Nə qədər ki, Azərbaycan, nə qədər ki, qədirbilən xalqımız var...
Xeyirxah əməlləri, xalq qarşısında namuslu
xidmətləri ilə
sağlığında ümumxalq
sevgisi qazanmış insanları yada salmaq, xatirələrini dilə və qələmə gətirmək
nə qədər xoşdursa, ürəkaçandırsa,
onlar haqqında keçmiş zamanda danışmaq bir o qədər ağırdır.
Şəxsən mənim nəzərimdə belə
insanlar sağdırlar,
bizimlə birlikdə həyatda yaşayır, yaradırlar. Daha doğrusu, əbədidirlər,
ölməzdirlər. Sadəcə
olaraq onlar dünyalarını dəyişirlər.
Cismən bizi tərk etsələr də, mənən xatirələrdə, yaddaşlarda
yaşayırlar.
Məhz haqqında bəhs edəcəyim unudulmaz Rəşid İsmayıl oğlu Mahmudov da belə
şəxsiyyətlərdəndir. Səksən
illik yubileyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda doğmalarını,
dostlarını və
xeyirxah əməlləriylə
qəlblərində ümid
qığılcımları közərtdiyi neçə-neçə sadə vətəndaşı tərk
etsə də o, candan əziz
bildiyi doğma Vətən torpağına
qovuşdu.
Rəşid Mahmudov dövlətinə, xalqına
xidmət yolunda yüksəklərə qalxmış
şəxsiyyətdir. O, sanballı,
alicənab, ağır-cəngər bir kişi idi. Hansı vəzifədə
çalışmağından asılı olmayaraq hər yerdə, hər zaman sadəliyi, insansevərliyi,
səliqə-sahmanı
ilə seçilərdi.
Mərkəzi Komitədə işlədiyi
vaxtlarda da, respublika mətbuat orqanlarına rəhbərlik
etdiyi illərdə də, minlərlə seçicinin etimadını
doğrultduğu deputatlıq
dövründə də
bu səmimilik, sadəlik, müdriklik və alicənablıq keyfiyyətləri onu heç vaxt tərk etmədi.
Mən sərhəd qoşunlarında
uzun müddət xidmət etdiyimə görə Rəşid müəllimin sərhədyanı
rayon olan Zaqatalaya rəhbərlik etdiyi zaman əldə etdiyi nailiyyətlərinin
canlı şahidiyəm.
O, respublikanın ən böyük və məşhur rayonlarından
olan Zaqatala rayon partiya komitəsinin
birinci katibi olduğu zaman müstəsna işləri
ilə, özünün
əqidəliyi, büllur
təmizliyi, qayğıkeşliyi
ilə rayon əhalisi arasında yüksək nüfuz qazanmışdı. Otuz ildən artıq vaxt keçməsinə baxmayaraq,
indi də Rəşid müəllimin
adı gələndə
rayon əhalisi onu böyük hörmətlə yad edir. Rəşid müəllimin respublikanın
ictimai həyatında
da fəallığı
yüksək idi. O, Respublika Veteranlar Şurası nəzdində
“Vətən” nəşriyyatını
təsis edib, ona rəhbərlik etmiş, “Veteranlara dövlət qayğısı”
sənədlər toplusunun
nəşrini həyata
keçirmişdir. Uzun
müddət Azərbaycanda
xidmət etməyimə
görə Rəşid
İsmayıl oğlu
ilə ümumrespublika
tədbirlərində, fəallar
yığıncaqlarında tez-tez görüşər,
ölkənin ictimai-siyasi
həyatında onun müstəsna rolunun şahidi olardım. Xüsusilə də Azərbaycan Respublikası
Ali Sovetinin sessiyalarında bir yerdə olardıq. Rəşid müəllim
də mənim kimi bir neçə
dəfə Azərbaycan
Respublikasının Ali
Sovetinə deputat seçilmişdi. Onun deputat kimi ayrı-ayrı komissiyaların işində, qanunların
qəbul olunmasında,
seçicilərin arzu
və istəklərinin
reallaşmasında səmərəli
fəaliyyətini tək
mən yox, o vaxtkı deputatların
hər biri təsdiq edə bilər.
Mən bir şeyi xatırlatmaq istəyirəm. 1987-ci ildə
məni yeni yaranmış Azərbaycan
Respublikası Veteranlar
təşkilatına sədr
seçdilər. O vaxt Rəşid müəllim redaktoru olduğu “Kommunist” qəzetinin səhifələrində
veteran hərəkatına
geniş yer ayırır, respublikanın
birinci qəzetində
xalqımızın şanlı
döyüş ənənələri,
görkəmli sərkərdələrin
xidmətlərini müntəzəm
işıqlandırır,
gənclərin hərbi
vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə yazılmış materialların dərcinə
xüsusi əhəmiyyət
verirdi. Veteranlar təşkilatımızın fəaliyyəti
şəxsən Rəşid
müəllimin diqqət
mərkəzində idi.
Rəşid Mahmudov hər görüşümüzdə vurğulayırdı ki, Azərbaycan oğullarının hərbi peşələrə cəlb olunması, onlarda zabitlik peşələrinə həvəs oyadılması, xüsusilə də ata-babalarının qəhrəmanlıq yolunu mənimsəmələri təkcə qəzet redaksiyalarının deyil, bütün ictimaiyyətin vəzifəsi olmalıdır.
Mən Rəşid İsmayıl oğlunun necə vətənpərvər bir şəxsiyyət olduğunu ötən əsrin 80-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində bir daha hiss etdim və gördüm. Yaxşı yadımdadır, ermənilər mərkəzi mətbuatda Azərbaycana ərazi iddiaları ilə vaxtaşırı məkrli və böhtan dolu yazılar dərc etdirəndə onlara ilk və tutarlı cavab verənlərdən birinci məhz Rəşid müəllim olmuşdu. Hələ də onun “Coğrafiyanı səhv salanda” başlıqlı yazısını xatırlayıram. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı qanlı terror aktı həyata keçirildi. Bakıda fövqəladə vəziyyət elan olundu. O günlərdə qəzet və jurnalların bir çoxunun fəaliyyəti dayandırıldı və xüsusi hərbi senzura tətbiq edildi. Lakin bütün qadağalara baxmayaraq, Dövlət Mətbuat Komitəsinin sədri Rəşid Mahmudov yenə də fədakarlığından qalmadı. Onun rəhbərliyi ilə hazırlanmış “Qara Yanvar” (“Çernıy Yanvar”) kitabı əldən-ələ gəzdi, ölkənin hüdudlarından çox-çox uzaqlarda yayılaraq Azərbaycan xalqının faciəsini dünyaya çatdırdı. Bu, Qorbaçovun bərk hiddətinə səbəb olsa da, artıq öz işini görmüşdü. Bəli, “Qara Yanvar” kitabı Rəşid İsmayıl oğlunun cəsarətinin və fədakar əməyinin bəhrəsi idi.
Rəşid Mahmudov haqqında daha çox danışmaq, onun xidmətlərini xatırlamaq olar. Ancaq nə etməli
ki, biz bütün
bunlar barədə keçmiş zamanda danışır, xatırlayırıq.
Söhbətimin əvvəlində
nə üçün
keçmiş zamanda demədim ki, xeyirxah əməlləri,
xalq və milləti qarşısında
namuslu xidmətləri
ilə sağlığında
ümumxalq sevgisi qazanmış insanlar ölməzdilər, əbədidirlər.
Dedim və sözümün üstündə
dururam. Unudulmaz Rəşid İsmayıl
oğlu Mahmudovun adı və əməlləri nə qədər ki, doğma Azərbaycanımız
və onun qədirbilən xalqı var, daima yaşayacaqdır.
Mustafa Cəfər
oğlu NƏSİROV,
istefada olan
general-mayor
525-ci qəzet.- 2009.- 29 oktyabr.- S.6.