OSMANLIYA LAYİQ BİR ÖMÜR

 

Oralarda kimlər var: OSMAN ƏRTUĞRUL OSMANOĞLU –1

 

Sultan 2-ci Abdülhamidin nəvəsi Osman Ərtuğrul Əfəndi, sürgündən əbədiyyətə qovuşdu. O, əcdadlarının başını ucaldacaq bir ömür yaşadı.Ərtuğrul bəy əfəndi OSMANLI XANƏDANIN son varisi idi.

İstanbulda bir hüzur evində yaşayan Sultan Rəşadın nəvəsi Əminə Mukbilə Sultanı xanədan mənsubları zaman-zaman ziyarət edirdi.Abdülhamidin nəvəsi Osman Ərtuğrul Əfəndi həyat yoldaşı Zeynəb xanımla birlikdə 1994-ci ildə Mukbilə Sultanın yanına gəlib, ona baş çəkənlərdəndir. Sultan bu vəfa qarşısında ağlamağa başlayınca Osman Ərtuğrul Əfəndi mehribancasına ona təsəlli verməyə başlayır:”Vətən toprağındasız. Burada Türklər var. Niyə ağlayırsız?”

Xanədanlı günlərin xatirələri güc gələn Mukbilə Sultanın əri Ali Vasıb Əfəndi xatirələrində, qaynı Osman Əfəndiylə bağlı bunları deyib:”Zəki, tərbiyəli, xoş, xasiyyətini qorumuş və bir çox dillərə aşina, bəyəndiyim və sevdiyim bir qardaşımdır.Ailəsini hər yerdə və hər vəsilə ilə tutan, şərəfli bir gənc idi”.

Onu tanıyanların “Heç bir zaman xanədan üzvü olmağıyla fəxr etmədi,heç kimsəni suçlamazdı, kiçik şeylər haqqında danışmağı heç sevməzdi.Hər zaman açıqdı.” – deyə xatırladıqları Osman Ərtuğrul Əfəndi keçdiyimiz günlərdə sentyabr ayının 23-də vəfat etdi.İstanbulda Sultan Mahmud Türbəsində, dədəsi Abdülhamidin yanında dəfn edildi.

97 yaşındakı Osman Əfəndi, böyrək və nəfəs çatışmazlığından əziyyət çəkirdi. 700 illik Osmanlı xanədanlığı ənənəsi düşünüldüyündə, ailənin ən uzun yaşayan üzvü olaraq bilinir.Bu vaxta qədər həmin ailədən ən uzun yaşayan insan Sultan Abdülhamidin qızı Şadiyə Sultan idi. 1977-ci ildə vəfat etdiyində 91 yaşındaydı. Ərtuğrul Qazi 90 il yaşadı, Qanuni Sultan Süleyman isə vəfat etdiyində 72 yaşındaydı.

Sultan Abdülhamidin ən sevdiyi oğlan uşağı Burhaneddin Əfəndi ilə Aliyə Mələk Nazlıyarın evliliyindən iki uşaq doğuldu:

1911-ci ildə Mehmed Fahreddin,

1912-ci ildə isə Osman Ərtuğrul dünyaya gəldi.

Osman Əfəndi, bu vaxta qədər bəlli olduğu kimi sarayda deyil, atasının Nişandaşındaki evində doğulub.Bu vaxtı dədəsi Sultan Abdülhamid, Selanikdəki Alatini Köşkündə zorla saxlanılırdı.Nəvəsinin doğumundan 2 ay keçəndən sonra İstanbul Bəylərbəyi Sarayına gətirildi. Ancaq nəvəsi ilə çox görüşə bilmədi.Zatən Osman Ərtuğrul, dədəsini xatırlayacaq yaşda deyildi.Sultan Abdülhamid 1918-ci ildə vəfat etdiyində 7 yaşındaydı. 2004-ci ildə “Aksiyon” dərgisinə verdiyi reportajda dədəsi ilə bağlı bunları anladmışdı: “Biz böyükbabamızı,dədəmizi hər istədiyimizdə görə bilmirdik.İcazə olmadan görə bilməzdik.Zənn edirəm bu gün yaşayanlar arasında məndən başqa Abdülhamid ilə üz-üzə gələn kimsə yoxdur. Mən də onu 2-3 dəfə gördüm. Uşaqları sevirdi.Böyük babamın Bəylərbəyində öldüyü otaqda dua etdim.”

Sultan Abdülhamid, padişahlığının son illərində cümə görüşmələrinə gedərkən maşında yanına ən sevdiyi oğlu Burhanəddin Əfəndini oturdardı.

1617-ci ildən bəri padişahlıq taxtına əkbər və ərşəd (yaşca daha böyük və rəşit) olanlar gəlirdi. Abdülhamiddən sonra sıra Mehmed Reşad Efəndidəydi. Sultan Abdülhamid isə imperatorluğu idarə edə biləcək gücünə malik olan və çox inandığı oğlu Burhanəddin Əfəndinin taxta keçməsini arzu edirdi. Hətta xanədan qanununu dəyişdirməyi belə düşünürdü. Bu üzdən qardaşı Mehmed Reşad ilə arası açılmışdı Abdülhamidin.

Burhanəddin Əfəndi kiçik oğlu Osman Ərtuğrulu tez-tez Avropa səyahətlərinə götürürdü. 1924-ci ilin martında Osmanlı xanədanına mənsub adamlar xaricə sürgün edildiyində 12 yaşındakı Osman və ağabəyi, təhsil üçün getdikləri Vyanadaydılar. 155 nəfərlik xanədan nümayəndələri və ailə üzvləri ölkədən göndərildiyi günlərdə Osman Ərtuğrul o vaxtı İstanbulda olmadığı üçün “Mən qovulmadım!” deyirdi bu faciəvi hadisəylə bağlı. Osman Əfəndi, sürgün illərindən atasının dövləti olub-olmadığı haqqındakı suallara belə cavab vermişdi. “Atamın pulu vardı.Amma zəngin demək olmazdı ona.Pis də demək olmazdı. Ailədən sıxıntı çəkənlər çox oldu. Biz də, başqaları da yardım etdik sıxıntı çəkənlərə.Şahzadələrin hamısı zəngin deyildi.İstanbulda ikən yaşamaq üçün villaları və maaşları vardı. Nicetdə sıxıntı çəkən çoxdu. Kimsə ac qalmadı, amma.”

Anası ilə atasının boşanmasından sonra atası ilə Vyanaya köçdülər.İstanbuldan ayrılan xanədan onlara mənsub insanları orada qarşılayırdı.Təhsilini Parisdə də davam etdirdi : fəlsəfə və politika üzrə təhsil aldı.Atası Burhanəddin Əfəndi ilə Vyanada qaldıqları otelə onları ziyarətə gələnlərdən biri Adolf Hitlerdi. Ancaq Burhanəddin Əfəndi, Hitlerlə otel otağında deyil,lobidə görüşür; bu diktatora üz vermək istəmir.

İbrahim Doğandan uyğulama

 

 

ONLAR NƏ DEDİLƏR

 

FETHİ GEDİKLİ ( PROFESSOR, TÜRKİYƏ)  

 

Bu ölüm bəlkə də bir dövrün qapanışıdı.Çünkü Ərtuğrul Osman, Osmanlı İmperatorluğu yaşarkən doğulmuşdu, şahzadə idi, günü gəlincə taxta oturub padşah olacaqdı! Osmanoğulları ailəsindən daha onlarca insan var, amma onların hamısı xanədan taxtdan endiriləndən və xanədan üzvləri Türkiyədən çıxarılandan sonra ayrı-ayrı məmləkətlərdə doğuldular. Yalnız Ərtuğrul Osman öz məmləkətində, öz dövlətində dünyaya gözlərini açmışdı.

Bu ölüm məndə Osmanoğullarına qarşı sayğı və vəfa duyğularını oyatdı. Bu gün bir çoxunun dünyanın türlü məmləkətlərində yaşamaq məcburiyyətində buraxılmalarına üzüldüm. Onlar olmasa indi yenə bu məmləkətdəmi yaşardıq? Bu duyğular içində cənazə mərasiminə mütləq iştirak etməliyəm deyə düşündüm. Doğrusu, nadirən tanınmış adamların cənazələrinə gedirəm, amma son şahzadənin cənazəsinə getməliyim deyə qərar verdim. Çünkü bu adamların başçılığı altında 6 qoca əsr millətimiz zəfərdən-zəfərə qoşmuş, Avropada, Asiyada və Afrikada at oynatmış, məzlumların səsi və yardımcısı, zalimlərin qorxulusu olmuşlar. Xalqımızın olduğu kimi, bu xalqın bir fərdi kimi mənim də onun cənazəsində iştirak edib hörmət və məhəbbətimi, bu son şahzadə şəxsində Osmanoğulları xanədanına göstərməyi vacib bildim. Hətta cənazədən döndükdən sonra da hisslərimi qısa olaraq bir internet qrupundakı dostlarıma beləcə çatdırdım: “Son Osmanlı vəlihədi Ərtuğrul Osman Əfəndinin vəfatı üzərinə bir şey söyləməmək olmaz. Mən şəxsən cənazəsində iştirak etdim.Sultan Ahmed Camiinin qapılarından axın-axın insanlar cənazəsinin qılınacağı məkana yığışırdılar.Hər yaşdan, hər təbəqədən... Sarıqlı, takkəli, saqqallı, sifəti tərtəmiz, gənc, ixtiyar, qadın, kişi, başıörtülü, başıörtüsüz xanımlar, qızlar... Qısaca millətin Osmanoğullarına sevgi və vəfasını göstərdiyi bir vəsilə oldu cənazə. Mahmud Ustaosmanoğlu Xocanın təkərləkli arabasında, müridlərincə bir cənazə namazının qılındığı yerə, bir dəfn ediləcəyi ikinci Mahmud Türbəsi diqqət mərkəzində idi.” Sentyabrın 26-cı günü 2009-cu ildə, şənbə günü yaddaş qeydlərimə bunları əlavə etdim: “Sabah Saplağın şeirini düzəldə bildim. Ardından günorta yeməyi üçün tələsik bir şeylər atışdırdım Sultanəhmədə, şahzadə Ərtuğrul Osman Osmanoğlunun cənazəsinə yollandım. Mən çatdığımda günorta namazı qılınmışdı, insanlar hər yandan camiə doğru axışırdı. Çöl qapıda polis üstümüzü aradı. Keçib sol yandakı baxçada cənazə namazını qıldıq.Caminin imamı Əmrullah Əfəndi vəciz, sayğılı, vəfa bilir, sədaqətli qısa bir çıxış elədi.Bu camilər, üç qitədki torpaqlar deyil onların üstündəki əsərlər, onlara yaxşıca şahidlik edir.Siz də şahidlik eləyirsinizmi? Əslində onların bizdə haqları var, amma üsulən sormamız lazım yenə də : “Ona haqqınızı halal edirsinizmi?” Camaat gur şəkildə üç dəfə “halal olsun” deyə cavab verdi.

Bəzi-bəzi təkbir səsləri və “Ya Allah, Bismillah, Allahu əkbər!” nidaları eşidildi. Ətrafda insanlardan bir hasar əmələ gəlmişdi.Bəyazıtdan Eminönü gedən trafik durdurulmuşdu. Cənazə Divanyolundakı İkinci Mahmud türbəsi bağçasına dəfn edilmişdi. Mənzərə görülməyə dəyərdi. Sultanəhməddəki turistlər də olan-bitəni heyrətli bir vəziyyətdə anlamaya çalışırdılar.

Bu ölüm nə deməkdir? Bu ölüm xanədanın Türkiyə xalqı üzərində bu vaxtadək simvolik olan təsirinin bəlkə də tamamiylə yoxa çıxması deməkdir. 97 illik ömrüylə bir Osmanlı çınarını andıran Ərtuğrul Əfəndinin köçüşüylə bir dövr qapanmış oldu. Zatən, xanədandan verilən məlumatda da artıq “Xanədan”ın bitdiyi, bir “ailə” olduqları bildirilirdi. Ömrünün çoxunu Amerikada keçirmək zorunda qalan Ərtuğrul Əfəndinin vətənində ölmək arzusu onun üçün ən böyük bir xöşbəxtlik idi.Sevindirici olan Türkiyənin bütün təbəqələrindən –dövlət xadimləri, universitet professorları, jurnalistlər,sənətçilər, dindar, qeyri dindar- böyük bir millətin onu son yolçuluğunda yalnız buraxmamasıydı.

 

 

ŞAİR ZƏLİMXAN YAQUB

 

Osmanlı imperatorluğunun son nümayəndəsinin vəfatı mənə tamam başqa şeyləri diqtə elədi : ən kədərlisi də odu ki,siz deyirsiz Osman Ərtuğrul Osmanoğlu bu xanədanlığın son adamıdır və mən çox böyük təəssüflə deyə bilərəm ki,mənim belə bir insanın sağ və salamat olmasından xəbərim olmayıb. Bütün varlığımla bu adamla görüşməyə can atardım.Çox-çox təəssüf...Amma onu deyim ki, Osmanlı imperatorluğu tarixini və onların həyat səcərəsini dəqiq bildiyimdən (təbii ki, onların kiminin neçə uşağı olub və hardadılar kimi məlumat bura daxil deyil) onların tarixi ilə sürəkli məşğul olduğumdan ( evimdə onların tarixinə aid neçə cilddə kitab var) böyük bir fəxrlə deyə bilərəm ki, dünyaya uzunca bir vaxt hökmdarlıq edən bürhanəddin,qazi nəsilləri mənim həyatımın ana xəttini özündə saxlayıb və mən hər zaman türk dünyasının baş səcərəsinin varisi olmaq kimi bir fəxr sahibiyəm.Osman Qazidən bu yana və ona qədər bütün osmanlılar mənim fəxr etdiyim və mənim heç zaman unuda bilməyəcəyim bir nəsildir.Mən Osman Ərtuğrul Osmanoğlunun varlığıyla böyük bir dünyanın sanki var oluşunun işarətlərini hiss edirdim və təbii ki,bu itki Türk dünyası üçün ağır və üzüntü verici bir olaydır.Məzarı nurla dolsun.

 

 

(hər iki hissə davam edəcək)

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.27.