“Gənclik”, yoxsa gənclik?
Bu günkü
gənclik... Kim bilir neçə adamın dilindən ah-vay nalələri yüksəldi. Adətən,
gənclik kəlməsi
səslənəndə adamın
gözü qarşısında
çılğın, dəlisov,
rəngarəng bir həyat canlanır. Və o həyatın
içində hətta
yaşlı nəsli belə özünə çəkən qəribə
bir cazibə qüvvəsi olur. Bir anda gənc
olmaq həvəsi...
Bu zaman bir sual çox maraqlıdır. Görəsən
o anda da gənc nəsil yaşlı nəslin qınaq hədəfinə
çevriləcəkmi? Əlbəttə,
yox!.. Nə isə, mövzudan çox uzaqlaşmayaq. Gənclik özü öz aləmində iki cür olur:
təhlükəli və
normal gənclik. Təhlükəli
gənclik deyəndə
ifrat çılğınlığı,
sərhədsiz azadlığı
nəzərdə tuturam
ki, bu da
günümüzdə xəstə
cəmiyyətləri yaradan,
gələcək nəsillər
üçün böyük
fəlakətlər doğuran
gənclikdir. Hansı
ki, bu gəncliyə
narkotika, oğurluq və s. cinayətləri
aid etmək olar. Lakin günahların hamısını haqqında
danışdığım həmin xəstə gəncliyin çiyinlərinə
yükləmək istəməzdim.
Çünki cinayətkarın
cinayətkar olmasında
günahı təkcə
onun özündə axtarmaq lazım deyil. Bu mənada nəticələrin yox, səbəblərin kökünə
balaca da olsa, varmaq istərdim.
Deyirlər hər şey ailədən başlayır. Hardasa bu fikirlə razıyam, hardasa da yox. Lakin
bir məsələ də var ki,
necə deyərlər
binanın bünövrəsi
əvvəldən necə
qoyuldusa, elə də ucalacaq. Əyri, yaxud düz, bu artıq
bünövrədən asılıdır.
Və gəlin əksər ailələrimizdə
bu gün qurulan bünövrələrə
bir daha nəzər salaq.
Hamıya məlumdur ki, uşağın dünyaya gəlməsiylə
valideynin çiyinlərinə
düşən yükün
çəkisi də günbəgün artır.
Lakin bizdə ailələrimizin ən böyük problemi nədir? Ailədə insani münasibətləri,
bir-biriylə fikirlərini
bölüşüb paylaşma
mədəniyyəti hələ
də sıfır dərəcəsindədir. Uşaq
düşündüyünü valideyniylə bölüşmür
ki, “Yox, birdən atam məni anlamaz”, yaxud ana 2-3 yaşlı
uşağın ağzının
üstündən bir
şillə çəkib
(dəfələrcə canlı
şahidi olmuşam) “kəs səsini, sual vermə” deyirsə, vallahi o körpə “xoşbəxt”
oldu. Artıq cinayətkarlıq toxumları
valideynin öz əlləriylə səpilir.
Körpənin qəlbində
yaranan ümidsizlik, mənəvi boşluq, özünə qapanma, insanlara nifrət etmə... və s. – nəticə depressiya, hamıya qarşı aqressiya, stress-gərginlik...
Və bunları unudub mənəvi boşluğu doldurmaq üçün narkotikaya
qurşanma. Cinayətə
doğru sürünən
izlər. Məgər
hər şey sizə aydın olmadımı? İndi siz deyin belə
bir anda valideynin günahı özündə yox, başqalarında axtarması
nə dərəcədə
doğru olar?!
Problemimiz təkcə bu olsa, nə
var ki?.. Ailədən sonra uşağın tərbiyəsində
məktəbin də xüsusi rolu var. Nəzərə alsaq ki, bu günkü
məktəblərdə də
müəllim-şagird münasibəti
və söhbətləri
adi iki həmyaşıd
dost-tanış qeybətindən
fərqlənmir, dərslərin
də keçirilmə
səviyyəsi bərbad
vəziyyətdə, o zaman
heç danışmağa
dəyməz. Təsəvvür
edin, məktəbdə
müəllim “müqəddəs
borc”unu həyata keçirib “8 Mart” və
s. bayramlar üçün
pul toplayır. İndi imkanı olmayan şagird də uşaqların içində pərt olmamaq üçün məcbur qalıb, ya evdə valideynləri
ilə “III Dünya müharibəsi”nə başlamalı,
ya da başqa
yola əl atmalı. Başqa yoldan da danışmağa
dəyməz... Bu da bizim tərbiyəvi əhəmiyyət kəsb
edən məktəblər.
Necə deyərlər,
evdə valideyn uşağını başından
etmək üçün
məktəbə qoyur,
yox qovur, məktəbdə də müəllim uşaqlardan
canını qurtarmaq üçün 45 dəqiqənin
saniyələrini sayır.
Sivil ölkələrdə
isə belə deyil. Hələ uşaqları körpə
yaşlarından kitaba,
elmə həvəsləndirib
onlarda böyük maraq oyadırlar. Hansısa dərnəklərə
üzv yazılıb uşaqların əyləncəsini
də təmin edirlər və ən əsası maksimum sərbəstlik. Bizlərdə isə hər şey qadağalar çərçivəsində
hökmranlıq edir.
“Yox bura olmaz”, “Hələ uşaqsan”, ay nəbilim “filan yerə tək getmə” və s. Anlayan yoxdur ki, insanların
adətən daha çox maraq göstərdiyi sahələr
qadağan olunmuşlardır.
Necə ki, Adəmlə Həvva qadağan olunmuş meyvəni dadmışdı...
Və bir şeyi də unudurlar ki, gərək
uşaq elə körpə yaşından
həyatın acısını-şirinini,
bərkini-boşunu hiss edib
görməlidir. Axı,
yaşadığımız həyat yalnız düz yoldan ibarət deyil. Yəhudilərdə elə
uşaq dünyaya gələn kimi onu üzü üstə yerə qoyurlar ki, öz
gücünə arxası
üstə çevrilsin.
Təbii ki, bu nümunələri çəkməklə özümüzküləri
pisləmək niyyətim-filan
yox. Heç kütləviləşdirmək fikrim də yoxdur. Əlbəttə, elə ailələrimiz var ki, bu
gün çoxlarına
nümunə ola bilər. Lakin təəssüf ki, barmaqla sayılacaq qədər azdır...
Sağlam gələcək üçün sağlam gəncliyə böyük ehtiyacımız var. Təbii ki, heç kəs bu gün gəncliyi yalnız və yalnız “Gənclik” metrostansiyası kimi xatırlamaq istəməz də. Necə ki, xatirə dəftərlərində “Gənclik nədir” sualı elə-beləcə xatırlanır...
Yeganə CANSAİL
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.24.