Desinlər, ay Məmməd...

 

Fransanın bir prezidenti varmış, Jorj Klemanso. Çox həyatsevər kişi olub, vurub doxsan il ömür sürüb. Səksənillik yubileyini keçirərkən onu təbrik edən gənc, nazlı-qəmzəli, şirin bir xanıma deyib:

– Eh, vaxtım keçdi, kaş indi mənim....

Məclisdəkilər gözləyirmiş ki, deyəcək.... iyirmi, yaxud iyirmi beş yaşım olaydı.

Amma o, sözünün dalını belə gətirib:

– ... kaş indi mənim yetmiş yaşım olaydı.

Yetmiş yaş çoxdurmu?

Baxır adamına.

Yetmiş yaşının qonaqlığında söz alan yazıçı Anarın çıxışının “bismillahı” beləydi:

– Təəssüf ki, mənim yetmiş yaşım tamam olur.

Amma şair Musa Yaqub yetmiş bir yaşına girəndən beş-altı ay sonra badədən boylanıb dedi:

– Sən demə, yetmiş yaş yaxşı yaş imiş.

İndi də şair Məmməd İsmayıl yetmiş yaşının içindədir.

Məmməd İsmayıl üçün yetmiş yaş, tfu, tfu, göz dəyməsin, azdır, həm də xeyli azdır, vur- tut yeddi, on yaşlı uşağın yaşlarının cəmidir.

Yadımdadır, səksəninci illərin irili-xırdalı ədəbi görüşlərində sinəsini qabardıb şeir oxuyanda, oturuşu-duruşu, mimikası, axar-baxarı, şair ədası ilə hamının diqqətini öz üzərində toplayanda və həm də şəxsi söhbətlərində o, gücünün, enerjisinin aşıb-daşdığını bildirən bu sözləri işlədərdi: “Elə bilirəm içimdə on yeddi yaşında oğlanam”.

Maraqlıdır, aradan otuz il keçəndən sonra, yəni ikicə ay qabaq o, yenə də həmən ifadəni işlətdi, amma xırdaca düzəlişlə: “Elə bilirəm içimdə otuz yaşındayam”.

Bəlkə bu özünətəlqindir, özünüinandırmadır? Yaşı boynuna almamaqdır? Əlbəttə, tam yox! Mən də, o da, siz də... hamımız bilirik ki, ömür üçün yaş ikinci dərəcəli məsələdir. Təkcə çox yaşamaqla dəyər qazanmaq olmaz. Şair üçün fəal yaradıcı ömrü yaşamaq, həm də yaxşı şeir yazmaq, hər yaşda qələmin kəsərini saxlamaq başlıca işdir. Bir həqiqəti etiraf edək ki, “Bizi qovub bu gündən tarixə saxlayarlar” deyən Məmməd İsmayılın son illərdə siyasi dünyagörüşü və davranışı mübahisə yaratsa da, heç kəs onun istedadını, şairliyini danmayıb. Aşağı da, yuxarı da, sağ da, sol da onu şair kimi qəbul edib. Heç şübhəsiz ki, şairin sanbalını qoruyan ən etibarlı söykənəcək onun istedadı, gördüyü iş və verdiyi faydadır. Elə Məmməd İsmayılın özü yaxşı deyib:

 

Şair ki, sevilən şair olmadı,

bir insan kimi də hörmətdən düşər.

 

O, şair kimi özünü həmişə formada saxlayıb. Onun şeirlərinin gənclik ovqatı, döyüş ruhu, qələbə əzmi dəyişməzdir. Mən onu hər zaman mövqeyinə yox, şairliyinə arxalanan gördüm.

Yaşanan ömrün qələm adamı üçün nəticəsi yazdıqlarıdır. İndi Məmməd İsmayılın ən azı əlli illik yaradıcılığı ortadadır. Bu əlli ili şeir kitablarına, kitablara düşməmiş şeirlərə, nəsr əsərlərinə, məqalələrə, xatirə yazılarına, müsahibələrə, tərcümələrə bölmək olar.

Toplayırsan, vurursan, çıxırsan, bölürsən, axırda baxırsan görüm əldə-ovucda nə qaldı? Canında can olmayan əsərin, kitabın dalından nə qədər itələsən də, haqqında saysız-hesabsız yazılar yazdırsan da, onun ayağı büdrəyir, irəli gedə bilmir. Tutarlı əsəri, dəyərli kitabı isə zaman-zaman dövriyyəyə buraxmaq lazımdır, vəssalam, o oxunacaq, özü öz işini görəcək. Tutaq ki, Məmməd İsmayılın şeirləri yetmişinci, səksəninci, doxsanıncı illərdə oxunduğu qədər indi oxunmursa, bu şairin və onun şeirlərinin geri çəkilməsi deyil. Sadəcə yeni ədəbi nəsillərin Azərbaycan ədəbi mühitinin meydanında qabağa keçməsidir. Nisbətlə götürsək, Nəsimiyə, Füzuliyə, Seyid Əzimə, Vaqifə, Mirzə Cəlilə və bu sıradan olan klassiklərimizə nəşriyyatlarımızda, mətbuatımızda, efirimizdə çap və təbliğat baxımından ayrılan yer, verilən fürsət çağdaş ədəbiyyat üçün yaradılan imkanlardan çox-çox azdır. Bu çaşqınlıq yaratmamalıdır. Zamanın yüyəni, prosesin gedişi çağdaşların əlində olur. Klassiklər, klassiklərə qovuşmağa yaxın olanlar, böyük ədəbi məqsəd izləyənlər isə zamanca vaxtaşırı, məsafəcə əbədi boy göstərə-göstərə öz yolları ilə gedirlər. Ola bilməz ki, bir yaradıcı şəxs həmişə ön cərgədə olsun, adı dildən düşməsin. Hər şairin, yazıçının öz yeri, öz mövsümü var. Bu yerinədüşmə, vaxtıçatma bir ildə beş-altı dəfə də ola bilər, beş-altı ildə bir dəfə də...

Əvvəldən axıra Məmməd İsmayılın yumşaq, sığallı, çevik, yapışıqlı, odlu, dilimizin geniş imkanlarına arxalanan şeirlərinin öz havası olub. Onun şeirləri bulaq kimi qaynayır, çay kimi daşır, şimşək kimi guruldayır, dağdağan kimi boy verir, qaya kimi sərtlik göstərir, Araz kimi qıvrılır, Şuşa kimi kədərlə işğal olunub.

Ötən yüzilliyin səksəninci illərində Məmməd İsmayıl “Gənc yazıçıların ədəbi birliyi“ adında ədəbiyyat məclisinə başçılıq edirdi. Həmin illərdə o, gur şair həyatı yaşayırdı. İndi məşhur olan əsərlərinin çoxusunu (“Ağacdələn, döy qapımı...”, “Savalanda yatan igid”, “Baba dərviş”, “Bir adam yol gedir bizdən qabaqda” və.s) şair dostumuz onda yazıb. Onda şairin yazdığı oynaq ruhlu, ləngərli vətən, vətəndaşlıq, sevgi şeirləri ən azından beş adamı bir yerə yığa bilirdi, “Mənim pisliyim də, yaxşılığım da, sənin ayağına yazılır, Vətən” deyib, fikirləri bir nöqtədə birləşdirirdi.

 

Dostu bu dünyada seçib taparlar,

dost-düşmən seçilər, Vətən seçilməz.

Qayanı yonarlar, dağı çaparlar,

dağ-qaya kiçilər, Vətən kiçilməz.

                

“Vətən keçilməz”

 

Qırdım öz əhdimi mən bilə-bilə

haqqın var yanımdan keç gülə-gülə.

Əriyim oduna qoy gilə-gilə

mən səni sevmişəm səndən xəbərsiz.

 

“Gizli məhəbbət”

 

Adını çəkdiyim ədəbi birliyin üzvlərindən biri kimi Məmməd İsmayılın ustad dərslərində onun ədəbi mövqeyini, estetik yanaşma prinsiplərini qavramağa çalışırdım.

O zaman ümumən ədəbiyyatda, həmçinin poeziyada ikicə on il qabaq başlamış yeni dövr davam edirdi. Artıq şeirdə ritorik tərənnümün, pafosun meydanı daralmışdı. Şairlər fəlsəfi-psixoloji məqamlara, milli vətənpərvərlik duyğularına, estetik dəyərlərə, tarixi görkə söykənmiş şeirlər, poemalar yazırdılar.

Məmməd İsmayıl İkinci Dünya müharibəsində sərhədləri pozub yenidən cızmaq istəyənlərin törətdiyi cinayətlərin acısından, atasını itirib yetimçiliyin hər üzünü görmüş yaşıdlarının faciəsindən yazırdı. Uşaqlığında baş vermiş hadisələrdə, əhvalatlarda bədii-fəlsəfi mənalar axtaran şair həmin şeirlərində poetik kəsəri artırmağa, dil əlvanlığına nail olmağa çalışırdı.

Toplar, güllələr sussa da, müharibə talelərdə, yaddaşlarda, kitablarda, filmlərdə, təqvim qeydlərində davam edirdi. Şairin bu mövzuda yazılmış çoxsaylı şeirlərində, poemalarında xatirə dumanına bürünmüş qanlı-qadalı illərin görüntüləri canlanırdı. Onun qəhrəmanına çevrilmiş Ana həyat gücü və yenilməz ruhu ilə zəmanəsinə qalib gəlirdi. Ona əmanət qoyulub-gedilmiş övladını – sabahın insanını işıqlığa çıxardırdı.

 

Biz dörd nəfər idik.

Təpəl qoyun idi,

Gəzəl alma idi,

Anamdı, məndim.

Gələcək həyatın xatirəsinə

Bizi atmışdılar Yer kürəsinə.

Anam gözəlliyin gəlinliyiydi,

Alma meşələrin pöhrəliyiydi,

Mən isə bəşərin körpəliyiydim.

Vaxtınız olanda sıxın bir məni,

bir görün nəyəm?!

– Ana çörəyiyəm,

Alma şirəsiyəm, qoyun südüyəm.

 

“Müqəddəs kədər”

 

Sonradan tarixin və taleyin gərdişi Məmməd İsmayılı da, bizi də o yerə gətirib çıxartdı ki, kitablarda oxuduğumuz, kinolarda gördüyümüz, haqqında eşitdiyimiz qarışıq zəmanənin, müharibənin eybəcər üzünü gördük. Yenidən insanlığın sınaq zamanı gəldi. Dövrün təlatümünün amansız dalğaları mövqe və məsafəcə hərəni bir tərəfə        – Məmməd İsmayılı da Çanaqqalaya atdı. Bir vaxt “Uzağa düşdümü vətən torpağı, səni səsləyəcək, haraylayacaq” deyən Məmməd İsmayıl öyrəşdiyi, adamlarına qaynayıb qarışdığı mühitdən ayrıldı və həsrət, nisgil, giley, qəzəb dolu qürbət şeirləri yazdı.

Başqalarını bilmirəm, mən öz həyat təcrübəmdən görmüşəm, insanların ən azı doxsan beş faizdən yuxarısı yaxşı gündə yaxşı olur. Təmkinini itirməyən, tarazlığını saxlayan, yaman günlərə dözənlər həmişə barmaqla sayılıb. Ona görə də hamıya heç olmasa yaxşı gün arzulamaq lazımdır ki, yaxşı olsun.

Məmməd İsmayılın şeirlərinin xüsusi sürət tezliyi və işıqpaylama gücü var. Bəlkə mən şairi şəxsən tanıdığım üçün, onun kimliyinə bələd olduğundan belə düşünürəm?! Onu tanımayan kəs oxuduğumuz şeirləri oxusa, görəcək ki, misradan-misraya qızğınlıq, gərginlik artır, genişlənir və təntənə yaranır. Misralardakı döyüşkənlik qələbəyə aparır. Çünki qarşıya çıxan, “...hər işin əvvəli döyüşdür, sonu qələbə!”

Yeri düşmüşkən onu deyim ki, Məmməd İsmayıl ən səliqəli, biçimli, yonulmuş, cilalanmış şeir yaradan şairlərimizdən biridir. Yəqin ki, o, təzə yazdığı şeirlərin üstündə sonradan yorulmadan çalışır, mətnin bütün əyər-əskiklərini düzəldir, boşluqlarını doldurur. Ustad Füzuli yazırdı ki, elə vaxt olub gecədən sübhə qədər yazdıqlarımı səhər bəyənməyib cırıb atmışam. Onun adaşı Məmməd İsmayılın şeirlərinin bu cəhətini fərqləndirməkdə məqsədim nədir? Bizdə elə istedadlı şairlər var ki, yazdığının üstünə sonradan qayıtmağa ərinir, köntöy misralarına əl gəzdirməyə, sığal çəkməyə həvəs eləmir, nəticədə tapılmış mənalar öz sərrast ifadəsinə qovuşa bilmir.

Bir məsələni də deyim: səhnə cazibəsi, yüksək estrada imkanları, möhkəm yaddaşı, parlaq diksiyası olan Məmməd İsmayıl kürsüdə, efirdə daha çox vətənpərvərlik, sevgi şeirlərini tanıdıb, dilə-ağıza salıb. Məmməd İsmayılın şeirlərinin əksəriyyəti birnəfəsə oxunan monoloqlardır. Amma hamısı yox... Bu şair təkcə sazla səsləşən Koroğlu ruhlu qoşmalar, gəraylılar, varsağılar, çapraz şeirlər yazmır. O, həm də incə mənalar, psixoloji məqamlar, zərif duyğular şairidir.

Əsəblər soyuyanda, ehtiraslar sönəndə, tamah, təkəbbür, mənəm-mənəmlik köpükləri yatanda, insan uşaqlığındakı qədər durulanda, günəş adamın qabırğasını qızdıranda, torpaq buğlananda, meh əsəndə, ağaclar tumurcuqlayanda, yağış pıçıldayanda, xəzəllər xışıldayanda, qar ələnəndə və insan bunları duyanda başqa şeirlərin növbəsi gəlir.

Bəlkə bir az da şairin belə şeirlərindən danışaq?

Şairin sakit, kövrək, müdrik, ağırtaxtalı şeirlərini oxuyanda gərək düşüncələrinin başlanğıcına, mənbəyinə qədər gedib çıxasan. Oraya qədər ki, orada dünya Adəm və Həvvadan başlayır, kainatın hərəkətdə olan cismlərinin uğultusu eşidilir, ilk dəfə yerə, göyə, oda, suya, ota, çiçəyə, kəpənəyə, quşa ad qoyulur, ilk sözlər yaranır.

                

Üzünü görmürəm nə vaxtdan bəri,

haqqı var görəndə gileylənməyə.

Yaz olar, uzanar yarpaq dilləri,

gedərəm yanına dil öyrənməyə.

Palıd, qovaq adlı qardaş-bacım var

mənim o meşədə bir ağacım var.

 

Adı çəkilsə də, dərdi çəkilmir,

qoy yağsın, yenə də ümid qaradır.

O, gəlib mənimlə görüşə bilmir,

mənimsə yanında üzüm qaradır.

Qolları quruyan qarağacım var

mənim o meşədə bir ağacım var.

 

“Qədir ağacı”

                

Və sonra:

 

Bir qapı döyüləcək bu yolların başında

Pəncərə işığından diksinəcək bu gecə.

Bir ürək döyünəcək bu yolların başında,

Buza dönmüş arzular isinəcək bu gecə.

 

Açacaq qollarını xoş gələn qonağına,

Güləcək bir ananın divarları, daşları.

Bir sevinc qışqıracaq gecənin qulağına:

Bakıdan oğlum gəlib – başında yoldaşları...

 

“Bu yolların başında”

 

Çatıb-çatmayacağımızdan asılı olmayaraq, hamımız hər şeyin əlasını umuruq. Təbiətin də, cəmiyyətin də, dostluğun da, gün-güzəranın da, şeirin də.... Əlləşib-vuruşmağımızın da son amacı budur. Bir zaman Məmməd İsmayıl da nə istədiyini deyib, hədəfini seçib. Yol yalnız zirvədə, əlada bitməlidir:

 

Eləsinə vurul vurulanda da, –

desinlər, ay Məmməd, əla, gözəldir.

 

Bəs yetmiş yaşda yaradıcılıq imtahanından əla qiymət almaq necədir?

Əlbəttə, əla!

 

 

Əjdər OL

 

525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.29.