İslam mədəniyyətinin Bakı prosesi
“Bu şəhər həddən
artıq əlverişli
məkanda yerləşir
və ticarət yollarının üstündə
olduğundan cəmi müsəlman tacirlərinin
ora baş çəkmələri müzayiqdir”.
XIV əsrdə
ərəb tarixçilərindən
birinin yazdığı
bu kəlmələr qərinələr boyu İslam aləmində dolaşan həqiqətlərdən
olub. Qəznədən
Mərakeşə, Multandan
Bağdada, Kazandan Pişəvərədək geniş
arealdakı müsəlman
üləmaları və
ziya sahiblərindən
tutmuş, tacirlərədək
minlərlə insan Bakıya gəlib. Kimi burada qalıb,
kimi də şəhərdən keçib
yoluna davam edib. Lakin hər
gələn özü
ilə Bakıya mədəniyyətinin bir
parçasını, irs
və ənənələrinin
ünsürlərini gətirib.
Əsrlər keçdikcə
Bakı kosmopolitləşmək
əvəzinə, yerli
mədəniyyətlə gəlmə
nüansların üzvi
birləşməsini ortaya
qoysa da, özünü və özlüyünü qorumağa
nail olub.
Bu ilin fevral ayından
bəri Bakı İslam mədəniyyətinin
mərkəzi elan olunub. Sayı 1,4 milyarda çatmış müsəlmanların qədim
və indiki mədəniyyətinin bir
il ərzində qovşağına dönmüş
Azərbaycanın paytaxtının
missiyası sadəcə,
rəsmi elan edilmiş statusla bitmir. Əslində elə rəsmi tədbirlərin özü
belə, maraqlıdı.
Azərbaycanda çoxsaylı
tədbirlər keçirilib,
artıq uyğun veb-saytın, reklam çarxlarının
və ölkə barədə beş sənədli film hazırlanıb. Bakının
İslam mədəniyyətinin
mərkəzi elan olunması həm də sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun daha da intensivləşməsinə
təkan verib.
Ən başlıcası isə odur ki,
Bakı ilə yanaşı regionlarda da bir sıra
tədbirlər keçirilib.
Azərbaycanda bir sıra İslam dövlətlərinin mədəniyyət
günlərinin, həmçinin
İordaniya, Qırğızıstan,
İran, Mərakeş
və Qətər kimi ölkələrin musiqi festivaları, habelə İslam dünyası ölkələrinin
siyasi görüşləri
də keçirilib.
Bakının 2009-cu il İslam mədəniyyət
mərkəzi elan olunması qərarı
2007-ci ildə İslam
Konfransı Təşkilatına
üzv ölkələrin
mədəniyyət nazirlərinin
beşinci konfransı
zamanı qəbul edilmişdi. Həmin qərarın verilməsində
isə Heydər Əliyev Fondu və bu qurumun
rəhbəri, YUNESKO və
İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti
danılmazdır.
Zira 2008-ci ilin 2-3 dekabr tarixlərində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçirilmişdi. Konfransın gedişində Bakı Bəyannaməsi qəbul edilib, iştirakçı dövlətlər, eləcə də tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığını və fəaliyyətlərinin əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub.
Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın ölkənin mədəni irsinin təbliğatı sahəsində fəalliyyəti dünən və ya srağagün yox, çox əvvəl başlayıb. Məhz bu səbəbdən də o, ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.
M.Əliyevanın 1995-ci ildən
etibarən rəhbərlik
etdiyi Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət
tədbirləri və
konsertlər təşkil
etməklə ölkəmizin
mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin
təmin olunması sahəsində böyük
xidmətlər göstərib.
Azərbaycanın ənənəvi
klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə
Mehriban xanım Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması
təşəbbüsünü irəli sürüb, sonra da həmin
ideyanı reallaşdırıb.
O, YUNESKO-nun xoşməramlı
səfiri kimi təşkilatın qeyri-maddi
mədəni irsin, xüsusilə folklorun, ifaçılıq sənəti
və xalq sənətkarlığının qorunması istiqamətindəki
fəaliyyətini dəstəkləyir.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
keçirilən beynəlxalq
muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin
bütün dünyada
tanıdılması, təbliği
və sevilməsi istiqamətində mühüm
tədbirlərdən biridir.
Fəqət, həmin
fəaliyyətin ən
maraqlı və ölkənin İslam dünyasında daha da tanınmasına xidmət edən yönlərindən biri Bakının indiki mərkəz statusunu oynaması barədə qərardır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının
Məkkə şəhəri
ilk “İslam mədəniyyəti paytaxtı”
elan edilmişdi.
Bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində
zəngin tarixi olmalı, elmin, incəsənətin və
ədəbiyyatın inkişafına
xüsusi töhfə
verməli, həm İslam mədəniyyətinə,
həm də bütövlükdə dünya
mədəniyyətinə xüsusi
münasibəti ilə
seçilməlidir. Bundan əlavə, İslam mədəniyyəti
paytaxtı seçilməyə
namizəd şəhərin
elmi mərkəzləri,
əlyazma kitabxanaları,
arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi şəkildə mədəni
tədbirlər təşkil
edən təsisatları
olmalıdır.
Bakı bu yüksək və fəxri ada İslam mədəniyyəti
və elm sahəsində görkəmli
xidmətlərinə, İslam
abidələrinin qayğı
ilə qorunmasına və islam irsinin
zənginləşdirilməsinə görə layiq görülüb. İSESKO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri
Bakıda səfərdə
olarkən demişdi:
“Bakının İslam
mədəniyyəti paytaxtı
elan edilməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək
üsuludur, çünki
Bakı İslam dünyasında ən qədim şəhərlərdən
biridir”.
Azərbaycan Qərb və Şərq mədəniyyətini özündə
birləşdirən ölkədir,
onun zəngin mədəni irsinin öyrənilməsi bütün
İslam dünyası
üçün mühüm
əhəmiyyət kəsb
edir.
Sivilizasiyalar arasında İslam sivilizasiyanın həmişə xüsusi
yeri olub. İslamın geniş yayılmasını təkcə
dini etiqad baxımından izah etmək düzgün deyil.
İslamın yayılması
həm də mədəni ənənə
və elmlə bağlıdır. İslamda
qələmə və
yazıya and içilir. Bütün bunlar onu göstərir
ki, İslamda elmə böyük əhəmiyyət verilib.
İslamın mədəni
göstəricilərindən biri də kitab
mədəniyyətidir. Heç
bir din haqqında
bu qədər kitab yazılmayıb. Və bundan sonra da yazılacaq
kitablar arasında Bakının indiki statusundan dolayı, ölkə paytaxtında baş tutacaq tədbirlər, görüləcək
işlər və atılacaq addımlar şəhərin adını
İslam mədəniyyəti
tarixində əlahiddə
yerə yazasıdır.
Zira Bakı böyük meqapolis və urbanistik şəhər olmaqla yanaşı, Qərb və Şərq mədəniyyətlərinin üzvi qovuşduğu məkan, Şərq üçün Qərbin, Qərb üçün də Şərqin qapısı rolunu oynayan yerdir.
Heydər Əliyev Fondunun bu yöndəki fəaliyyəti isə Bakının İslam aləmində tolerant, mədəniyyətlərin tam anlamlı və birgə olduğu şəhər; Qərbdə isə siviliziyaların mədəniyyətlərinə açıq olan İslamın nümunəsi kimi tanınmasında mühüm rol oynayır, həmin rol vaxt keçdikcə daha da güclənəsidir.
Onu da qeyd edək ki, Bakı İslam
mədəniyyətinin mərkəzi
elan olunduğu gündən bu günə kimi bu istiqamətdə çoxsaylı tədbirlərin
keçirilməsində, sənədli
filmlərin hazırlanmasında
və s. Mədəniyyət Nazirliyinin
və cənab nazir Əbülfəz Qarayevin böyük xidmətləri olmuşdur.
Təbii ki, Bakının İslam mədəniyyətinin mərkəzi
elan olunması yönündə aparılan
uğurlu siyasət həm də sivilizasiyalar və mədəniyyətlərarası dialoqun daha da
intensivləşməsinə təkan verib.
Beləliklə, çeşidli sahə və müstəvilərdəki işləri ilə tanınan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr heç şübhəsiz ki, İslam mədəniyyətinə Bakının verdiyi töhfələrini daha da artaraq rəngarəngləşməsinə xidmət edir.
Xanoğlan ƏHMƏDOV
525-ci qəzet.- 2009.- 28 oktyabr.- S.4.