Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
(əvvəli ötən şənbə sayımızda)
Hörmətli oxucular, ötən məqalədə müstəqillik illərində dərslik yaradıcılığının birinci mərhələsi barədə məlumat vermişdim, bu məqalədə ikinci mərhələ üzrə həyata keçirilmiş tədbirləri diqqətinizə çatdırmaq istərdim.
Təhsil
Nazirliyi hər il nəşri planlaşdırılmış
dərsliklərin üzərində işləmək
üçün işçi qrupları yaradılması ilə
yeni bir ənənənin əsasını qoymuşdur. İşçi
qruplarının tərkibinə ayrı-ayrı fənlər
üzrə ən yaxşı müəllimlər cəlb
olunur, İşçi qrupu tərəfindən dərsliklər
ciddi təhlil edilir, onların rəy və təklifləri əsasında
müəlliflərlə birlikdə düzəlişlər
aparılır. Eyni zamanda bu prosesdə iştirak edən
müəllimlər rəsmi rəyçilər kimi
çıxış edirlər. Nəşrə hazırlanarkən
dərsliklər bilavasitə onlarla tədris aparan müəllimlərlə
birlikdə müzakirə olunur, müəllimlərin təklifləri
və tövsiyələri dinlənilir. Sonradan həmin təklif
və tövsiyələr də dərsliklərin yeni nəşrlərində
nəzərə alınır.
Təhsil Nazirliyi bütün bu illər ərzində ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanması işinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görərək irəliləyişlər əldə etsə də, bununla kifayətlənməmiş, paralel olaraq bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini öyrənmiş, təhlil etmiş, düşünülmüş siyasət hazırlamışdır. Əlbəttə, bu siyasətin reallaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi, müəyyən normativ sənədlərin yaradılması vacib idi, düşünürəm ki, bu istiqamətdə görülən işlərə nəzər salmaq maraqlı olardı.
İlk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli, 56 nömrəli Sərəncamına uyğun olaraq dövlət ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təmin olunması işini tənzimləmək məqsədilə hazırlanan “Dərsliklərin nəşri, çapı və paylanması qaydaları” 8 dekabr 2004-cü il tarixli, 3103 nömrəli Şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
2005-ci ildə qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra Nazirliyin 23.01.2006-cı il tarixli, 33 nömrəli əmrilə təsdiq edildi. Qeyd edək ki, ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədində bu siyasətin əsas prinsipləri, dərsliklərin məzmununa verilən əsas tələblər, dərsliklərin dili, Dərslikləri Qiymətləndirmə Şurası, yeni dərsliklərin yaradılması, təsdiqi və nəşri, müəllif və nəşriyyatların hüquqları, dərsliklərin alınması və şagirdlərə çatdırılması, dərslik fondu, elektron dərsliklər, dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları, təhsil orqanları və məktəblərin vəzifələri ətraflı izah olunur. Əsas yeniliklərdən biri də budur ki, yeni yaranan dərsliklər yalnız Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən ekspertizadan keçirilib müsbət qiymətləndirildiyi halda Nazirliyin əmri ilə təsdiq olunur. Sənədə əsasən “Dərslikləri Qiymətləndirmə Şurasının Əsasnaməsi”, “Dərsliklərin qiymətləndirilməsi meyarları”, “Yeni dərsliklərin yaradılması qaydaları” və “Dərsliklərin texnoloji və gigiyenik standartları” sənədləri hazırlanmış, Təhsil Nazirliyinin müvafiq əmrləri ilə təsdiq edilmişdir.
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin əsas müddəalarından biri ondan ibarətdir ki, dərsliklər əvvəlki kimi subyektiv mülahizələrə əsasən formal deyil, təsdiq olunmuş konkret meyarlara əsasən qiymətlərdirilir. Bu mexanizm dərslik müəllifliyi sahəsində inhisarçılığın aradan qaldırılmasına, müsabiqəyə təqdim olunan dərsliklərin seçiminin obyektiv aparılmasına imkan yaratmaqla yanaşı, onların fənn kurikulumlarına uyğunluğunu təmin edir.
Digər
mühüm məsələ yeni dərsliklərin komplekt
şəklində nəşr edilməsi idi. Bu, dərslik hazırlığına
tamamilə yeni yanaşma olmaqla bərabər, təhsil
prosesinin əsas iştirakçıları olan şagirdlər,
müəllimlər və valideynlər üçün son dərəcə
əhəmiyyətli bir addımdır. Komplektə daxil olan dərslik
şagirdlərin təlim marağını gücləndirir,
onları axtarışlara, yeni məlumatlar əldə etməyə
sövq edir, məntiqi və yaradıcı təfəkkürü
inkişaf etdirir, tətbiqi xarakter daşımaqla zəruri həyati
bacarıqların formalaşdırılmasına zəmin
yaradır, fəndaxili və fənlərarası inteqrasiya
imkanlarını genişləndirir, fəal təlim şəraitinin
yaradılmasını tələb edir, şagirdlərin fərqli
idraki imkanlarının nəzərə alınmasına şərait
yaradır.
Müəllim üçün vəsait isə müəllimlərdə motivasiya yaratmaqla yanaşı, onların yaradıcılıq və təşəbbüskarlığını
artırır, hər bir dərsə daha fərdi yanaşmasına imkan verir, tədris prosesini daha səmərəli və maraqlı qurmasına imkan yaradır.
Yeni dərslik siyasətinə uyğun olaraq hazırlanmış dərslik komplekti valideynlər üçün də böyük əhəmiyyətə malikdir. Belə ki, əgər əvvəllər valideynlər öz mülahizələrinə və bacarıqları çərçivəsində övladlarının təlimində iştirak edirdilərsə, indi onların bu prosesdə iştirakı daha ardıcıl, məqsədyönlü və sistemli olur.
Dərslik
siyasəti sənədi və onun əlavələrinin təsdiqi
böyük bir işin başlanğıcı idi. Əlbəttə, ilk vaxtlar dərsliklərin
qiymətləndirilməsinin şəffaf və dəqiq
aparılması təcrübəsi yox idi və bu işin
öyrənilməsi çox vacib idi. Məhz bu məqsədlə
qabaqcıl dünya ölkələrinin bu istiqamətdə təcrübələri
araşdırıldı. Dərslikləri qiymətləndirmə
mexanizmi və təcrübəsi olan Türkiyə
Respublikasında qiymətləndirilmənin öyrənilməsi
məqsədilə bu ölkəyə tədris səfərləri
təşkil edildi. Onu da qeyd etmək lazımdır ki, tədris
səfərləri dərslikləri qiymətləndirmə
sahəsində praktik bacarıqların əldə edilməsində,
bu sahədə çalışanların səriştələrinin
artırılmasında müstəsna rol oynadı. Məhz bu
təcrübə sonradan Dərslikləri Qiymətləndirmə
Şurasının ciddi qərarlar qəbul etməsinə zəmin
yaratdı.
1999-cu ildən
aparılan islahatlar və dünya təcrübəsi göstərirdi
ki, dərsliklər yeni, daha səmərəli məzmun və
forma tələb edir. Aparılan
məqsədyönlü islahatlar nəticəsində
inkişaf etmiş ölkələrin təcrübəsi Azərbaycana
“gəlir”, tətbiq edilir və uğur qazanırdı.
Müşahidə və araşdırmalar göstərirdi ki,
biz təhsilin məzmununda daha ciddi islahatlar aparmalıyıq.
Məhz bu məqsədlə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli Qərarı
ilə “Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyası (Milli Kurikulum)” təsdiq edildi və 2008-2009-cu dərs
ilindən ümumtəhsil məktəblərinin I siniflərində
həmin kurikulum əsasında hazırlanmış dərslik
komplektlərinin tətbiqinə başlanılması nəzərdə
tutuldu. Bu məqsədlə mətbuatda açıq tender
elanı verildi. Bütövlükdə 13 adda dərslik, 21
adda müəllim üçün metodik vəsait və 15
adda şagirdlər üçün iş dəftərinin
hazırlanması qarşıda dururdu. Yeni qaydalara görə
dərslik və müəllimlər üçün vəsaitlər
dövlət vəsaiti hesabına nəşr olunaraq məktəblərə
verilməli, iş dəftərləri isə nəşriyyatların
maliyyə vəsaiti hesabına çap olunmaqla satışa
verilməliydi.
Qeyd olunmalıdır ki, I sinif dərslik komplektlərinin hazırlanması bizim üçün bir sınaq idi. Kurikulumun yeniliyi, müəllif və nəşriyyatların yeni və ciddi iş birliyi, qiymətləndirmənin yeniliyi, qiymətləndiricilərin təcrübəsinin ilkinliyi, dərslik müəlliflərinin bütün bu məsələlərə münasibəti və bundan irəli gələn anlaşılmazlıqlar bizi narahat etməyə bilməzdi. Lakin Nazirliyin bütün bu işlərə bacardıqca ciddi və bir qədər soyuqqanlı yanaşması, cəmiyyətdə tamamilə yeni ovqat, yeni münasibət formalaşdırırdı. Qiymətləndirmənin nəticələri cəmiyyətə bir növ mesaj verdi ki, yeni meyarlar, yeni yanaşmalar müəlliflərə yox, şagirdlərə, onların şəxsiyyət kimi yetişmələrinə, uğurlu nəticələrinə hesablanır. Əlbəttə, qiymətləndirmənin nəticələrindən narazı qalanlar da oldu ki, bu da təbiidir və başadüşüləndir.
Məsuliyyətlə
deməliyik ki, ekspert qrupları dərslikləri qiymətləndirərkən
tam obyektiv, müstəqil qərarlar qəbul etmişlər. Bu prosesdə bacarıqlı
müəlliflər meydana çıxdı. Biz buna, həqiqətən
sevinirik. Çünki artıq dərsliklərimizə yeni nəfəs,
yeni ideya gəlir. Lakin hər bir yenilik, adətən çətinliklə
qarşılanır. Köhnə metodlar bu gün nə
şagirdin, nə də müəllimlərimizin
ehtiyacını ödəmir. Amma, yeri gəlmişkən qeyd
edim ki, biz keçmiş dərslik müəlliflərinin təcrübəsinə
də hörmətlə yanaşırıq.
Bununla belə,
bu gün I sinif dərsliklərinin uğurları bizim
üçün daha vacibdir. Əlbəttə, həmin dərsliklərin
qüsurlarını da bilirik və bütün zamanlarda
olduğu kimi gələcəkdə bu qüsurların aradan
qaldırılacağı şübhəsizdir. Həm də,
I sinif dərslik komplektlərinin qiymətləndirilməsindən
və istifadəsindən keçən bir il müddətində
aparılan monitorinq və müzakirələr gələcək
işlərimizə korrektələr edilməsini, təcrübənin
daha da artırılmasının vacibliyini göstərdi. Odur
ki, böyük bir heyətdən ibarət işçi qrupu
yenidən Türkiyə və Litvada olaraq həmin
respublikaların qiymətləndirmə və ümumiyyətlə
dərslik hazırlığı təcrübəsini öyrəndi,
ekspertlər üçün treninq və seminarlar keçirdi
və onları daha da maarifləndirdi. Bu təcrübə II
sinif dərsliklərinin qiymətləndirilməsində
özünü qabarıq şəkildə göstərdi.
2008/2009-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin I və III-XI sinifləri üçün
102 adda, 2009/2010-cu tədris ilinə II və V-XI sinifləri üçün 87 adda dərslik və müəllim üçün vəsait dövlət hesabına nəşr edilərək şagirdlərin istifadəsinə verilmişdir.
Onu da qeyd
edim ki, yeni dərslik komplektlərinin tətbiqi vəziyyəti
bizi daim düşündürür. Bununla əlaqədar Təhsil Nazirliyi müntəzəm
monitorinqinin aparılması istiqamətində tədbirlər
həyata keçirir. Belə tədbirlərdən biri də
cari ildə “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq
Tədqiqatlar Mərkəzi tərəfindən 2008-2009-cu tədris
ilində I siniflərdə yeni kurikulumların və dərsliklərin
tətbiqi ilə bağlı sosioloji sorğu
keçirilmiş, nəticələr ictimaiyyətə təqdim
olunmuşdur.
Mərkəzin
apardığı sorğunun əsas məqsədi 2008-2009-cu
tədris ilində I siniflərdə istifadə edilmiş
kurikulumların və dərsliklərin keyfiyyətində
müsbət və ya mənfi cəhətlərin aşkar
edilməsi, eyni zamanda bu sahədə tətbiq edilmiş yeni dərslik
siyasətinin səmərəliliyinin qiymətləndirilməsi
və gələcəkdə reallaşdırılması
üçün optimal mexanizmin işlənilərək
sınaqdan keçirilməsi olmuşdur. Sorğu prosesi müvafiq sənədlərin
təhlili və empirik araşdırma elmi
üsullarının tətbiq olunması ilə həyata
keçirilmişdir. Kəmiyyət cəhətdən qiymətləndirmə
üçün iki əsas hədəf qrupu
seçilmişdir: 2008-2009-cu tədris ilində I siniflərdə
işləyən 943 nəfər müəllim və həmin
tədris ilində I siniflərdə oxuyan şagirdlərin
1380 nəfər valideynləri cəlb olunmaqla 2323 müsahibə
götürülmüşdür. Keyfiyyət cəhətdən
qiymətləndirmədə 2 üsuldan – dərinləşmiş
müsahibələr və fokus qruplarda müzakirələrdən
istifadə edilmişdir.
Sorğunun nəticələrinə əsasən yeni dərsliklərə müasirlik meyarı üzrə yüksək qiymət verilmiş, onların əyanilik, düzgünlük, fəndaxili inteqrasiya və fənlərarası infeqrasiya kimi xüsusiyyətlərə görə əvvəlki dərsliklərdən xeyli üstün olması müəyyən edilmişdir. Müəllimlər belə hesab etmişlər ki, yeni dərsliklər yalnız iki meyar üzrə – təlim vaxtına uyğunluq və şagirdin yaş xüsusiyyətlərinin nəzərə alınmasına görə təkmilləşdirilməlidirlər. Əlbəttə, nəşriyyatlar və müəlliflər aparılmış tədqiqatın nəticələrini nəzərə almalıdırlar.
Ölkənin
ümumi təhsil sistemində dərslik siyasəti, əlbəttə,
ilk növbədə Təhsil Nazirliyi, onun müvafiq
strukturları, müəlliflər qrupu və nəşriyyatlar
tərəfindən həyata keçirilir. Burada əsas məqsəd məktəbliləri
müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə
yiyələnən, vətəninə, xalqına, onun adət-ənənələrinə
bələd olan, milli və ümumbəşəri dəyərlər
zəminində formalaşan, fiziki və mənəvi cəhətdən
sağlam, müstəqil həyata hazır və demokratik
düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.
Bu məqsədlərə nail olmaq üçün dərsliklərlərlə
yanaşı, digər əlavə vasitələrə – dərs
vəsaitlərinə, əlavə oxu materiallarına, xəritələrə
digər əyani vəsaitlərə həmişə olduğu
kimi bu gün də ehtiyac duyulur.
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və
“2005-2006-cı illərdə Azərbaycan dilində latın
qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin
siyahısının təsdiq edilməsi haqqında”
2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun
olaraq, son dörd il ərzində klassik və müasir Azərbaycan
və dünya ədəbiyyatının ümumi sayı 9
milyon nüsxədən artıq ədəbi nümunələri
nəfis şəkildə nəşr olunmuş, ölkə
kitabxanalarına, o cümlədən məktəb
kitabxanalarına hədiyyə edilmişdir. Bu iş bu gün də müvəffəqiyyətlə
davam etdirilir. Məktəb kitabxanalarına verilmiş bu əsərlər
hesabına hazırda şagirdlərin sinifdənxaric oxu
üzrə ehtiyacları ödənilir.
2006-cı ildə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsi çərçivəsində 18 adda 846 min nüsxə “Uşaq Ensiklopediyası” çap olunmuş, ümumtəhsil məktəb kitabxanalarına paylanılmışdır. Bundan əlavə, ümumtəhsil məktəblərinin ciddi ehtiyacı nəzərə alınaraq 19 adda 351.595 ədəd xəritə çap edilərək məktəblərə verilməklə tədris xəritələri ilə təminat əsasən ödənilmişdir.
2008-ci ildə Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanmış 15 fənn üzrə 140 adda 1,4 milyon nüsxə tədris vəsaitləri çap olunmuş, ümumtəhsil məktəblərinin istifadəsinə verilmişdir.
Təhsil
Nazirliyi ölkəmizdən kənarda yaşayan
soydaşlarımızın təhsili qayğısına da
qalır. Belə ki, xarici
ölkələrdə təhsil alan həmvətənlərimizin
ibtidai sinif dərslikləri və V-XI siniflər
üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan
tarixi” və “Azərbaycan coğrafiyası” dərslikləri
ilə təmin edilməsinə xüsusi diqqət yetirir.
1994-cü ildən etibarən Gürcüstanın təlim Azərbaycan
dilində olan məktəbləri I-XI sinif dərslikləri və
dərs ləvazimatları ilə təmin edilirlər.
1998-2008-ci illər ərzində Gürcüstanın təlim
Azərbaycan dilində olan məktəblərinə Azərbaycan
hökumətinin hədiyyəsi kimi 457.128 nüsxə I-XI
sinif dərsliyi göndərilmişdir.
Analoji olaraq Gürcüstan hökuməti də respublikamızın təlim gürcü dilində olan məktəblərinin dərslik və digər təlim vəsaitlərilə təminatına mütəmadi olaraq yardım göstərir. 1998-2008-ci illər ərzində Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən Qax, Balakən və Zaqatala rayonlarının gürcüdilli məktəblilərinə 57.645 nüsxə dərslik və digər tədris ləvazimatları verilmişdir.
Dağıstanın Azərbaycan məktəblərinə isə humanitar yardım kimi bu illər ərzində 71.950 nüsxə dərslik göndərilmişdir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın səfirliklər vasitəsilə müraciətlərinə əsasən indi Amerika, Hollandiya, Macarıstan, İngiltərə, Kanada, Rusiya, Ukrayna, Belarus, Almaniya və Orta Asiya Respublikalarında fəaliyyət göstərən “Bazar günü” məktəblərinə də hər il dərslik və dərs vəsaitləri göndərilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli Sərəncamına əsasən məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına diqqət artırılmışdır.
Beləliklə, müstəqillik illərində ümumi təhsilin məzmunca milli və ümumbəşəri dəyərlər əsasında yeniləşdirilməsi, ümumtəhsil məktəbləri üçün yeni proqram və dərsliklərin hazırlanması, nəşri və təhsil müəssisələrinin onlarla ahəngdar təminatı ölkədə aparılan təhsil islahatının prioritet istiqaməti kimi hər zaman dövlətin diqqət mərkəzində olmuş, mərhələlərlə I-XI sinif şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatına keçilmiş və ümumiyyətlə dərslik hazırlığı sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmış, məktəb kitabxanalarının təminatının yaxşılaşdırılması istiqamətində uğurlar əldə edilmişdir.
Ümumi təhsil sistemində dərslik siyasətinin qəbul olunması və kurikulumların tələblərinə uyğun yeni nəsil dərsliklərin hazırlanması prosesinə start verilməsi ilə, faktiki olaraq, dərslik hazırlığı sahəsində üçüncü mərhələnin əsası qoyulmuşdur. Bu mərhələdə ardıcıl olaraq bütün dərsliklərin Milli kurikulum əsasında hazırlığı davam etdiriləcəkdir.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil
naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.10-11.