Qırmızı gül
Əzəl bahar olmayınca,
Qırmızı gül bitməz
imiş.
Qırmızı gül bitməyincə,
Səfil bülbül ötməz imiş.
Xətai
Öncə
sağa, sonra sola baxdı. Elə bil nəsə
axtarırdı. Əli ilə qalın şüşəli
eynəyini düzəltdi. Hərəkət
etdiyimiz dar torpaq yolun sol tərəfində dörd dənə
qırmızı gül bitmişdi. Bir qarış boyları
ilə yanlarına tökülmüş sapsarı ağac
yarpaqlarının içində sanki boğulurdular. Payız
olmasına baxmayaraq rəngləri solmamışdı. O
gülləri görüb addımlarını yeyinlətdi.
Güllərin yanına çatanda onlara doğru əyildi. Əyiləndə
ağ saçları önə doğru töküldü.
Bir əli ilə gülün dibindən tutdu. Gül inad edib
yerindən qopmurdu. Möhkəm çəkdi. Gül
köklü-köməcli yerindən çıxdı.
Gülün köklərindəki torpağı silkələyib
təmizlədi, sonra qarşıdakı abidəyə
baxdı. Qəhvə rəngli mərmər daşın
ortasında əllərini havaya qaldırmış bir
qadın rəsmi var idi. Qadın öldürülmüş
uşağını havaya qaldırıb, sanki o
günahsız uşağın dilsiz lənətini
bütün dünyaya hayqırırmış kimi
durmuşdu. Qadının rəsminin altında “Xocalı abidəsi”
yazılmışdı. Əlindəki gülü abidənin
önünə qoydu. Sanki bütün hörmətini,
sevgisini güllə ifadə edirmiş kimi bir xeyli
gülün və abidənin önündə dayanıb
baxdı. Hara baxdığını görmürdüm. Amma
onun duruşundan ta uzaqlardan, Azərbaycandan bir könül
dolusu sözü o güllə birlikdə Avropada, qərib bir
ölkədə günahsız yerə şəhid edilmiş
insanların xatirəsinə qoyulmuş bu abidəyə gətirdiyini
anlamaq çətin deyildi.
Payız gəlincə nədənsə
insanı səbəbsiz bir kədər bürüyür.
Könül daha həssas olur, gözlər tez-tez dolur. Bu bəlkə
də insanın öz sonunu düşünməsi ilə
bağlı bir hissdir. Ölüm, ayrılıq, sevda
duyğuları insana kədər gətirməyib, nə gətirəsidir
ki? Üstəlik qürbətdə bir payız
mövsümündəsinizsə, kədəriniz qat-qat
artıq olur. Abidənin önündə təkbaşına
boynubükük dayanan qırmızı gülün və
Xocalı şəhidlərinin gətirdiyi kədər-qəm
duyğuları ilə geri dönürük. Haaqa şəhəri
dərin bir səssizlik içindədir.
Səhər-səhər Almaniyanın Mülheym şəhərindən yola çıxarkən içimizdə səbəbsiz bir kədər var idi. Əskidən su qülləsi olan, sonradan restorana çevrilən gözəl bir salonda söhbət edə-edə səhər yeməyi yedik. Bu yeməkdə kimlər yox idi ki... Azərbaycandan yazıçı Anar, Türkiyədən şair Yavuz Bülənt Bakilər, şair Bəkir Salim, Rasim Koroğlu, qədim türkmən eli Kərkükdən professor Sübhü Saatçı, TRT-Avaz televiziyasının aparıcısı Zeynəb Köşkər, Almaniyadan Ozan Yusif Poladoğlu, Nevşəhir valisi Osman bəy və xanımı, Kapadokya dərnəyi başqanı Mümin Uluc...
Səhər
yeməyində Anar bəylə Sübhi Saatçı
bayatı söylədilər, biz də diqqətlə dinlədik.
Sübhü bəy memar
olmasına baxmayaraq şifahi xalq ədəbiyyatını,
xüsusilə xoyratları gözəl bilir. O, xoyratların həm
Azərbaycan, həm də Kərkük variantını
söləyirdi. Anar bəyin də bayatılarla bağlı
geniş bilgisi var. Əzbər bildiyi bir-birindən gözəl
bayatılar orda olan hər kəsi heyrətləndirdi.
Sübhü bəy bir Bakı bayatısı oxudu:
Bakım ağlar,
Şirvanım, Şəkim
ağlar,
Sən öldün mən
ağladım,
Mən ölsəm bəs kim
ağlar?
Bu bayatı Bakıda bir yerdə yaşayan iki kimsəsiz bacının dillərindən çıxıb. Suat bəy bayatını söyləyəndə bütün gözlər Anar bəyə dikilmişdi. O da bizə eynəyinin arxasından sakitcə baxırdı. Bilirdim ki, qəlyan çəkmək istəyir, amma təəssüf ki, Almaniyada qapalı yerlərdə siqaret çəkmək qadağandır. Qəflətən o da başladı bayatı deməyə.
Əzizim yazığam mən,
Ürəyi qazığam mən.
Mən ölsəm sənə
qurban,
Sən ölmə yazığam mən...
Sübhi bəy Anar bəy sözünü bitirən kimi bir bayatı da dedi:
Qaşların yay mənimçin,
Kipriyin say mənimçin.
Mən ölsəm sənə
qurban,
Sən ölsən, vay mənimçin...
Səhərin
gözü açılmamış niyə ölümdən
danışırdıq, bilmirəm. Ancaq ölüm və həyat yan-yanadır, aralarında
incə bir cizgi var, bunu bilirəm.
Payız duyğuları onlarındamı ürəyinə kədər səpmişdi? Dünyadan köçmüş doğmalarımı düşündüm, atamı, babamı, nənəmi... Keçmiş bir film kimi gözlərimin önündən axıb keçdi. Yadıma anamın elə hey oxuduğu bir bayatı düşdü.
Bu dağlar ulu dağlar,
Çeşməsi sulu dağlar.
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar!
Könül
istəyər ki, heç kim ağlamasın! Heç kim qürbətdə qərib
ölməsin. Və ayrılıqlar bu qədər uzun, bu qədər
acı olmasın!
Dilimizdə bayatı, gözlərimiz dolu-dolu restorandan ayrılmışdıq. Yolumuz uzun, vaxtımız az idi. Rahat bir avtobusla Hollandiyaya doğru yola çıxdıq. Qabaqda Anar bəy oturmuşdu. Arxada söhbət edənlərə qarışmadan səssizcə ətrafı süzürdü.
Həmin
gün axşam Hollandiyanın tarixi şəhəri Amsterdamda
şeir şöləni var idi. Ancaq öncə Haaqadakı Azərbaycan dərnəyini,
sonra Xocalı abidəsini ziyarət edəcəkdi. İllərdən
bəridir ki, Azərbaycanın Hollandiyadakı səsi, nəfəsi,
bayrağı olmuş qardaşlarımız dərnəkdə
həyəcanla bizi gözləyirdilər.
Almaniya-Hollandiya sərhəddini hiss etmədən keçdik. Sərhəddi keçəndən sonra Anar bəyə dedim:- Anar bəy Holandiyadayıq. Ətrafa diqqətlə baxdı: – Nə vaxt keçdik Hollandiyaya?
Yol kənarında qoyulmuş lövhələrdəki yazılardan başqa iki ölkə arasında fərqli bir şey yox idi. Bizim başıbəlalı müsəlman dövlətləri viza tətbiq eləmək bir yana, bir-birilərinin sərhədlərinə mina da döşəyiblər ki, etibarlı olsun. 65 il öncə bir-birinin qanına susamış qərblilər isə indi torpaqlarını belə bir-birlərinə qatıblar.
Almaniya sərhəddindən Haaqaya qədər təxminən 200 kilometrdir. Yol 3 gedişli və 3 gəlişlidir. Almaniyadan fərqli olaraq Hollandiyada sürət limiti saatda 120 kilometrdir. Hər kilometrdən bir radar var. Cərimələr kifayət qədər yüksəkdir. Saatda 20 kilometr artıq sürətin cəzası 150 avrodur. Bu səbəbdən hamı demək olar ki, eyni templə maşın sürür. Biz avtobusda söhbət edə-edə kədərimizi dağıtmaq istəyirik. Hərdən şeirlər oxuyuruq. Bəzən Anar bəy də bizə qatılır və Nazim Hikmətdən xatirələr söyləyir, şeirlər oxuyur.
Ben yoldan keçerken biri
Amca dese gel içeri
Girip yerden selamlasam
Hane içindekileri
Sonra Ozan Yusif Poladoğlu Ərzurumun məşhur aşığı mərhum Aşıq Reyhanidən danışır, onun şeirlərini oxuyur. Ozan Arifdən sonra Avropada çox tanınan və sevilən yanıqlı səsi olan köhnə dostum Ozan Yusif sözünü bitərər-bitirməz deyişmə janrında usta olan Bəkir Salimlə Rasim Koroğlu deyişməyə başlayır. Və bir anlıq kədərimizi dağıdıb, bizi güldürürlər. Rasim bəy təqaüddə olan müəllim və ustad şairdir. Hər il təşkil olunan Konya Aşıqlar Bayramı yarışlarında bir neçə il dalbadal mükafat qazanıb. Bəkir Salim də deyib-gülən təmizürəkli bir qardaşımızdır. Ləhcəsi Azərbaycan türkcəsinə çox yaxındır. Elə hey Ərzurumun dadaşlarından lətifələr danışıb, bizi güldürür. Türk ordusunda minbaşı ikən təqaüdə çıxıb. Azərbaycanda da zabit kimi xidmət edib. Azərbaycanı yaxşı tanıyır və çox sevir. Şair olmaqla yanaşı həm də yaxşı bir rəssamdır. İri gövdəli olduğu üçün onu Atsızın “Boz qurdlar” romanındakı Yamtara bənzədirəm. Mənim də kök olduğumu çox incə bir şəkildə xatırladır.
Sesi has, şiiri has,
qardaşlığı has mı has
Bana Yamtar der,
hiç aynaya bakmaz Orhan Aras
Günortdan sonra Haaqaya çatırıq. Dənizin sahilində salınmış bu şəhərin bir adı da Laheydir. Və dünyada məşhur olan Lahey Ədalət Məhkəməsi bu şəhərdə yerləşir. Haaqa yaraşıqlı, yüksək binaları olan bir şəhər deyil. Evlər uzağı üç mərtəbəlidir. Şəhərin özünəxas memarlıq üslubu yoxdur, küçələr tez-tez dəyişir. Köhnə küçələrin yerinə yeni prospektlər salınır. Burda çoxlu türkiyəli mühacir yaşayır. Sadəcə İqdır şəhərindən Haaqa da 500 ailə yaşayır, təxminən 2500 iqdırlı. Haaqanın qələbəlik küçələrindən keçib, Azərbaycan kültür dərnəyinin yerləşdiyi, əsasən türklərin yaşadığı küçəyə giririk. Anar bəy böyük Azərbaycan Türkiyə və Hollandiya bayraqlarının asıldığı binaya baxıb, “dərnək o binadamı yerləşir”, soruşur. “Bəli”, deyəndə avtobusdakıların hamısı duyğulandı. İki qardaş ölkədə uydurma səbəblərdən yaradılmış bayraq böhranından sonra yad bir ölkədə iki böyük bayrağımızın yan-yana dalğalanması bizi təsirləndirir. Avtobus dayanan kimi dərnəkdəki həmvətənlilərimiz ətrafımıza toplaşırlar. Hamısı sanki sözləşibmiş kimi ağ köynək geyib, qırmızı qalstuk taxıblar. Qalstuklardakı ay-ulduz diqqətimizdən yayınmır. Hamı ilə görüşüb, içəri giririk. Dəyərli qardaşımız, başqan İlhan Aşkın, idarə heyətinin üzvü Məhərrəm və digərləri ətrafımızda dolanırlar. Tez bizə çay gətirirlər. Mən ayağa qalxıb dərnəkdəkiləri tanıdıram: “Televizorlarda, qəzetlərdə gördüyünüz, Avropanın hər yerində Azərbaycanın hüquqlarını müdafiə edən, bayrağını dalğalandıran insanlar bu qardaşlarımızdır. Onların çoxu Azərbaycanı heç görməyiblər belə. Bəziləri Türkiyədə, bəziləri isə Hollandiyada dünyaya gəliblər, ancaq ürəkləri Azərbaycan sevgisi ilə doludur”. Sonra növbə ilə Anar bəy, Yavuz Bülənt Bakilər və Osman bəy çıxış etdilər. Anar bəy gördüklərindən çox duyğulanıb: “Burada, Avropanın mərkəzində vətənimizin belə oğulların olması məni çox sevindirdi və duyğulandırdı”.
Yavuz Bülənt Bakilər isə divardan asılmış xalçanı göstərib, “Baxın, bura qədər dünyanın ən böyük şairlərindən biri olan Nizami Gəncəvini gətirə bilmişiksə, demək bir gün mədəniyyətimizi də buralarda ən yaxşı şəkildə təmsil edəcəyik”, – deyir.
Vaxtımız azdır, çayımızı içib yola düşürük. Avropada ilk dəfə qoyulmuş Xocalı abidəsini ziyarət etməyə gedirik. Abidənin yanına çatanda Anar bəy yaxınlıqda gül mağazasının olub-olmadığını soruşur. Təəssüf ki, yaxınlıqda belə bir mağaza yox idi. O, ölkəmizin bir ağsaqqalı kimi hamımızdan önə keçir və yolun sol tərəfində sırayla əkilmiş qırmızı güllərə doğru yeriyir. O, əlini güllərə uzadanda mən yanındaydım. Dilimdə bir bayatı dolaşırdı:
Gül mənəm,
Bülbül mənəm, gül mənəm.
Vətəndən ayrı qaldım,
Qürbətdə mən gülmənəm.
Orxan ARAS
525-ci qəzet.- 2009.- 31 oktyabr.-
S.28.