Qafqazın şeyxi

 

Müstəqil Azərbaycanda dinə, milli-mənəvi dəyərlərə münasibət həmişə yüksək səviyyədə olub. Bəllidir ki, Azərbaycan çoxmillətli ölkədir, burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mərhum prezident Heydər Əliyevin dinə, dini dəyərlərə münasibətdə yürütdüyü siyasət, din-dövlət münasibətlərinin düzgün məcraya istiqamətləndirilməsi sahəsində mövcud dövlətçilik ənənələri dövlət başçısı cənab İlham Əliyev tərəfindən bu gün böyük uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkəmizdə demokratik-hüquqi prinsiplərin, din və vicdan azadlığının ardıcıl surətdə həyata keçirilməsinin təminatçısıdır. Ölkədə bütün dini qurumların sərbəst fəaliyyət göstərə bilməsi üçün hər cür şərait yaradılıb. Amma bəzən dinlərarası münasibətlərə süni gərginlik gətirilir, qarşılıqlı ittihamlara, təhqirlərə rast gəlinir. Hətta bəzən müxtəlif ölkələrdə islam dini haqqında çox yanlış təsəvvür yaradılır. Amma bunun qarşısını öz təcrübəsi ilə alan, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasına çalışan mübarək isim sahiblərimiz həmişə olub və bu gün də var. Xüsusən, bu son illərdə respublikamızda dinlərarası, təriqətlərarası münasibətlərin yüksək səviyyədə olmasında Azərbaycanda ali dini lider məqamında olan şeyxülislamlıq institutunun və bu məqamın başında dayanan Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin xidmətləri danılmazdır. Hələ sovetlər dönəmində onun Azərbaycanda dini maarifləndirmə sahəsində göstərdiyi mücadilə hamının yadındadı. Bəli, Azərbaycan xalqı bunu bilir və qiymətləndirir, çünki bu, ölkəmizin hərtərəfli inkişafı üçün çox vacibdir. Bundan başqa Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) inkişafında, nüfuzunun artmasında və dünyada tanınmasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin böyük xidmətləri var. O, dövlətin yaratdığı münbit şəraitdən istifadə edərək çox böyük işlər görüb. O, QMİ-ni Qafqazda ən böyük dini təşkilata çevirib. Şeyx həzrətlərinin sayəsində əldə edilən ən böyük nailiyyətlərdən biri QMİ-nin öz faaliyyətini daha da təkmilləşdirməyə, əhatə dairəsini genişləndirməyə nail olmasıdır. Özü də bütün bunlar postsovet məkanında digər anoloji qurumların parçalanması və dağılması fonunda baş verib. Bu gün QMİ bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınır, fəaliyyətinə yüksək qiymət verilir. Qafqaz müsəlmanlarının səsi ən mötəbər beynəlxalq məclislərdən, nüfuzlu təşkilatlardan gəlir. Bunların sırasında BMT, YUNESKO, İKT, “Vicdana çağırış” fondu, Ümumdünya Xalq İslam Rəhbərliyi və s. nüfuzlu təşkilatların adlarını çəkmək olar. QMİ son illərdə bu sahədə fəaliyyətini daha da artıraraq, bu istiqamətdə bütün imkanlardan istifadə edib. Danılmaz həqiqətdir ki, 70 illik sovet-ateist təbliğatından sonra müstəqil Azərbaycanda dinimizin, mənəvi dəyərlərimizin, milli özünəməxsusluğumuzun bərpası istiqamətində əhəmiyyətli addımlar atılıb, müsbət nəticələr əldə olunub. Yalnız onu demək kifayətdir ki, sovet dönəmində Azərbaycanda cəmi 10-15 məscid var idisə, hal-hazırda onların sayı yüzlərlədir. Müsəlmanlar üçün müqəddəs məkanlara ziyarətlər təşkil olunur, çox sayda mədrəsələr, QMİ nəzdində Bakı İslam Universiteti, habelə Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi fəaliyyət göstərir. Təbii ki, biz bütün bunları müstəqil Azərbaycanda demokratiyanı nəticəsi, ələlxüsus da dövlətin müqəddəs dinimizə qayğısı və himayəsinin, dövlət-din münasibətlərinə dair siyasətin uğurlu nəticələri kimi dəyərləndiririk. Eyni zamanda Şeyx həzrətləri ölkəmizdə dini tolerantlığın formalaşmasında mühüm xidmətlər göstərib. Ancaq çox təəssüf ki, sovetlər dönəmində onun adıyla bağlı yersiz iftiralara, böhranlara, yalanlara söykənən çağırışlar da eşidilməkdə idi. Hətta Şeyx həzrətlərinin din və dövlət münasibətlərində tutduğu mövqe bəzilərini rahatsız etməyə başlamışdı. Ancaq Şeyx həzrətlərinin daxili imanı ilə bərabər, Azərbaycan dövlətinə, millətinə bağlılığı həmişə bu məkrli planları alt-üst edib.

Ölkəmizdə əhalinin 90 faizdən çoxunun müsəlman olduğu şəxsən bəllidir və bu bəlli faizin də dini lideri Şeyx həzrətləridir. Bir həqiqət də var ki, ölkə vətəndaşları bəzən sosial ədalətsizliklə, hansısa məmur özbaşınalığı ilə üzləşdikdə döydüyü qapı Şeyx həzrətlərinin həmişə açıq qapısı olub. Təbii ki, mövcud problemlərin çoxu həllini tapır. Amma elə ki, hansısa məsələnin həlli bir qədər gecikir, o zaman narazılıqlar mətbuata yol tapır, Şeyx həzrətləri tənqid obyektinə çevrilir, hətta onu şantaj etməkdən belə çəkinmirlər. Halbuki dünyanın heç bir yerində ölkənin dini liderinə qarşı küfrə yol verilmir. Yaxın keçmişdə Şeyxə qarşı küfrə ölkə başçısının, digər tanınmış isim sahiblərinin “dayan” deməsi Azərbaycanda mənəvi dəyərlərin qorunmasının, cənab prezident tərəfindən mühafizəsinin bariz göstəricisi oldu. Digər tərəfdən, Şeyx həzrətlərinin xalqın ağır anlarında öndə olması, 20 yanvar qırğınında gecəli-gündüzlü insanların arasında görünməsi, bürokratik əngəllərə rəğmən dini liderlik məqamına sahib olmağa haqqı olan kəsin ata biləcəyi addımı atması həmişə gözümün önündədir. O vaxtlar mən Bakı Dövlət Universitetinin hazırlıq kursunda oxuyurdum. Həmin dövrdə Şeyx həzrətlərinin xalqın önündə gedərək, hamını səbrə, təmkinə, iradəyə səslədiyinin, öz nüfuzundan istifadə edərək dünyaya car çəkməsinin canlı şahidiyik. İnsanlara islam, inanc adamının, dini liderin göstərə biləcəyi bir şəfqətin, bir mərhəmət hissinin şahidiyəm. Doğrusu, özüm də bəzən Şeyx həzrətlərinin rəhbərlik etdiyi qurumun problemlərini ölkə mətbuatında gündəmə gətirmişəm. Səhərisi gün isə Şeyx həzrətlərinin yanına hansısa bir problemlə bağlı getmişəm. O isə bir gün öncə rəhbərlik etdiyi qurum haqqında tənqidi çıxış edən Seyid Camalı deyil, vətənini, dövlətini sevən və dövlətçiliyinə bağlı olan Seyid Camalı dinləyirdi. Təbii ki, həmin tənqidi çıxışları edəndə də mən bugünkü Seyid Camal idim, o isə heç fərqinə varmazdı. Hətta mən “Şeyx həzrətləri, dünən belə bir fikir söyləmişdim, bu məni narahat edən hisslərim idi, onu deməsəydim, Seyid Camal olmazdım” deyəndə, o, gülümsəyərək “biriləri bunu məkrdən yazır, amma siz içinizdəki dövlətə, millətə, dinə, dini bütövlüyə sevgidən yazırsınız. Onlar da deyilməlidir ki, biz problemləri görək, aradan qaldırılmasına çalışaq” cavabını vermişdi. Bəzi qəzetlərin Şeyxə qarşı böhtan, yazılarına cavab olaraq mərhum prezident Heydər Əliyevin bir bəyanatını xatırlayıram. H.Əliyev deyirdi ki, bir prezident kimi mənim haqqımda nəzə yazmaq olar, amma ali dini məqamın başında duran adamı təhqir etmək yolverilməzdir.

Mən dəflərlə bəyan etmişəm ki, ən böyük demokratiya islamdadır, onun gətirdiyi qaydalar içərisindədir. Bu həqiqəti Azərbaycanın dini məkanında, Şeyx həzrətlərinin dini dözümlüyündə, insanlara münasibətində, mərhəmət, şövkət hisslərində bir daha özüm üçün təsdiqlədim.

Bir məqama da toxunmaq istəyirəm. Bu son 30 ildə Şeyx həzrətlərinin siyasi iddiada olmaması onun dövlətə, millətə, dinə sədaqəti və din adamının siyasətə qarışmalı olmamasına bir nümunədir. Onun bütün təriqətlərə eyni gözlə baxması və ölkədə təriqət təmsilçilərinin hər birinə hörmətlə və inanc hissilə yanaşması da Azərbaycan dövlətinə bir xidmətdir.

Hər hakimiyyət dönəmində ölkə başçısının Şeyx həzrətlərinə göstərdiyi qayğının arxasında Şeyx həzrətlərinin dövlətə, dövlətçiliyə, millətə bağlılığı dayanıb. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Şeyx həzrətlərinin 60 illik yubileyilə əlaqədar “Şərəf nişanı” ordeni ilə təltif olunmasını dövlətin onun fəaliyyətinə verdiyi böyük dəyər kimi   qiymətləndirirəm.

Bəzən Şeyxin hər hansı bir məsələyə münasibət bildirməməsindən gileylənirik. Halbuki o, vacib sayılan məsələlərlə bağlı münasibətini zaman-zaman bildirir. O, siyasi partiya lideri deyil ki, dərhal mətbuat konfransı keçirib hər məsələyə reaksiya versin, münasibət bildirsin. Şeyx həzrətlərinin öz nüfuzu sanbalı, bəzən duası ilə hansısa məsələni lazımi ünvanlarda həll etməyə çalışdığının dəfələrlə canlı şahidi olmuşam. Şeyx həzrətlərinin Qarabağda döyüşən oğullarımızın ailələrinə göstərdiyir maddi və mənəvi dəstəklər bu günə qədər ictimaiyyətə açıqlanmayıb. Yəqin ki, mənim bu məsələni cəmiyyətə bəyan etməyim Şeyx həzrətlərinə xoş getməyəcək. Ancaq kimsə bunu deməlidir. Bir daha təkrar edirəm: Şeyxülislam Hacı Allahşükür Paşazadənin İslam dininin düzgün öyrənilməsi və layiq olduğu şəkildə təbliği, islami dəyərlərin gözdən salınmasına yönəldilmiş cəhdlərin qarşısının alınması, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində gördüyü işlər, ictimai-siyasi proseslərlə bağlı nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyi, beynəlxalq səviyyədə Azərbaycanın müsbət imicinin formalaşması sahəsində göstərdiyi xidmətlər, ölkəmizin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini əsaslı şəkildə dini aləmə çatdırması və s. danılmaz gerçəklikdir. Bu mənim ictimaiyyət arasında az-çox tanınmış bir isim sahibi olaraq Şeyx həzrətlərilə bağlı qələmə aldığım ilk yazıdır. Bu, sıradan bir tərif yazısı deyil. Bu yazını ölkənin taleyüklü anlarında həmişə xalqın, millətin önündə olan və öz nüfuzundan istifadə edərək onun problemlərinin həllinə çalışan dini lider haqqında azad düşüncələrimin məhsulu kimi qəbul edirəm. Bu yazı kimlər üçünsə xoş gəlməyə bilər, ancaq bu yazı mənim üçün və yüzlər, minlər, on minlər üçün, Şeyx həzrətlərinin şəxsiyyətini, onun məqamını qəbul edənlər üçün bir səmimiyyət yazısıdır.

Məlum olduğu kimi, noyabrın 6-7-də Şeyx həzrətlərinin 60 yaşı və Şeyxülislam olmasının 30 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bu münasibətlə Uca Rəbbimizdən Şeyx həzrətlərinə uzun ömür, can sağlığı diləyir uzun illər dövlətimizə, millətimizə göstərdiyi hizmətin davamlı olmasını, ailəsi ilə bərabər gələcək günlərdə irs-namusumuz olan Qarabağ torpaqlarında, Şuşada, Xankəndində öz qafiləsinin başında durub bir cümə namazını Şuşanın Cümə məscidində qılmasını arzulayıram.

 

 

 Hacı Seyid Camal ƏZİMBƏYLİ,

 şərqşünas

 

524-ci qəzet.- 2009.- 29 oktyabr.- S.4.