Füzuli şeirinin rüknləri
ÜÇÜNCÜ YAZI – QƏM
Füzulinin qəm
olmayan şeiri yoxdur, çünki Füzulinin eşq olmayan
şeiri yoxdur, ol səbəbdən ki, Füzulinin hüsn
olmayan şeiri yoxdur. Ona görə belədir ki, Füzuli ən
böyük şair idi, "Dərd isə şairliyin əsas
sərmayəsidir" (Füzuli). Əslində qəm insan
xislətinə ən doğma bir hissdir. İnsan dünyaya
ağlaya-ağlaya gəlir. Bunun fiziki-tibbi səbəbi var:
körpə dünyaya gələndə ciyərlərinə
hava dolub onu incidir və o ağlamağa başlayır. Həkimlər,
hətta, ağlamayan uşağı sağlam hesab etmirlər.
Deməli, insanın dünya ilə ilk
tanışlığı ağrıdan, göz
yaşından başlanır. Füzulinin poeziyasında qəm
hüsnün və eşqin bəhrəsi kimi tərənnüm
olunur. Ümumiyyətlə, Füzuli qəmi onun şair taleyi
ilə bağlıdır və Füzuli şeirin estetik
gücünü qəmin çoxluğunda görürdü.
Füzulinin ən kamil
obrazı - Məcnun dünyaya gələndə şair bu gəlişin
mahiyyətini belə mənalandırır:
...Söylərdi
ki, ey cəfaçı dünya!
Bildim qəmini
sənin ki, çoxdur,
Qəm
çəkməyə bir hərif yoxdur.
Gəldim
ki, olam qəmin hərifi
Gəl, təcrübə
eylə mən zəifi!
Beləliklə, Məcnun
dünyanın qəmini azaltmaq üçün dünyaya gəlib,
ilan gülləyə gedən kimi o da qəmə doğru
gedir. "Qəmin hərifi olmaq!" - bu Məcnunun arzusu,
şair Füzulinin estetik idealıdır. Həqiqətən
də əsərdə Füzulinin lirik qəhrəmanı
Qeysdən Məcnuna qədər çətin, sufiyanə bir
yol keçir. Qeys bu yolu qəm işığında
keçir.
Füzulinin lirik qəhrəmanı
öz qəmi ilə fəxr edir, bu qəmin qüdrətinə
inanır, çünki "hüsni-əzəlidən" və
"eşqi əbədidən" güc almışdı:
Olsaydı
məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə
verərdi min Bisütunu badə.
Füzuli poeziyasında
qəmin gözəlliyi onun gizli qalmasında, faş edilməməsindədir.
Qəmi biruzə vermək, əfqan etmək aşiqə eyib gətirən
bir əlamətdir.
Könüldə
min qəmim vardır ki,
pünhan
eyləmək olmaz,
Bu həm
bir qəm ki, el tənindən
əfqan
eyləmək olmaz.
Qəmin bir ifadə
forması var, bu da Ahdır: "Ah eylədiyim sərvi-xuramanın
üçündür". Bu ahla Füzuli (onun "mən"inin
daşıyıcısı olan lirik qəhrəman!) nələr
eləmir:
Pərişan
xəlqi-aləm ahu əfqan
etdiyimdəndir,
Pərişan
olduğum xəlqi pərişan
etdiyimdəndir
Deyil bihudə-gər
yağsa fələkdən
başıma daşlar,
Binasın tişeyi-ahimlə viran
etdiyimdəndir.
Bu, klassik mübaliğənin
ən kamil poetik formasıdır. Şair deyir: "Mən məşuqənin,
gözəllik əlindən ahü-fəqan etdiyimə görə
dünyanın insanları kədərli, pərişandır.
Mən özüm isə xalqı pərişan etdiyimə
görə pərişanam. Əgər fələkdən
başıma daşlar yağırsa bu səbəbsiz deyil. Çünki
mən öz ahımın tişəsi ilə fələyin binasını
viran etmişəm, uçurub dağıtmışam".
Füzuli
özünü qəm diyarının sakini hesab edir. Və bu
qəm diyarında onun qəmini almaq üçün onu
eşq zövqündən xilas etmək istəyən dostuna
deyir ki, mənə nəsihət etmə, "Mən ki
tiryakimizacam, zəhr kar etməz mana". Məsələ
burasındadır ki, qəm onun varlığını yoxa
çevirib:
Qəm
diyarında əcəl peyki güzar
etməz
mana,
Yox
sanıb varım məgər kim, etibar
etməz
mana.
Füzulidə həm
hüsnün, həm eşqin, həm də qəmin əlindən
qurtulmağın bir yolu var ki, o da ölmək, yəni
hüsnün, eşqin və qəmin verdiyi ali zövq və vəcdlə
haqqa qovuşmaqdır. Misal verdiyimiz beytdə isə şair
deyir ki, qəm diyarında, yəni real dünyada əcəl
peyki - Əzrayil mənə yaxın gəlmir, qəmim o qədər
çoxdur ki, o məni görmür.
"Füzulidə
eşq" yazısında qeyd etdik ki, Füzulidə eşqin
dərmanı yoxdur - yeganə dərman eşqə can verməkdir;
həm həqiqi, həm də məcazi mənada. Dahi şair
qəmin də dərmanını məhz can verməkdə
görür. Qəzəllərindən birində şair deyir
ki, məlamət oduna yandın, çıx bu aləmdən
"Tərəhhüm qıl, rəva görmə ki, aləm
oduna yanə". Aləmi özünün qəm
tonqalında yandırmaq Füzulinin cəsarəti, sevgilisinə
(və sevgisinə) sədaqət rəmzidir.
Füzuli vəfalı
aşiq olduğu kimi, həm də vəfalı bir qəmkeşdir.
Onun üçün dünyadan əldə etdiyi ən
şirin nemət kimi qəmə sədaqət, həm də
(və məhz!) sevgiliyə sədaqətdir:
Yar
qılmazsa mənə cövrü cəfadan qeyri,
Mən ona
eyləməzəm mehrü vəfadan qeyri.
Mətn aydındır:
yarın aşiqə etdiyi cəfanın, zülmün və əziyyətin
əvəzinə sədaqətli, vəfalı aşiq ona
yalnız vəfalı bir mehribançılıq edə bilər.
Bəlkə elə ona görə də sədaqətli, dəyanətli,
eşq ağrısını səadət kimi yaşayan
aşiq öz sevgilisinə deyir:
Mərhəm
qoyub önərmə sinəmdə
qanlı
dağı,
Söndürmə
öz əlinlə yandırdığın
çırağı.
Sinəmə çəkdiyin
qanlı dağı dərman qoyub sağaltma. Çünki bu
sənin özünün yandırdığı
çıraqdır, onu söndürmə. Füzulinin
eşqdən od tutub yanan qəlbinin dərd və qəmini
görənlər deyirlər ki, səbr eylə. Füzuli də
soruşur: "Söylə bu mərhəm ilə kimin bitdi
yarəsi?"
Səbr eşq dərdinin
dərmanı deyil. Füzuli qəminin şairin əzabını
artıran bir cəhəti də ondadır ki, onun ahü-fəqanı
sevgilisinə heç cür əsər etmir, o heç ona
üzünü də göstərmir:
Məhşər
günü görüm,
derəm
ol sərvqaməti,
Gər
onda həm görünməsə,
gəl
gör qiyaməti.
Şairin təsvir etdiyi
gözəllər olduqca rəhmsiz və amansızdır. Onun
qəmi, ah və əfqanı onlara təsir etmir və
şair ümidini məşhər gününə
bağlayır. Axı Allah üzünü heç kimə
göstərmir, onun hüsnünün necə olduğunu
heç kəs bilmir. Və Allahı sevib onun qəmi ilə
yaşayan yalnız axirət gününə ümid
bağlaya bilər. Onda da yalnız mərhəmət görə
bilər. Axı Allahın mərhəməti onun bəşəriyyətə
olan sevgisidir:
Şükr
et, Füzuli, qılma fəqan yar qılsa cövr,
Kim, əhli-eşqə
cövrüdür anın inayəti.
Füzulinin qəmi
böyük fəlsəfi məna kəsb edir. O təkcə
öz qəmindən əzab çəkmir, zəmanəsini qəm
dəryasına qərq olmuş görür. Ona görə də
şair özünü dünyanın qəm karvanının
sarvanı - başçısı, yolgöstərəni hesab
edirdi:
Mənəm
ki, qafiləsalari-karivani qəməm,
Müsafiri-rəhi-səhrayi-möhnətü
ələməm.
Füzulinin müasirləri
də əslində dərd, qəm içində
yaşayanlardır. Dərd, qəm, ah, nalə bu
dövranın öz insanlarına bəxş etdiyi əsas
qazancdır. Bəzi beytlərə nəzər salaq:
Dust bipərva,
fələk birəhm,
dövran
bisükun,
Dərd
çox, həmdərd yox, düşmən qəvi,
tale zəbun...
Qəm
günü həmdərdlərim qərq oldular
göz
yaşına,
Silməyə
göz yaşımı bir qəmküsarım
qalmadı...
Vəfa hər
kimsədən kim, istədim,
ondan cəfa
gördüm,
Kimi kim,
bivəfa dünyada gördüm,
bivəfa
gördüm...
Tökdükcə
qanımı oxun, ol asitan içər,
Bir yerdəyəm
əsir ki, torpağı qan içər.
Əksər
füzulişünaslar bu tipli beytləri misal gətirərək
şairin öz zəmanəsindən
narazılığının ifadəsi kimi izah etmişlər.
Halbuki, belə beytlərin bir çox məna qatı var. Məsələn,
Füzuli əksər qəzəllərində deyir ki, eşq
dərdinin dərmanı yoxdur və bu dərdə dərman
istəyən artıq aşiq - haqq aşiqi deyil.
Kimə
kim, dərdimi izhar qıldım
istəyib
dərman
Özümdən
həm betər bir dərdə
onu mübtəla
gördüm.
Bu beytin birinci
misrasını hərfi mənada yox mənası ikinci misrada
açılan rəmzi mənada qəbul etmək olar: dərman
istədiyim adam mənə ancaq dərd verə bilər, dərdin
dərmanı elə dərd çəkməkdir.
Füzulidə qəmin
təzahür forması "qan ilə dolmuş
könül"dür. Onu da aşiqin göz yaşları
biruzə verir. "Əşkdir xali qılan qan ilə
dolmuş könlümü" - qanla dolmuş
könlümü göz yaşlarım boşaldır, göz
yaşlarım könül qanımın damlalarıdır.
Füzulidə qəm tənha
aşiqin yeganə həmdərdidir. O öz qəmi ilə
baş-başa verir:
Aləm
oldu şad səndən,
mən əsiri-qəm
hənuz,
Aləm
etdi tərki-qəm,
məndə
qəmi-aləm hənuz.
Aləm tanrının
sayəsində şad olur, aşiq qəmin əsiridir, aləm
qəmi tərk edir, aşiq aləmin qəmini canına
çəkir, qəlbini dünya qəmi ilə doldurur. Qəm
və tənhalıq aşiqin ən sədaqətli
yoldaşlarıdır:
Nə
yanar kimsə mənə atəşi-dildən özgə,
Nə
açar kimsə qapım badi-səbadan qeyri.
Bizcə bu mənzərə,
bu psixoloji ovqat Füzulinin qəhrəmanının
ovqatını çox dolğun və mənalı əks
etdirir. Bütün haqq aşiqləri də sufilər kimi tənhalıq
aləmində yaşamışlar. Tənhalıqda insan Allaha
daha yaxın olur.
Ümumiyyətlə,
sufi poeziyada, o cümlədən Füzulidə eşq
Allahın insan varlığında fəal təzahür şəklidir.
Qəm isə bu eşqdən dolayısı, yəni Allaha
qovuşa bilməyən, vüsət həsrəti ilə
qovrulan aşiqin dərdinin ifadəsidir.
Füzulidə qəm mənəvi
yaşantı formasıdır. Ona görə də hüsndən
başlanan, eşqdə billurlaşan qəm mənəvi
kamilliyin ifadəsidir. Qəmin böyüklüyü mənəvi
kamilliyin dərəcəsini əks etdirir. Üç beytə
nəzər salaq:
Dəhənin
dərdimə dərman
dedilər
cananın,
Bildilər
dərdimi yoxdur dedilər,
dərmanın...
Ey
Füzuli, eylə kim, bimari-dərdi-eşqsən,
Yoxdurur
ölməkdən özgə hiç
dərmanın
sənin...
Ey Füzuli,
axıdıb seyli-sirişk ağlayalı,
Eşq əhlinə
fəğan etməyi qanun etdin.
Müxtəlif qəzəllərdən
verilən bu beytlər şairin mənəvi
yaşantılarını əks etdirmək baxımından
bir-birini tamamlayır. Füzulinin dərdi elə bir dərddir
ki, heç cananın busəsi də onu sağalda, ona dərman
ola bilməz. Bu "bimari-dərdi-eşqdir" çarəsi
ölməkdir, ona görə də Füzuli
ağlaya-ağlaya fəqan etməyi eşq əhli
üçün qanuna çevirir.
Lövhi
aləmdən yudum əşk ilə
Məcnun
adını,
Ey
Füzuli mən dəxi aləmdə
bir ad eylərəm.
Mən elə bir
aşiqi-qəməm ki, göz yaşlarımla aləm
lövhəsindən Məcnun adını silib, yeni bir ad
yazaram - Füzuli adını!
Füzuli qəmə, dərdə,
əfqanına, ürək qanı olan göz yaşlarına əlac
diləmir. Sadəcə bu qəmin özünün taleyini
sual edir. İçindəki qəmin can olduğunu, can
çıxanda qəm də çıxacağını
bilir.
Məni
candan usandırdı,
cəfadan
yar usanmazmı?
Fələklər
yandı ahimdən,
muradım
şəmi yanmazmı?
Qəmim
pünhan tutardım mən,
dedilər
yarə qıl rövşən
Desəm
ol bivəfa bilmən,
inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım,
tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfqanım,
qara bəxtim oyanmazmı?
Füzulinin poeziyasında hüsn, eşq və qəm vəhdətindən yaranmış estetik konsepsiya, şairin bu suallarına "Yox!" cavabı verməyi tələb edir. Əgər yar cəfadan usansaydı, demək, o, Leyli olmazdı. Bir də ki, cəfa verən yar deyil, onun misilsiz hüsnüdür. Aşiqin ahı fələkləri yandırsa da, onun muradının şəmini yandıra bilməz, çünki onun muradı Tanrıya qovuşmaqdır, onun çırağı Allah əlindədir. O bivəfa aşiqin qəm çəkdiyinə inanmaz, çünki sevən aşiq üçün bu qəm ən böyük həzzdir, o qəmi eşq kimi qəbul edər. Xəlqə rüsvay olmaq aşiq üçün bir şərəfdir və əlbəttə aşiq onu rindü şeydaya çevirmiş eşqdən usanmaz. Əgər usansaydı, belə deməzdi:
Olduqca mən, götürmə bəladan iradətim.
Mən istərəm
bəlanı, çü istər bəla məni!
Getdikcə
hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə
dərdinə betər et mübtəla məni!
Yaxud digər
qəzəldən iki beyt:
Oxun gəldikcə
çeşmim töksə
bağrım qanın, ondadır
Ki,
bağrım qanına yer qalmadı
sinəmdə
peykandan.
Sitəm
daşı, məlamət xəncəri,
bidad
şəmşiri,
Füzuli,
hər cəfa kim gəlsə xoşdur
canə
canandan.
Füzulidəki qəm
onun füsunkar poeziyasından süzülüb gəlir. Təkcə
qəmmi?! Füzulinin təsvir etdiyi hüsnün, tərənnüm
etdiyi eşqin, tədqiq etdiyi qəmin yuvası onun
lirikası, heç kimə bənzəməyən poetik
sözüdür. Beş yüz ildir ki, bu üç rükn
- Hüsn, Eşq və Qəm çiyin-çiyinə verib,
Füzuli poeziyasını dünya poeziyasının zirvəsində
saxlayır. Beş yüz ildir ki, bəşər o hüsnün
əlçatmazlığına, o eşqin dərinliyinə,
o qəmin böyüklüyünə həsrətlə can
atır. Beş yüz ildir ki, dünya Füzulini qocaltmağa
çalışır ki, onunla yaşıd olsun, onunla bir
sırada dayansın:
Dünya səni
qocaltdı, yaşıdın olsun deyə,
Gömüldü
dərdin yerə, ucaldı ahın göyə.
Dərdə
şərik - dərd özü, sükut –
suala cavab
Qranit
dağlar belə, gətirməzdi buna tab.
Füzuli,
o nə dövran!...
Görsələr
yanır insan,
Yanana od verdilər.
Füzuli,
o nə kədər!
Görsələr donur insan,
Donana buz verdilər...
(Əli Kərim, "Füzuli")
Dünya Füzuliyə nə qədər dərd, qəm verdisə də, onu qocalda bilmədi. Məhz bu nurlu kədərin, qəmin işığında Tanrı dərgahına qovuşmuş şair dünya qocaldıqca təzələnməkdə, cavanlaşmaqdadır. Onun şeirindən qopan Ah beş yüz ildir ki, bütün zamanların fələklərini yandıra-yandıra Füzuli poeziyasının gələcəyə gedən yollarına sönməyən əbədiyyət işığı salır.
Gülşən Əliyeva – KƏNGƏRLİ