BSU-nun xarici əlaqələrinin yeni mərhələsi

 

KAMAL ABDULLAYEV POLŞADA USTAD DƏRSİ KEÇİB

 

Bakı Slavyan Universitetinin ilbəil genişlənən xarici əlaqələri, son illər universitet həyatında baş verən dəyişikliklər bu təhsil ocağının böyük bir coğrafiyada nüfuzlu elm və mədəniyyət mərkəzi kimi tanınmasına gətirib çıxarıb. Təkcə son günlərdə BSU-da bir-birinin ardınca keçirilən iki beynəlxalq tədbir mədəni həyatımızın hadisəsi kimi yadda qaldı. Bunlardan biri “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” dastanlarının birgə tədqiqilə bağlı BSU ilə Almaniyanın Mayns Universiteti arasında bağlanmış 5 illik müqaviləyə əsaən keçirilmiş beynəlxalq simpozium, digəri isə BSU-da Fransa həftəsinin keçirilməsidir. Xatırladaq ki, bu tədbirlər çərçivəsində Almaniyanın və Fransanın Mayns, Sarbonna, İNALKO (Şərq dilləri və sivilizasiyaları institutu, Paris) və s. kimi universitetlərindən Azərbaycanı 50-yə yaxın elm xadimi ziyarət etdi. Bu, dünyanın tanınmış elm və mədəniyyət mərkəzləri ilə BSU-nun əlaqələrəinin yeni mərhələyə qədəm qoyduğunu və proseslərin universitetin əsasını qoymuş, 2001-ci ildə BSU Elmi şurasında nitqlə çıxış etmiş prezident Heydər Əliyevin tövsiyələrinə uyğun həyata keçirildiyini göstərir. Bütün bu proseslərin nəticəsində Azərbaycan elminin, ədəbi-mədəni-bədii irsimizin təbliği istiqamətində əhəmiyyətli işlər görülmüş olur. O cümlədən “Kitabi-Dədə Qorqud” dastanına ilk dəfə germanşünasların da bu qədər böyük maraq göstərməsi heç də təsadüfi deyil.

Yeri gəlmişkən, “Kitabi-Dədə Qorqud” eposunu tədqiq edən alimlərin həvəslə müraciət etdiyi elmi əsərlərdən biri də məhz BSU-nun rektoru professor Kamal Abdullayevin qələmə aldığı “Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud” kitabıdır. Artıq Rusiyada və Türkiyədə də nəşr olunmuş bu əsər, eposa artan diqqətin işığında, Avropa alimlərində də ciddi maraq doğurub. Bu günlərdə professor Kamal Abdullayev Fransanın Strasburq və Almaniyanın Mayns universitetlərində bu kitabın təqdimatının keçirilməsi və müəllifin həmin universitetlərin tələbələri qarşısında mifoloji-epik irs və onun tədqiqi ilə bağlı silsilə mühazirələrlə çıxış etməsi üçün hər iki universitetin rəhbərliyindən dəvət alıb. Bu birgə keçirilən konfransların məntiqi davamı kimi universitetlərarası münasibətlərin yeni səviyyədə davam etdirilməsinə yol açır. Bildirildiyi kimi professor Kamal Abdullayev bu dəvəti gerçəkləşdirmək üçün artıq Avropaya yola düşüb. Bu səfər çərçivəsində onun Strasburqda məskunlaşan “Azərbaycan evi”ndə də görüşləri və sözügedən kitabın təqdimatının keçirilməsi nəzərdə tutulub.

Lakin Kamal Abdullayevin səfər proqramı yalnız bunlarla məhdudlaşmır. Polşanın Bakıdakı səfirliyindən daxil olan məlumatda bildirilir ki, dünya ictimai rəyində Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə professor Kamal Abdullayev Polşa Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi diplomuna layiq görülüb. Xatırladaq ki, bu yaxınlarda prof. K.Abdullayev bir qrup Azərbaycan ziyalısı və dövlət xadimi ilə birgə Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən bu dövlətin “Böyük Xaç” kavaler ordeni ilə də təltif olunub.

Prof. Kamal Abdullayevin Avropaya səfəri Polşadan başlayıb. Polşa xarici işlər naziri Radoslav Sikorskinin dəvətilə Varşavaya gəlmiş Kamal Abdullayevə oktyabrın 22-də Belveder sarayında nazir tərəfindən Polşa Xarici İşlər Nazirliyinin diplomu təqdim olub. Həmin gün prof. Kamal Abdullayev BSU ilə sıx əlaqələr qurmuş Varşava universitetinin rəhbərliyinin dəvətilə Universitetin “Şərqi Avropa Tədqiqatları” institutunda olmuş, burada onun polyak dilində nəşr olunmuş məşhur “Yarımçıq əlyazma” romanının təqdimetmə mərasimi keçirilib. Bundan sonra Kamal Abdullayev Varşava universitetində azərbaycanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə ustad dərsi keçib.

 

 

Günay ƏLİYEVA

 

525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.9.