Sevrdən Sürixədək gələn yol
Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur.
(Əvvəli ötən şənbə sayımızda)
YURDSUZ İMPERATOR
... Tarixdəki ən dərin dövlət təcrübələrindən birini yaşadan xanədanın xələfi olan Vəhdəddin bu gün də ən çox müzakirə olunan isimlərdən biridi. Halbuki o, bu taxta istəmədən, təsadüfən oturdulmuşdu. Osmanlı xanədanında taxt varisləri Əkbəriyyət prinsipi ilə seçildiyindən həmin vaxt Sultan Əbdüləzizin oğlu Yusif İzzəddin əfəndi vəliəhd idi. Vəliəhdin intiharı Vəhdəddini taxta namizəd edir. Ancaq özünün də söylədiyi kimi, o, bu iş üçün yetişdirilməmişdi. Həmin dövrün çətin siyasi mənzərəsini də nəzərə alsaq, bu zəif adamın çiyinlərinə nə qədər ağır yük düşdüyünü anlamaq çətin olmayacaq. Ancaq təsadüfmi, ya olacaqmı – Vəhdəddin sultan taxtına oturduldu. Tarix 1918-ci il. Birinci Dünya Müharibəsinin sonuncu ili. Və Osmanlının sonuncu padşahı taxta çıxır. Əgər buna padşahlıq demək olarsa. Yurdsuz padşah...
İngiltərə və Fransa Sevr
anlaşmasını imzalamaq üçün sultana ciddi təzyiqlər
edirlər. Sultan İngiltərə kralı V Georqa göndərdiyi
teleqrafda bu barış şərtlərinin
yumşaldılması ricasında bulunsa da kral cavabında
özünün heç bir şey edə bilməyəcəyini,
hər şeyin müttəfiq dövlətlərin əlində
olduğunu bəyan edir. Ancaq o vaxt ingilisləri çəkindirə biləcək
ciddi bir amil mövcud idi – Hindistan məsələsi. Daha
doğrusu, Hindistan müsəlmanları. Nəzərə
alsaq ki, sultan həm də İslam aləminin xəlifəsi
idi və onun Hindistandakı ümməti İstanbuldakı
siyasi dəyişmələri diqqətlə izləməkdə
idi. Hindistan müsəlmanlarının
Osmanlıya həm maddi, həm də siyasi dəstək verdikləri
isbat edilmiş faktlardı. Bu dəstəyin və yüz
milyonlarla müsəlman kütlənin mövcudluğunun fərqində
olan İngiltərə türklərə olan basqının
Hindistanda da əks-səda doğuracağından əndişəli
idi. Hətta 1922-ci ildə “Times”da çıxan bir yazıda
“İstanbul türklərə geri verilməzsə İngiltərə
Hindistanı kayb edəcək” kimi fikirlər də yer almaqda
idi. Təbii ki, ingilislər Sevr anlaşmasının tələblərinin
yerinə yetirilməsini arzu edirdilər. Amma başqa
qorxuları da vardı. Bu qorxuların qaynağı isə belə
sıralana bilər:
1. Osmanlı bu anlaşmanı rədd edə bilər. İmzalasa da uyğulamaz.
2. Sultan Vəhdəddin taxtdan çəkilə bilər və ya taxtdan endirilə bilər. Anadoluda yeni hökumət qurula bilər və Osmanlı məclisi Anadoluya köçürülə bilər. Bütün türklər mücadiləyə qalxa bilər. Anadoluda, Frakiyada yaşayan xristianlar qətliama məruz qala bilər.
3. Yunanların əleyhinə aparılacaq hərəkətləri yerbəyer eləmək üçün türk və bolqar işbirliyi ilə Avropada sonu görünməyən bəzi təşəbbüslərin başlanması söz konusu ola bilər.
4. Anadoluda bolşeviklər, ərəblər və türklər arasında gələcəkdə ortaq bir işbirliyinin meydana çıxması mümkün ola bilər.
... İngilis çox uzaqgörən idi. Hər hansı bir addım atılanda bütün olasılıqlar gözdən keçirilirdi. Belə bir vəziyyətdə məmləkətə dəmir iradə gərəkirkən təsadüf nəticəsində taxta çıxmış adamdan güc göstərisi tələb etmək doğru olarmı? Vəhdəddin haqqında ən çox mübahisə yaradan məsələ nədən Vətənini tərk edib İngiltərəyə sığınmasıdı. Cavablanması müşkül məsələdi, hələ Osmanlılıq şüurundan bəhs edərsək...
1922-ci ilin 16 noyabrında Yıldız sarayını
tərk edən və gəmi ilə vətənindən
uzaqlaşan Vəhdəddin Türkiyə Böyük Millət
Məclisinin yenicə çıxardığı qanuna
görə artıq padşah deyil, yalnız xəlifə
ünvanını daşıyır. Belə bir fikir də var ki, Vəhdəddinin
gedişi Ankara hökumətinin işini
asanlaşdırıb, Lozannada imzalanacaq yeni anlaşma
üçün İstanbul hökumətinin də
qatılmasını tələb edən İngiltərə,
Fransa və İtaliyanı müşkül duruma
düşürüb. Təbii ki, məğlub vəziyyətdə olan sultan
ikili siyasət yürütməyə məhkum idi. Bir tərəfdən
qalib dövlətlərlə dil tapmağa, bir tərəfdən
də asi Ankara hökuməti ilə münasibət
saxlamağa məcbur idi. Unutmayaq ki, Mustafa Kamala
örtülü ödənəkdən min altın və vəzifə
verib Anadoluya göndərən də o idi. Və ordu sərkərdələrinin
ingilislərin nəzarəti altında olan İstanbuldan
çıxıb daha təhlükəsiz Anadolu torpaqlarında
birlikdəliyini təmin edən də o idi. Hər kəsin
haqqını vermək lazım. Kimisə göylərə
qaldırıb kimisə yerə çırpmaq düzgün
olmayacaq.
Vəhdəddin Osmanlı tarixinin
ən faciəvi fiqurlarından biridi. Özünün dediyi
kimi, “mən millətin atəşli külü üzərində
oturdum. Təxti-səltənətin qu tükündən
düzəlmiş yastıqlarına gömülmədim!
Bunlardan kimsəyə bəhs etmirlər, millətə məlumat
verə bilmirlər. Əlbət, bir gün tarix həqiqətləri
yazar”. Qəribədir ki, sonuncu sultan haqqındakı həqiqətləri
ilk dəfə türk basınında, Türkiyənin ən
böyük solçusu Başbakan Bülənt Ecevit 2005-ci
ildə qəzetlərə verdiyi açıqlamalarda
bildirmişdi.
...İngilislər onlara sığınan sonuncu
padşaha yurdsuz imperator olmanın bütün məziyyətlərini
göstərirlər. Əvvəlcə
Malta adasına aparırlar, sonra kübar bir şəkildə
onun burda qala bilməyəcəyini söyləyirlər, Fasa
(Tunis) getməyi təklif edirlər. Bu arada Hicaz kralı
Hüseyn Vəhdəddini Məkkəyə dəvət edir. (Siyasi baxımdan çox maraqlı
yazışmaları var. Təəssüf
ki, hamısını yazıya sığışdırmaq
olmur). Vəhdəddin də İslami bir coğrafiyada
iqamətgah arzusundadı. (Bu da maraqlı faktdır ki, 400 il
İslamın qılıncını daşıyan Osmanlı
padşahlarından kimsə Həcə ziyarətə getməyib).
Məkkədə bir müddət qalan,
özünü xəlifə kimi aparmaq istəyən Vəhdəddin
az sonra “sağlıq sorunları” səbəbi ilə Hicazdan
ayrılır. İngilislər buna da sevinirlər.
Çünki xəlifənin bu coğrafiyada bulunması
onların bayrağı altında yaşayan müsəlmanları
yerindən oynadır. Nəzərə alsaq ki, o zaman
dünya müsəlmanlarının 80 faizi müstəmləkə
zülmü altındadı, mənzərə
aydınlanır.
Vəhdəddinin taleyi çox
adamlara ibrət konusu ola bilər. (Təbii ki, olmur).
Uzun-uzadı təsvirlərdən qaçaraq deyim ki, top kimi
ordan-bura, burdan-ora atılan sonuncu imperator Hicazdan İsgəndəriyyəyə,
ordan Genuyaya, ordan da San-Remoya gedir. 12 nəfərlik ailə
böyük maddi sıxıntılar içindədir. Və
İngiltərə hökuməti isə ona maddi dəstək
vermək fikrində deyil. Saysız-hesabsız müraciətlərin
də faydası yoxdur. Onu qeyd edim ki, azdan-çoxdan maliyyə
yardımını Hindistan müsəlmanları ediblər. 16
may 1926-cı ildə İtaliyanın San-Remo şəhərində
65 yaşında vəfat edir Vəhdəddin. Ailəsinə
miras olaraq külli miqdarda borc qalır. Alacaqlılar ev əşyalarını
müsadirə edirlər. Hətta cənazəsinin
dəfn olunmasına icazə almaq üçün o zaman Suriya
dövlət başkanı olan Əhməd Nami bəy pul
ödəyir, dəfnə icazə verirlər. 600 il
babaların dünyaya hökm etsin, öləndə cənazənin
üstünə həciz qoyulsun. Ay gidi dünya!..
DAMAD FƏRİD PAŞA
Osmanlı
tarixində damad sədrəzəmlərin sayı az deyil. Sarayla
qohum olan, sultanın qızı, ya da bacısı ilə evlənmiş
paşalardan biri idi Fərid paşa. Xanədan mənsubları
ilə qohum olmaq çox imtiyazlar versə də, bir çox
hallarda onları edamdan da qurtara bilmirdi. “Damad Fərid paşa”
sözü ilə, “xain” sözü sinonim kimi işlənir. Əslində
necəymiş, bunu da doğru-düzgün yazan yoxdur. Onun
haqqında geniş məlumatı yenə ingilis arxivlərində
axtarmaq olar. İngilislər onun haqqında böyük rəğbətlə
danışırlar. 1920-ci il ingilis İstihbarat
raportlarında belə yazırlar: “Damad Fərid paşa 70
yaşlarında birisidi. 1886-cı ildə padşahın
bacısı Mədiha Sultanla evlənib. Liberal
görüşlüdü, islahatlarda fransız və alman
modellərini tənqid edir. Sultan Vəhdəddinə onun qədər
sədaqətli birisi olmadı. Xalq onu sevmir. Xəta və
yanlışlarına rəğmən yüksək bir cəsarət
sahibidi. Qaynının (yəni Sultanın) nüfuzundan
geniş ölçüdə istifadə edir. İngilislərin
böyük heyranı durumundadı. Və Türkiyənin
qurtuluş yolunu Böyük Britaniya ilə birlikdə
görür. Təəssüf ki, çox yaşlıdı və
sağlığı yerində deyil. Ancaq hələ də
milliyyətçi qüvvələrə qarşı yönəlmiş
güclərin mərkəz nöqtəsidi”. Bu
ingilislərin yazdıqları. Ancaq dediyim kimi, ingilislər
uzaqgörən olublar və onlara yalnız yaltaq deyil, həm də
xalqın güvənini qazanmış, xalqı istənilən
istiqamətə yönəldə bilən yaltaq lazım imiş
və Sevr anlaşmasının bir nəticə vermədiyini
görən ingilislərin basqısı nəticəsində
Damad Fərid paşa 17 oktyabr 1920-ci ildə görəvindən
ayrılır. İki il sonra da mühacirət edir. Mühacirət
həyatı ciddi maddi sıxıntılar içində
keçir. İngilis dostluğuna rəğmən İngiltərə
ona yardım etmir. Öz köməkləri bir tərəfə
qalsın, başqalarının da yardım etməsinə izn
vermirlər. Damad Fərid paşa 1923-cü ildə Nitsada səfalət
içində vəfat edir. Bu da yadellilərə arxayın
olanların aqibəti...
(Ardı var)
İradə TUNCAY
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.9.