Roza Əliqızının “Vətən çağırır” kitabı təqdim edilib
Oktyabrın 28-də hərbi jurnalist, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızının Qarabağ savaşına həsr edilmiş “Vətən çağırır” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunub. 5 bölümdən ibarət bu kitabın I bölümündə müəllifin özünün bilavasitə iştirak etdiyi döyüşlərə aid xatirələr, II bölümdə sənədli hekayələr, III bölümdə Qarabağ döyüşləri və döyüşçüləri haqqında, IV bölümdə fədakar jurnalistlər barədə materiallar, V bölümdə publisist yazılar və müsahibələr öz əksini tapıb. Təqdimatda Qarabağ döyüşçüləri, ehtiyatda olan zabitlər, ziyalılar iştirak ediblər.
Şair-publisist Oqtay Rza, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, ehtiyatda olan polkovnik Həsən Əmirov, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli və başqaları Roza Əliqızının bu kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında özünəməxsus rol oynayacağına inandıqlarını bildiriblər.
Kitaba şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu önsöz yazıb, redaktoru isə Elnurə Qarayevadır.
525-ci qəzet.- 2009.- 29 oktyabr.- S.7.