Yarım il
yubanan yazı
Elxan Zalın şeirləri
barədə yazmaq istədiyim yazı, az qala yarım ildir ki,
yubanır. Bəlkə, ona görə ki, onun bəzi mətnləri
(xüsusən "Toqrovı peyzajı" silsiləsindən
olanlar) ilk baxışdan bir qədər çılpaq
görünürlər və bu məqam məni azca narahat
edir. Ya da yox, sadəcə, hər gün yazıya yeni bir
müqəddimə ilə başlamaq istəyirəm. Məsələn,
dəxli olsa da, olmasa da, istəyirəm ki, bu günlərdə
onun bizə oxumağa çalışdığı (amma xətti
qarışıq olduğundan, oxuya bilmədiyi) yeni şeirindən,
daha doğrusu, həmin şeiri üslubca öz mətnlərimdən
birinə bənzətmək cəhdimdən
danışım. Bununla onu da, başqalarını da təəccübləndirim.
Eqoizm tələb edir
ki, bu təəccübləndirmək azarına harada və
niyə tutulduğumun səbəblərini
araşdırım. Əlbəttə, hələlik,
yazının qəhrəmanı kimi, Elxandan daha çox,
özümün göründüyümün fərqindəyəm.
Amma bu məqamın Elxana, daha doğrusu, onun mətnlərinə
birbaşa dəxli var. Məsələ burasındadır ki,
onun şeirləri ilə ilk tanışlığım heyrət
hissi ilə müşayiət olunub ("heyrət"in bir az
böyük, bəlkə də, pafoslu səslənməsi
üzündən bir az narahatlıq keçirir və bu ifadəni
nə ilə əvəzləyim deyə götür-qoy edirəm:
bəlkə, "təəccüb" yazım? Amma son nəticədə,
"heyrət" "təəccübdən" daha konkret
ifadə olduğundan, məhz onun üzərində
dayanıram).
Əlbəttə, elə
müqəddimədəcə başqa müqəddimələr
barədə danışdığımı
xatırlayıram. Amma bu gün elə buradan
başlayacağam ki, "heyrət" kəlməsinin
sözünün özü də hisslərimi və
düşüncələrimi tam ifadə etmir. İstəyirəm
yazam ki, konkret halda buraya bir az da utanc hissi qarışıb.
Amma yenə tərəddüdlər imkan vermir - anlayıram
ki, əslində, heyrət hissi eqo üçün həm də
müəyyən utanc, pərtolmadır. Axı
yazmağın özü, nə qədər qəribə səslənsə
də, heyrətləndirmək sənətləri içərisində
ən çətinidir. Çünki müəllifin yeganə
vasitəsi sözdür - bütün normal insanlar gün
boyunca bu "silahdan" istifadə edirlər. İndi gəl
də heyrətləndir...
Amma o bunu bacarır. Məsələ
yəqin ki, ilk baxışdan "gözlənilməz" təsir
bağışlayan qafiyələrdədir. İlk
baxışdan, qafiyələr arasında əlaqə
görünmür. Amma onun qafiyələri bir çox hallarda
həm də mənaca qohum olurlar.
Məsələn,
Gəlmişik
qayıtmağa
Kodla
açılır divar.
Hər
möminin Məzdası,
Hər
suçlunun devi var...
Divar da, div də maneədir,
hər ikisi aşılmayacaq qədər güclüdürlər,
kontekstdən asılı olaraq, onlara söykənəcək,
arxa, dayaq kimi də baxmaq olar (folklordakı ağ və ya qara
devi xatırlayın, bəzən qəhrəman onların
kürəyində mənzilə yetir). Kim deyə bilər ki,
mətndə birinci qafiyə olacaq söz növbətini şərtləndirmir.
Kim deyə bilər ki, "antik"lə "romantik",
"yad"la "dad", "küllük"lə
"güllük" arasında bu cür bağ yoxdur?
Qohumların arasında da bəzən söz-söhbət
olur, bu mənada sonuncu qafiyələr
(küllük-güllük) arasındakı münasibətlər,
obrazlı desək, qaynana-gəlin münasibətlərini
xatırladır.
Və ya ilk
baxışdan gözlənilməz hesab etdiyimiz situasiyaya
baxaq. "Yağma həvəsi" şeirində daş
binaların kurqana bənzədilməsi oxucunu
"aldadır", tarixə baş vurduğu andaca sonrakı
misra onu geriyə - ətrafındakı supermarket vitrinlərinə
qaytarır. Belə vəziyyətdə oxucu yüngül bir
diksinmə hiss edir. Amma elə sonrakı saniyələrdəcə
bu diksinmə keçir və şairin təqdim etdiyi vəziyyət
(= müqayisə) sadə və təbii görünür,
sanki elə belədir və belə də olmalıdır.
Keçmişə səyahət bir anlıq zaman kəsiyində
baş verir. Məgər tarixlə müqayisədə bizim
ömrümüz də beləcə ən kiçik zaman kəsiyi
deyilmi?..
Ümumiyyətlə,
Elxan tez-tez tarixə müraciət edir, amma onun şeirlərində
saxta qəhrəmanlıq yoxdur, o bir çox hallarda süni
görünən pafosdan uzaqdır. Qaraxanlının mətnlərində
çox zaman tarixi olan müasir olanla, ruhi olan fizioloji olanla o qədər
incə təmas edir ki, bu sərhədləri bir-birindən
ayırmaq çətin olur. "Türk əsrinin
türküləri"ndə o, keçmişdən, indidən
və gələcəkdən danışır. "Bir
udumluq xəcalət hissi" keçirir və "tər"
tökür, amma bununla kifayətlənmir, "günahkar
şəhərin dağılmasını" istəyir -
çünki bu şəhərdəkilər keçmişlərini
(yaddaşlarını) itiriblər,
"manqurtlaşıblar". Şair məlum həqiqəti
poetik yolla, amma yenə də süni vətənpərvərlik
pafosu olmadan növbəti dəfə xatırladır ki,
torpaqda yaşamaq üçün buna layiq olmaq
lazımdır:
Könlündən
fatehlik keçirsə,
qızıl
qandır xərci.
Cəng mələyi
qan istəyir,
nə deyək?
Bu torpaqlar
bizimdirsə,
bədəlini
ödəyək.
Maraqlıdır ki,
müəllif bir mövzuda və eyni üslubda yazmır,
Elxanın melanxoliyası tez bir zamanda
qayğısızlıqla əvəzlənir. Amma bu əhval
və üslub dəyişikliyi oxucunun adaptasiyasına mane
olmur, əksinə, onu öz arxasınca apara bilir. Amma hərdən
Elxan o qədər naturalistcəsinə yazır ki, mən bunu
sevmirəm - məsələn, "Qürub" şeirində
qürub səhnəsi elə dəqiqliklə qana bənzədilir
ki, bundan sonra qüruba baxmaqdan qorxursan...
Bayaq - yazının əvvəlindəcə
qeyd etdim ki, Elxanın bəzi mətnlərində, xüsusilə
də, "Torqovı" açıq-saçıqlıq
var. Bir dəfə yolu Nizami küçəsindən keçənlər
üçün bu silsilənin
açıq-saçıqlığı qətiyyən təəccüblü
gəlmir. Üstəlik, müqayisə nə qədər
qüsurlu olsa da, biz "Dekameron"u da, "Min bir gecə"ni
də oxumuşuq və indi heç birimiz bunu söyləməkdən
çəkinmirik. Amma məsələ burasındadır ki,
erotik mətnlərin özündə də müəllif
estetik tələbləri gözləyir, şeirdən iyrəndirmir.
Şair bəzən qadın gözəlliyini təbiət
hadisələriylə müqayisə edir, dua ilə sevgi
aktını eyniləşdirir. Bu, bəzən şeytani bir
çağırışa bənzəyir ("Ən müqəddəs
dualar da alca dodaqda bitər"). Amma sonra "Tanrının
yaratdığına baxmaq həmişə xoşdur" deyə
özünə bəraət qazandırır, sonda isə
Yeri, Göyü və bizi Yaradana alqış edir.
Maraqlıdır, "Ayrı sevgilər"dəki
bütün parçalarda Yaradana şükranlıq var...
Bəzən Elxan
çox sadəlövh görünür - məsələn,
"cənnətlə cəhənnəmin arasina lağim
atmaq"la sevgilisinə qovuşmaq istəyəndə... Bəzən
isə misralar o qədər çoxqatlı olur ki, onları
bir cür yozmaq, dəyərləndirmək mümkün olmur:
...ovsun əzəməti
var pıçıltılarda
sən mənə
xoş sözlər pıçılda ki,
ürəyimdən
göyə yol açılsın...
Heyrətləndirici məqamlardan
biri də budur ki, E.Zalın şeirlərində heç bir
didaktika elementi olmasa da, o, dolayısı ilə öyrədir
- söz öyrədir. Oxucu onun sayəsində demək olar
ki, hər üç şeirdən birindən mənasını
bilmədiyi yeni kəlmə ilə rastlaşır - bu dialekt də
ola bilər, gündəlik həyatdan bizə tanış
olan, amma Azərbaycan şeirində işlənməyən
söz də, əski türk kəlməsi də. Hippi,
şevrole, şeraton, vint, karma, arxiv, bira (siyahını bu
abzas qədər uzada da bilərik) kimi sözləri şeirə
gətirir və bu yamaq kimi görünmür. Elxan əski
totemlərə, tarixə müraciət edir, bilmədiklərimizi
şirin ləhcə ilə anladır, bildiklərimizi
xatırladır.
525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.24.