Bakıda “Türk dilinin 8-ci Beynəlxalq Şeir Mərasimi”nin açılışı olub
Ötən gün S.Vurğun adına
Rus Dram Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatırəsinə həsr
olunmuş “Türk dilinin 8-ci Beynəlxalq Şeir Mərasimi”nin açılışı keçirilib.
Türkiyə Yazarlar Birliyinin təşkilatçılığı,
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) və Qafqaz Universitetinin birgə səyilə baş tutan tədbiri giriş sözü ilə açan Türkiyə Yazarlar Birliyinin (TYB) sədri İbrahim Ülvi Yavuz çıxışında Azərbaycan-Türkiyə dostluğunun
əbədiliyinə inamını
ifadə edib. TYB sədri Bakıda keçirilən
8-ci Şeir Şöləninin
türk dilinin zəngin poeziya xəzinəsini ortaya qoymaq və türk dünyasının
ünlü şairlərini
bir araya gətirmək məqsədilə
təşkil olunduğunu
söyləyib.
AYB-nin sədri, xalq yazıçısı Anar Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmaz olduğunu vurğulayıb və Türkiyəni “qəlbinin şah damarı” adlandırıb. Xalq yazıçısı çıxışında ötən əsrin əvvəllərində erməni daşnakları tərəfindən soyqırıma məruz qalan həmvətənlərimizi əsarətdən qurtaran şanlı türk ordusunun rəşadətindən də söhbət açıb.
Şeir şöləninin daimi heyət sədri doktor Mehmet Doğan əsasən Azərbaycan və Türkiyə şairlərinin əsərlərinə istinad etdiyi çıxışında türk dünyasının ədəbi dəyərlərindən danışıb. Sonda AYB-nin sədri Anara müraciət edən M.Doğan ondan Azərbaycan bayrağını hədiyyə istəyib: “Mən bu bayrağı Türkiyənin göylərinə çəkəcəyəm. Heç kəs də o bayrağı oradan endirə bilməyəcək”.
Açılış konfransından sonra professor Yavuz Akpınar “Azərbaycan Türkiyə ədəbi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Professor çıxışında ölkəmizlə Türkiyə arasında ədəbi əlaqələrin tarixinə nəzər salaraq birgə əməkdaşlığın perspektivlərindən danışıb.
Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı son günlər iki qardaş ölkə arasında yaşanan “bayraq böhranı”na toxunaraq heç bir səbəbin Azərbaycan-Türkiyə dostluğunu sarsıda bilməyəcəyini qeyd edib.
Millət vəkili Gültəkin Hacıbəyli şeir şöləninin keçirilməsinin əhəmiyyətli addım olduğunu vurğulayıb və türk dünyasının şairlərini Azərbaycanda görməkdən məmnunluğunu dilə gətirib. Çıxışının sonunda millət vəkilinin səsləndirdiyi şeiri mərasim iştirakçıları alqışlarla qarşılayıblar:
Anamın qolları quca bilmədi
Qəbrini Bakının
yelləri qucar.
Üstündən yüz ildi öz anan kimi
Sənə layla deyən küləklər uçar.
Bu yalqız yarımın nakam eşqinə
Başında dövr edən quşlar ağlayır.
Üstündə açmamış solan qönçələr,
Məzarını saran daşlar ağlayır.
Ruhun başımızın üstündə hələ
Vətən çöllərində sərgərdan gəzir.
Hələ ana yurda qovuşa bilmir,
Hələ ata yurddan nigaran gəzir.
Halallıq haqqımız olmasa belə,
Bizi bu torpağa, çaya bağışla. a
Başımdan sallanan uca bayrağa,
Bizi o ulduza, aya bağışla.
Haqqını halal et, bəlkə bu zülmət
Qaranlıq yurdumun üstündən gedə,
Bizi bağışla ki, bəlkə Tanrı da
Bu suçlar içində bizi əfv edə.
Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək növbəti tədbirə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan, Dağıstan, Altay, Balkar, Başqırdıstan, Çuvaşıstan, Gürcüstan, Kosova, Makedoniya, İran, İraq, Almaniya, Hollandiya, Belçika, Fransa, İngiltərə, Avstriya və başqa ölkələrdən türkdilli şairlər dəvət olunub. Şeir mərasiminə Azərbaycandan şairlər, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Rəşad Məcid, Qulu Ağsəs, Səlim Babulloğlu, İlqar Fəhmi, Ədalət Əsgəroğlu, Narıngül, Rüstəm Behrudi, Xanəmir, Qismət, Rəbiqə, Vüsal Nuru və digərləri olmaqla, 21 şair qatılıb. Şeir şöləninin davam etdiyi günlərdə şairlər çağdaş türk poeziyası ilə bağlı fikir mübadiləsi, XXI yüzildə heca şeiri, lirik şeirin problemləri, şeirdə millilik mövzularında diskussiyalar aparacaqlar.
Mərasim iştirakçılarına türk dünyasının böyük şairləri Nizami Gəncəvi, Əhməd Haşim və Hüseyn Cavid adına mükafatlar təqdim olunacaq.
Xatırladaq ki, bu dəfə Azərbaycanda keçirilən şeir şöləni indiyədək Türkiyə, Qazaxıstan, Türkmənistan, Kipr, Fransa, Ukrayna və Makedoniyada gerçəkləşib. Həmin şeir şölənlərində indiyədək Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Nəcib Fazil, Mahmud Kaşğarlı, Babur Şah, Əhməd Yəsəvi və digər məşhur ədəbi şəxsiyyətlərin adları ilə təsis olunmuş mükafatlar şairlərə təqdim olunub.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.8.