Yazıçı ömrünə uvertüra
İslamın qəbulundan
sonra biz kitab dedikdə, yazı dedikdə dünyanın
dördüncü və sonuncu müqəddəs kitabı
olan Quranı nəzərdə tutmuşuq. Ona görə də
qədim və ulu xalqımız hansı ictimai formasiyada
yaşamasından asılı olmayaraq, həmişə kitaba,
yazıya, alimə, yazıçıya hörmət bəsləyib.
Elə dinimizin və dilimizin əzbəri olan müqəddəs
kəlamlar da bu həqiqətdən soraq verir: “Alim öldü
– Aləm öldü”, “Elmi beşikdən qəbrə qədər
öyrənərlər”, “Alimin mürəkkəbi şəhidin
qanından qiymətlidir” və s. yazıçı
(yaradıcı!) Allaha ən yaxın adamlardan biridir. “Əvvəl
peyğəmbərlər, sonra şairlər” – deyirdi dahi
Nizami. Beləliklə də şairi, yazıçını
Allahdan sonra üçüncü yerə qoyurdu. Hürufilərin
təlimində söz Allah, cahan, insan müstəvisində
ikinci yerə keçdi. Dahi Füzuli isə “söz
yaradanın mədhisənasıdır – nəğməsidir”
deyirdi. Əgər söz yaradandan bizə hədiyyədirsə,
sözü yaradan da Allahdan gəlmiş hesab
olunmalıdır. Yazıçı Allah adamıdır.
Çünki o, “Allah əmanəti” (Quran, Əl-Əhzab surəsi)
olan ruhu dirildir, sözə bələyir, ədəbiyyat
yaradır. İnsan ruhunun sözdə cism və can
bulmasına ədəbiyyat deyilir.
Ədəbiyyat – əbədiyyətdir.
Yazıçı əbədiyyət yolçusudur. Haqdan gəlib
həqiqətə gedir. Əgər sufi tərkidünyalıqdan
əbədi dünyaya gedirsə, yazıçı
dünyasevərlikdən əbədiyyətə sözün
işığında, fikrin nurunda yol gedir. Məcnun bu
dünyadan imtina etdi, sevgisi özündən əvvəl
çatdı Allaha. Özü
nura dönüb sevən könüllərə paylandı.
Yazıçı sözün qələsinə
doğru gedən fatehdir. Sözün qələsini
topla-tüfənglə almaq olmaz, ruhla, məhəbbətlə,
səmimiyyətlə fəth etmək olar. İnsan təfəkkürünün
hüdudları çevrəsində bir neçə çətin
iş var ki, yalnız səmimiyyətə təslim olur: dua,
söz, sevgi! Bunları zorla fəth etmək olmaz.
Yazıçı söz mülkünün sultanıdır.
“Gör nə sultanəm məni dərvişi-kim, feyzi süxən”
– deyirdi Füzuli. Yazıçı sözə canından can
verir: “Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə
hər saət səni ol uyğudan bidar söz” deyirdi dahi
Füzuli: “söz candır, əgər bilirsə insan,
Sözdür, əgər derlər özgədir can”. Bu da
mövlanə Füzulinin sözə ehtiram düsturudur.
Yazıçı həm əhli-qələmdir,
həm də əhli qəm. Çünki “dərd
şairliyin sərmayəsidir” (Füzuli). Mənsub olduğu
xalqın dərdini öz dərdi kimi qələmə alan bir
yazıçı haqqındadı bu kitab. Onun əsərlərinin
mətnində milli taleyimiz üçün narahat bir ürək
döyünür. Bədii mətn harmoniyası
tapılmış dil işarələridir. Mətnin ahəngi
yazıçı qəlbinin döyüntüsü
üstündə köklənir. Belə bir ürək
sahibidi Hüseynbala Mirələmov. Yazdıqları onun tərcümeyi-halıdır.
“Məsləkim tərcümeyi-halımdır!” deyirdi
böyük romantik Abbas Səhhət. Eyni sözləri H.Mirələmov
da deyə bilər. H.Mirələmovun vətənkeşliyini
görmək üçün “Xəcalət”i, humanizmini dərk
üçün “Cəza”nı, cəsarətinə bələdlik
üçün “Qırxıncı otaq”ı, sevgisini duymaq
üçün “Gəlinlik paltarı”nı oxumaq
lazımdır.
O, XX əsrin adamı, fəqət
XXI əsrin yazıçısıdır. O, ədəbiyyat
limanında əzmlə lövbər salıb. Cəmisi on ilin
içərisində o, Azərbaycan cəmiyyətinə
özünü yazıçı kimi tanıtmağı və
sevdirməyi bacardı. H.Mirələmov oxucusunu tapa bildi. Oxucu
onu dinlədi və eşitdi. Əslində ədəbi proses
yazıçı, oxucu və tənqidçi
arasındakı münasibətlərin məcmusundan ibarətdir.
H.Mirələmovun tənqidçiləri çox zəifdir,
onlar yazıçının böyük amalını
başa düşmədilər.
Yazıçı Hüseynbala Mirələmov ədəbiyyata
1961-ci ildə “Leninçi” qəzetində (7 noyabr) çap
olunmuş “Bir tikə çörək” hekayəsi ilə gəlib.
O vaxtdan təqribən 50 il
keçir. Onda H.Mirələmovun 14 yaşı var idi.
Hüseynbala Fazil oğlu Mirələmov 25 iyun 1947-ci ildə
Azərbaycanın füsunkar guşəsi olan Lerik rayonunun
zümrüd meşələr qoynunda yerləşən
Nuravurd kəndində anadan olub. “Tənha durna uçuşu”
adlı ilk kitabı xeyli gec – 25 ildən sonra 1986-cı ildə
çap olundu və dərhal müəllifini ədəbi aləmdə
tanıtdı. Xeyirxah Elçin Əfəndiyev bu əsərə
səmimi bir ön söz yazdı... Və H.Mirələmov
altdan-altdan ədəbi yaradıcılıqla məşğul
olsa da müharibəyə düçar olmuş ölkəsinə
vətəndaş xidməti göstərdi, Yanacaq Komitəsi
sədrinin müavini kimi kabinetdə oturmadı, yanacaq dolu
maşınlara minib maşınlarla Qarabağa, ön cəbhə
xətlərinə getdi, həyatını hər
cür təhlükəyə, risqə atdı, eyni zamanda, qaz
mühəndisi kimi elmi tədqiqatlarını apardı, elmi əsərlərini
yazdı, dissertasiyalar müdafiə edib elmlər namizədi və
az sonra elmlər doktoru, professor oldu. Hal-hazırda Azərbaycan
Dövlət Neft Akademiyasında kafedra müdiri kimi
elmi-pedaqoji fəaliyyətini davam etdirir.
H.Mirələmov ədəbiyyata bir də XXI əsrin
III minilliyin əvvəllərində gəldi. Mən 2001-ci ildə
onun Yazıçılar Birliyinə üzv qəbul
olunması üçün zəmanət verdim, “Qayada
çiçək” (2002) adlı hekayələr kitabı haqqında
səmimi bir məqalə yazdım və onun yeni əsr ədəbiyyatında
ədəbi hadisə olan “Xəcalət” povestinə ilk
“Yaddaş” Milli Mükafatını təqdim etdim. Biz Hüseynbala ilə
dostlaşdıq. Və bu dostluğun özü təkcə mənim
üçün, təkcə Hüseynbala üçün
maraqlı olmadı, bu, həm də ədəbi prosesi hərəkətə
gətirdi, ədəbi tənqidə zəngin mövzu verdi.
Bizi tənqid edə-edə yeni bir tənqidçilər nəsli
yetişdi... Və bu kitaba mənim 2002-2009-cu illərdə
H.Mirələmov haqqında yazdıqlarım toplanıb. Bu
ayrı-ayrı yazılar vətəndaş bir
yazıçının cəmisi on ildə keçdiyi
vüsətli yaradıcılıq təkamülünü əks
etdirir. Tərəddüdsüz deyirəm: H.Mirələmov
XXI əsrin ilk on ilində möhtəşəm bir
yaradıcılıq yolu keçib: “Xəcalət”,
“Qayada çiçək”, “Gəlinlik paltarı”, “Həyat
eşqi”, “Güllələnmiş heykəllərin fəryadı”,
“Bir gecənin sehri”, “Cəza”, “Yanan qar”, “40-cı otaq”, “Qumru
yumurtaları” kimi kitablar, roman, povest və hekayələr,
pyeslər, ümummilli lider H.Əliyevə həsr olunmuş
ondan artıq siyasi publisistik kitab, “JZL” seriyasından “Heydər
Əliyev” və “İlham Əliyev” monoqrafiyaları onu bir
yazıçı, dramaturq və siyasi publisist kimi Azərbaycan
ədəbiyyatının və ictimai fikrimizin tarixinə
daxil etdi. Onun H.Əliyev şəxsiyyətinə, amal və
ideallarına, Azərbaycan dövlətçiliyinə,
prezident İ.Əliyev dövlətçilik siyasətinə
inam, etibar və sədaqəti nəsillərə nümunədir.
H.Mirələmov mənim dostum, böyük vətəndaş və yazıçıdır. O, çox etibarlı adamdır, şəxsiyyətini və xalqını sevən ziyalıdır. O, bütün Azərbaycan ziyalılarının xeyirxahıdır. İnsansevərlik, müqəddəslik və humanizm onun əsl-nəcabətindən gələn bir keyfiyyətdir. H.Mirələmov müqəddəs dualarla böyüyüb, bəlkə də anası layla əvəzinə ona həzin dualar oxuyub, böyüyəndə nağıllarla bərabər, həm də müqəddəslər haqqında hədislərə qulaq asıb, H.Mirələmov Avropa təfəkkürlü, Şərq ruhlu bir azərbaycançıdır.
“Xəcalət” və “Cəza” povestləri, “Gəlinlik paltarı” və “Qırxıncı otaq” romanları bir tənqidçi kimi mənə imkan verir deyəm ki, H.Mirələmov XXI əsr Azərbaycan sosial-psixoloji romanının yaradıcılarından biridir. Tamam təsadüfən tapılmış adi bir ipin ucundan tutub cəmiyyətin sarsılmış kökünə enmək, insan taleyini həll edən ani bir məqamı ciddi sosial-psixoloji hadisə miqyasında genişləndirə bilmək H.Mirələmovun yazıçı fərdiyyətinə, onun nəsr və dramatik üslubuna xas olan başlıca cəhətdir. Daha çox XX əsr Amerika romanı – T.Drayzerin “Amerika faciəsi”, E.Hemenqueyin “Qoca və dəniz”, “Əlvida silah”, C.Steynbekin “Qəzəb salxımı”, U.Folknerin “Küy və qəzəb”, F.Fitsceraldın “Böyük Qetsbi” və bu kimi əsərlər üçün xarakterik olan sosial-psixoloji sərtlik, güzəştə getməyən kinayəli təhkiyə H.Mirələmovun adı çəkilən əsərləri üçün də səciyyəvidir. Onun əsərlərində kapitalizm çevrəsinə daxil olmuş müstəqil Azərbaycanın sosial-mənəvi iflicləri bədii tədqiqatın mərkəzinə gətirilir. 30-cu illərdə dünya iqtisadi böhranının son həddə çatdığı bir dövrdə, həmçinin Amerikada sosial-psixoloji romanın vüsətli inkişaf dövründə Amerika yazıçısı V.Noyels acı bir kədərlə yazırdı: “Amerikada ədəbiyyatla məşğul olmaq ciddi iş sayılmır, onun faydalı, ya faydasız olması heç kimi maraqlandırmır. Biz ədəbiyyatçılar isə özümüzü elə göstəririk ki, guya biz də nəyəsə lazımıq, fəqət bu, başdan-başa cəfəngiyyat idi. Nə böyüklərin, nə də balacaların bizə ehtiyacı yox idi; ədəbiyyat onlar üçün dözülməsi lazım gələn, fəqət məşğul olmaq üçün yararsız bir əyləncə idi” (Bruks V.V., Pisatel i amerikanskaya jizn, M., 1971, s.187).
Məhz belə bir psixoloji laqeydliyə əks reaksiya
olaraq Amerikanı içəridən təsvir edib iflicləri
üzə çıxaran sosial-psixoloji roman yarandı. Bu gün Azərbaycanda da ədəbiyyat
müəyyən təbəqələr üçün
“dözülməsi lazım gələn, fəqət məşğul
olmaq üçün yararsız bir əyləncədir”. Azərbaycan ədəbiyyatı tarixində bəlkə
də heç vaxt bədii ədəbiyyat bu qədər
kasıbların malı olmamışdı. Və belə bir
dövrdə H.Mirələmov beyinlərdən laqeydlik
qaysağını, qəlblərdən ətalət pərdəsini
qoparıb atdı. “Xəcalət” povestinin qəhrəmanı,
balaca məktəbli qızın –
Didarın bircə xəcalətli hönkürtüsü rəzalət
saraylarında xumar-xumar mürgüləyən bütöv
bir elitanı silkələyib oyatdı. Xəcalət bizim XXI əsrin
önlərindəki milli varlığımızın mənəvi
simvoluna çevrildi. Bu əsər bəşəriyyətin
diqqətini Azərbaycanın “Olum, ya ölüm” – Hamlet
sualına – Qarabağ probleminə yönəltdi. Əsərin
qəhrəmanı Vətənin və onun taleyi 37-nin
tufanına düçar olmuş nəslinin başına gələnlər
adi şüurun deyil, təhtəlşüurun gücü ilə
təsvir olunur. Bu əsərdən başlayaraq
türkün totemi olan Canavar H.Mirələmovun əsərlərinə
güclü xarakterə malik obraz kimi daxil olur. Amerika
yazıçısı C.Londonun “Həyat eşqi” hekayəsində
insan canavara qalib gəlir, yazıçı insan iradəsinin
qüdrətini, insanın ölməzliyi ideyasını əks
etdirir. H.Mirələmovun “Xəcalət” və “Cəza”
povestlərində Canavar insan mühitinə qalib gəlir, ədib
onu təbiətin ölməzlik simvolu kimi yaradır.
Amansız bir təsvirə nəzər salaq: “Vətən
donmuş, başı kəsilmiş, üzü
şırımlanmış, gözü oyulmuş meyitlərin
içində arvadını və iki balasının cəsədini
tapmayanda məyus olur: Bircə nəfəsi gələn
olsaydı, yəqin canavarın eyni açılardı. Onun hərəkətini,
gözlərinin ifadəsini nəzərdən qaçırmayan
Vətən bu muştuluğu həyəcanla gözləyirdi.
Nəhayət, qeyri-adi vurnuxma, başçəkmə
sona çatdı. Canavar cəsədlərin demək olar ki,
hamısını yoxladı və birdən dayanıb Vətənə
sarı, bir-iki addım atdı. Onun tükləri
qabarmışdı. Qulaqları geriyə tərəf
dartılmışdı. Gözləri də ifadəsini dəyişmişdi.
Bu iradə indiyə qədər canavarın gözlərində
görünməmişdi. Boz, soyuq, tutqun. Bu, Vətəni bir
az da üşütdü. Canavar bir-birinə
qısılmış dişlərilə öz sinəsinə
ağız atdı. Dişlərilə bir çəngə
tük qopartdı və təzədən ağzını daşa
sürtdü.
Sonra qobuboyu təpəyə
sarı yortavladı. Təpənin lap yuxarısında durub
ağzını göyə tutdu. Özü ilə Vətəndən
savayı nəfəsi gələnin olmadığı bu yerlərdə
dərəboyu dəhşətli bir ulartı bu qeyri-adi
ölum sükutunu pozdu: Au... auu... auu...(“Xəcalət”, B., Gənclik, 2002. s.99)
“Axır ki, mənim də qurdum uladı” (s.126). Xeyli sonra
meyitlərin arasında özünə gələn Vətənin
ilk cümləsi bu oldu.
Beləliklə,
yırtıcı heyvan – Canavar insan (erməni!) vəhşiliyinə
dözmür, qəzəbindən diş atıb
özünü qoparır. Bu ağır və sərt təsvir,
bu psixoloji məqam, Canavar ulartısındakı mərhəmlik
insanı insan caynağından qoparır, insana həyat verir:
“Axır ki, mənim də qurdum uladı”, – deyə sevinir Vətən!..
Yaradıcılıq müşahidədən, yazıçı dilə münasibətdən başlanır. Böyük tənqidçi V.Belinski yazır ki, “Təsadüfən açılmış kitabın vərəqləri arasından tapılmış qurumuş çiçək özlüyündə heç nə demir, fəqət həmin çiçək Puşkinə ən yaxşı şeirini yazdırmışdır”. Allah bilir, həmin qurumuş çiçək Puşkinin xəyallarını haralara aparıbmış. Əlbəttə, müşahidə yazıçını adi adamdan fərqləndirən birinci əlamətdir. H.Mirələmov zahirən göründüyündən çox-çox dərin adamdır. Ara-sıra görüşdüyümüz məclislərdə mən onu müşahidə etmişəm. O, bəzən adamın üzünə baxa-baxa onu təhlil edir, nəinki həmsöhbətinə, hətta yazdığı əsərlərə də daxili “mən”inin sirrini axıradək vermir. Həm şəxsi müşahidələrimdən, həm əsərlərinin rəmzi bədii modellərindən, həm də sətiraltı mənalarından, bədii mətnin semantikasından belə qənaətə gəlmişəm: o, çox zaman ikiləşir, amansız bir sərtliklə, özünü təhlil aparır, olanlarla olmalı olanları və olmalı olmayanları ziddiyyətli bir düşüncə axarında – şüur axını məcrasında verəvurd edir. Onun yaradıcılığının psixoloji aləmi zəkası ilə qəlbi arasındakı konfliktlər meydanında qərar tutur. Bu emosional mühakimə, zahirdən daha çox daxilə yönəlmiş fikir arasında mühakimədir.
“Cəza” povestinin qəhrəmanları insanın təbiətə
vəhşi münasibətinin faciəsini yaşayırlar.
Allah insanı yaşatmaq
üçün təbiəti, insan Allaha bənzəmək
üçün sənəti yaradıb. Ədəbiyyat və
sənət əsəri insanın öz əli ilə
özünə ucaltdığı ən əzəmətli
abidədir. “Cəza” təbiət üzərində, heyvanlar
aləmində, xüsusilə, mərd və
yırtıcı təbiəti ilə insana daha doğma olan
Canavarlar üzərində aparılan zəngin müşahidədən
yaranıb. Canavarlar arasında sevginin və sədaqətin əzəməti
və ülviyyəti həssas sənətkar qələmi ilə
poetikləşib. Yazıçı sevgi haqqında ən
gözəl və fəlsəfi qənaətlərini
Canavarın varlığında obrazlaşdıra bilib.
Heyvanlar haqqında, o cümlədən canavar haqqında
çox yazılıb. Lakin Mirələmovun canavarı
başqadır, o, bu əsərində bəşəriyyətin
ekoloji taleyini Canavarların taleyində tipikləşdirməyə
nail olub. Təbiətlə harmoniyanın, psixoloji vəhdətin
itməsi bəşəri bir fəlakətdir.
Yazıçı heç yerdə yazmır ki, mən meşələri,
bağları, heyvanları qıranlara nifrət edirəm.
Onların əməllərini təsvir edir və
aldıqları cəzanın ədalətli olmasına inam
yaradırlar: cinayətkar cəzasını almayanda cəmiyyət
də, təbiət də pozulur. Onda təbiətin
intiqamı başlanır və bu intiqam daha amansız olur. Ədib
özü bu barədə yazır: “Təbiətə
münasibətə gəldikdə etiraf edim ki, ona olan
böyük sevgi mənimlə eyni gündə, eyni saatda, eyni
anda dünyaya gəlib. Əmdiyim ana südüylə,
aldığım nəfəslə, içdiyim su ilə
ruhuma, canıma hopub. Təbiət mənim üçün
ikinci anadır. Ana yalnız öz övladlarının
qayğısını çəkdiyi halda, təbiət
bütün canlılara analıq edir”.
Nizaməddin ŞƏMSİZADƏ,
professor
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.26.