Muzey Mərkəzinin
rəsmi saytının
təqdimatı olub
Ötən gün Muzey Mərkəzində
YUNESKO-nun Moskva Bürosunun
"Rusiya muzeyi:
virtual filial" layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının
təqdimat mərasimi
keçirilib. museumcenter.az ünvanlı
saytın yaradılmasında
Mədəniyyət və
Turizm Nazirliyi ilə yanaşı
YUNESKO-nun Moskva Bürosu,
Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Milli Komissiyası iştirak edib.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri
Fikrət Babayev müasir cəmiyyətdə texnologiyaların
inkişafının həm ayrı-ayrı insanlar və təşkilatlar
arasında, həm də ölkələr, kontinentlər və
mədəniyyətlər arasında yeni ünsiyyət
üsullarının meydana gəlməsinə gətirib
çıxardığını bildirib: "Təqribən
10 ildir ki, Muzey Mərkəzi öz fəaliyyətində
kompyuter texnologiyalarının tətbiqini nəzərdə
tutan işlərə başlayıb. 2000-ci illərin əvvəllərindən
sərgi və digər tədbirlərə aid multimedia
materiallarının yaradılması üzrə iş gedir. Muzey
Mərkəzinin informasiya köşkündə Mərkəzin
tarixi və fəaliyyəti haqqında proqramlar
quraşdırılıb. 2008-ci ildə Muzey Mərkəzində
Bakı əhalisi və qonaqlar üçün müasir
texnologiyalar vasitəsilə Rus Muzeyinin sərvətləri ilə
birbaşa təmasda olmağa imkan verən "Rusiya muzeyi:
virtual filial" İnformasiya-Tədris Mərkəzi
açılıb. Kompyuter proqramlarının, habelə
külli miqdarda nəşr, foto və video
materiallarının toplanması nəticəsində Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzinin vebsaytının
yaradılması ideyası meydana gəldi".
Müxtəlif ölkələrin
səfirliklərinin, mədəniyyət mərkəzlərinin
və biznes kompaniyalarının nümayəndələrinin
qatıldığı tədbirdə çıxış edənlər
saytın istifadəyə verilməsinin əhəmiyyətli
hadisə olduğunu vurğulayıblar.
Bildirilib ki, sayt 2007-ci
ildə Bakıda yaradılan "Rusiya muzeyi: virtual filial"
İnformasiya-Tədris Mərkəzinin gələcək
inkişafına xidmət edəcək, müxtəlif ölkələrin
vətəndaşlarının ölkəmizin mədəniyyəti
ilə daha yaxından və geniş tanış olmasına
imkan yaradacaq. Həmçinin bu vebsayt Azərbaycan mədəniyyətinə
əlavə auditoriyanı cəlb edəcək, ölkədə
və ölkədən kənarda vahid mədəniyyət-informasiya
məkanının genişləndirilməsinə və
xalqlar arası əlaqələrin gücləndirilməsinə
xidmət göstərəcək.
Qeyd edək ki,
"MediaDizayn" studiyasında hazırlanan vebsaytın Azərbaycan,
rus və ingilis dillərində versiyası var. Ciddi klassik
üslubda tərtib olunan sayt geniş axtarış sistemi ilə
təchiz edilib. Vebsayt artıq dünyanın aparıcı
axtarış sistemləri tərəfindən indeksləşdirilib
və Muzey Mərkəzinin fəaliyyəti ilə
bağlı sorğu verdikdə ilk cavab sətirlərində
çıxması təmin olunub. Muzey Mərkəzi və
"Rusiya muzeyi: virtual filial" portalı arasında olan ikitərəfli
istinad mübadiləsi saytın tez bir zamanda Qlobal Şəbəkənin
"mədəniyyət seqmentinə" qatılmasına təkan
verib. Saytın "Rusiya muzeyi: virtual filial" İnformasiya-Tədris
Mərkəzinə həsr olunmuş blok, "Sərgi və
layihələr", "İncəsənət
qalereyası", "Muzey Mərkəzi" və başqa
bölmələrində Muzey Mərkəzinin çoxillik fəaliyyət
konsepsiyası, yaranma tarixi, keçirilən sərgi və
layihələr haqqında məlumat, ziyarətçilər
üçün bilgi, beynəlxalq proqramlarda iştirak və
buraxılan məhsullar haqqında informasiyalar yer alıb. Sayt
vasitəsilə internet şəbəkəsinin istifadəçiləri
burada sözügedən mərkəz tərəfindən
keçirilməsi nəzərdə tutulan tədbirlər haqda
məlumat ala bilərlər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.23.