Şərq və Qərbin möhtəşəm vəhdəti
Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən “Şərq və Qərb” mətbəəsində yüksək poliqrafik səviyyədə görkəmli bəstəkar, pianoçu, dirijor, musiqişünas və müəllim, Azərbaycan Bəstəkarlar İttifaqının rəyasət heyətinin sədri, Azərbaycanın xalq artisti, Firəngiz Əlizadə haqqında gözəl bir kitab çapdan çıxmışdır. Kitab müxtəlif rəngli fotolarla zəngindir. Bu da ona əlavə gözəllik, yaraşıq verir.
Kitabda təqdim
olunan materiallar – məqalələr, tədqiqatlar, müsahibələr,
müəllif haqqında fikirlər, müxtəlif məlumatlar
böyük sənətkar haqqında bildiklərimizi
artırır, zənginləşdirir. Belə bir qiymətli kitabın
işıq üzü görməsi sevindirici və
qürurverici bir hadisədəir. Lakin sevinc və qürur
hissləriylə bərabər biz təəccüb və
xüsusilə təəssüf hissi də keçiririk ki, bu
işdə birinci olmamışıq, yəni bizdən
çox-çox qabaq başqa xarici ölkələrdə həmyerlimiz
barədə müxtəlif qiymətli yazılar, kitablar nəşr
edilmiş, film çəkilmişdir. Elə bu kitabın
özü 2007-ci ildə Almaniyada çıxan məşhur musiqişünas
Ulrike Patofun “Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin
həyat və yaradıcılığı. Sənədlər”
adlı kitabının sanki ardı, davamıdır. Nə isə...
“Öz məmləkətində peyğəmbər yoxdur” ifadəsi
burada necə də yerinə düşür...
Kitabın ön
sözünün müəllifi dünya şöhrətli
violonçel ifaçısı Mstislov Rostropoviç Firəngiz
Əlizadənin böyük şair Nəsiminin sözlərinə
yazdığı “Dərviş” (qeyd edək ki, Dərviş
partiyasını 1999-cu il YUNESKO mükafatının
laureatı Alim Qasımov ifa edir) əsərinin Çikaqo
şəhərində dinlədikdən sonra demişdir: “Mən
çox fəxr edirəm ki, mən də bakılıyam”. Məşhur
amerikalı Yo-Yo Manın rəhbərliyi ilə ifa olunan bu əsər
“İpək yolu” proyektinin ən gözəl əsəri hesab
olunmuşdur. “İpək yolu” proyektinin repertuarına F.Əlizadənin
“Habil sayağı” “Eşq havası” və “Oazis” əsərləri
də daxildir. Birdən bir müəllifin bu qədər əsərinin
repertura daxil olunması görünməmiş hadisədir.
Mstislov Rostropoviç ön sözdə yazır ki, Parisdə
keçən və onun adını daşıyan VIII Beynəlxalq
vilonçel ifaçılarının müsabiqəsində
iştirak etmək üçün zəmanəsinin ən
böyük bəstəkarlarını Parisə dəvət
etmişdir. Müsabiqəyə təqdim edilmiş əsərlər
arasında o, xüsusi olaraq F.Əlizadənin “Oyan!” əsərini
qeyd edir. Rostropoviçə görə bu əsər bəstəkarın
yüksək yaradıcılıq fantaziyasının məhsuludur
və o, bu əsərdə bacarıqla müğamın
müasir müsiqiylə vəhdətini həyata keçirə
bilmişdir.
Ön
sözdə alman nəşriyyatı tərəfindən
Doktor Hans Sikorski yazır ki, Firəngiz Əlizadə
şübhəsiz ki, bizim dövrün Lider bəstəkarlarından
biridir, həm də müsəlman aləminin yeganə
nümayəndəsidir ki, Qərbdə müasir klassik musiqi
sahəsində böyük uğurlar qazanmışdır. Onun əlvan, fəthedici, ifadəli
musiqisi Amerikadan Avstraliyaya qədər bütün qitələrində
ən görkəmli ifaçılar Yo-Yo Ma, Evelin Qlenni, Ylius
Bergenin və dünyanın ən məşhur ansamblları tərəfindən
ifa edilir. Onun baletləri Xelsinki, Nyu-York, Berlin, Münhen və
Stambulun səhnələrində qoyulur. Özünün zəngin
müasir yaradıcılığı ilə F.ƏLizadə
mədəniyyət dialoqlarına, Şərq və Qərbin
dəyərlərinin qarşılıqlı zənginləşməsi
üçün böyük töhfələr vermişdir.
Çox illərdir ki, beynəlxalq musiqi nəşriyyatı olan “Hans Sikorski” F.Əlizadə ilə əməkdaşlıq edərək, onun yaradıcılığını təbliğ edir. Dr. H.Sikorski Şərqin və Qərbin mədəni ənənələrinin yaxınlaşmasında F.Əlizadənin böyük rolu olduğunu xüsusi vurğulayır.
Dörd fəsildən ibarət bu kitabın birinci fəslini Firəngiz Əlizadənin “Muğam sənəti dünya musiqi kontekstində” adlı son dərəcə qiymətli, maraqlı, şəxsi müşahidələrlə zəngin məqaləsi açır. Doğrudur bu məqaləni mən hələ 2007-ci ildə çıxan “Muğam” dərgisinin birinci nömrəsində oxumuşdum, lakin burada o yenidən dərc olunaraq kitabda verilən həm müəllifin öz əsərlərinə və həm də təqdim olunan digər materiallara ümumi ton, lazımi istiqamət verərək, onları Şərq və Qərbin möhtəşəm vəhdəti aspektində kökləndirmişdir. F.Əlizadə məqaləsini belə fikirlə başlayır: “Dinamik şəkildə qloballaşan dünyamızın ən əlamətdar meyllərindən biri, şübhəsiz, “Şərq-Qərb” problemlərinin yenidən üzə çıxmasıdır... Tarix boyu bu mədəniyyətlərdən hər birinin öz bədii sistemi təşəkkül tapmış olsa da, XXI əsrdə onların bəşər mənəviyyatına qoşulması bir zərurətə çevrilmişdi... Axı, Qərblə Şərqin mövqelərinin qütbləşməsinin, arasındakı etimadsızlığın və ehtiyatlı davranmaların nəhayət ki, bir alternativi mövcuddur – mədəniyyətin dialoqu!”.
Firəngiz Əlizadənin özünün yaradıcılığı mədəniyyətlərin bu dialoqunu gerçəkləşdirən əsas vasitələrdən biridir, bəstəkarın yaradıcılığının kökü isə muğam sənətinə bağlıdır.
Desək ki, muğam Azərbaycan
xalqına Tanrının göndərdiyi vergidir, yəqin ki,
yanılmarıq. Lakin bu vergidən necə istifadə etmək,
onu necə qiymətləndirmək, qorumaq, inkişaf etdirmək,
tətqiq və təbliğ etmək, hifz etmək, gələcək
nəsillərə təhrifsiz ötürmək, önəmli
problemlərdir.
Məqalədə
F.Əlizadə ilk növbədə muğama həsr
olunmuş yazılar axınında rast gəlinən terminoloji
hərc-mərcliyə aydınlıq gətirilməsini tələb
edir. Onun yazdığına
görə bəzi müəlliflər muğam deyəndə,
dəqiqləşdirmə aparmadan gah muğam dəstgahını,
gah da muğam havacatını (modusu-ladı) nəzərdə
tuturlar. Bəstəkar yazır ki, dərhal vurğulayaq ki, bu
məfhumlar tam başqa-başqa kateqoriyalara aiddir. Əgər
dəstgah muğam musiqisinin müxtəlif növlərini
özündə cəmləşdirən çoxjanrlı
kompozisiyadırsa, muğam havacatı, yaxud modusu dəstgahın
tikinti materialını təşkil edir. Müəllif qeyd
edir ki, bu mənada havacat, yəni modus-lad, şübhəsiz,
muğam dəstgahına nisbətən daha tutumlu, çoxmənalı
məfhumdur – kosmosa yayılmış əbədi, zaman
xaricində olan bir substansiyadır, məhdudiyyət bilməyən
ideyadır. Muğamat islam ölkələrində orta əsrlərdə
yaranmışdırsa, havacat (modus-lad) sisteminin salnaməsi isə
islamaqədərki dövrlərdən başlayır. Məqalədə
müəllif muğamın dünya musiqi kontekstində bir
sıra çox önəmli məsələlərinə
toxunaraq onu bu fikirlə bitirir: “Muğamın bir kosmik musiqi
olduğuna kürreyi-ərzdəki varlığına
inanıram! İnanıram ki, Yer qayğılarından uzaq
dura bilən hər kəs mənəvi saflaşma məqamında
muğam eşidib, onun sehrinə düşə bilər. Ancaq
bu an heç də hər kəs onu qiymətləndirə
bilməz və demək olar bir kimsə bu sirri-sehri izah eləyə
bilməz. O ki, qaldı muğaın səsləndirilməsinə,
onu yalnız və yalnız Yaradanın seçdiyi sevimli kəslər
– Müqəddəs Odlar yurdumun sakinləri – Azərbaycanlılar
daha yaxşı bacarırlar.
Müəllif
məqaləsinin sonunda çox önəmli bir informasiya da gətirir:
“İçərisi Yer kürəsi barədə, buradakı
həyatın ən dəyişkən çalarları haqda
şifrələnmiş informasiya ilə yüklü bir qovuq
kainatı dolaşhadolaşdadır. Başqa sivilizasiyalara çatdırılması gərəkli
bilinən o informasiyalar sırasında Azərbaycan muğamının
da şifrəsi var...”.
F.Əlizadənin bu məqaləsi
görünür xüsusi önəminə görə
kitabda rus və Azərbaycan dillərində verilmişdir,
qalan materialların çoxu isə yalnız rus dilindədir.
Birinci fəslin növbəti
materialı professor Aida Hüseynovanın Firəngiz Əlizadə
haqqında samballı tədqiqatıdır. Bu əsər Əlizadənin
yaradıcılığında iki aləmin, Şərqin və
Qərbin qovuşması, uzlaşması barəsindədir. Məqalə
bir neçə hissədən – Crossinq I, Crossinq II, Habil
üslubunda, Muğamsayağı, Oazis və Gözəlliyin
hakimliyi adlı hissələrdən ibarətdir. Məqalədə
A.Hüseynova bəstəkarın həyat və
yaradıcılığının ardıcıl, müfəssəl
təhlilini təqdim edir. Məqalənin sonunda o,
aşağıdakı nəticələrə gəlir: Firəngiz
Əlizadənin bəstəkar
yaradıcılığının özünəməxsusluğu
Şərq və Qərbin, qədim muğam sənəti ilə
müasir bəstəkar yazı vasitələrinin kəsişməsindən
yaranmışdır. Bəstəkarın təfəkküründə
meditativlik hərəkətli dramatiklik ilə
uzlaşmış, analiz sintezlə, yüksək
emosionallıq möhkəm məntiqlə, həqiqətə
çatmaq cəhdi onun əlçatmazlığı ilə
və s. çarpazlaşır.
F.Əlizadənin musiqisində müxtəlif mədəniyyətlərin musiqisinin səslənmələrinə rast gəlirik və onlar üzvi surətdə bu musiqiyə daxil olur. Hətta Azərbaycan bəstəkarlıq məktəbinin çərçivəsində iki müxtəlif ənənələrin – Qara Qarayev və Fikrət Əmirov ənənələrinin barışına nail olunur.
F.Əlizadənin uğurları
böyük istedadın və dəhşətli
işgüzarlığın nəticəsidir. F.Əlizadə
müxtəlif eksperimentlərə meyilli və hazır olan sənətkardır.
F.Əlizadə A.Hüseynova ilə söhbətində etiraf
edərək bildirmişdir: “Mənə elə gəlir ki, mənim
əsl üslubumun əldə edilməsi hələ
qabaqdadır”.
Kitabın
birinci fəslinin son böyük hissəsi jurnalist və
musiqiçi Natavan Faiqin “Yaradıcı kəşflər aləminə
səyahət” adlı yazısıdır. Yurnalist həm də konservatoriyanın
məzunu olduğuna görə F.ƏLizadəni bilikli və
istedadlı bir müəllim kimi xarakterizə edir. Onun
müasir musiqi haqda son dərəcə maraqlı mühazirələrinin
tələbəlik illərində sehrinə
düşdüyünü vurğulayır. Müəllimin
mühazirələrindən sonra Paul Xindemit, Arnold
Şönberq, Alban Berq və digər o dövrün bəstəkarları
tələbələrin sevimli sənətkarlarına
çevrilirdilər, bu bəstəkarların əsərləri
istedadlı pianoçu Əlizadənin ifasında kamil səslənirdi.
Hələ 1976-cı ildə müəllimi Qara Qarayevlə
İtaliyaya gedərkən Alban Berqin xatirəsinə
yazdığı məşhur sonatasını özü ifa
etmişdir. Ümumiyyətlə Azərbaycan
tamaşaçılarını, eləcə də SSR-nın
digər xalqlarını, xarici ölkələrin
tamaşaçılarını C.Keysin, A.Berqin, C.Krambın,
Bulezin, Ştokrayzenin, O.Messianın, P.Xindemitin,
S.Qubaydulinanın, Şnitkenin və həmçinin Azərbaycan
bəstəkarlarının– M.Quliyevin, F.Qarayevin,
A.Dadaşovun, R.Rüstəmzadənin, O.Felzerin və
başqalarının əsərlərinin F.Əlizadə ilk
ifaçısı olmuş, onların
yaradıcılığını təbliğ etmişdir.
Natavan
Faiqin yazısında F.Əlizadənin
yaradıcılığındakı bir cəhətin də
qeyd olunması mənim ürəyimcə oldu. Əlizadə çox illərdi ki,
xarici ölkələrdə yaşayıb işləmişdi.
Lakin bu illər ərzində bəzilərindən fərqli
olaraq o, nə almanlaşmış, nə
fransızlaşmış, nə amerikanlaşmış, elə
Azərbaycanlı olaraq qalmışdır. Onun əsərlərinin
çoxunun adı da Azərbaycan dilindədir:
Habilsayağı, Muğamsayağı (yeri gəlmişkən
qeyd edək ki, Üzeyir bəyin “Aşıqsayağı əsərinin
bu mənada sanki davamı kimi), Dərviş, Eşq havası.
Oyan!. Yanar dağ, Atəş, Sabah, Zikr, Boş beşik,
Abşeron, Şüştər, Bayatılar və sair. Lakin təəssüflə
qeyd etməliyəm ki, bu Azərabycan adlı əsərlərin
bəzisi Bakıda səslənməmişdi. Onun Bakıda səhnədə
qoyulan hələ ki, son əsəri “Qarabağnamə”
operasıdır (Libretto müəllifi Nərgiz Paşayeva)
Qarabağ mövzusu vətənpərvər bəstəkarın
xaricdəki çıxışlarının da əsas
mövzularındandır.
Kitabın sonrakı rubrikası
“İlk dəfə” adlanır. Bu rubrikada verilən faktlardan bəzilərini
biz artıq qeyd etmişdik. Hələ tələbəlik illərində
F.Əlizadə Azərbaycanda ilk dəfə Anton fon Vebernin
“Variasiyaları”nı ifa etmişdir. Elə bu illərdə
müəllimi professor Qara Qarayev yalnız Əlizadəyə
ilk dəfə dodekafon texnikasında əsər yazmağa icazə
vermişdir.
Əlizadənin Q.Malera həsr olunmuş poemasının ifası ilk dəfə Sürixdə olmuşdur.
1979-cu ildə o, Habilsayağı
əsərində ilk dəfə hazırlanmış royaldan
istifadə etmişdir.
1987-ci ildə SSRİ Bəstəkar
İttiafqının plenumunda Əlizadənin Nigar Rəfibəylinin
sözlərinə yazılmış “Akvarellər” vokal sikli
səslənmişdi.
O, “Boş beşik” baleti ilə
Türkiyənin sayca dördüncü opera və balet
teatrını açmışdır. Mersian opera və balet
teatrının xoru və orkestri ilə Hendelin böyük əsəri
olan “Messiya” oratoriyasını ifa etmişdir.
Antaliyada “Aspendos” teatrında məşhur
opera və balet teatrlarının Beynəlxalq festivalı F.Əlizadənin
“Boş beşik” baleti ilə açılmışdı.
Mersianda “Firəngiz Əlizadə
günləri” adlı Beynəlxalq festival
keçirilmişdir. (Bəstəkarın yubileyinə həsr
olunmuşdur).
Qərbin ən məşhur
firmaları tərəfindən müəllifin SD –
albomları buraxılmışdır. (Sony classikal, BİS, Nonesncb,
GWK, Triton və b. tərəfindən).
1999-cu ildə Əlizadə Lüsern festivalında Leadinq komposer – aparıcı bəstəkar adına layiq görülmüşdür.
2003-cü ildə o, Kembric bioqrafik mərkəzinin “XXI əsrin görkəmli intellektualları” siyahısına daxil olunmuşdur.
1998-ci il yadıma
düşür. Mənim “Azərbaycanın musiqi elmi”
kitabım yeni nəşr olunmuşdu. Əsərdə ilk dəfə
idi ki, XIII əsrdən XX əsrə qədər musiqi
elmimizin geniş panoramı verilirdi, Səfiəddin Urməvi, Əbdülqadir
Marağai, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli
kimi korifeylərin elmi irsi təhlil və tədqiq olunurdu. O
vaxt Firəngiz Əlizadə “Qadınlar musiqidə”
assosiasiyasının təşkilatçısı və sədri
idi. O, bu assosiasiya vasitəsilə kitabın təqdimatının
keçirilməsini təklif etdi, mən də məmnuniyyətlə
razılaşdım. Təqdimat Nizami Muzeyində
keçirildi. Bu Bakıda musiqişünasın
kitabının ilk təqdimatı idi, təqdimatı Firəngiz
xanım özü açdı, onun
çıxışından sonra bir çox ziyalılar,
musiqiçilər çıxış etdilər. Məcnun Kərimovun
rəhbərliyi ilə “Qədim musiqi alətləri”
ansamblı kitabda verilən Marağainin musiqi əsərlərini
ilk dəfə səsləndirdi. Bir gün əvvəl isə
Rüstəm Mustafayev muzeyində qadın bəstəkarlarının
əsərlərindən ibarət konsert oldu. Bunu da Firəngiz
Əlizadənin rəhbərliyi yenə “Qadınlar musiqidə”
assosiasiyası keçirdi. Uğurla keçən bu tədbirləri
F.Əlizadənin rəhbərlik etdiyi “Qadınlar musiqidə”
assosiasiyasının həyata keçirtdiyi önəmli
aksiyalar kimi “İlk dəfə” rublikasına salmaq olardı.
Kitabın ikinci fəsli müxtəlif sənət adamlarının Firəngiz Əlizadə haqqında qəzet və jurnallarda çıxan məqalələrindən ibarətdir. Üçüncü fəsildə isə bəstəkarın özünün məqalələri, müsahibələri toplanmışdı.
Kitabın
üçüncü hissəsi, yəni Firəngiz Əlizadənin
özünün məqalələri, müsahibələri
olan hissələr xüsusi maraq doğurur. Qeyd edək ki, F.Əlizadə
1994-cü ildə “Azərbaycan bəstəkarlarının
simfonik musiqisində orkestr üslubunun formalaşması”
mövzusunda namizədlik dissertasiyasını müdafiə
etmişdir. 1998-ci ildə onun “Azərbaycanın simfonik
musiqisi” adlı monoqrafiyası nəşr edilmişdir. O,
musiqişünas kimi zəngin təcrübəyə əsaslanan
elmi təfəkkürə və orijinal yazı üslubuna
malikdir. Onun müəllimi Qara Qarayev haqqında
yazdığı kitabı da xüsusi marağa səbəb
olmuşdu.
Kitabın
dördüncü fəsli həm
üçüncünün ardıdır, həm də kitabın
yekunudu. Kitabın sonrakı
materialları Azərbaycan dilində çıxan əsərlərdən
ibarətdir – məqalələr, müsahibələr və
s. Son hissə ingilis dilindədir. Hər hissə tərtibatçının
ön sözü ilə başlanır (Müəllif-tərtibçı
Xədicə Orduxanova, Bədii tərtibat – Novruz Novruzov, Məsul
katib Jalə Muradova, kompyutor tərtibatı Gülnar Səfərova).
Müəllif-tərtibçı X.Orduxanovaya və
işçi qruppuna dəyərli və zövqlü kitab
hazırladıqlarına görə oxucu çox sağ olu,
deyirik.
Bu yaxınlarda İsveçrədə keçən Azərbaycan günlərində biz Firəngiz Əlizadənin növbəti uğurunun şahidi olduq. Burada o, bəstəkar, həm də öz əsərinin dirijor və pianoçusu kimi də çıxış edirdi.
“Şöhrət” ordenli, “Dünya artisti” titullu (YUNESKO-nun təltifi) Firəngiz Əlizadə haqqında Şərqdə və Qərbdə hələ çox kitablar yazılacaq, çox kitablar nəşr olunacaq. Çünki o, buna layiqdir, gördüyü böyük işlərə, əməllərə, yaratdığı təkrarsız musiqiyə görə! Ona gördüyü bütün işlərində yeni-yeni uğurlar arzulayırıq!
Zemfira SƏFƏROVA,
AMEA-nın müxbir üzvü,
Azərbaycanın əməkdar elm xadimi,
Professor
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.22.