Eşqin sözü
K. VƏLİ
Düşüncələr:
sistemli-sistemsiz,
məntiqli-absurd,
aydın-bulanıq
Nəvəm Məhəmməd
Kamil üçün
Hər yazı bir təcrübədir
–
"Gəl təcrübə
eylə mən zəifi..."
(Füzuli)
"Biz sözə
baxmarıq. Könülə, hala baxarıq"
...Ədəb bilənlər
başqadır, canı, ruhu yanmış aşıqlar
başqa.
Eşq şəriəti
bütün dinlərdən fərqlidir.
"Aşiqlərin
şəriəti də Allahdır, məzhəbi də".
"Məsnəvi"dən
gətirilmiş bu örnəkləri Əlif Şəfəq
də "Eşq" adlı romanı üçün
epiqraf seçib.
Yadıma gəlir, 20 il
öncə Konyada böyük məsnəvişünas-alim, mərhum
Anna Mariya Şimmel "Məsnəvidə eşq"
mövzulu 8 saatlıq söhbətini bu sözlərlə
bitirdi. "Mən bu eşqin içində yenidən
doğuldum, bu eşqin içində həyatın,
insanın, sözün nə olduğunu anladım və bu
eşqin ağuşunda da öləcəyəm". Anna
xanım onlarca kitab yazdı, eşqi anlatdı. Və əlbəttə
ki, eşqə qərq olub bu dünyadan getdi. Onun söhbətinin
son cümlələrini xatırlayıram:
"Mən sizə
eşqin bir hərfini, bir zərrəsini anlatmağa
çalışdım. Anlada bildimsə..."
Allah rəhmət eləsin.
Tanrı bu dünyada olduğu kimi o dünyada da müqəddəs
eşqi ona çox görməsin.
Sözün o
tayındakı eşq ədəbiyyatın əzəli və
əbədi məhvəridir. O tay kainatın, dünyanın
harasıdır, ilahi?!
Bu qeydlər sənət
haqqında düşüncələrdir. Yazı qarşı
tərəf - oxucu üçün yazılmayıb. Maarifçilik
və ədəbi tənqid səciyyəsi daşımır.
Müəllif düşündüklərini özü ilə
bölüşüb. Yazını özümə
yazdığım məktub kimi də qəbul etmək olar.
Siyasət və ədəbiyyat
Siyasətlə ədəbiyyat
arasında çox mürəkkəb və hardasa qəribə
bir münasibət mövcuddur. Siyasətin ədəbiyyata, ədəbiyyatın
siyasətə münasibəti bir platform, siyasətçinin ədəbiyyata
və ədəbiyyatçının siyasətə
münasibəti başqa bir platformdur.
Tarix boyu belə qəbul
olunub ki, siyasət ədəbiyyatdan öz məqsədi
üçün istifadə edir, bəzən də buna məcbur
olur. Siyasət elmini əlbəttə ki, siyasət sənəti
tamamlayır. Siyasət elmi strateji, taktiki
araşdırmaların yekunudur. Siyasət sənəti
hesablanmadan, ölçülüb-biçilmədən ortaya
çıxan vəziyyətdən çıxa bilmək,
durumu idarə edə bilmək, duyğuların qısa zamanda
hökm etdiyi qərarı çıxara bilmək və o qərarı
o vaxt ərzində ağıl süzgəcindən keçirə
bilməkdir.
Siyasət oyunları və
siyasət qanunları arasındakı nisbəti, münasibəti
dəqiq bilmək də siyasət sənəti ilə
qırılmaz şəkildə bağlıdır.
Xüsusilə siyasət
zəmininin hazırlanmasında ədəbiyyatın
böyük rolu var. İstər fransız, istər rus, istərsə
də digər inqilablarda zəmini ictimai-iqtisadi şərtlərlə
yanaşı, ədəbiyyatın, mədəniyyətin
hazırladığı şübhəsizdir. Bütün
devrimlərin, siyasi keçidlərin, atılımların səbəbi
yalnız ictimai-iqtisadi faktorlar deyil, insan şüurundakı
ilkin toxumlardır. Bu toxumların böyüməsi, bioloji
güc kimi yetişməsi cəmiyyətdəki proseslərlə
adekvatdır. Fransız inqilabının səbəbi
fransız ictimai-siyasi, mədəni-mənəvi dəyərləridir.
Eyni səbəbləri rus və digər inqilablara da istinad etmək
olar. Bizcə, XIX əsr rus ədəbiyyatı, özəlliklə
Dostoyevski, Tolstoy, Çexov, Qoqol, Qorki... ədəbiyyatı və
bu ədəbiyyatın ədəbi-estetik, eləcə də
ictimai-siyasi, mədəni-sosial içərikli elmi (Dobrolyubov,
Belinski, Çernışevski, Plexanov...) rus inqilabı
üçün ictimai-siyasi, sosial-iqtisadi amillər qədər
önəmli olub. Bu barədə onlarca mənbədən
sitat gətirməyi yersiz bilirik.
Azərbaycan
milli-azadlıq hərəkatında ədəbiyyatın,
ümumən sənətin, mədəniyyətin böyük
rolundan geniş bəhs etməsək də, bir neçə
önəmli amili xatırlatmağı özümüzə
borc bilirik. 50-60-cı illərdə İsa Hüseynov, Sabir Əhmədli
başlayıb, Ənvər Məmmədxanlı və
İlyas Əfəndiyev nəsrindən güc-qüvvət
alan və Mirzə Cəlili özü üçün ədəbi
estetik, ictimai-fəlsəfi kredo olaraq qəbul edən yeni Azərbaycan
nəsri - Anarın, Y.Səmədoğlunun, Ə.Əylislinin
M. və R. İbrahimbəyov qardaşlarının,
Elçinin, İ.Məlikzadənin, F.Kərimzadənin və
bu məktəbin 70-80-90-cı illər
davamçılarının böyük rolunu inkar etmək
mümkün deyil. Ədəbiyyatımızın həmişə
güclü qolu olmuş şeirimiz milli-azadlıq ruhunun,
bütövlük ideallarının ifadəçisi
üçün həlledici olub.
Çağdaş
şeirimizin H.Cavid, M.Müşfiq, S.Vurğun, R.Rza, B.Vahabzadə,
B.Azəroğlu, X.Rza, M.Yaqub ənənəsi, dilimizin və
milli varlığımızın qorunması, varoluşu
üçün böyük mücadiləsi zaman və rejimlə
bağlı bütün ziddiyyətləri ilə
yanaşı yaratdığı ictimai-siyasi zəminlə
milli-azadlıq hərəkatının bünövrəsi
olmuşdur.
Müstəqillik
uğrunda mücadilə aparan ədəbiyyatın demokratiya
uğrunda mücadilədə kifayət qədər yetərsiz
olmasının ictimai-siyasi, mədəni-mənəvi səbəbləri
yox deyil və bu, ayrı bir araşdırmanın
mövzusudur.
Ədəbiyyatın
siyasətlə bağlı çox özəl
araşdırma tələb edən yönləri, sahələri
də var ki, onlar daha ciddi əhəmiyyət
daşıyır. Onlardan birini örnək olaraq vermək istəyirik.
Ədəbiyyatda
olduğu kimi siyasətdə də realistlər və romantiklər
var. Hər xalqın siyasi mücadilə tarixində ədəbiyyat
tarixində olduğu kimi bu iki məktəbi
açıq-aydın görürük. Fransız inqilabında
romantik Dantonla, realist Robespyer, rus inqilabında romantik Trotski ilə
realist Stalin, Kuba inqilabında romantik Çeqovari ilə realist
Kastro, Türkiyədə romantik Ənvər Paşa, Tələt
Paşa, Camal Paşa və realist Mustafa Kamal Paşa
Atatürk, Azərbaycanda romantik-demokrat Elçibəylə
realist H.Əliyev, Gürcüstanda romantik Qamsaxurdiya və
realist Şevarnadze (sonra yenə də realist Saakaşvili).
Biz ədəbiyyatda
olduğu kimi siyasətdə də romantik və realist təfəkkürə,
baxışa, hərəkətə müsbət-mənfi, yaxşı-pis,
mütərəqqi-mürtəce... ölçülərlə
yanaşmırıq. Belə təhlil aparanları da haqsız
saymırıq.
Bizim məqsədimiz fərq
qoymadan bu prosesi, ardıcıllığı izləmək, səbəblə
nəticə arasındakı məntiqi aramaq və
başlıcası düşüncə olaraq sənət
dünyası ilə siyasət dünyası arasındakı
fərqləri və uyğunluğu, eyniliyi və əksliyi,
təkrarı və təzadı görmək və göstərməkdir.
Tarix və ədəbiyyat
Savaşda, yolda, vəba,
cüzam içində ölən insandır. Minlərlə
məmləkəti, yeri-yurdu, mədəniyyəti yaradan da
insandır. Boş səhralarda salınan şəhərləri,
tikilən körpüləri, əzəmətli ehramları,
məscidləri, kilsələri yaradan da insan əlləridir.
Sonsuzluq qədər
gözəlliyi, ülviliyi və sonsuzluq qədər iyrəncliyi,
vəhşiliyi özündə birləşdirən bu təzad,
paradoks dolu insanı yazmaq, ifadə etmək, yaratmaqdan daha
çətin, müdhiş dərəcədə ağır
bir işdir.
Hər halda, bu missiya sənətin,
ədəbiyyatın missiyasıdır.
...Biz tariximizin bədii
mənzərəsini yaratmışıqmı? "Tarixi
yazmaq tarixi yaratmaq qədər önəmlidir"- deyən
türk öndərinin sözlərinə haqq qazandırmamaq
olmaz.
Tarixi yazmaq iki
anlamdadır. Tarixi tarixçi kimi, elm olaraq yazmaq,
ölçülü-biçili metodlarla araşdırmaq və
bu araşdırmalarla Qərbin və Şərqin özünə
çıxmaq, təhrifləri cavablandırmaq, millətin
tarixi haqqını ortaya qoymaq.
Bu anlamdakı tarixi
yazmamışıq.
Dünyanı
sarsıdan İskit, Hun savaşlarının, Batı-Doğu
Hun dövlətlərinin, Göytürk dövlətinin
İlteriş Kaqan, Kapaqan Kaqan, Bilgə Kaqan, Kül Təkin
kimi dövlət başçıları - qəhrəmanların,
Tonyukuk kimi dövlət xadiminin Moyun Çur kimi qəhrəmanın,
Qaraxanlı dövlətinin, onun Kaşğarlı Mahmud, Yusif
Xas Hacib kimi bilgə-yazarlarının, Fərabi, İbn Sina
kimi elm zirvələrinin, Çingiz xan, Batı xan kimi
dünya miqyaslı sərkərdələrinin, Yasəvi,
Yüknəki, Mevlanə, Nəsimi, Nəvai, Babur, Füzuli,
Bagi... kimi qələm ustalarının, Sultan Fateh, Şah
İsmayıl, İldırım Bəyazid, Sultan Səlim,
Teymurləng, Qanuni... kimi hökmdarların, dövlət xadimlərinin,
Qaraxanlı, Səlcuq, Göytürk, Osmanlı, Səfəvi...
kimi dövlətlərin haqqında layiq olan romanları, povest
və hekayələri yazmışıqmı?
O qəhrəmanların
daxili aləmi, o savaşların həqiqəti, o dövlətlərin
fəlsəfəsi, o eşqlər, tutqular, macəralar... bədii
sözün qüdrəti ilə canlandırılıbmı?
Bizcə yox,
yazılmayıb. Fəqət o tarixin yazılması zərurətdir.
Elmlə sənətin əsas
fərqlərindən biri də yanlışlama nəzəriyyəsinin,
metodunun sənətə deyil, elmə xas olmasıdır.
"Yanlışlamağa
açıq olmayan nəzəriyyə elmi nəzəriyyə
deyil" (Potter).
Məsələn, Darvin
(izm) (diqqət edin - izm ya fəlsəfədə, ya da ideolojidə
işlənir. Darvinçilik elm yox, ideologiyadır. Və elm,
heç təsadüfi deyil ki, darvinizmi yanlışlamağa
yox, doğrulamağa çalışıb ki, bu da elmin mahiyyətinə
ziddir). Yaradılış nəzəriyəsi (dini nəzəriyyə)
isbat olunmadığı kimi (iman isbat tələb etmir),
darvinizm də ateizmin məhsuludur və elm olmaqdan daha çox
ideologiyadır.
Sənət isə
inkarla yox, təsdiqlə özünəməxsusluğunu
ortaya qoyur. Ayrı-ayrı ideologiyalar sızmış sənətdən
(marksist estetika, faşist fəlsəfəsi, ifrat milliyyətçilik
və dinçilik istisnadır və sənətin mahiyyəti
ilə bağlı deyil) fərqli olaraq əsl sənət
ruhi, ilahi, mənəvi və ya maddi varlığı əks
edən sənət duyğularının
yarandığını isbat etmir, bu heç ona lazım da
deyil. Sənət ilahi, mənəvi və ya maddi
varlığı sənət kodu, sənət dili ilə bəyan
edir. Əgər sənət haqqında elmlərdə
(estetika, ədəbiyyatşünaslıq...) bu iddia varsa, bu sənət
iddiası yox, sənət haqqında elmin iddiasıdır.
Elin həsrətində,
dilin qürbətində yaşayan, bir mühacir bəlkə
dilin rənglərini, min bir səsini daha aydın
görür, daha aydın eşidir. Dili eşitmək, görmək
anlayışını ona həsrət olandan sor. Öz dilində
danışmayanların içində, yalnız xatirələrinin
bağrında, yuxunun dərinliyində,
özün-özünlə olanda bu dili duyub onu ən əziz,
ən qiymətli yadigar kimi hamıdan gizləyirsən,
yalnız özün üçün qoruyub saxlamağa
çalışırsan. Və özünü də o dil
üçün qoruduğunu, o dil üçün
yaşadığını hiss edirsən. Yasaq eşqi,
ümidsiz sevgini, son görüşü xatırladan bu
ünsiyyət sənin içində elə yerləşir,
elə təməllənir ki, tək bir söz, ana dili kəlməsi
bir anda səni öldürər, varlığını yox edər
və ya yenə tək bir söz, yeganə bir kəlmə nəfəsinin
tıxandığı, dünyanın cəhənnəmə
döndüyü vaxt səni həyata qaytarar, dirildər,
yaşadar.
Bütün dünya ədəbiyyatı
minlərlə dilin içində öldürən və
yaşadan kəlmələrin arayışındadır. Hər
sənət adamı bir mühacir, bir qürbətçi. Hər
söz sirr, hər kəlmə möcüzə.
Hər
savaşçı yayından qopmuş ox kimidir. Vuruş
yolunda naməlum sevgi, dəli bir eşq də var, ölüm
də, doğmalardan əbədi ayrılıq da.
Hər savaş bir qiyamətdir.
Hər savaşın
sonunda göz yaşı da var, zəfər
çılğınlığı da.
Hər savaş
işığa da, zülmətə, qaranlığa da yol
aça bilir.
Hər savaşın qurbanı yaşayan, quran,
yaradan insandır. Allah insanı ölmək
üçün yaratmayıb. Fəqət
insan Vətən üçün, ideallar üçün
qurban gedirsə, o şəhiddir - haqq yolunun qurbanıdır.
Atilla da, Bilgə xaqan da
"biz Allahın verdiyi missiyanı, borcumuzu yerinə yetiririk,
yetirməliyik" deyir, Fateh Sultan İstanbulun fəthini
öz dininin tövsiyəsi, uca peyğəmbərin vəsiyyəti
kimi qəbul etmiş və uca borcu yerinə yetirmişdir.
Bir-birinə
qarşı qoyulan, xaç dünyasının təbliğatı,
təşviqatı sayəsində savaşa girən və əlbəttə
ki, yanlış yapan Sultan Səlim də, Teymurləng də,
İldırım Bəyazid də, Şah İsmayıl da
Ankara, Çaldıran savaşında uca borcu yerinə yetirmək
naminə üz-üzə gəlmişlər. Türküstan
iddiası ilə Anadolu iddiası, şiə həqiqəti ilə
sünni həqiqəti islam həqiqətinə kölgə
salsa belə, böyük türk hökmdarları uca borc
yolunun yolçuları olmuşlar.
Ardı-arası kəsilməyən
xaç yürüşlərinin qabağını alan,
sonralar Avropanın ustalıqla mənimsədiyi
çağdaş ordu sistemini quran Səlcuqlar və
Osmanlı dövlətləri islam ədaləti üstündə
qurulan dövlətlərdir.
Tarix də dünya da
yalnız iki rəngdən ibarət deyil. Ağ ilə qara
arasında sözün fiziki mənasında olduğu kimi, məcazi,
bədii anlamda onlarca, bəlkə yüzlərcə rəng
var.
Sənət bu rəngləri
ayırd edən, dirildən, bu gün və gələcək
üçün ona ruh verən əvəzolunmaz fenomendir.
Bulanıq məntiq
Ədəbi-bədii
arayışların bulanıq məntiq axarına gəlməyinin
əlamətləri elmdən əvvəl ədəbiyyatda təzahürünü
tapıb.
Bulanıq məntiq nədir
və onun ədəbiyyatda ifadəsi hansı
yaradıcılıq fəlsəfəsinin
başlanğıcıdır? Zəmanəmizin böyük
alimi Lütfüzadənin, onun tələbəsi Rafiq Əliyevin
və başqa bilim adamlarının bulanıq (qeyri-səlis)
məntiq sahəsində apardığı
araşdırmaları bilgisayar, robot, nonotexnologiya sahələrində
açdığı yeni nəzəri üfüqlər səbəbsiz
sayıla bilməz. Zaman-zaman fizikanı elmlərin anası
sayanlara haqq qazandırmaq mümkün deyil. Əvvəla elmlərin
anası sözün klassik mənasında fəlsəfədir,
sözün çağdaş mənasında, elmlər elmi,
daha doğrusu ən mücərrəd baxışlar sistemi
riyaziyyatdır. Riyaziyyatın təbiət elmlərinə,
iqtisad elmlərinə, fizikaya, biologiya və kimyaya... tətbiqi,
sonsuz imkanlar aça bilməsi, insanın yeni-yeni potensial
gizlinlərini ortaya qoyması - mübahisə doğurmur. Riyaziyyat
bu elmlərin beyni, hesab-kitab mərkəzi, imkansızı
imkanlı edə bilmək mərkəzidir, desək
yanılmarıq.
Sənətə bu məntiqin
tətbiqi mexaniki şəkildə anlaşıla bilməz. Məsələn,
yaxşı-pis, xeyir-şər, var-yox, ağ-qara...
dixatomiyalarının arasındakı zənginlik kənar
edilir. Və 0 ilə 1 arasından sonsuzluq inkar edilə bilinmədiyi
kimi bu anlayışlar arasındakı sonsuz çalarlar, rənglər,
keyfiyyətlər, kəmiyyətlər də inkar edilə
bilməz. A ilə B arasında və Do ilə Re
arasındakı sonsuzluğu görməmək ola bilərmi?
Əgər bu belə rəqəmli
və qəti olsaydı, insan çox asanlıqla modelləşdirilər
və qapalı sistem qanunauyğunluğu ilə insan da, cəmiyyət
də asan idarə olunar və yer üzünün ən qədim
dövrdən bugünə uzanan ədəbiyyata da ehtiyac
qalmazdı.
Elmdə uzun zaman mərkəzdə
axtarılan səbəblər marginal sahələrdə,
köşə-bucaqda ortaya çıxa bilirsə
dünyanın bütövlüyünə,
bütövlüyün zənginliyinə inam yeni boyutlar
qazanmış olur. Söhbət elmin mexanik tətbiqindən
getmir. Baxış bucağından dəyişən
ölçülərdən, yenidən görünən
dünyadan və insandan gedir. Eynşteynin Dostoyevski sənətinə,
fəlsəfəsinə baxışı bu yanaşmanı
gözəl ifadə edir. Elm günbəgün dəyişir
və inkişaf edir. Elmin sənətə
açdığı yol, sənətin elmə açdığı
yoldan kiçik sayıla bilməz. Əslində burada söhbət
kiçik-böyüklükdən yox, açılan
üfüqlərdən, qapalı sirlərdən, getdiyi
üçün məsələyə daha dərindən və
hərtərəfli baxmağı tələb edir.
Kamil VƏLİ