Nə etmək istəyirsiniz?

 

Srağagün Türkiyənin “Hürriyət” qəzetinin 1-ci səhifəsinə bir xəbər qoymuşdular. Xəbərin başlığı belə idi: “Oradakı bayraq dalğalanır”. Xəbərdə deyilirdi ki, Azərbaycan xatirə abidəsinin yanındakı türk bayraqlarını endirsə də İngiltərədə şəhid düşmüş türk pilotlarının məzarları üzərindəki türk bayraqları hələ də dalğalanır.

“Hürriyət” qəzeti Türkiyədə ən çox satılan qəzetdir. Çox satılmasına baxmayaraq zaman-zaman məsuliyyətsiz davranışlarından əl çəkmir. Xüsusilə “Hürriyət” qəzetinin köşə yazarları Məhmət Əli Brand və Haluk Uluengin kimilər istədikləri şəkildə erməni dostluğundan, qardaşlığından yaza bilirlər.

Onlar yaza bilərlər. Buna bir sözümüz yoxdur. Amma söhbət Azərbaycan-Türkiyə qardaşlığından düşəndə bu qardaşlığın gerçək olmadığını söyləyirlər.

Təəssüf ki, Azərbaycanda da bu cür yazılara rast gəlmək mümkündür. Bu məsələ ətrafında uzun-uzadı düşündüm. Mən Azərbaycana gedəndə, oradakı torpağa, insanlara baxanda içimdə isti duyğular baş qaldıranda hər zaman kimsə məni xəbərdar etdi və hadisələrə çox romantik yanaşdığımı söylədi. Azərbaycanda hansısa bir insandan sevgi ilə danışanda mənə dedilər ki, sən sevgində çox irəli getmisən. O insan əslində yaramazın biridir. Bilirəm, bəzi insanlar mənim çox sadəlövh olduğumu və insanları yaxşı tanıya bilmədiyimi düşünürlər. Neynək, qoy belə olsun!

İnsanların mənim haqqımda və mənimlə eyni nəsildən olan insanlar haqqında nə düşündükləri və necə hökm verdikləri məni düşündürmür.

Amma biz həqiqi qardaşlıqdan, insanlıqdan danışarkən keçmişi unutduğumuzun çox təssüf ki, fərqində deyilik.

Məhmətəlibrandlar, halukulugenlər və onların Azərbaycandakı oxşarları bizim yaşadıqlarımızı əsla yaşamayıblar.

Onlar Araz çayının kənarında oturub, qarşı tərəfə baxa-baxa ağlamayıblar. Onlar insanın ürəyini dağlayan, bir-birindən acı ayrılıq əhvalatlarını dinləməyiblər. Onlar həsrət nədir, qardaşlıq nədir, bacı nədir, eşq nədir, vəfa nədir öyrənməyiblər. Onlar hər şeyi maddiyyatla ölçüblər. Onlar yaşadıqları günü fikirləşirdilər. Onlar Azərbaycanda ermənilər türk uşaqlarını heyvan kimi boğazlayıb kəsəndə ya Moskvada, ya da Brüsseldə bir erməni ilə utanmadan-qızarmadan badə toqquşdurublar, içki içiblər. Onlar bizim sevdamızı, bizim həsrətimizi, bizim göz yaşlarımızı necə anlasınlar! Onlar üçün bu millətin qardaşlığı gerçək bir qardaşlıq deyil.

Onların mənim və ya mənim kimi həsrət içində yetişən insanlar sayaq olmaları mümkün deyil. Çünki onlar düz 70 il göz yaşı tökən Hacı Hüseyni tanımayıblar. “Xoş gördük, gözəl yurdum” kitabımda bu barədə yazmışdım. Bizim kənddə Hacı Hüseyn adlı bir adam hər gün hündür bir təpəyə çıxar, Arazın o tayında uçan durnalara baxa-baxa ağlayar, onlarla uzaqdakı bacı və qardaşlarına salam göndərərdi. Çünki Hacı Hüseyn kimi minlərlə insan bir gecədə ya bacısından, ya qardaşından ya da xalasından, bibisindən əbədi ayrılmışdı. Bu kədərli əhvalatlar kosmopolit bəylərin vecinə də deyil.

Allaha şükür ki, Azərbaycan müstəqilliyinə qovuşdu və həsrətlilər Vətənə qovuşmaqla az da olsa rahatladılar. İndi isə şeytanlar yenidən araya girərək bu gözləri yaşlı, ürəkləri yaralı insanları bir-birlərinə düşmən etmək üçün canla-başla çalışırlar. Türkiyədəki Brand kimilərə görə qardaşlıq nədir ki? Önəmli olan qonşuluq və Ermənistandır. Ölənləri, savaşı və kini bir tərəfə qoyaq. Vaxt keçirmədən qapılar açılsın, gedək Yerevanda araq içək.

Azərbaycandakı Brandın bənzərlərinə görə, Qarabağın taleyi necə olursa-olsun, onlar üçün fərqi yoxdur. Onsuz da Rusiya bizim böyük qardaşımızdır, onlar olmadan yaşaya bilmərik! Dilimiz, mədəniyyətimiz Türkiyə ilə eyni olsa da, bunun əhəmiyyəti yoxdur. O köhnə Moskva gecələri necə də gözəl idi. Necə də gözəl idi mehriban rus qızları! Ən yaxşısı bu romantik qardaşlığın əvəzinə gerçək bir siyasət yeridək, Rusiyaya yaxınlaşaq ki, hər cür xəyallarımız da gerçək olsun.

Əziz oxucular! Siz hansı Brandın tərəfini saxlayırsınız, onu bilmirəm. Amma mən bunu demək istəyirəm: “Dəyərli yazıçımız Anar bəylə bir həftə Avropanın ən önəmli şəhərlərində təşkil olunmuş şeir məclislərində olduq. Demək olar ki, hər şəhərdə nə zaman Azərbaycanın adını çəkdiksə yüzlərlə türk gənci ayağa qalxaraq bizi alqışladı. Onların Azərbaycana olan sevgisini yaxından gördük. Və Türkiyənin ən məşhur şairlərindən olan Yavuz Bülənd Bakilər hər çıxışda bir şeir oxudu: “Azərbaycan ürəyimdə bir şah damardır”. Hər dəfə bu şeir oxunanda salondakı türk gəncləri ağladılar. Mən o türk gənclərinin ürəyinin, göz yaşlarının tərəfindəyəm. Mənim duyğularım və həsrətim hələ də Hacı Hüseyn kimilərin duyğuları və həsrətləri ilə yan-yanadır.

Kimlər hansı bayrağı endirir, kimlər kiminlə araq, viski içir məni maraqlandırmaz. Mən ürək adamıyam və ürəyim də bu dostluğun, bu qardaşlığın, bu minnillik dastanın tərəfindədir!

O dastanı dilindən düşürməyənlərə salam olsun!

 

 

Orxan ARAS Almaniyadan yazır

 

525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.7.