Şoloxovla unudulmaz bir görüşün köhnəlməyən təəssüratları
Bəzən
həyatda elə səfərlər və görüşlər
olur ki, həmin vaxtlarda bəzi səbəblərə görə
yazılıb dərc edilə bilmir. Belə maraqlı görüşlərdən biri
1983-cü ilin iyununda olub. Əvvəlcə onu deyim ki, həmin
illərdə Naxçıvanda Könüllü Kitabsevərlər
Cəmiyyəti şəxsi kitabxanaları olanları
tanınmış yazıçı və şairlərlə
görüşlər üçün ezamiyyətə
göndərirdi. Belə bir xoşbəxt səfər mənim
də taleyimdə yaşanıb. Həmişə böyük
sənətkarlarla görüşlər ürəyimdən
olub, mənə sonsuz mənəvi zövq verib. 1980-ci ilin
yayında Yasnaya Polyanada, dahi yazıçı Lev Tolstoyun
olduqca zəngin, maraqlı ev-muzeyindəki sevinc bu gün xatirəyə
çevrilsə də, unudulmayıb. Bir həftəlik belə
maraqlı səfərlərdə adam daha çox öyrənməyə
can atır...
Dünyanın və
keçmiş SSRİ-nin çox yüksək
mükafatlarının sahibi olan, maraqlı əsərlərin
müəllifi Mixail Aleksandroviç Şoloxovla
görüşmək, onun əfsanəvi kazak malikanəsində
olmaq çox çətin məsələ idi. Əvvəlcə
rəsmi dövlət idarələri buna icazə verməliydi.
Ona görə də Naxçıvan Muxtar Respublikası
Könüllü Kitabsevərlər Cəmiyyətinin sədri
keçmiş Naxçıvan Vilayət Partiya Komitəsindən
icazə aldıqdan sonra mənim ezamiyyə sənədlərimi
hazırladı. Və iyun ayının əvvəlində
M.A.Şoloxovun yaşadığı Veşenskaya
stanitsasına yola düşdüm. Yuxarı Donda, daha
doğrusu Sakit Donda olan görüşlər məndə o qədər
zəngin təəssürat yaratmışdı ki,
Naxçıvana qayıdan kimi gənc olsam da
yaşadığım hissləri oxucularla bölüşmək
istəmişdim. Mənə məsləhət gördülər
ki, ancaq Naxçıvan radiosunda 10 dəqiqəlik verilişdə
çıxış edim. Yəqin ki, adi bir gənc oxucunun məşhur
ictimai xadim, Nobel mükafatçısı ilə
görüşməsi, 10 günlük ezamiyyəsi bəzilərini
narahat edirdi.
Əlbəttə, sonralar qəzetlərdə
yaza bilərdim, ancaq 1991-ci ildən sonra. Yeri gəldikcə bu
haqda da söhbət açacağam. Bəzi əlavələri
çıxmaqla, səfər təəssüratımı
1983-cü ildə qələmə aldığım kimi
yazıram. İndi qayıdaq mətləbə.
...İyunun 8-də səhər
Naxçıvan-Tbilisi avtobusu ilə yola düşdüm.
Axşamüstü Tbilisiyə çatdım. Nədənsə
həmişə bu şəhərə
ata-babalarımızın dediyi kimi “Tiflis” deməyi
xoşlayıram. Tbilisi-Rostov qatarının yola düşməyinə
4-5 saat qaldığından, bir neçə vacib yerlərə
baş çəkməyi lazım bilirəm.
Kür çayı boyunca Qorqasalı küçəsinə gəlib 17 nömrəli evdə yerləşən Azərbaycan xalqının böyük mütəfəkkiri və ictimai xadimi M.F.Axundovun ev-muzeyində oldum. Sonra şəhərin yuxarısında yerləşən müsəlman qəbiristanlığına getdim. M.F.Axundovun məzarını ziyarət etdim. Axşam düşürdü. Merabişvilinin yüksək sənətkarlıqla yaratdığı heykəl necə də əzəmətli görünürdü. Məzarın ətrafında yazıçının ailə üzvləri, onun müəllimi M.Ş.Vazeh, mollanəsrəddinçi şair Əliqulu Qəmküsar (naxçıvanlı Əliqulu Nəcəfov) dəfn ediliblər...
Axşam saat 9-da Tbilisidən Rostova yola düşdüm. Bütün yolboyu Tiflisdə gördüklərim məni xəyalən XIX əsrə aparıb çıxarmışdı...
Ayın
9-da axşamçağı
Yol
yoldaşlarım hamısı Don kazaklarıdı.
Danışıqlarından bilirəm.
Sübh
tezdən Bazkiyə çatdıq. Don çayının o tərəfində
Veşensk, hündür təpə üzərində qədim
sobor görünürdü. Avtobusdan yerə
düşürük. Ruhu oxşayacaq güllərin-çiçəklərin
xoş iyi ətrafı bürümüşdü.
Çöllərdən isə biçilmiş otun xoş, nəm
qoxusu gəlirdi. Sübh tezdən Don çayının
üstünü duman ağ örpəyə
bürümüşdü. Çünki buralar Donun yuxarı
hissəsi, başlanğıcı olduğundan yerli əhali
“Yuxarı Don” ifadəsini tez-tez işlədir. Millerovadan bu tərəfə
olan yerlər yazıçının “Sakit Don” epopeyasından
mənə
Veşenskaya Don çayı sahilində yerləşən qədim kazak stanitsasıdır. Hündürlüyə qalxdıqca hərdənbir dönüb Don çayının gözəlliyinə heyran-heyran baxıram. Onu da deyək ki, stanitsa sözü yazıçının xatirinə işlədilir, əslində artıq Veşensk rayon statusu daşıyır. Səhər saat 9-da rayon partiya komitəsinin binasında məni Kramskov qəbul etdi. O, həm də “Sovetskiy Don” qəzetinin redaktorudur. Mehmanxanaya zəng edib mənə yer ayırdı. Yazıçı ilə görüşə gələn qonaqların hər cür rahatlığını təmin edirlər. Sonra o mənə dedi ki, bu gün Moskvadan Veşenskə bolqar qonaqlar da gəlirlər. Belə bir tarixi günün iştirakçısı olduğum üçün sevinirdim. Ancaq bir az narahat oldum ki, rayon partiya komitəsinin birinci katibi Bulavinin qəbulunda ola bilməyəcəyəm. Onda yazıçı ilə görüşmək də çox müşkül olacaq. Çünki yazıçının səhhətini nəzərə alaraq, onunla görüşməyi həkimlər qadağan ediblər. Ürəyimdə dedim ki, Allah bilən yaxşıdır, işin axırını gözləyək. Sonra rayon icraiyyə komitəsində qeydə alındım. Rayon icraiyyə komitəsinin katibi Vaqner bildirdi ki, bu gün çoxlu qonağımız var. Gülə-gülə əlavə etdi ki, siz də əziz qonağımızsınız. Vaqnerdən öyrəndim ki, həmin gün saat 10-da dostluq mitinqi olacaq. Ondan xahiş etdim ki, mitinqdən sonra mənim yazıçının şəxsi katibi M.V.Konşinlə görüşməyimə köməklik göstərsin. Çünki sabah şənbə günü olduğundan Konşin işləməyəcəkdi. Hər gün o, Şoloxovun evinə səhər saat 9-da gəlib işə başlayır. Həftənin ikinci və beşinci günləri isə rayon icraiyyə komitəsində yazıçının yanına gələn qonaqları qəbul edir. Görüşlərin vaxtını, mümkünlüyünü əsasən o imzalayır. Sonralar öyrəndim ki, yazıçının malikanəsini də idarə edir. Yazıçı ilə görüşmək üçün çoxlu yoxlamalardan keçməlisən. Nə isə...
Səhər saat 10-dur. Veşenskayanı gəzirəm. Gözəl parklar, Lenin adınla meydan və xiyaban könül oxşayır. Bütün stanitsa cökə ağaclarının məstedici ətri ilə dolub... Kazaklar səliqə ilə geyinərək meydana toplaşırlar. Bolqar və sovet gənclərinin dostluq mitinqi oldu. Maraqlı çıxışlardan sonra Veşenskdəki mədəniyyət evinin artistləri konsert verirlər. Maraqlı kazak rəqsləri, mahnıları, rus və bolqar xalq mahnıları lap könülaçandır. Amma burada qəribə bir vəziyyət yarandı mənim üçün. Mitinqdəki çıxışları dəftərçəmə qeyd etmək istəyirdim ki, iki nəfər çox nəzakətlə mənə yanaşıb sənədlərimi istədilər, baxdılar və çox astadan dedilər ki, bu görüş sovet mətbuatında, həmçinin efirində bildirilməyəcək. Ona görə də heç nə yazmaq olmaz. Üzr istəyib aralandılar. Həmin dəftərçəni və orada yazdığım cümləni bu günədək saxlayıram. Sonralar kazaklar mənə dedilər ki, meydanda olanların əksəriyyəti DTK-nın əməkdaşları idi. Orada yaşadığım 10 gün ərzində mənə çox məsələlər məlum oldu. Bildim ki, yazıçı ilə görüş nəyə görə alınmır və sair... Mətləbdən uzaqlaşmayaq.
Konsert
qurtaran kimi qonaqlara bildirdilər ki, elə bu gün saat 4-də
yazıçı ilə 20 dəqiqəlik görüş
olacaq. Çalışacağıq ki, yerli qonaqlar da (biz 5 nəfər
idik, ikisi Orta Asiyadan, biri Moldaviyadan, biri isə Litvadan idi)
görüşdə iştirak etsinlər. Bizi təkrarən
icraiyyə komitəsinə apardılar. Hər birimizdən nə
üçün yazıçı ilə görüşmək
arzusunda olduğumuzu soruşdular. Gətirdiyimiz göndəriş
məktublara və digər şəxsi sənədlərə
baxdılar. Bildirdilər ki, əgər görüşə
buraxılsaq, nəyi demək olar, nəyi yox. Və bir də
tapşırdılar ki, görüş qəzetlərdə
verilməyəcək. Əgər verilsə də, stanitsa ilə
tanışlıq və sair gəzintiləri yaza bilərsiniz.
Elə buna görə də sovet hakimiyyəti illərində
səfər təəssüratlarımı elə-belə
yazmaq istəməmişdim.
Bir saatdan sonra bizə bildirdilər ki, 4-ün yarısında yazıçının evinin yanındakı milis məntəqəsində olarsınız.
Biz mehmanxanaya dönüb, necə deyərlər, aclığımızı öldürdük. Sonra Veşenskini gəzməyə başladıq. İstəyirdik ki, qəribə aləmi və qaydaları olan bu stanitsa ilə yaxından tanış olaq. Saat 4-ün yarısında bizə tapşırılan yerə gəldik. Bolqar nümayəndə heyəti də burada idi. Əvvəlcə onları, sonra isə bizi yazıçının malikanəsi yerləşən həyətə dəvət etdilər. Onu da deyim ki, M.A.Şoloxovun hasarından tutmuş həyətdə hər şey milli, Don kazaklarına məxsus formadadır.
Keçmiş SSRİ-də belə bir malikanə yalnız Şoloxovda idi: Hətta onun şəxsi at ilxısı, vətəgəsi, fabriki və digər şəxsi mülkiyyətlərinin də olduğunu öyrəndik. Xarici qonaqlara bunlar bir-bir sadalanırdı.
Birinci mərtəbədəki qonaq otağında əyləşdik. Bir azdan sonra məşhur əsərlərin müəllifi, çox sadə milli kazak hərbi geyimində olan yazıçı salona gəlib qonaqları salamladı. Hamı ayağa qalxıb yazıçını alqışladı. Onun mavi gözlərindən səmimilik tökülürdü. Əvvəlcə Bolqarıstan Kommunist Gənclər İttifaqının birinci katibi ilə (o, Todor Jivkovun oğlu idi) söhbət elədi. Yazıçının qarşısında qonaqların siyahısı vardı. Söhbət yazıçının yaradıcılığından gedirdi. Sovetlər İttifaqından olan yaşca kiçik qonaq mən idim. Həm də sıravi kənd müəllimiydim. Fikirləşirdim ki, belə məşhur şəxslərin yanında mən nə deyə bilərəm. Heç gözləmədiyim halda yazıçı mənim adımı çəkdi. Üzünü xarici qonaqlara tərəf tutub siyahıda yazılanları deməyə başladı, özünəməxsus şirinliklə.
– Görürsünüzmü, uzaq Naxçıvandan gənc kənd müəllimi mənimlə görüşməyə, Veşenskini görməyə gəlib. Şəxsi kitabxanası var. Bizdə, Sovetlər İttifaqında belə gənclər çoxdur...
Birdən üzünü mənə tutub soruşdu ki, məktəbdə mənim əsərlərimi tədris edirsiniz? Dedim ki, bəli. Əsərlərinizin hamısını tədris edirik. Mən rus dili və ədəbiyyatı fənnini də tədris etdiyim üçün onun yaradıcılığından saatlarla danışardım.
– Ən çox sevdiyin əsərin və baş qəhrəmanın varmı?
Dedim ki, “Sakit Don” və Qriqori Melexov. Niyəsə bir anlığa üzü ciddiləşdi.
Sonra söhbətini davam etdirdi:
– Təəssüf ki, heç zaman Azərbaycanda olmamışam. Amma xeyli azərbaycanlı yazıçı dostlarım var. Eh, Səməd, Səməd... Onunla görüşlərim çox olub... O illərin Səmədli günləri, xoş anları ürəyimə gah yük olur, gah da fərəh, fəxr... Naxçıvan böyük dövlət xadimi Heydər Əliyevin vətənidir. Orada olmaq, görmək istərdim. De görüm, sizdə belə çöllər varmı?
Dedim ki, Araz çayının solunda belə geniş çöllər var.
Avtoqrafla yazılmış “Donskiye rasskazı” və tədqiqatçısı K.Priymanın “Tixiy Don srajaetsya” monoqrafiyasını və rəngli bir kitab-albomu mənə bağışlayır.
Mən minnətdarlığımı bildirirəm və böyük Azərbaycan şairi Nizami Gəncəvinin nəfis tərtib edilmiş kitab-albomunu yazıçının şəxsi kitabxanasına təqdim edirəm. Qədim Odlar yurdu Azərbaycandan, onun ayrılmaz parçası Naxçıvandan və naxçıvanlı oxucularından səmimi salamlar çatdırıram. Böyük yazıçı da ondan bütün Azərbaycan xalqına, zəhmətkeşlərinə, naxçıvanlı oxucularına səmimi salamlar çatdırmağı tapşırır.
Görüş 1 saatdan sonra başa çatdı.
Mən Veşenskdə olduğum günlərdə yazıçının “Sakit Don”da təsvir etdiyi yerləri gəzdim-dolaşdım. Don çayının lap yuxarılarına getdim. Bu yerlər bir də mənə ona görə çox doğma idi ki, atam Böyük Vətən müharibəsində burada almanlarla vuruşmuşdu.
Veşenskdə əsərin qəhrəmanı Qriqori Melexovun (əsl adı Xarlampiy Yermakov olub) qızı Pelageya Şevçenko ilə də görüşüb söhbətləşdim. Onda bildim ki, nəyə görə mən Melexovun adını çəkəndə yazıçı qəmləndi.
1927-ci ilin iyununda Şoloxov “Sakit Don”un birinci hissəsinin əlyazmasını gətirir ki, nəşrə versin. Elə həmin günlərdə, iyunun 17-də, Melexovun prototipi Yermakovu Moskvada güllələyirlər. Yazıçının Melexovla bağlı başına çox oyunlar gəlib.
Melexovun (Yermakovun) ata nənəsi türk qızıdır. Yermakov çar ordusunda 4 dəfə Georgi Xaçı alıb. Bu ancaq cəsur, olduqca cəsur döyüşçülərə verilir.
“Sakit Don”u Şoloxov Yermakovun söylədikləri əsasında yazıb. Mən bu xatirə görüşümüzü yazıçının qonaqlara söylədiyi bir əhvalatla bitirirəm. Bu əhvalat yazıçıya Beynəlxalq Nobel mükafatı Stokholm şəhərində kral sarayında təqdim edilərkən baş verib. Həmin olmuş hadisəni tədqiqatçı K.Priymanın yazdığı kimi oxusaq, yerinə düşər: “Saçları ağarmış kazakın başı üstündə dayanmış İsveç kralı Qustav Adolf baş əydi və ingiliscə ona müraciət etdi. 60 yaşlı Şoloxov tərpənmədən kralın gözlərinin içinə dümdüz baxırdı və əsla təzim etmədi. Kazaklar əyilmirlər, onlar bunu heç vaxt etməyiblər, hətta Rusiya çarları önündə də!”
Naxçıvan radiosuna yazdığım mətndə bunu oxumuşdum. Veriliş efirə getməzdən əvvəl məni komitəyə çağırdılar. Unudulmaz şairimiz rəhmətlik Əliyar Yusifli dedi ki, ay oğul, mənim kabinetimdə qonaq var, nə desə, razılaş. Heç vaxt görmədiyim bu şəxs bildirdi ki, həmin cümlə pozulmasa, veriliş efirə getməyəcək. Razılaşdım. Bunu mənsiz də edə bilərdilər. Ancaq M.A.Şoloxov Moskvada Mərkəzi Komitənin üzvü idi. Və bir də onunla görüşən insanlarda yazıçının birinci köməkçisinin iş yerinin telefon nömrəsi olduğundan həmin cümləni müəllifdən razılıq almamış pozmamışdılar.
Musa QULİYEV,
AMEA Naxçıvan bölməsi
Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi
işçisi
525-ci qəzet.- 2009.- 27 oktyabr.- S.6.