Məharət dastanı
Mahir xalq
şairi Zəlimxan Yaqubun “Pıçıltılar”
adlandırdığı, yəni bədahətən
yaxılmış şeirləri nə qədər məlahətli,
zərif, incə və mənalıdırsa, son illərin məhsulu
olan irihəcmli dastanları – məzmun romanları bir o qədər
hərtərəfli, dərin, hikmətli və
intellektualdır. “Peyğəmbər”
dastanının isə müqəddimədən,
“Münacat”dan başlamış, saysız-hesabsız,
irili-xırdalı epizodlarının hamısı eyni dərəcədə
hikmətlidir. Ustad şair bu epizodlarda peyğəmbərin həyatını,
fəaliyyətini bütün mürəkkəbliyi və təfərrüatı
ilə qələmə almaqla yalnız bir məqsəd –
peyğəmbərin şəxsiyyətinin
ucalığını, qeyri-adiliyini, yəni ilahiliyini göstərmək
məqsədi güdüb. Bu ali məqsəd onun təfəkküründə
lap ilk gənclikdən, özünün dediyi kimi, saz, söz
məkanı Borçalıda, Kəpənəkçi kəndində
yaranıb, böyük şəhər mühitinə
düşdükdən sonra universitet həyatında Əli Fəhmi
kimi nadir şəxsiyyətin, İslam bilicisinin təsiri
altında yetişib, şair kamala dolduqdan sonra isə mənəvi
ehtiyaca çevrilib. Zəlimxan Yaqub ən məşhur
İslam tarixçilərinin əsərlərini öyrənib,
dastanında o məşhurlara hörmət əlaməti
olaraq bir neçəsinin adını çəkib və hər
birinə tutarlı misralar həsr edib. Belə uzunmüddətli
hazırlıqdan sonra “Peyğəmbər” dastanını
yazmaya bilməzdi. Yəni dastan mənəvi ehtiyacdan
yaranıb, buna görə də belə şaxəli, sürəkli
axınla gedən şeiriyyətlə, ardıcıl hikmətli
mühakimələrlə sona qədər davam edir.
Ali məqsəd
– peyğəmbərin obrazını yaratmaq “Münacat” hissəsindən
başlanır, Məhəmmədin doğuluşundan, qırx
yaşında peyğəmbərlik verilənə qədər
aramsız gedir. Hər
epizodda uca şəxsiyyətin bir cəhəti
açılır. O, ədalət müharibəsində
öz sərkərdəsi Həmzəyə qələbə
yolu göstərən bir sərkərdə olmaqla
yanaşı, döyüşçülərinin ön
sırasında qılınc çalan bir qəhrəmandır.
Onun bu xüsusiyyəti döyüşdə sınmış
qabaq dişinin Məkkə divarından asılması ilə
səcdə olunmalı bir məna kəsb edir. Belə
qeyri-adilik dastanın bir sıra epizodlarında aydın, səlis
dillə təsvir olunur. Burada şair dastan janrının
üstün bir xüsusiyyətindən – mübaliğədən
məharətlə istifadə edib. Həmzə üç dəfə
öldürülükdən sonra dirilib yenidən
döyüşür və yenə qalib gəlir.
Ali məqsəd
– peyğəmbərin şəxsiyyətinin
ucalığını, ilahiliyini göstərmək onun
öz məsləkdaşlarına – İmam Əliyə, Həmzəyə,
Əbu Bəkrə, sevgilisinə, övladlarına və
xüsusilə öz yaradıcısına – xaliqinə dərindən-dərin
məhəbbətində görünür. Qədr gecəsini təsvir edən
epizodda şair öz qüdrətli söz arsenalından incilər
seçə-seçə peyğəmbərin şəxsiyyətini,
onun həqqə məhəbbətini yenə də ön plana
çəkərək, bir insan kimi
böyüklüyünü, əzəmətini göstərib.
Üç min misra həcmində Zəlimxan Yaqubun öz
peyğəmbərinə aşıb-daşan şəxsi məhəbbətini
də nəzərə alsaq, mən bu əsər haqqında
qeydlərimi “Məhəbbət dastanı” adlandırmalı
idim. Lakin bu məhəbbəti ifadə etməyi bacaran
şairin məharəti daha üstün müstəvidə
göründüyünə görə qeydlərimi “Məharət
dastanı” adlandırdım.
Ali məqsəd
– peyğəmbərin şəxsiyyətinin
ucalığını, ilahiliyini göstərmək hicrətə
getdiyi zaman gizlənməyə məcbur olduğu mağarada təsvir
olunan epizodda da öz əksini tapır. Mağarada Cəbrayıl ona dərgahdan
gətirdiyi kəlamı – məktubu göstərərək,
təkidlə “Oxu! Oxu!” – deyir. Məhəmməd isə eyni
inadla “Oxuya bilmirəm. Oxuya bilmirəm” cavabını verir. Bu
epizod Quranın bir neçə surəsində təkrar olunan
“oxumağın, yazmağın nə olduğunu bilməyən
peyğəmbərlər” ayəsi ilə bağlıdır.
Bu ayənin səmavi kitabda olsa da, peyğəmbərin şəxsiyyətinə
qüsur gətirdiyini heç kəs inkar edə bilməz.
Dastanda isə “Oxuya bilmirəm” “oxumağın, yazmağın
nə olduğunu bilməyən peyğəmbərin”
savadının ilahi xüsusiyyəti, xaliqdən eşitdiyi vəhylə
daha aydın izah olunur və bu qeyri-adi xüsusiyyət də
onun şəxsiyyətinin ilahiliyini göstərir.
Ali məqsəd – Məhəmmədin
şəxsiyyətini – obrazını yaratmaq hicrətin
axırında ev tikildikdən sonra mədinəli yəhudiləri
çağırmaq – evin üstündən azan çəkməyin
qara qula tapşırılmasında isə peyğəmbərin
beynəlmiləlçiliyi öz ifadəsini tapır.
Yuxarıda dedim ki, Zəlimxan Yaqub öz dastanını uzunmüddətli hazırlıqdan sonra yazıb; İslam tarixini mükəmməl öyrənib və təkrar edirəm, mənəvi ehtiyac nəticəsində yazıb. Burada İslam tarixi ilə əlaqədar bir faktı qeyd etmək istəyirəm. Bu fakt peyğəmbərin İstanbuldakı Topqapı muzeyində saxlanılan möhürü ilə əlaqədardır. İnkarolunmaz həqiqətdir ki, möhür qədim türk dilində, yəni xalqımızın OdƏr adlandırdığı zamanlar işlənən OdƏr dilindədir. Möhür üç sözdən ibarətdir. Birinci söz “ƏlAğ”dır. “Əl” – oğul deməkdir. “Ağ” – SafAğ (yəni ən təmizi) insan deməkdir. İkinci söz “OdOdƏr”dir.
“Od” – həqiqət deməkdir. “Ər”
– işıq deməkdir. “OdOdƏr” – “OdƏr” həqiqəti
deməkdir. Üçüncü söz “ƏsEvƏr”dir. “Əs”
– yaradan deməkdir. “EvƏr” – evin işığı deməkdir.
Bütövlükdə möhürün məzmunu: “Saf
Ağ İnsanın Əli – oğlu OdƏr həqiqəti (və)
yaradan Evin işığıdır” “ƏlAğ – Saf Ağ
insanın oğlu – “İsa”ya, “İsayı Məsihə”,
İisusa işarədir.
Şair,
İslam tarixində heç kəsin qələmə
almadığı, şərh etmədiyi bu müqəddəs
möhürün üstündən keçib. Mən bunu Zəlimxan Yaquba nöqsan
tutmuram. Möhür peyğəmbərin milliyyətcə
türklüyünü təsdiq etsə də, şairin bu
faktın üstündən keçməsi onun oxuduğu, illərlə
öyrəndiyi, qəlbində gəzdirdiyi İslam tarixinə
sədaqətini göstərir. Mən isə hər bir
yazılmış tarixdə qüsurlar olduğunu
yaxşı bildiyimə görə, “Peyğəmbər” kimi
ciddi əsər haqqında yazanda möhür kimi ciddi sənəd
barədə yazmaya bilmədim (redaksiyadan xahiş edirəm ki,
İslam tarixində çox ciddi fakt olan möhür barədə
yazdığıma toxunmasınlar).
Dastanda böyük ilhamla, səlis, obrazlı dillə yazılmış, hər biri haqqında ayrıca danışmalı hissələr çoxdur. Mən o hissələrdən yalnız bir qismi haqqında qeydlər etdim (səbəb – xəstəliyimdir). Sonda əsərin ən gözəl məziyyətlərindən biri saydığım, məzmunu zənginləşdirən gözəl ricətlər haqqıda yazıram. Çünki bu ricətlər də peyğəmbərin şəxsiyyətini vəsf edir.
Dastanın
quruluşu da, klassik dastan nümunəsi kimi, təbiətdə,
dünyada baş verən qeyri-adi hadisələrlə
bağlanır, sanki bütün kainat Peyğəmbərin
doğuluşunu xəbər verir və şair bu xəbərləri
böyük vəcdlə təsvir edir: bu təsvirlər
qanadlıdır, ülvidir, hərtərəflidir. Mən bu ricətlərin də
yalnız bir qismini yazıram. Əsərin quruluşu bu ricətlə
– Peyğəmbərin doğuluşu ilə
bağlıdır. Yəni “Minacat”la bağlı hissələrdən
sonra dastan, əslində, elə bu ilahi doğuluşla
başlanır və ilk sətirlərindən dünyanın
məhvərində yeni dəyişiklik əmələ gəldiyini,
Məhəmməd adlı qeyri-adi şəxsiyyətin
doğulduğunu xəbər verir:
Yerdə Peyğəmbərim doğulan kimi, göydə bir Peyğəmbər ulduzu doğdu. Nuru qucaqladı yeddi iqlimi, gur yanan işıqlar zülməti boğdu. O sirli nəfəsə hey qulaq asdı, gördü ətri güldür, nəfəsi çiçək. Suveybə anamız bağrına basdı körpə Məhəmmədi öz balasıtək. Çəkdi diqqətini doğmanın, yadın. Beləcə ötüşdü vaxt da, vədə də. Həzrəti Həmzəyə süd verən qadın süd verdi körpəcə Məhəmmədə də. Həlimə ananın kasıb daxması onun gəlişiylə aşıb-daşırdı. Toy-düyün olurdu ələmi, yası. Bərəkət bu evlə doğmalaşırdı. Gah meh tərpədirdi, gah sərin külək. Bulud qanadını gərirdi göyə. Onu qoruyurdu göz bəbəyitək, səhranın istisi vurmasın deyə. Məhəmməd qədəmi hara toxunur, Məhəmməd nəfəsi hara dəyirdi – orda güllər açır, xalı toxunur, ora cənnət kimi gülümsəyirdi. Göylər verilmişdi ixtiyarına. Onun hökmündəydi çaylar, dəryalar. Odlu baxışları gəlir karına, yağışdan doyurdu qumlu səhralar! Seçdi Yaradanım sıradan onu. Mələklər səslədi Hiradan onu. Beləcə yaratdı Yaradan onu. Alnında aydınlıq, üzündə həyat, Məhəbbət doğulub gəldi dünyaya! Yerlərin, göylərin qatı, zamanın ən şirin vaxtı, saatı, həyatın cövhəri, dinin həyatı saflıqdan yük tutdu, halaldan maya. Ünsiyyət doğulub gəldi dünyaya!..
Bu cür qanadlı ricətdən sonra çox hikmətli bir fəsil – “Zahiri görmək asan, batindən nə bilirsən?” – fəsli və yuxarıda qeyd etdiyim həyati epizodlar ardıcıl düzülüb, ricətdəki qeyri-adi dünya dəyişikliklərinə haqq qazandırır və nəticədə şairin arzuladığı, qələmə aldığı böyük həqiqət – Peyğəmbərin cahanşümul şəxsiyyəti yaranır.
Dastanın forması klassik dastan
formasında yaradılıb kamilliyə
çatdırılıb. Forma, dil, məzmun, ideal birliyindən
müqəddəslik havasına ucalan bir əsər meydana gəlib,
Zəlimxan Yaqub kimi onsuz da kamil bir şairi əsl yüksək
kamillik zirvəsinə çatdırıb.
Axırıncı ricət Zəlimxan Yaqubun özü haqqındadır:
Əlhəmdülillah
Çaldım öz havamı
bir kitab üstə,
Dil verdim sazıma,
Əlhəmdülillah.
Haqqın özü vurdu
bu naxışları,
Xəttimə, yazıma,
Əlhəmdülillah.
Nurlandım işıqda,
yandım ocaqda,
Söz canda isindi,
dua dodaqda,
Qələm də, dəftər
də,
şam da, çıraq da
Dözdülər nazıma,
Əlhəmdülillah.
Sözümü eşq dedi,
məhəbbət dedi,
“Sevgi – hərəkətdi,
hərəkət!” dedi,
Tanrım, nə yazdımsa
“bərəkət” dedi,
Çoxuma, azıma
Əlhəmdülillah!
Məndən salam olsun
ulu dərgaha,
Tapındım Tanrıya,
yetdim Allaha.
Ölsəm də bir zərrə
dərdim yox daha,
Çatdım murazıma,
Əlhəmdülillah.
İsa MUĞANNA
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.8.