Azərbaycanın miniatür kitabları Belarusda sərgilənib

 

Sentyabrın 22- Minskdə "Azərbaycan, Belarus dünya klassikləri miniatür kitabda" beynəlxalq sərgisinin təntənəli açılışı mərasimi keçirilib. Bu barədə Azərbaycanın Belarusdakı səfirliyindən Mədəniyyət Turizm Nazirliyinə məlumat verilib. Nazirliyin açıqlamasına görə, sərgidə dünyanın 64 ölkəsindən 400-dən çox miniatür kitab nümayiş olunub. Azərbaycan eksponatlarının əksəriyyəti Bakıdakı Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahovanın kolleksiyasından götürülüb.

Sərginin açılış mərasimində Z.Salahova ilə yanaşı, Belarus Milli Kitabxanası direktorunun müavini Tatyana Kuzminiç, Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev, Belarusun Azərbaycandakı səfirliyinin ikinci katibi Svetlana Karpuşina, Belarus Milli Rəssamlıq Muzeyinin direktoru Vladimir Prokovtsov da çıxış ediblər. Mərasimdə Azərbaycanın qədim çalğı aləti olan sazda xalq havaları səsləndirilib, Belarus İncəsənət Kollecinin tələbəsi Şamil Məmmədov Azərbaycan dilində mahnı oxuyub.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 26 sentyabr.- S.23.