7 dəyər
Hər cəmiyyətin
öz dəyərləri var. Amma heç bir cəmiyyət
onlardan bizim qədər danışmır. Biz
qollarımızı çırmalayıb ağızdolusu
milli dəyərlərimizdən danışırıq hər
yerdə. Şəxsən mən “dəyərlərimizi
qoruyaq” deyəndə söhbətin nədən getdiyini bilmirəm.
Nəyi qorumaq lazımdır, onu anlamıram.
Fikir vermisizsə, biz
adı var, özü yox anlayışlara səcdə etməklə
yaşayırıq. Ölürük qeybdən bir
anlayış atılsın ortalığa ki, ona tapınaq. Bu
anlayış nədir, nə məna verir, hardandır və
hardadır – o bizi maraqlandırmır. “Mentalitet” sözü
bütün ölkənin dilindəydi. Kimdən soruşurdun
ki, mentalitet nəmənədir, gözünü
döyürdü. “Mental” bəyənmədiyiniz ingilislərin
sözüdür. Əxlaq, mənəviyyat mənasını
verir. Mentalitet isə cəmiyyətə tədbiq edilərək
milli mənəviyyat, milli keyfiyyət kimi işlədilir.
Nədir əxlaq? Əxlaqdan
elə danışırıq, onu elə çözələyirik,
sanki əxlaq hansısa qanun məcəlləsidir. Və
çox vaxt da “əxlaq” “ədəb” sözüylə
tutuşdurularaq eyniləşdirilir. “Ədəb”lə “əxlaq”
arasında məzmun fərqi deməzdim, amma boy fərqi var. Bizimçün
ədəb söz anlayışıdır. Biz ona söz kimi
baxırıq. Adam söyüş söyürsə, ədəbsizdir.
İnsan elə vəziyyətə düşə bilər ki,
orda kobudluq eləməyə məcbur olar. Hətta,
söyüş də söyər. Ədəb situativ
anlayışdır. Haldır, vəziyyətdir, hətta hadisədir.
Terminoloji anlayış deyil. Kriterisi də söyüş
deyil. Ədəbsiz adam söyüş söyən yox, harda gəldi
söyən, hətta, yersiz danışan adamdır. Məsələn,
öz səhvini etiraf etməyən adam da ədəbsizdir.
Burda durum, situasiya özü ədəbsizdir. Söz yox, hərəkət
ədəb ölçüsüdür. Ədəb hərəkətdir,
feildir. Bu isə ümumilikdə əxlaq məsələsidir.
Ədəb əxlaqın tərkib hissəsi sayılır.
Əxlaqı
formalaşdıran mədəniyyətdir. Ədəbiyyat,
musiqi, tarix, iqtisadiyyat, siyasət , elm və s. milli əxlaqın
formalaşdıran mədəniyyət sahələridir. Bu cəmiyyətin
dəyərlər toplusunu yetişdirir və təşkil
edir. Beləliklə, cəmiyyətin ümumi
görüntüsü, şəkli onun mədəniyyətinin
– tarixinin, ədəbiyyatının, musiqisinin, təhsilinin,
iqtisadiyyatının, siyasətinin güzgüsüdür. Cəmiyyət
keçdiyi yolu özünün dəyərləri ilə əks
etdirir. Bütün dövrlərdə hakim olan siyasi havanı
açıb göstərir. Bu xalq köləmi olub,
ağamı, azadmı olub, qulmu, xoşbəxtmi olub, bədbəxtmi,
mübarizmi olub, mütimi, çalışqanmı olub, tənbəlmi?
Bunları onun qurduğu cəmiyyət və cəmiyyətində
hökm sürən dəyərlər açıq-aydın
ifadə edir.
Dəyərlər
toplusu xalqın ruh halına təsirsiz ötüşmür. Ümumilikdə
isə onun xarakterini formalaşdırır. Lebon yazır ki,
xalqın taleyi onun xarakteri ilə bağlıdır. Və
onun tarixini də yaradan xarakteridir. Hesab edirəm ki, bunlar əslində
qarşılıqlı məsələlərdir. Və
bir-birini tamamlayırlar.
Çox yox, sizə
tanış olan 6-7 keyfiyyət yazıram bura.
1. Rüşvətxorluq
2. Şöhrətbazlıq
3. Cırtqozluq
4. Sözbazlıq
5. Çəpikçilik
6.
Dağınıqlıq
7. Ədəbazlıq
Rüşvətxorluq
xalqın tarixən rüşvət verib öz
başını dinc saxlamaq instinktinin göstəricisidir. Bu
da pula, var-dövlətə hərislik hissini yetişdirir.
Rüşvətxorluq həm də bu yerlərdə heç
vaxt qanun-filan olmadığına işarədir. Şöhrətbazlıq
heç nədə seçilə bilməyən xalqın
şöhrət yanğısıdır. Cırtqozluq saxta
qürurdur ki, bu da özünü qoruma metodlarından
birirdir. Sözbazlıq avaraçılıqdan doğan əməldir,
çəpikçilik yaltaqlanmağa məcbur olmanın
göstəricisidir, dağınıqlıq birləşə
bilməmək simptomudur, ədəbazlıq... fikir verin, ədə-baz
hamını adıyla deyil “ədə”ylə
çağırmaq həvəsi, lovğalıq,
başqasını özündən aşağı saymaq adəti.
Bir də ədəbaz, bu da aydındır ki, nə məsələdir.
Heraklit deyib ki,
özbaşınalıq yanğın kimidir, onu dərhal
söndürmək lazımdır. İndi siz deyin, əgər
xalqın belə dəyərləri varsa, bu dəyərləri
söndürmək, yoxsa yuxarı başa buraxmaq
lazımdır? Hansı sahədə tədbiq etmək olar bu
dəyərləri? Məncə, yeni dəyərlər
formalaşdırmağın vaxtıdır. Bu gün yaranan mədəniyyət
də sabahkı dəyərləri müəyyənləşdirəcək.
Mədəniyyətin tərkib hissələri bir-birilə
sıx bağlıdır. Zəncir kimi. Birini gerçəkləşdirmək
üçün mütləq ikincisi təkan olmalıdır.
Ədəbiyyat, elm, musiqi və s. ilə onları dəyərə
çevirən siyasət arasında dostluq olmasa cəmiyyət
özü kulta çevrilmir.
Azad Mirzəcanzadəni
tanıyanlar bilir. O heç vaxt həmsöhbətindən “məni
başa düşdün, anladın” soruşmazdı. O
soruşardı: “Deyə bildim?”. Halbuki Azad müəllimi
anlamaq və başa düşmək vacib idi. Onsuz da o dediyini
demişdi.
Bir dəfə Azad
müəllim dostları ilə hansısa restoranda
yığışıb ad gününü keçirir. Azərbaycanın
qaymaqları onun yanında olur. Yaxın dostu Fərhad Bədəlbəyli
də. “Restoranın solisti” olan müğənni oğlan
ağzına gələni oxuyub durur. Azad müəllim
dözməyib bu müğənnini yanına
çağırır, Fərhad bəyi göstərərək
soruşur:
– Sən bu adamı
tanıyırsan?
Müğənni utancaq
görkəm alır və dodağının altında nəsə
mızıldayır.
Azad müəllim:
– Bu, böyük bir
musiqiçi irsi olan Fərhad Bədəlbəylidir. Onun
yanında belə məsuliyyətsiz oxumaq olmaz.
Bu, ədəb
mövzusudur. Biz nəyin ədəb, nəyin ədəbsizlik
olduğunu müəyyənləşdirməliyik. Mən əminəm
ki, o müğənni atasının yanında siqaret çəkmir.
Bu niyə ədəbsizlikdir, o bilmir, amma
yaşadığı ortam, cəmiyyət, xalq onu belə tərbiyə
edib: “Atanın yanında siqaret çəkmək qəti
qadağandır”. Xalq deməyib ki, Bədəlbəylinin
yanında ağzına gələni oxuma. Məncə, biz əvvəlcə
dəyərlərin nə olduğunu bilməliyik. Məişətdən
bəşəriyyətə doğru!
Övladını ətəyindən
o yana buraxmayan Azərbaycan xalqı bilməlidir ki, uşaq
çanta, ya da ayaqqabı deyil ki, onu dolabda saxlayasan.
Bir az da ədəbiyyatdan.
Ədəbiyyatda ədəb
yazarın nə yazması deyil, necə yazmasıdır. Əsərdə
ədəbsizlik çılpaqlığın öz bədii
həllini tapmamasıdır. Yazar elə situasiya yarada bilər
ki, oxucu özü həmin situasiyada kobud nəsə demək,
bəlkə söyüş söymək, ya da bağırmaq
istəyər. Bu zaman lazımlı sözü tapıb yerinə
qoyaraq yazar situasiyanı xilas edir və profssional olduğunu
göstərir. Amma gözləmədiyin anda yazının
ortasında bir dəxilsiz sözə, söyüşə, ya
təsvirə rast gəldinsə gözün deşiləcək.
Hamı sevgilisi ilə
sevişir. Heç kim bunu millətin gözü
qabağında, harda gəldi eləmir, axı. Tutaq ki, estetika
xətrinə ictimai yerdə, qələbəlikdə gözdən
yayınıb, özünüzə bir künc tapıb
baş-başa qalıb dəlilik edə bilərsiz, amma bunu
ortalıqda kim edir? Və lazımdırmı? O zaman bu, estetik
görünüşdən çıxar və ruslar demiş
olar “polnaya pornoqrafiya”. Bu təxminən “büsbütün ədəbsizlikdir
” deməkdir. Onlar yersiz, eybəcər bir hadisəylə
qarşılaşanda belə deyirlər.
P.S. Tənzilə
xanım “El içində” deyir ki, kiminsə qarnı mənim
xalqımın nəyinə lazımdır? Tənzilə
xanım, lazım olmasa, heç kim qarnını xalqa göstərməz.
Mənim xalqım hər mənada qarından o tərəfi
görmür və başqa heç nə haqda da bu qədər
düşünmür. Həm o qarnı yetişdirən də
mənim xalqımdır.
Aysel ƏLİZADƏ
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.24.