Gənc xanəndə
Qoçaq Əsgərov
yeni sənət uğurlarına imza atıb
İstedadlı muğam ifaçısı Qoçaq
Əsgərov 1978-ci ildə
Füzuli rayonunun Qoçəhmədli kəndində
dünyaya gəlib. Ağabala Abdullayev adına 2 saylı musiqi məktəbində iki il təhsil
alıb. Ordu sıralarında olduğuna
görə bir müddət təhsilinə
ara verib. 1998-2001-ci ildə Asəf Zeynallı adına musiqi kollecində təhsilini davam etdirib.
2004-cü ildə Azərbaycan
Milli Konservatoriyasına daxil olan gənc ifaçı peşəkar
səhnəyə ilk addımlarını 2006-ci ildə
keçirilən televiziya muğam müsabiqəsi ilə
atıb və bundan sonra onun uğurlu addımları bir-birini əvəzləyib.
Qoçaq Əsgərov
bu yaxınlarda iki əhəmiyyətli uğur qazanıb. Səmərqənddə
dünyanın 50-dək ölkəsindən ifaçılar,
musiqiçilər, muğam biliciləri və musiqi nəzəriyyəçilərinin
iştirak etdiyi, YUNESKO-nun himayəsi ilə keçirilən
"Şərq təranələri" VII Beynəlxalq Musiqi
Festivalında həmyerlimiz birinci yerə layiq
görülüb. Azərbaycan festivalda "Sarı gəlin"
xalq çalğı alətləri ansamblı ilə təmsil
olunub. Münsiflər heyətinin qərarı ilə birinci
mükafat sözügedən kollektivlə yanaşı,
Özbəkistanın xalq artisti Mətluba Dadabayevaya da verilib.
Q.Əsgərov səfər
təəssüratlarını bizimlə bölüşərkən,
bu festivalda iştirakdan məmnunluq duyduğunu önə
çəkdi: "Özbəkistan müstəqillik qazandıqdan
sonra yeddinci dəfə keçirilən bu festivalda iştirak
etmək hüququ qazandıq. Festivala İran, Rusiya, Türkiyə,
Misir, Küveyt, İraq, Yunanıstan, ABŞ, İtaliya, Ukrayna
və başqa ölkələr qatılmışdı. Orada
hər bir musiqiçi güclü ifa nümayiş etdirirdi.
Biz də, təbii ki, tədbirə böyük məsuliyyətlə
yanaşaraq güclü hazırlaşmışdıq, yəqin,
elə buna görə də ölkəmizin adını
yüksəklərə qaldırmağı bacardıq".
Bədnam ermənilərin
həmişə olduğu kimi bu dəfə də oğurluq
musiqi ilə festivala qatıldıqlarını deyən Q.Əsgərov
erməni ifaçısının özündənrazı
olduğunu, hətta festival rəhbərliyindən neçənci
yerə layiq görüləcəyini soruşduğunu
vurğuladı: "Azərbaycan qalib elan olunanda erməni təmsilçiləri
nümayişkaranə şəkildə tədbiri tərk etməkdən
də utanıb-çəkinmədilər".
Festivalın
keçirildiyi 10 gün müddətində Özbəkistanla
bağlı güclü təəssürat
aldığını bildirən ifaçı sözügedən
ölkənin çoxəsrlik zəngin mədəniyyət
beşiyi olduğunu qeyd etdi: "Festival müddətində
Özbəkistanın görməli yerlərinə ekskursiyalar
təşkil olunmuşdu. Orada Urqut şəhərində
olduq. Şəhərdə yaşı 800-dan artıq olan xan
çinarlar bizdə çox böyük maraq oyatdı. Səmərqənd
özü də çox qədim və gözəl şəhər
olduğu üçün turistlərin diqqətini cəlb
edir. Orada Registan kompleksini çox bəyəndik. Oranı Əmir
Teymur tikdirib. Konsertlərimiz də elə orada oldu. Tikilinin
quruluşu elədir ki, səhnəyə çox bənzəyir.
Ətrafında isə məscid və mədrəsə var. Bu
kompleksin yüksək memarılq səviyyəsi bizi, eləcə
də xarici ölkələrdən gələn digər
qonaqları valeh etdi".
Xanəndənin sözlərinə
görə, özbəklər bir türk xalqı olaraq
muğama çox böyük ehtiramla yanaşırlar:
"Xüsusilə də Azərbaycan musiqisini çox sevirlər.
Orada baş verən bir hadisə bunu bir daha təsdiqlədi.
Belə ki, biz siyahıda 12-ci yerdə çıxış
etməli idik. YUNESKO-nun eksperti Sənubər xanım
Bağırova sona qalmağımızdan, buna görə
yorğun olacağımızdan ehtiyatlanıb
narahatlığını bildirmişdi. Lakin festivalın təşkilat
komissiyasından cavab verdilər ki, Azərbaycanı ona görə
12-ci yerə saxlamışıq ki, tamaşaçılar
ölkənin adını eşidərək axıracan
gözləsinlər, durub getməsinlər. Həqiqətən
də belə oldu, bizim çıxışımızacan
heç kəs yerindən tərpənib festivalı tərk
etmədi".
Q.Əsgərov
Böyük Britaniyada keçirilən "Womad" dünya
musiqisi, mədəniyyəti və rəqsləri
festivalında da iştirak edib. Bu təklif ona BBC radiosundan gəlib.
YUNESKO-nun eksperti S.Bağırovanın yaxından dəstəyi
ilə azərbaycanlı sənətçilər festivalda
uğurla çıxış ediblər.
Q.Əsgərovun dediyinə
görə, Setenham şəhərində keçirilən
festivalda onun çıxışını 6 min
tamaşaçı izləyib. Xanəndə festival
üçün hazırladığı "Qarabağ
şikəstəsi"ni, "Sarı gəlin"i,
"Mürği-səhər" və bir sıra təsnifləri
səsləndirib. Onu tarda Əliağa Sədiyev, balabanda
Şirzad Fətəliyev, nağarada Kamran Kərimov,
kamançada Elşən Mansurov müşayiət ediblər.
Muğam ifaçısının bildirdiyinə görə,
festival çərçivəsində hazırlanmış
bukletlərdə onun haqqında geniş bilgilər yer
alıb. Bu ərəfədə BBC radiosunda qonaq olan
Qoçaq Əsgərov yarım saatlıq canlı proqramda
çıxış edib. Onun ifasında səslənən Azərbaycan
muğamını bütün dünya dinləyib.
S.MÜRVƏTQIZI