində Azərbaycanda həmişə güclü polyak icması olmuşdur. Çar hökuməti 1831 və 1863-cü illər Polşa üsyanlarının iştirakçılarını “isti Sibirə”-Qafqaza və Azərbaycana sürgün etmişdi. Eləcə də çoxsaylı polyak mütəxəssislər neft bumunun yaşandığı Bakıya gəlmiş, burada öz talelərini sınamaq istəmişdilər. Nəticədə ölkəmizdə hərbçilərdən, həkimlərdən, mühəndislərdən, müəllim, memar və hüquqşünaslardan ibarət güclü və nüfuzlu polyak icması formalaşmışdı. Onlar Azərbaycanın elmi, mədəni, ictimai və siyasi həyatına bir sıra ciddi töhfələr vermişdilər. Bu baxımdan ölkənizin vətəndaşları Azərbaycanda daim xatırlanan və qorunan “polyak izlərini” görə bilərlər. Bakıda tanınmış memarlar Yozef Qoslavskinin və Yozef Ploşkonun tikdiyi möhtəşəm binalara baxa bilərlər. Xəzər dənizinin sahilində, məşhur neftçi-mühəndis, Bakı buxtasının qurudulması və açıq dənizdən neft çıxarılması ideyasının müəllifi Pavel Pototskinin məzarını ziyarət edə bilərlər. Vaxtı ilə polşalı əsgər və zabitlərin qulluq etdikləri, kiçik katolik kilsəsinin və məzarlığın qorunub saxlandığı Zaqatala şəhəri də maraq doğura bilər. Roma papası II İohann Pavelin Azərbaycana səfərindən sonra tikilən və özünün qeyri-adi memarlığı ilə diqqəti çəkən katolik kilsəsi də turist obyektləri sırasına daxil ola bilər. Yeri gəlmişkən, polyak icmasının səyləri ilə hələ XX əsrin əvvəllərində Bakının mərkəzində əzəmətli kilsə ucaldılmışdı. Lakin təkcə insanlar yox, binalar da siyasi rejimlərin qurbanına çevrilirlər. Həmin kilsə də digər tarixi tikililərlə birlikdə 1937-ci ildə Stalinin əmri ilə uçurulmuşdu. Azərbaycan rəhbərliyinin səyi nəticəsində 2005-ci ildə bu tarixi yanlışlıq aradan qaldırılmışdır. Nəhayət, turistlər üçün mühüm və cəlbedici amillərdən biri də qeyri-adi Azərbaycan mətbəxidir. Bir sözlə, səyahətə çıxmaq istəyən polyak vətəndaşlarını ölkəmizdə çoxlu və maraqlı sürprizlər gözləyir. Vizanı isə həm Azərbaycanın Varşavadakı Səfirliyinin konsulluq şöbəsindən, həm də Bakı hava limanından almaq mümkündür.

– Azərbaycanın regiondakı mövqeyi, Qafqazda sülhün və sabitliyin qorunmasında ölkənizin rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Son bir neçə ildə Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan regionun lider dövlətinə çevrilmişdir. Lakin təəssüf ki, yaranmış mövcud şəraitdə ölkəmiz hələ də öz imkanlarından tam istifadə edə bilmir. 1988-ci ildə, SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ və Ermənistandakı erməni separatçılarının Azərbaycana qarşı elan olunmamış müharibəsi humanitar fəlakətə gətirib çıxarmışdır. Nəticədə, artıq 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılan bir milyona yaxın vətəndaşlarımız üçün heç olmazsa, minimal həyat şəraiti yaratmaq illər boyu Azərbaycan dövlətinin və hökumətinin əsas qayğılarından biri olmuşdur. Erməni işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 60 milyard ABŞ dolları məbləğində zərər vurulmuş, on minlərlə insan həlak olmuş və yaralanmışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq ölkəmiz böyük və heyrətamiz inkişaf yolu keçmişdir. Son on ildə büdcəmiz on dəfədən çox artmışdır. Təkcə 2008-ci ildə ümumi daxili məhsul artımı 18 faiz təşkil etmişdir. Adambaşına düşən milli gəlir 4000 ABŞ dollarına çatdırılmışdır və artım yenə də davam edir. Son illərdə ölkə iqtisadiyyatına qoyulan xarici və daxili sərmayələrin miqdarı 12,7 milyard ABŞ dollarından çox olmuşdur. İstər neft, istərsə də sənaye və kənd təsərrüfatı sahələrində ciddi islahatlar aparılmışdır. Regionların inkişafı proqramı ardıcıl həyata keçirilir. Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanın imkan və mövqeləri ildən ilə qüvvətlənir. Uğurlu neft siyasəti ölkənin iqtisadi həyatının digər sahələrinin inkişafı üçün də ciddi stimul yaratmışdır. Azərbaycan getdikcə daha artıq dərəcədə həm iqtisadiyyat, həm də mədəniyyət baxımından Şərqlə Qərb, Avropa ilə Asiya arasında etibarlı körpüyə çevrilməkdədir. Ölkəmizin geosiyasi mövqeyi və dinamik inkişafı bu mövqeyin hələ uzun illər bundan sonra da qorunub saxlanacağını söyləməyə əsas verir.

– Ölkənizin paytaxtı Bakı dünyanın sürətlə inkişaf edən böyük yaşayış məskənlərindən biridir. Artıq qeyd etdiyiniz kimi, XIX əsrin sonları-XX əsrin əvvəllərində polyak memarları tərəfindən burada çoxlu gözəl, əzəmətli binalar tikilmişdir. Bəs müasir Bakı haqqında nə demək mümkündür?

– Bakı ötən əsrin əvvəllərində olduğu kimi indi də özünün sürətli və dinamik inkişaf dövrünü yaşayır. Bütün şəhər böyük bir tikinti meydançasını xatırladır. Tarixi memarlıq nümunələri bərpa olunur, çoxsaylı yeni binalar tikilir, körpülər və yollar inşa edilir. Bakının yenidən qurulması və abadlaşdırılması Azərbaycan Prezidentinin gündəlik qayğılarından birini təşkil etməkdədir. Yeri gəlmişkən, hazırda Bakıda həyata keçirilən iri miqyaslı bərpa-rekonstruksiya işlərinə polyak mütəxəssislərin də cəlb edilməsi nəzərdə tutulur. Şəhər gözlərimiz önündə sürətlə dəyişir. Bakı get-gedə dünyanın aparıcı şəhərlərindən birinə çevrilməkdədir. Hər il burada onlarla iri miqyaslı beynəlxalq tədbirlər-simpoziumlar, konfranslar, idman oyunları, sərgilər və s. təşkil olunur. Yaxın illərdə Xəzər dənizinin sahillərində yerləşən Azərbaycan paytaxtı həm də böyük və cəlbedici turist mərkəzlərindən birinə çevriləcək.

– Azərbaycan öz müstəqilliyinə 1991-ci ildə qovuşub. Cənab səfir, bu dövrü qısaca necə səciyyələndirə bilərdiniz?

– Keçmiş SSRİ-nin tərkibindəki respublikaların azadlıq mübarizəsi tarixində Azərbaycanın özünəməxsus yeri olmuşdur. 1988-ci ildən etibarən Azərbaycanda ölkəmizin suverenliyinin, ərazi bütünlüyünün qorunması, siyasi və iqtisadi islahatların həyata keçirilməsi, erməni separatçılarının haqsız ərazi iddialarına son qoyulması tələbi ilə keçirilən möhtəşəm aksiyalar SSRİ-nin əsaslarını dağıdan mühüm siyasi amillərdən birinə çevrilmişdi. Doğrudur, bunun üçün Azərbaycan cəzalandırıldı-1990-ci il yanvarın 20-də keçmiş SSRİ müdafiə naziri D.Yazovun komandanlığı ilə Bakıya sovet qoşunları yeridildi. Dinc əhaliyə qarşı qanlı terror həyata keçirildi. Yüzlərlə dinc vətəndaş öldürüldü və yaralandı. Müstəqilliyə can atan Azərbaycanı cəzalandırmağın başqa bir yolu isə sovet ordusunun fəal yardımı ilə Xocalı soyqırımının törədilməsi, Dağlı Qarabağın və ətraf ərazilərin işğal edilərək burada oyuncaq Dağlıq Qarabağ Respublikasının yaradılması idi. Lakin bu “cəza tədbirəri” SSRİ-nin süqutunda hərəkətverici qüvvəyə çevrilən Azərbaycan xalqının iradəsini qıra bilmədi. Artıq qeyd etdiyiniz kimi, 18 ildən bəridir ki, ölkəmiz müstəqildir. Tarix baxımından bu göz qırpımı kimi ani bir zaman kəsimi sayıla bilər. Lakin bu qısa müddət ərzində ölkə rəhbərliyinin səyi ilə həqiqətən də böyük işlər görülmüşdür. Azərbaycanın təhlükəsizliyinin qarantı olan döyüş qabiliyyətli ordu və güclü iqtisadiyyat yaradılmış, Avroatlantik strukturlarına inteqrasiya baxımından uğurlu addımlar atılmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmışdır. İndi dünya bizi müstəqilliyin ilk illəri ilə müqayisədə qat-qat yaxşı tanıyır. Artıq bütün çətinliklərə baxmayaraq heç bir Azərbaycan vətəndaşı üçün siyasi müstəqilliyin və suverenliyin alternativi yoxdur. İndi Azərbaycanda öz yaradıcı gücünə, qüvvəsinə inanan bir xalq yaşayır. Bu xalqa arxalanaraq bütün mövcud problemləri, eləcə də 20 ildən bəri Qafqazın qan axan yarasına çevrilmiş Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündür. Müstəqillik hər bir xalq kimi azərbaycanlılara da özlərinin nəyə qadir olduğunu nümayiş etdirmək imkanı yaratmışdır. Və inamla demək olar ki, Azərbaycan bu imkandan uğurla yararlanmaqdadır.

–”Şviat elite” jurnalının redaksiyası adından cənab səfirə Polşadakı səmərəli fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə müstəqil dövlət quruculuğunda yeni nailiyyətlər arzulayırıq.

 

 

Söhbəti apardı:Marek KLİMAŞEVSKİ

 

525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.8.