Yaxın, uzaq Misir
Misirin Xarici İşlər
Nazirliyinin və Misir Texniki Əməkdaşlıq Fondunun təşəbbüsüylə
oktyabrın 10-dan 24-nə kimi bir qrup Azərbaycanlı jurnalist
bu ölkədə səfərdə olub. On yeddi nəfərlik
nümayəndə heyətinin tərkibinə dövlət,
müstəqil qəzetlərin və bir müxalifət mətbuatının
təmsilçisi daxil idi. Səfərin əsas məqsədi
KİV-lə bağlı treninqlərdə iştirak olsa da,
proqram ölkənin mədəniyyəti, tarixi, turizmi ilə
də tanış olmağa imkan yaratdı.
Jurnalist heyəti Misirin
baş şəhəri Qahirə aeroportuna çatanda
artıq gecə yarısı idi. Aeroportdan qalacağımız otelə
yol təxminən bir saat idi. Yuxusuzluğa, yorğunluğa
baxmayaraq fürsəti əldən verməyib yol boyu Qahirəni
seyr etməyə çalışırdım. İlk diqqətimi
çəkən isə nəhəng körpülər,
çirkli, hisə bulaşmış köhnə
yaşayış binaları, tikililər, Bakıda nadir
hallarda belə rast gəlmədiymiz, ömrünü
çoxdan başa vurmuş köhnə avtomobillər, bir də
hər addımbaşı silahlı polislər, əsgərlər
oldu. Sanki Qahirədə hərbi rejim hökm
sürürdü.
Sonradan isə öyrəndik ki,
bu, Misirdə hər an gözlənilən terror aktı ilə
əlaqədardır. Qahirədə yaşayış
binalarının bütünlüklə qaranlığa qərq
olması da diqqətimizdən yayınmadı. Əvvəlcə
düşündüm ki, şər vaxtıdır və hər
kəs yuxudadır. Amma sonra bəlli oldu ki, Misirdə
havanın temperaturu gündüzlər çox yüksək
olduğundan, insanlar gəzməyə, alış-verişə
gecələr çıxırlar.
Ona görə də gecələr
insanlar evlərində deyil, küçələrdə olur.
102 YAŞLI QAHİRƏ UNİVERSİTETİ
Bazar
günü artıq Misirdə idik. İstirahət edib, yol yorğunluğunu alacağımızı
düşünsək də, bəlli oldu ki, ölkədə
rəsmən istirahət günü cümə hesab olunur. Ona
görə də bir neçə saat dincimizi aldıqdan sonra
treninqlərdə iştirak etmək üçün Qahirə
Universitetinə yollandıq.
Qeyd edim ki,
səfəri təşkil edən Misir Texniki Əməkdaşlıq
Fondu 1992-ci ildə yaradılıb. Fondun MDB ölkələri üzrə icraçı
direktoru, ölkənin xarici işlər nazirinin müavini, səfir
Səmih Sutuhi deyir ki, Misir SSRİ dağılandan sonra
bütün post-sovet respublikaları ilə əməkdaşlıq
etməyə başladı. Misirin ingilis və fransızlardan,
yəhudilərdən azad olunmasında sovet ölkələrinin
böyük köməyi olub. Misir dövləti bu dəstəyi
heç vaxt unutmur və öz təşəkkürünü
bu vasitə ilə bildirir.
Fondun
büdcəsi 27 milyon funt təşkil edir. Quruma ölkənin
xarici işlər naziri rəhbərlik edir. Fond yeni yarananda 12
ölkə ilə əməkdaşlıq edirdi. İndi
Albaniya və Əfqanıstan da daxil olmaqla 19 ölkə ilə
əməkdaşlıq mövcuddur. Fond 40 adda kurslar təşkil
edir. Jurnalistlərdən başqa diplomatlar, kənd təsərrüfatı,
bank polis və s. sahələr üzrə kurslar keçilir.
Fond tərəfindən indiyə kimi 10 min kurs təşkil
olunub. Azərbaycan 195 kursun iştirakçısı olub.
Qahirə
Universitetinin nə az-nə çox, düz 102 yaşı var.
Bu universitet bütün dünyada məşhurdur. Azərbaycandan
burada 100 nəfərdən artıq tələbə təhsil
alır. Universitetdə hər fakültə üçün
ayrıca binalar var. Təhsil ocağı güclü
mühafizə olunur. Tələbələr universitetə
daxil olarkən tələbə biletlərini polisə göstərirlər.
Qahirə
Universitetinin medianın bütün sahələri üzrə
mütəxxəsis hazırlayan informasiya fakültəsi
1970-ci ildə, Misirin kaloniyalardan qurtarmasından sonra
yaranıb. Bir il sonra isə tələbə qəbuluna
başlayıb. Fakültədə üç kafedra
–jurnalistika, televiziya və radio, publisistika kafedraları fəaliyyət
göstərir. Fakültədə 4 minə yaxın tələbə
təhsil alır ki, onların da 95 faizini qızlar təşkil
edir. 130 professor var. Onlar Fransa, ABŞ və digər ölkələrdə
doktorluq dərəcəsi alıblar. Müəllimlərin də
əksəriyyətini qadınlar təşkil edir. Qeyri-ixtisas
sahibləri iki il təhsil alıb, jurnalist ola bilərlər.
Universitetin
professorları deyirlər ki, Misirin ərəb
dünyasında informasiya üzrə lider olmasına belə
mütəxəssislər kömək edir. Son zamanlar ərəb
aləmində açılan televiziya və qəzetlərin
yükü də məhz Misirin üzərinə
düşür. İnformasiya fakültəsinə daxil olmaq
üçün isə yüksək bal toplamaq gərəkdir.
Ötən ildən burada elektron media adlı yeni proqramın icrasına başlanılıb. Bu proqram müasir texnologiyada inqilab da hesab olunur. Fakültənin iki studiyası, televiziya və radio kabineti, kitabxanası, sosial sorğu mərkəzi mövcuddur.
TARİXİ HADİSƏLƏRƏ
ŞAHİDLİK EDƏN ZAL
Universitetin
ayrıca fəaliyyət göstərən zalı isə
1935-ci ildə yaradılıb. Bu zal bir çox tarixi hadisələrə
şahidlik edib. Nelson Mandella, Ənvər Sadat, Camal Əbdül
Nasir, Jak Şirak, Misirin hazırki prezidenti Hüsni Mübarək,
ABŞ prezidenti Barak Obama universitetin fəxri
doktorlarıdır. Üç məzunu məşhur
yazıçı Nəcib Məhbus, MAQATE-nin rəhbəri Məhəmməd
ər-Baradey, Fələstinin sabiq lideri Yasir Ərəfat Nobel
mükafatçısıdır. Barak Obama ərəb
dünyasına müraciətini məhz bu zaldan edib.
NİL ÇAYI –
MİSİRİN HƏYAT MƏNBƏYİ
Misir
körpülərin sayına görə dünyada ön yerlərdən
birini tutur. Nil çayı üzərində 3-4 mərtəbəli
körpülər salınıb. Dünyanını ən
uzun çayı olan Nil ta qədimdən Misirin həyat mənbəyinə
çevrilib. Nilsiz Misirdə həyatı təsəvvür
etmək belə mümkün deyil. Çünki ərazisinin əksəriyyəti
səhralardan ibarət olan və yağışa həsrət
qalan Misirin əsas su mənbəyi məhz Nil
çayıdır. Bu çayın hesabına kənd təsərrüfatı
ilə məşğul olan əhali ildə bir neçə dəfə
məhsul götürür. Gecələr isə Nil əhalinin
istirahət, görüş yerinə çevrilir.
QAHİRƏ MİLLİ
MUZEYİ
Qahirə
Milli Muzeyi təkcə Misirin deyil, bəşəriyyətin ən
qiymətli sivilizasiya nümunələrinin qorunduğu bir məkandır.
Avropalıların qədim Misirə və onun mədəniyyət
incilərinə marağı 17-18-ci əsrlərdən
başlayır. Daha dürüstü bu marağın təməli
Napaleonun 1798-ci ildə Misirə yürüşündən
sonra geniş vüsət alır. Bu ölkəyə gələn
Avropalılar qədim mədəniyyət incilərini Misirdən
çıxarmağa başlayırlar. Vəziyyətin
qarşısını almaq üçün Misiri idarə edən
alban əsilli Məhəmməd Əli 1834-cü ildə muzey
yaradaraq, bütün qiymətli eksponatları bir yerə
yığır. Təəssüf ki, muzeyə
toplanmış qiymətli eksponatların bir qismi Avstriya hersoqu
Maksimilyana hədiyyə edilir və bu gün o eksponatlar Vyana
muzeyində saxlanılır.
1902-ci ildə Misirin qiymətli incilərinin qalıqları qorunmaq üçün fransız arxitektoru Marsel Durnon tərəfindən ərsəyə gətirilmiş möhtəşəm muzeyə gətirilir. Bu gün Qahirə Milli Muzeyinin yüzdən artıq salon və qalareyasında 150 mindən çox eksponat toplanıb və bunların hamısına baxmaq üçün ən azı 3-4 gün vaxt lazımdır. Elə ona görə də muzeyə getməzdən əvvəl tərcüməçimiz Adri xəbərdarlıq etdi ki, muzeyin ən vacib zallarını seyr edəcəyik.
Qeyd edim ki, hər il Misirə 10 milyona qədər turist gəlir və onların da böyük əksəriyyəti Misir piramidalarını və Qahirə Milli Muzeyini ziyarət edir. Biz muzeydə olanda da böyük turist axını ilə qarşılaşdıq.
Qahirənin Tahrir meydanında yerləşən muzey onu ziyarət edənlərin beynində dərin izlər buraxır. Bu muzeydə yaşanan hər dəqiqə, digər məkanlarda yaşanan anlardan büsbütün fərqlidir. Muzeydə müxtəlif dövrlərdə arxeoloji qazıntılar zamanı Misir piramidalarından tapılmış eksponatlar ciddi mühafizə altında saxlanılır, videokamera və fotoaparatın içəriyə keçirilməsi qadağan edilib. Bütün bu qadağalara baxmayaraq muzeyə daxil olmuş gənclərimiz peşə ustalıqlarını nümayiş etdirərək, bəzi eksponatları lentə almağa müvəffəq oldular. Hətta muzeydə eksponatların yanında şəkil çəkdirənlər də oldu. Amma sonra bəzi həmkarlarım, o cümlədən mən həmin şəkli fotoaparatın yaddaşından sildim. Etiraf edim ki, ki, bu da inanclarla bağlı idi. Çünki hələ Misirə getməzdən əvvəl eşitdiklərimdən və oxuduqlarımdan belə qənaətə gəlmişdim ki, bu kimi şeylər insana bədlik gətirir.
Muzeyin ən qiymətli eksponatı şübhəsiz ki, firon Tutanxamonun 1922-si ildə tapılmış sarkofaqıdır. 18 yaşında ölmüş firon Tutanxamonun mumiyalanmış meyidinin saxlandığı sarkofaqın bu günədək heç bir dağıntıya məruz qalmaması çox sirli və möcüzəlidir. Arxeoloji sensasiya sayılan bu tapıntı zamanı eksponatlar o qədər çox idi ki, Qahirə Milli Muzeyi onu daşımaq üçün düz beş il zaman sərf edib. 110 kiloqram xalis qızıldan olan sarkofaq, gənc Tutanxamonun qızıl maskası və üstü qiymətli daş-qaşla bəzədilmiş qızıl tacı muzeyin ən qiymətli eksponatları sayılır. Qahirə Milli Muzeyindəki eksponatlardan yazmaqla oxucuda min illər əvvəl sənət adamlarının yaratdıqları sənət inciləri barədə təsəvvür yaratmaq mümkün deyil. Ən yaxşısı gözlə görməkdir.
Tutanxamonun əşyalarının yerləşdiyi zala daxil olanda isə demək olar ki, hər birimizin halı dəyişdi. Zalın fərqli və qəribə aurası insana mənfi təsir edirdi. Yalnız bundan sonra tərcüməçimiz Adrinin zala daxil olmamasının səbəbini başa düşdüm. Adri etiraf etdi ki, zalda özünü pis hiss edir, eyni zamanda qədimdən bu yana saxlanılan mumyalanmış meyidlər infeksiya mənbəyidir.
(ardı gələn sayımızda)
Pərvanə SULTANOVA,
Bakı-Qahirə-Bakı
525-ci qəzet.- 2009.- 27 oktyabr.- S.5.