Şair xalqın xalqsız şairləri
(Əvvəli ötən şənbə sayımızda)
Hamı qaçıb gizlənəndə
Sınıq pəncərələrə
tutulmuş
qəzet kimi
Şairlərə gəlir dünyanın soyuğu.
Vaqif Bayatlı Odər
Qəribədir. Atam çox erkən qardaş-bacılarını itirib, 25 yaşlı oğlunu itirib, bir qardaşının da müharibədən qara kağızını alıb, amma ata-anasından ömürləri boyu gizli saxlayıb. Ata-anası da ölənədək elə biliblər oğulları sağdı, itkin düşüb, bundan bir təsəlli alıblar. Və atam bütöv bir nəslin yükünü də çiyinlərində daşıyıb. Heç vaxt nə biz, nə də heç kim atamın güldüyünü, toyda əl götürüb oynadığını görmədi, hətta övladlarının toyunda belə. Mənim xanımım da atasının çəkdiyi əzab-əziyyəti, ağrı-acını atası ilə birlikdə yaşadığından nə indiyədək bir dəfə ürəkdən gülməyib, nə də toyda əl götürüb oynamayıb. Hətta mənim kimi şən, zarafatcıl bir adamla 30 ildir bir yerdə yaşamasına baxmayaraq...
Qəribə idi, insanlar Məmməd Arazı sevirdi,
şeirlərini əzbər bilirdi, aşıqlar haqqında
dastan qoşurdu. Toyxanada,
yasxanada, çayxanada ondan danışırdılar. Bəzi qələm
yoldaşları onu qısqanırdılar, hətta deyirdilər:
– BUNU DA LAP ƏTAĞA ELƏYİBLƏR.
Doğrudan da Məmməd Arazı poeziyanın Ətağasına
çevirmişdilər. Amma onu poeziyanın Ətağasına çevirənlər
bircə dəfə də gəlib qapısını
döymürdülər.
Fikirləşirdim,
görəsən altı-yeddi naxçıvanlıdan, bir-iki
dost-tanışdan başqa bu qapını açan
olacaqmı?! Şairin gözü həmişə qapıda
olardı. Qapı isə döyülmürdü. Şair həsrətlə
canından çox sevdiyi şair xalqını gözləyirdi,
şair xalq isə yoxa çıxmışdı.
İçimdəki bir nifrət əl-ayağıma dolaşıb bir şeyi yazmağa qoymasa da, yazmaya da bilmirəm.
Ermənistanın Urud kəndindən şairin dədə-baba qohumları İsa kişi gələrdi. Söhbətcil, mehriban bir adamıydı, Məmməd Arazı çox sevərdi, qohum kimi yox, bir şair kimi. Onu da deyim ki, İsa kişi şair Musa Urudun atası idi.
Bir də Nursu kəndindən Gövhər adlı bir yaşlı qadın əri ilə birlikdə ildə bir dəfə, bəzən iki dəfə bu qapını döyürdü. O qədər də pay gətirərdilər eyvan tutmazdı. Şairə yun jaket toxuyub gətirərdi, yun corab toxuyub gətirərdi, dəri gödəkçə tikib gətirərdi. O corabın birini hələ də qışda ev-eşikdə mən geyinirəm.
Bir-iki gün qalardılar. Şair onları görəndə sir-sifəti açılardı, əllərinin əsməsi bir az səngiyərdi. Sanki özləri ilə Nursunun havasını, gülünün-çiçəyinin ətrini gətirərdilər. Elə bilirdim İnfil kişinin Nursuda yaşayan qohum-əqrəbalarıdı.
Sonralar Ermənistandan qaçqınçılıq başlayanda gözə dəymədilər. Bir gün dedim:
– Əmi, yəqin Gövhər xalagil qaçqın düşüblər. Deyirəm bir onları axtarıb-tapım.
Şair tutuldu:
– Gövhərgil ermənidilər, oğul.
İndi hərdən fikirləşirəm, görən Qarabağda Gövhər arvadın oğlanları da analarının öz balası kimi sevdiyi şairin xalqına güllə atıblarmı?! Xocalıda soyqırımda iştirak ediblərmi?! Doğrudanmı Gövhər arvad oğlanlarını Məmməd Arazın xalqını qırmağa göndərib?! Əgər göndəribsə, bu insanlığın sonu deməkdir! Qiyamət günü deməkdir!
Söhbət təkcə dündən, bu gündən getmir.
DÜNYA POEZİYASININ PEYĞƏMBƏRİ
MƏHƏMMƏD FÜZULİ
Osmanlı imperatoru Sultan Süleymanın ona kəsdiyi
9 axçalıq təqaüdü almaq üçün girir
mühasibatlığa. Təsəvvür edin! Peyğəmbər girir bir otağa, onun
ayağının tozu olmayanlardan biri də başını
qaldırıb onun salamını almır.
Salam verdim rüşvət deyil deyə almadılar.
Üstündən 400 il keçir. Azərbaycanın xalq şairi Hüseyn Arif qəbul otağında xeyli gözlədikdən sonra bir məmurun kabinetinə girir, nəsə bir sənəd lazımıymış.
Məmur deyir:
– Mən sizi tanımıram.
Şair özünü sındırmır və acı-acı gülərək söyləyir:
Tanımadım dedin, bu düz.
Qarın şişib, enlənib üz,
Mən bir şair, sən bir öküz!
Hardan tanıyasan məni?!
Hələ də anlaya bilmirəm ki, ayağının tozu olmayanların peyğəmbərin salamını almayan vaxt necə olub ki, Füzulinin ürəyi partlamayıb? Və sonra da fikirləşirəm, bütün peyğəmbərlər sağlıqlarında elə bu əzabı, bu faciəni yaşayıblar. Və görünür onlar insanlardan çox yüksəkdə dayandıqlarından görürlər ki, onlara atılan daşlar göy üzünə atılan daşlar kimidi.
Ramiz Rövşən:
Göy üzü daş saxlamaz...
Hə, əziz qardaşlar! Nə Səməd Vurğun, nə Hüseyn Cavid... Şair xalq heç Füzulinin qapısını döyməyib. Döysəydi “kimi kim bivəfa dünyada görüb, bivəfa görən” şair yazmazdı:
Kimsə döyməz qapımı
badi-səbadan qeyri...
Şair xalqının gözünün qabağında
Haqq mənəm, haqq məndədir,
haqq söylərəm –
deyən, özündə iki cahanı sığışdırıb, özü bu cahana sığmayan:
Səni bu hüsnü camal ilə,
kamal ilə görüb
Qorxdular həqq deməyə,
döndülər insan dedilər.
Bu camal ilə, kamal ilə görüb haqq deməyə qorxub şair dedikləri Tanrı üzlü Tanrı elçisi Nəsimini diri-diri soyurlar.
Zahidin bir barmağın kəssən
dönüb həqdən qaçar,
Gər bu miskin aşiqi sərpa soyarlar,
ağrımaz!
Şair xalq dillənmir.
Nəimini diri-diri atların quyruğuna bağlayıb parça-parça edirlər, şair xalq qımıldanmır.
BİR TƏSƏLLİ
Nəimini dörd yerə parçalayanlar bilmədilər ki, əslində bu peyğəmbəri milyonlarla zərrələrə parçalayıb bir bərəkət toxumu tək bütün yer üzünə səpələdilər.
Nazim Hikmət:
Şəhidləri
bərəkət toxumutək
basdırırıq torpağa!
Nəimiləri, Nəsimiləri də bərəkət toxumutək basdırırlar torpağa, bunu cahillər anlamaz.
Şair xalqın dərdindən vərəmləyən
Bənzər bir qocaman dağa ki
dəryada duran
Sabir kimi bir oğlunun müalicəsi üçün şair xalq beş qəpiyindən keçmir.
Mirzə Cəlil “Molla Nəsrəddin”də Sabirin müalicəsi üçün şair xalqa müraciət edir. Şair xalq hamamda yatdığından, başları it boğuşdurmağa, xoruz döyüşdürməyə, sonyalara klip çəkdirməyə, brayzalara toy eləməyə, ya Qarabağı dirildəcək şeyxnəsrullahlara qarışdığından Mirzə Cəlilin fəryadını eşitmir.
Vaqif Bayatlı:
Donurdu Hadinin əlləri,
Qapılılar qapısını bağlamışdı,
pəncərəlilər pəncərəsini.
Buzdan, şaxtadan yollar da qalın,
qara torpaq da qalın, qalın –
üstündə nə qəbir qazılar,
nə dua oxunar.
Allah da bağlamışdı
O dünyanın yolunu.
ÜSTÜNDƏ NƏ QƏBİR
QAZILAN, NƏ QURAN OXUNAN,
üzünə
hətta Allahın yolu bağlanan Azərbaycanın görkəmli
filosofu Məhəmməd Hadi (Hadi şair deyil, Şopenhauer
kimi, Nitsşe kimi bir filosofdu, sadəcə olaraq öz fəlsəfəsini
Nəimi kimi, Nəsimi kimi, Cavid kimi nəzmlə yazıb) bir
tikə çörək pulu üçün küçələrdə
oturub əlyazmalarını su qiymətinə satır. Onun
yan-yörəsindən ötən şair xalqın anyalara,
sonyalara milyonlar xərcləyən, villalar tikdirən, “Range
Rover” bağışlayan oğulları filosofu acından
ölməyə qoymamaq üçün beş
qəpiyindən keçmir.
Və
şair günlərin birində Gəncədə xəstəxanada
yatarkən bir qəzetin küncündə belə bir elan
oxuyur: “Şair Məhəmməd Hadi öldü”.
Acı-acı gülüb deyir:
– Ey şair oğlunu diriykən öldürən millət.
Və günlərin birində hansısa bir xəstəxana küncündə kimsəsizcəsinə dünyadan köçür. Onun necə öldüyünü, harda dəfn olunduğunu şair xalqı heç indi də bilmir.
Məhəmməd Hadi bunu görürdü və yazırdı:
İnsanları sevirəm, pəki uzaqdan...
MİLLƏTİNİN VİCDANI
OLAN HÜSEYN CAVİDİ
şair xalqının gözünün
qabağında əllərini qandallayıb göndərirlər
Sibirə. Mənə həmişə elə gəlirdi
ki, Cavidi Sibirdə torpağa elə əlləri qandallı
basdırıblar. O qandalı açmağa qorxublar.
Yaxşı, xalqın niyə susduğunu az-çox
başa düşdük. Bəs Hüseyn
Cavidin bəstəkar oğlu Ərtoğrulun şair xalqın
gözü qarşısında acından vərəmləyib
ölməsini necə başa düşmək olar? Bu günahı kimin ayağına yazaq? Mələk kimi qızı Turan xanımın
qapısını bir elçi döymür, buna nə ad
qoyaq?
... Tanrı,
sən saxla! Sən bizi böyüklüyünə və
adilliyinə bağışla! Sən bizi nizamilərin, xəqanilərin,
füzulilərin, nəsimilərin, mirzə cəlillərin
üzünə bağışla! Kim bilir, bəlkə
də Tanrı bizi elə onların üzünə
bağışladığına görə bu gün
varıq və varlığımıza görə onlara
borcluyuq.
Şair və müsəlman xalqımız Mirzə Fətəli Axundov kimi bir mütəfəkkir oğlunun üzünə hətta qəbiristanlıqların qapısını qapayır...
... Mirzə Cəlil övladlarının soyuqdan donmaması üçün əlyazmalarını yandırırdı.
Halbuki Qarabağda yoluxucu xəstəliklər tüğyan edəndə təkcə həyat yoldaşı yox, həm də məsləkdaşı olan Həmidə xanımla kənd-kənd, qapı-qapı düşüb öz vəsaitləri hesabına şair xalqını bir tibb işçisi kimi peyvənd edirdi. Yalnız bircə dəfə Hacı Zeynalabdin Tağıyev kömək üçün onlara 10 min manat pul göndərmişdi.
Amma əlyazmalarını yandırıb uşaqlarını donmağa qoymayanda, daha sonra Sovet hökuməti Həmidə xanımı “xalq düşməni” elan edəndə qapı-qapı düşüb ölümün pəncəsindən qurtardıqları şair xalq nəinki qapılarını döydü, heç salam da vermədi.
NƏHAYƏT, BİR GÜN
MİRCƏFƏR BAĞIROV
Ağdamda olarkən Həmidə xanımla
maraqlanır, necədi, necə dolanır. Bağırov
xalqının alqışını Səməd Vurğuna
qaytardığı kimi Həmidə xanıma da qaytarır.
Həmidə xanım isə nə Bağırovun dəvətini
qəbul edir, nə də Bağırovun qaytardığı
xalq alqışını!
Sadıq Murtuzayev Ağdamda katib işləyərkən onun dediyi məşhur bir kəlamı xatırlayıram:
– Natəvan sağ olsaydı Qarabağda yüz kişiyə heykəl qoydurmuşdu. Amma Qarabağın yüz min kişisi Natəvana bir heykəl qoymayıb, heç olmazsa qəbrini götürtməyib.
Qəbri götürtmək nədi, qardaşım?! Ağdamda bir məmur Xan qızının mərmər sinə daşını aparıb qoydurmuşdu həyətdə pilləkanının qabağına. Sonra üstü açılanda aparıb atdılar Qarqarda xəlvət bir yerə, itdi-batdı.
Natəvan! Xan qızı Natəvan! Şairə, rəssam Natəvan! Şair xalqını susuzluqdan xilas etmək üçün bütün var-dövlətini xərcləyən, hətta barmağındakı atası Mehdiqulu xandan qalmış qiymətli üzüyünü də barmağından çıxarıb sataraq Şuşaya ilk dəfə su çəkdirən Xan qızı Natəvan!
AMMA ADAMIN ALLAHI OLAR.
Natəvan
Şuşada rəhmətə gedəndə Qarabağ
camaatı Xan qızına olan borclarını belə
qaytarmışdılar: onun nəşini Şuşadan
Ağdama – 37 kilometrlik bir məsafə – çiyinlərində
gətirmişdi. Natəvanı 37 kilometr
çiyinlərində daşıyan kişilərin nəvələri
isə Xan qızının sinə daşını
oğurlayıb öz ayaqları altına qoymuşdular.
Mən nə zaman
Qarabağa gedirəm əzizlərimin məzarını ziyarət
etdiyim kimi Mirzə Cəlillə Həmidə xanımın
evini də, Həmidə xanımın atası Əhməd bəy
Cavanşirin (Məmməd bəy Cavanşirin nəvəsi) məzarını
da ziyarət edirəm. Mirzə Cəlilin qardaşı Ələkbərin
də məzarı həmin qəbiristanlıqda Əhməd bəyin
məzarının yanındadı. Xanımımla da bu evi, bu
məzarları ziyarət etmişik və xanımım Həmidə
xanım haqqında bir telefilm də çəkib.
Əvvəllər Həmidə
xanımın evi qaçqınların
sığınacağına çevrilmişdi, burda bir
neçə ailə yaşayırdı.
7-8 il əvvəl mən Sadıq Murtuzayevin
sözlərini Ağcabədinin o vaxtkı icra
başçısı, Həmidə xanımın nəslindən
olan Fəxrəddin Həsənova danışdım. Sağ olsun, Fəxrəddin Həsənov
qaçqınları başqa bir yerdə yerləşdirdi,
öz hesabına Həmidə xanımın evini yüksək
səviyyədə təmir elətdirdi. İkimiz birləşib
binaya muzey statusu da aldıq. Fəxrəddin Həsənov kəndin
mərkəzində öz hesabına Həmidə
xanımın büstünü də qoydurdu. Əhməd bəyin
də ruhu sevindi, Mirzə Cəlilin də, Həmidə
xanımın da!
Görəsən niyə on illər boyu Kəhrizli camaatı (olsun Qarabağ camaatı) Həmidə xanıma belə bir sayğı göstərməyib? Mən ildə bəlkə iyirmi dəfə Kəhrizlidə oluram, bircə dəfə də o büstün önündə bir dəstə çiçək görməmişəm...
(Ardını izləyin)
Aqil ABBAS
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.21.