İnterpoeziya üfüqlərində...
Qəşəm Nəcəfzadənin orjinal və modern şair olmasının gerçəkliyini onun mükəmməl poetik nümunələri bədii
fakt kimi təsdiqləyir. Bu elmi-nəzəri yanaşma müstəvisində də
önəmli məntiqi
təsdiqini tapmışdır.
Şair novatorluğunu
şərtləndirən başlıca
amil, onun ərsəyə gətirdiyi,
meydana çıxartdığı
yeniliklərdir. Bu baxımdan Qəşəm
Nəcəfzadənin yaradıcılığı
yeni təfəkkür,
bənzərsiz düşüncə
modelini sərgiləyən
söz-sənət emalatxanasıdır. O, Azərbaycan poeziyasının
milli ornamentləri sayılan qoşma, gəraylı, bayatı kimi oturuşmuş bədii formaların bəlli normativlərini sənətkar məharəti
ilə dəyişərək
milli koloriti, ruhu qorumaq şəri
ilə poetik düşüncənin interpoeziya
orbitinə inteqrasiyasının
bədii-fəlsəfi
formulunu kəşf
etdi. Novatorluğun parametrlərini məhz belə yeniliklər müəyyənləşdirir.
"Qoşma"
şeiri fikrimin əyaniliyinə zəmanətdir. Bu şeirin
hər misrası yüzlərlə müxtəlif məzmunlu
qoşmanın mahiyyətindən daha artıq qoşma təmayülünü
özünə ehtiva edən poetik koddur.
"Zəminin
başındakı arx zəmiyə başlıqdı.
Çiçəklər
quzuların mövsümüdür,
Quzular
çiçəklərin mövzusudur".
Bir zamanlar ənənəvi
bədii düşüncə ortamında formanın məna,
fikir tutumu üzərində hökmranlığı elə
kök salmışdı ki, şerin yalnız formanın maddi
inkiası olması təsəvvürü önəm
daşıyırdı. Formanın mətnin çərçivəsində
olmayan və onunla şərtlənməyən yenilik
çalarlarına ikinci dərəcəli nəsnə kimi
yanaşılırdı. Poetikanın, bədii mətləbin
bu şəkildə formaya aid edilməsi uzun zamanlar
poeziyamızın geniş sürətdə modern düşüncə
qatlarına nüfuz etməsi prosesini kifayət qədər ləngitmişdir.
Deməliyəm ki, "modern" düşüncə termini
təkcə Qərb dünyagörüşünə
şamil deyil. Qədim Şərq
dünyagörüşünün bədii-fəlsəfi
qatlarının əsl mahiyyətini qavramaq üçün də
geniş və zəngin təfəkkür ən vacib şərtdir.
"Gəraylı"
"Bayatı", " Çöl müxəmməsi"
şerləri də novator düşüncənin heyranedici,
özünəməxsus məqamıdır. Şeirlərdəki
məzmunun dolğun ovqatı necə əlvandırsa,
şairin poetik tapıntıları, obrazlı deyimləri də
bir o qədər rəngarəng və səmimidir.
"Könül,
bu bulağın başında əylən,
Gör
sular nədən oynar.
Sular
qırmızı köynəkdi,
İçində
bədən oynar".
Yaxud:
"Bulaq,
içində oynayan nədi?
- Nəfəsimdi?"
Bir vaxtlar bulaq
başına qız-gəlin yığışardı. Bulaqda
güzgülənən gözəllərin al
yanaqlarının əksi düşərdi sulara. Sular
qırmızı rəngə boyanardı. O qırmızı
köynəyə dönmüş sularda gözəllərin əksi
oyanardı. Şeirdə daha sonra müasirlik
dalğasının "kauçuk qablar"dan başlanan
fırtınasının bədii dialoqlu dekorasiyası
canlanır. Müasirliklə keçmişin, daha doğrusu, qədimliyin
qovuşma sərhədlərinin psixoloji tablosunu, xalq təfəkkürünün
poetik incəliklərinin təravətini və xalq həyatının
koloritini bir şeirdə belə sənətkarlıqla ehtiva
etmək istedadın parlaq obrazıdır. Burada yüksək
poetik ümumiləşməni, həm də öz
kökünə qayıtmaq, ilkinliyinə qovuşmaq istəyi
kimi də dəyərləndirmək olar. Qəşəm
dünənlə bu gün arasında poetik
bağlılığı təsvir edərkən,
özünəməxsus poetik intonasiyanın bənzərsizliyini
bir daha nümayiş etdirir.
"Bayatı"
şeirində də milli özünəməxsusluq elementlərinin
rəngarəngliyini, lirik-psixoloji ovqatın
canlılığı, poetik nəfəsin modern təqdimatı
orijinaldır.
"Əzizinəm,
çiçəklərin üstündə qan –
xonça
kimi,
Əzizinəm
qan da durub
yarası
üçün ağlar,
Əzizinəm,
bu dərdi qanan yox,
ay aman?
Qəşəm Nəcəfzadə
poetik ənənənin bir çox sterotiplərindən cəsarətlə
imtina edən, bədii mətndə söz oyununa deyil,
obrazlı fikrin, düşüncənin
çoxqatlılığına önəm verən, öz fərdi
modern yaradıcılıq yolunu təsdiq etmiş orijinal
şairdir.
Şeirlərinin bir
qisminin qeyri-adi cəhətlərindən biri də odur ki,
burada obrazlılıq, poetik gözəllik ayrı-ayrı
misralarda deyil, mətnin məzmunundakı hadisələrin hərəkət
dinamikasından doğur. Əlbəttəki burada mətndaxili
psixoloji fiqurların da özünəməxsusluğu
mövcuddur.
"Məktub
yazmaq" şeiri sənətkar yetkinliyinin gözəl
nümunələrindən biridir.
"Məktub
yazmaq
kənddə
yaşayan sonbeşik qızdı,
Həm də
Məktub
yazmaq vaxtı tutmaqdı –
Qız
vaxt göndərər şəhərə -
Vaxtı
olmayan sevgilisinə".
"Müharibə,
ayaqqabı, ölüm" şeiri də daha bir
yaradıcılıq uğuru, sənət naliyyəti kimi səciyyəvidir.
"Müharibə
hisslərin təzahürüdür,
Güllələrin
nəğməsi bədii üslubdur.
Və ya:
"İnsanın
öldüyünü ən çox bildirən
ayaqqabılardır.
Yaxud:
"Bəzən
ayaqqabıların çirkli
olması
içdəki gərginliklərin
cırmaq
yerləridir".
Bir
sözlə ayaqqabı
insan
yoxluğunun
ən qəmli
fotosudur".
Bu şeir poetik
potensialın nəhayətsizliyini, fəlsəfi-bədii təfəkkürün
dərinliyini, bədii obyektə yeni düşünə
aspektindən yanaşma məharətini sərgiləyir.
Qəşəm Nəcəfzadənin
bəzi şeirləri zamanın doğurduğu milli və
sosial-ictimai ağrıların yeni düşüncəylə
təsviridir. Vətəndaşlıq qayəsi başda olmaqla
obrazlılığın yeni rakursu, zamanla səsləşən
ironik rəngarənglik, məzmunun ənənə sektorundan kənarlaşdırılaraq
vizual görüntülərlə təqdimatı onun sənətkarlığının
üslubi məziyyətlərindəndir. Qəşəmin
sosial-ictimai məzmunlu şeirlərində yenilik, təkcə
forma axtarışları ilə deyil, həm də aktual
mövzu seçimi, mətləbin təqdimatındakı
poetik səmimiyyətin təbiiliyi ilə daha çox
müşayiət olunur. "Xocalı mövsümü
fevral", "8 may 1992", "Tapşırıq",
"Vətənpərvərlik", "8 a sinif
jurnalının arxasında yazı" vəs. bu məzmunlu
şeirlərdə həyat həqiqətlərinin
özünəməxsus ironik detallarla ehtivası maraq
doğurur.
Qəşəm Nəcəfzadənin
poeziyası bədii-fəlsəfi, milli-mənəvi dəyərlərin
poetikası baxımından, ədəbi-ictimai fikrin
sanbalı aspektindən aysberqə bənzəyir. Qəşəmin
şeirlərində hər misra poetik gərginlik
altındadır. Bu enerji qeyri-adi poetik informasiya
daşıyıcısı kimi bənzərsiz
yaradıcılıq xüsusiyyəti yaradır.
Qeyd edim ki, Qəşəm
Nəcəfzadənin ən işıqlı cəhətlərindən
biri də həmişə yaradıcılığına
yenilik axtarışları aparmasındadır. Apardığı
gərgin sənət axtarışları sənət
uğurlarının təminatçısına çevrilib.
Balayar SADİQ